Məzmuna keç

Qarışar

Vikimənbə saytından
Qarışar
Müəllif: Usta Abdulla
Mənbə: "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01.

Mərdlərin içindən seçin namərdi,
İlqarsızdı, gedib elə qarışar.
Kökündən çıxardın qara tikanı,
Hayıfdı, ətirli gülə qarışar.

Alçaq adam qarışdırar aranı,
Bayquşda adətdir: sevər viranı.
Odun sayma qarağanı, turanı,
Yandırsan, köz olmaz, külə qarışar.

Ağac bəlli olar yaxşı barından,
İyidlər seçilər düz ilqarından.
Abdulla, ev tikmə qışın qarından,
Yazda gün əridər, selə qarışar.