Məzmuna keç

Qara vəzir

Vikimənbə saytından
Qara vəzir
Müəllif: Şifahi xalq ədəbiyyatı

Biri var idi, biri yox idi, İsfahan vilayətində Qara vəzir deyilən böyük bir pəhləvan var idi. Qara vəzirin dünyada Mələk adında bir qızından başqa övladı yox idi. Mələk elə gözəl qız idi ki, onun kimi dünya üzündə gözəl yox idi. Qaşları qara, gözləri qara, kirpikləri müjgan oxu, yanaqları bir kasa qan, burnu püstə, dodaqları zərif, beli incə, boyu sərv ağacı. Belə bir gözəlin eşqindən bütün padşahlar, padşah oğulları dəli-divanə idi. Qara vəzir Mələyi heç kimə vermirdi. Qızı üçün xan arşını enliyində qalın divarlı ev tikdirmişdi. Evin qabağında behişt kimi bir bağ saldırmışdı ki, hər meyvədən, hər güldən bu bağda vardı. Qara vəzir qızı Mələyin qulluğuna nə zənən, nə kişi buraxmazdı. Qara vəzirin kişilikdən düşən bir qulu var idi. Həmin qul Mələk xanıma hər gün sümüksüz ət, qabıqsız çörək aparardı. Mələk xanımın keyfinə gəzmək düşəndə, Qara vəzirin üç otağı vardı, bu otaqların açarını qızına verərdi, Mələk xanım bu üç otağı gəzib dolanardı. Bir gün Mələk xanım üç otağın açarını alıb otaqları gəzirdi. Otaqların ikisini gəzib üçüncüsünü açıb gördü ki, bu otaq elə bəzənibdi ki, lap padşahlara layiq. Mələk xanım bir xeyli bu otağı gəzib dolandı, birdən gözü divardan asılan xalçaya dəydi. Fikir ilə Mələk bu xalçaya baxdı. Gördü ki, bu xalçada elə naxışlar açılıbdı ki, gəl görəsən. Baxanda adamın ağlı, huşu başından gedir. Birdən bihuş kimi Mələk xanım əlini xalçaya sürtdü. Sürtəndə xalça qırılıb yerə düşdü. Mələk xanım qorxub geri çəkildi. Haçandan-haçana əllərini üzündən götürüb, bir neçə qədəm irəli gəlib, gördü ki, burada bir çaxça var, amma çaxçanın içində təzə bir mücrü var. Mələk xanım əl atdı, mücrünü götürüb qoydu yerə. Mücrünün ağzını açıb gördü ki, burada bir qız xeylağının şəkli var. Mələk xanım şəkli götürüb qoydu cibinə. Mücrünü bağlayıb, xalçanı da divardan asıb qapıları bağlayıb gəldi öz evinə. Cibindən şəkli çıxardıb, fikir ilə baxıb gördü ki, bu şəkildəki qız eynən özünə oxşayır, elə bil ki, Mələk xanımın özüdü.

Mələk xanımı xof aldı, dedi: – Aya, bu nə olan işdi? Mən şəklimi haçan çəkdirmişəm? Əgər çəkdirmişəmsə, mənim şəklim mücrüdə neyləyir? Mələk xanım səhərəcən yatmadı. Səhər durub bədənnüma güzgünün qabağında dayandı, mücrüdəki şəkli də sağ əlinə alıb həm özünə, həm də əlindəki şəklə baxdı, gördü özüdü ki, var. Mələk xanıma yəqin oldu ki, bu özünün şəklidi. Amma mücrüdə qalmağına xoflandı. Yəqin elədi ki, bunda bir sirr var. Dedi gərək bu sirri tapam. Bu burda qalsın, xəbər verim sənə Qara vəzirin qulundan. Günorta idi. Qara vəzirin qulu əlində qızıl məcməyi, məcməyinin içində aş hər bir xurşu ilə, qapını açıb Mələk xanımın hüzurunda hazır oldu. Qızıl nimçəni Mələk xanımın qabağına qoyub baş əyib getmək istəyirdi ki, Mələk xanım əl atıb yapışdı qulun biləyindən, dedi: – Ey haramzada, mənə niyə göz-qaş atdın? Qulun dili-ağzı tutulub ağac yarpağı kimi əsməyə başladı. Mələk xanım durub ayağa, qapıları kilidləyib açarını qoydu cibinə, keçib oturdu, dedi: – Ey haramzada, de görüm, mənə nə üçün göz-qaş atdın? Qul dedi: – Xanım, mən hara, qaş-göz atdı hara? Gəl məni Qara vəzirin qəzəbinə giriftar eləmə! Mələk xanım iki ayağını dirəyib yerə, dedi: – Qaş-göz atıbsan ki, atıbsan. Qorxma, Qara vəzirə demərəm. Sənin günahından keçdim. İndi de görüm mənə, neçə ildi bu qapıda Qara vəzirə nökərçilik eləyirsən? Qul dedi: – Xanım, sən anadan olan ildən bir il qabaq. Mələk xanım dedi: – De görüm mənə, necə oldu ki, Qara vəzirə rast gəldin? Qul dedi: – Xanım, o barədə gəl məndən heç bir şey soruşma, qoy çıxım gedim işimə. Mələk xanım barmağını dişləyib dedi: – Bu haramzadada sirr var, gərək biləm. Durub ayağa, xəncərini çəkib qınından, qulu qoyub dizinin altına, oturdu döşünün üstündə, dedi: – Ey haramzada, səndən bir sirr xəbər alacağam, əgər düzünü deməsən, səni öldürüb, meyidini də atacağam, yox, düzünü desən, səni ağ günə çıxaracağam. Qul dedi: – Xanım, gəl məni incitmə! Mələk xanım dedi: – Ey haramzada, yubanma! Yoxsa gününü qara eylərəm. Qul xəbər aldı ki: – Xanım, məndən nə xəbər alacaqsan? Mələk dedi: – Ey haramzada, and düş ki, nə desəm, ona da cavab verəcəksən. Qul öz anasının südünə and içdi. And içəndən sonra Mələk xanım əlini cibinə salıb, mücrüdən tapdığı şəkli çıxardıb dedi: – Ey haramzada, mən bu şəkli filan otaqdakı mücrünün içindən tapmışam. Bu şəkil mənim özümə çox oxşayır. Bu nə olan əhvalatdı? Qul şəkli görən kimi özündən gedib yerə uzandı. Mələk xanım qulun üzünə su çiləyib, ayıldıb xəbər aldı: – Mən səndən söz xəbər alıram. Bu şəkli görən kimi nə üçün özündən getdin? Qul dedi: – Xanım, gəl bu sirri məndən soruşma. Qul belə deyəndə, Mələk qulu uzadıb yerə, çıxıb sinəsinin üstünə dedi: – Ey haramzada, indi ki, demirsən, gərək səni öldürəm. Qul baxıb gördü ki, o bunu öldürəcək, əlacı kəsilib dedi: – Xanım, öldürmə, qoy deyim. Mələk xanım qulu buraxdı. Qul durub ayağa, təzədən qapı-bacaları bərkitdi. Gəlib Mələk xanımın yanında oturmağa izin istədi. Mələk xanım oturmağa izin verdi. Qul Mələk xanımnan ta o vaxta qədər dizdizə oturdu ki, Mələk xanım xörəyini yeyib qurtardı. Dedi: – Danış görək! Qul sözə başladı: – Xanım, mən Çin vilayətinin qapısında quldum. Çin padşahının Sənubər adında bir qızı vardı. Sənubər elə gözəl bir qız idi ki, dünyada o gözəllikdə qız Misir ölkəsində də yox idi. Bütün padşahlar Çin padşahına Sənubər üçün elçi göndərirdilər. Amma nə qız ərə getmək istəyirdi, nə də qızın atası Çin padşahı Sənubər qızını bir adama verirdi. Bir gün Sənubər üçün hamama sətil-boğça aparırdım. Bağın içində Sənubər xanımın rübəndi qırılıb düşdü. Mən tez əyilib, yerdən Sənubər xanımın rübəndini götürüb verdim. Verəndə mənim əlim toxundu Sənubər xanımın əlinə. Əlim əlinə toxunan kimi Sənubər xanım gülüb qayıtdı evinə. O günü hamama getmədi. Mən də çıxıb gəldim öz işimə. Bir günorta Sənubər xanım mənim üçün xəbər göndərdi ki, mənə üzüm götürsün. Mən də padşahdan izin alıb, padşahın öz bağından bir bulud üzüm dərib, əl atdım ağacdan bir qırmızı alma da dərib, qoydum buludun üstünə, götürüb gəldim Sənubər xanım üçün. Sənubər xanım məndən üzümü alanda, yenə əlim əlinə toxundu. Buludun içindəki alma fırlana-fırlana buluddan düşdü Sənubər xanımın dizinin üstə. Sənubər xanım almanı götürüb iylədi. Mən istədim gedəm. Sənubər xanım durub ayağa, qapını bağladı, qoymadı məni otaqdan çıxam. Dedi: – Ey oğlan, mən səni xoşlamışam. Dedim: – Xanım, gəl məni sınaqdan keçirmə! Sən hara, mən hara? Məni padşah qəzəbinə vermə! Padşah bilsə ki, mən sənin ilə üz-üzə durub danışıram, dərimi soyar. Sənubər xanım dedi: – Ata kimdi? Mən özüm özümə sahib-ixtiyaram. Xülasə, olmadı. Sənubər xanım məni alıb oturtdu dizinin üstə. Almanı tən bölüb yedik. Çıxardıb bir çəngə mənə qızıl verib dedi: – Get, özünə üst-baş al! Mən də çıxdım bazara. Özümə üst-baş aldım, hamama getdim, tər-təmiz yuyunub gəldim Sənubər xanımın qulluğuna. Bir müddət mən Sənubər xanımla görüşdüm. Üzüm ayağının altına, xanım, doğrusu nə qədər Sənubər xanım məni istəyirdi, bir o qədər də mən Sənubəri istəyirdim. Belə ki, bir saat bir-birimizi görməyəndə bağrımız hövl eləyirdi ki, çatlıya. Bir gün firəng padşahının oğlu qoşun yığıb gəldi Çin padşahının üstə ki, əgər qızını verməsən səninlə dava eyləyəcəyəm. Sənubərin atası çox zor padşah idi. Sənubəri verməyib davaya hazır oldu. Pəhləvanlarını çağırıb belə şərt qoydu ki, kim firəng padşahının oğlunun qoşununu sınıq çıxartdı, qızım Sənubəri ona verəcəyəm. Çin padşahının Bəbir adında bir pəhləvanı var idi. Bəbir pəhləvan durub ayağa dedi: – Mən gedərəm. Çin padşahıynan şərt bağlayıb, Bəbir pəhləvan qoşun götürüb firəng padşahını oğlu ilə düz bir ay tamam dava elədi. Axırda Bəbir pəhləvan firəngin qoşununu qırıb qurtardı. Çin padşahı da Sənubəri nişanladı Bəbir pəhləvana. Bir gün Sənubər xanım mənə dedi: – Gəl qaçaq! Mən razı oldum. Ağırdan, yüngüldən götürüb bir gecə qaçmaq binasını qoyduq. Neçə gün, neçə gecə yol gedib, axırda gəlib çıxdıq bu vilayətə. Pul gücü ilə bir imarət tikdirib oturduq. Bir gün küçədən bir dəllək çağırdım ki, başımı qırxa, ağıllı-başlı toy eləyəm, kəbinə gedəm. Dəllək namərd gəlib başımı qırxan yerdə necə olur ki, Sənubər xanımı görür. Tez başımı ala-yarımçıq qırxıb durub gəlir Qara vəzirin yanına, deyir: – Şəhərə bir belə qərib gəlibdi, amma bir arvadı var ki, dünya gözəli. Sənubəri Qara vəzirə o qədər tərif eləyir ki, Qara vəzirin ağzının suyu axır, durub o günü dərviş paltarı ilə bizə gəlir. Sənubəri görən kimi ağlı əldən verir. Vəzir çıxıb gedir. Mənim də heç zaddan xəbərim yox. Axşamdı, bir də gördüm ki, duvan adamları qapını sındırıb içəri girdilər. Hər ikimizin əl-qolunu bağlayıb Qara vəzirin hüzuruna gətirdilər. Bizi bir-birimizdən ayırıb saldılar alayı otaqlara. Səhər Qara vəzir məni çağırtdırıb dedi: – Gərək öz xoşun ilə nişanlından əl çəkəsən. Mən razı olmadım. Razı olmayanda Qara vəzir məni zindana saldırdı. Sabahı gün yenə məni çağırtdırıb dedi: – Öz razılığın ilə öz nişanlından əl çəkirsən? Mən yenə də razı olmadım. Qara vəzir təngə gəlib həmin dəlləyi tədbirə çağırtdırdı. Zalım dəllək gəlib Qara vəzir üçün belə tədbir gördü ki, məni kişilikdən saldırsın, çünki Sənubər xanım məndən əl çəkmirdi. Qara vəzir bir tilsimkar qarı tapır. Qarıya girri pul basır, qarı da pul gücünə məni tilsimə salır. Get-gedə Sənubər məndən soyudu. Qara vəzir Sənubər ilə kəbinsiz, talaqsız murad hasil elədi. Bu, mənə çox acıq gəldi. Doqquz ay tamam olandan sonra Sənubər bir qız doğdu. Qız bir yaşına gələndən sonra mən səbir eləyə bilmədim. Bir gün ürək odumu söndürmək üçün Sənubərin şəklini çəkdirib yanımda saxladım. Şəkli möhkəm gizlədəndən sonra durub gecə ilə Sənubəri öldürüb atdım çaya. Qara vəzir eşitdi ki, Sənubər yoxdu. Çox gəzib tapa bilmədi. Məni də düz on beş ildi ki, evdən bayıra buraxmır. İndi xanım, bil və agah ol, sən Sənubər xanımın qızı, Qara vəzirdən əmələ gəlməsən. Bu şəkil də Sənubər xanımın şəklidi ki, Qara vəzir alıb məndən xalçanın dalında gizlətmişdi. Qul sözünü tamam eləyəndən sonra Mələk xanım qulu mürəxxəs elədi. Üzü də oturub şəklə baxmaqda olsun, al xəbəri Qara vəzirdən. Qul necə ki, Mələk xanım üçün danışdı, iş elə idi ki, var. Qara vəzir bir axşam öz kitabını açıb qoydu qabağına, gördü ki, həmin əhvalatdan düz on beş ildi keçir, dedi: Mələk xanımın əsil ərə getməli vaxtıdı, gərək onu özüm üçün alam. Qara vəzir bu niyyətlə durub gəldi Mələk xanımın yanına, dedi: – Qızım, səni bir çox padşahlar istəyir. Mən bu günə kimi səni heç kimə verməmişəm. Səni mən özüm üçün bəsləmişəm, gərək mənə gedəsən. Mələk dedi: – Ata da öz qızını alarmı? Qara vəzir dedi: – Səfeh-səfeh danışma, dur ayağa görək! Mələk xanım baxıb gördü ki, atasının gözləri qızıb, buna yalvarmaqla olmayacaq, dedi: – Ata, indi ki, məni özünçün saxlamısan, heç eybi yoxdu, mən də hələ sənə gedəcəyəm, amma gərək mənə bir az möhlət verəsən. Qara vəzir razı oldu. Mələk xanım ilə gecə yarısına kimi söhbət eləyib, durub çıxıb getdi. Mələk xanım səhərə kimi yatmadı. Səhər tezdən Mələk xanım durub ayağa, qulu çağırtdırıb dedi: – Al bu qızılları, get bazara, cindar abidi yanıma götür! Elə elə ki, Qara vəzir görməyə. Qul bazara çıxıb, İsfahanda cindar abid deyilən bir alim vardı, soraqsoraq ilə cindar abidi tapıb, Mələk xanımın hüzuruna götürüb gəldi. Mələk xanım çəkilib pərdənin dalından dedi: – Ey abid, bir ayın içində bütün tilsimləri mənə öyrədə bilərsənmi? Tilsimkar abid dedi: – Zehnin olsa lap iyirmi günə öyrənərsən. Mələk xanım dedi: – Neçə alarsan? Abid dedi: – İki yüz tümən. Mələk xanım durub ayağa, mücrüdən iki yüz tümən götürüb saydı tilsimkar abidin ovucuna. Tilsimkar abid qızılları qoydu döşəkçəsinin altına, başladı Mələk xanıma dərs verməyə. Mələk xanım o qədər zehinli idi ki, iyirmi gündə bütün tilsimləri öyrəndi. Abidə imtahan verdi. Abid baxıb gördü ki, bu iyirmi günün ərzində bütün tilsimləri öyrəndi, dedi: – Xanım, daha tilsim qalmadı. Mələk xanım abidi yola saldı. Abid gedəndən sonra Mələk xanım durub ayağa qulu çağırtdırdı. Qul Mələk xanımın hüzuruna gəlib, baş əyib dedi: – Bəli, xanım! Dedi: – Get bazara, mənim üçün bir dəst mərdanə paltar al gəl! Qul gedib bazara, Mələk xanıma bir dəst mərdanə paltar alıb gəldi. Mələk xanım alıb paltarı başdan geyinib ayaqdan qıfıllandı, ayaqdan geyinib başdan qıfıllandı. Əlinə əsa alıb, altdan qılıncını bağladı, qulu götürüb çıxdı küçəyə, dedi: – Gedək o qoca qarının evini mənə göstər. Qul Mələk xanımı götürüb gəldi imansız qarının evinə. Mələk xanım qapını döyən kimi qarı açıb dedi: – Kimsən? Dedi: – Allah qonağıyam. Qarı dedi: – Allaha da qurban olum, qonağına da. Gəl içəri! Mələk xanım keçib oturdu. Azdan-çoxdan yeyib qurşaqlarının altını bərkitdilər. Yatmaq zamanı gəldi. Qarı Mələk xanım üçün yer saldı, özü də evin bir küncündə uzandı. Mələk xanım aradan bir xeylaq keçirib durdu ayağa, əl atıb qılıncına, oturdu qarının sinəsinin üstündə, dedi: – Qarı, yatmısan oyan! Qarı gözünü açıb gördü ki, qonağının əlində qılınc var, dedi: – Qonaq, amanın günüdü, öldürmə məni, nə istəyirsən sənə verim. Mənə yazığın gəlsin. Mələk xanım dedi: – Ey imansız çəpəl, gərək Qara vəzirin qulunu kişi eləyəsən. Onun kişiliyini özünə qaytarıb tilsimdən qurtarasan. Qarı dedi: – Burax məni, gözüm üstə! Mələk xanım qarını buraxdı. Qarı durub gəldi kandara. Tez tilsim oxuyub oldu siçan, girdi deşiyə. Mələk xanım bildi ki, xamlıq eləyib, dinmədi. Durub gəldi dəlləyin yanına. Atıb özünü divardan həyətə, gördü ki, dəllək yatıbdı. Çəkib qılıncını qınından, dəlləyi öldürüb, çıxıb gəldi evə. Səhər abid üçün adam göndərdi. Abid gəldi. Mələk gecəki əhvalatı abidə danışdı. Abid təzədən tilsimlərin yolunu nöqtəbənöqtə Mələk xanıma nağıl elədi. Mələk xanım abidin dediyini beyninə alıb, abidə təzədən qızıl verib yola saldı. Bir ay tamam oldu, Qara vəzir gəldi Mələk xanımın yanına. Mələk xanım baxıb gördü ki, gələn atasıdı, başladı ağlamağa. Qara vəzir dedi: – Qızım, nə üçün ağlayırsan? Mələk xanım dedi: – Ata, bu gecə anamı yuxuda görmüşdüm. Mənə dedi ki, indi ki, atan səni özünə arvad eləmək istəyir, birinci vəsiyyətim budu ki, səni kəbinə aparsın. İkinci vəsiyyətim də bu oldu ki, kəbindən sonra mən gərək sənin üçün pəhləvan paltarı geyib, ata minib camaatın qabağında at oynadım. Ata, əgər anamın vəsiyyətini yerinə yetirməsən, mən sənə getməyəcəyəm. Qara vəzir razı olub, bir qazı çağırıb Mələk xanımın kəbinini özünə kəsdirdi. Mələk xanıma bir dəst pəhləvan paltarı, bir də yaxşı bir at verdi. Mələk xanım minib atı, çıxdı bayıra. Bir o yana, bir bu yana at sürüb, sağ əlini qaldırıb göyə, ata elə bir taziyanə vurdu ki, at yel olub ta bayaq şəhərdən çıxıb getdi. Qara vəzir ha çığırdı, olmadı ki, olmadı. Kor peşiman oturub ağlamağa başladı. Qara vəzir burada qalsın, al xəbəri Mələk xanımdan. Mələk xanım çıxdı şəhərdən, üz qoydu çöllü-bəri-biyabana. Neçə müddət yol getdi, gəlib çatdı bir şəhərə. Atını çəkib karvansarada bağladı, düşdü şəhər içinə gəzməyə. Gəlib çatdı çayçı dükanına. Girib bir o yana, bir bu yana baxdı, gördü ki, burada hər rəng pəhləvan var. Dinməyib başını saldı aşağı. Çay gətirtdirdi, içib bir xeylaq oturandan sonra durub getdi öz mənzilinə, yıxılıb yatdı. Bu şəhərin padşahının heç oğlu olmazdı. Həmişə qızı olardı. Odu ki, padşah oğul deyib burnunun ucu göynəyənlərdən idi. Padşahın bir bağbanı vardı, bu bağbanın da Rüstəm adında bir gözəşirin oğlu vardı. Padşah bağbandan Rüstəmi alıb öz oğlu kimi saxlayırdı.Bir gün Rüstəm padşahdan izin alıb şəhərə gəzməyə çıxmışdı. Güzarı düşdü çayçı dükanına. Gördü ki, burada bir cavan pəhləvan əyləşib, amma heç kimnən gülüb danışmır. Hey başını salıb aşağı zol fikirdədir. Rüstəmi çox fikir aldı ki, aya, bu nə olan şeydi ki, bir belə gözəl oğlanın nə dərdi ola bilər? Dinmədi, keçib oturdu Mələk xanımın yanında. Bir xeylaq Mələk xanıma fikir verdi, gördü bu elə gözəldi ki, camaat bunun tamaşasına gəlir. Rüstəm bunun məhəbbətin saldı ürəyinə, dedi: – Ey cavan, gəl daş yonaq, bir bina tikək! Mələk xanım dedi: – Qəribəm, gedərgiyəm, məndən sənə qardaş olmaz. Rüstəm dedi: – Ey cavan, adın nədi? Mələk xanım dedi: – Adım Məhəmməddi. – Ey Məhəmməd, bil və agah ol, mən bu şəhərin padşahının oğluyam. Adıma da Rüstəm deyirlər. Qəribsən, gedərgisən, hər nəsən dur, mənə qonaqsan. Mələk xanım tutuldu, öz-özünə dedi: – Nə pis yerdə günümü axşam elədim? Mələk xanım çox illa elədi Rüstəmə ki, mən gedərgiyəm, qoy çıxım gedim öz işimə, Rüstəm əl çəkmədi, dedi: – Gərək durub gedəsən mənimlə. Mələk xanımın əlacı kəsilib durub düşdü Rüstəmin dalıncan, gəlib çatdılar imarətlərinə. Girdilər Rüstəmin mənzilinə. Rüstəm xəbər aldı Mələk xanımdan ki: – Məhəmməd, hardan gəlib hara gedənsən? Mələk xanım dedi: – İstanbula gedirəm. Atam məndən bərk nigarandı. Rüstəm dedi: – Məhəmməd, bil və agah ol, mən bir bağban oğluyam. Amma bizim padşahın oğlu olmadığı üçün məni oğulluğa götürübdü. İndi mənim də ürəyim qardaş sarıdan dağılır. Gəl mənə qardaş ol! Mələk xanım dedi: – Məndən sənə qardaş olmaz. Amma Rüstəm o qədər gözəldi ki, Mələk xanım Rüstəmdən gözünü çəkmirdi. Axşam olan kimi, Mələk xanım istədi durub gedə, Rüstəm sıyırıb qılıncını verdi Mələk xanıma, dedi: – Ey Məhəmməd, indi ki, gedirsən, al bu qılıncı, öldür məni, sonra get! Mələk xanım dedi: – Mən gedərgiyəm, bura adam öldürməyə gəlməmişəm. Rüstəm dedi: – İndi ki, öldürmürsən, gəl getmə! Bu sözdən Mələk xanımın bərk acığı tutdu. Rüstəmə bir qılınc çəkib, yaralayıb getdi. Rüstəm başının qanı axa-axa durub düşdü Mələk xanımın dalıncan. Mələk xanım baxıb gördü ki, Rüstəm başının qanı axa-axa budu gəlir. Qayıdıb dala cib dəsmalını çıxardıb Rüstəmin yarasını bağladı. Götürüb gəldi evə, dedi: – Rüstəm, sən ki, məni özünə qardaş eləmək fikrindəsən, onda qulaq as, bircə şərtim var. Mən hər yana getsəm, məndən heç bir şey xəbər alma. Rüstəm dedi: – O da mənim gözüm üstə! Mələk xanım dedi: – İkinci şərtim də budu ki, otağın məndən ayrı olsun. Rüstəm razı oldu. Gecə ilə Mələk xanım üçün ayrıca bir otaq ayırıb verdi Mələk xanımın ixtiyarına. Oturub bir qədər o yandan, bu yandan söhbət elədilər, yatmaq məqamında hərə çəkilib öz otağında yatdı. Rüstəm səhər durub gəldi sevinə-sevinə padşahın yanına, dedi: – Ata, mən özümə qardaş tapmışam. Padşah dedi: – Oğul, gətir görək tapdığın qardaşın necə şeydi? Rüstəm ədəb ilə padşahın yanından çıxıb, durub gəldi mənzilinə. Mələk xanım da eyvanda gəzinirdi, gördü ki, Rüstəm gəlir, durub çıxdı Rüstəmin qabağına, xəbər aldı: – Nə üçün belə tövşəyə-tövşəyə gəlirsən? Rüstəm dedi: – Ey Məhəmməd, atam səni görmək istəyir, dur gedək yanına. Mələk xanım Rüstəmin sözündən çıxa bilməyib, durub qoşuldu Rüstəmə. Rüstəm Mələk xanımı götürüb gəldi atasının yanına. Padşah baxıb gördü ki, bu bir gözəl oğlandı ki, dünyada misli yoxdu. Padşah Mələk xanımı lap yanında oturdub adını xəbər aldı. Mələk xanım dedi: – Adıma Məhəmməd deyirlər. Padşah dedi: – Məhəmməd, atandan, anandan nəyin var? Dedi: – Atam var, amma anam yoxdu. Padşah dedi: – Məhəmməd, gəl qal mənim yanımda, ol mənə oğul! Mələk xanım razı oldu. Onda padşah da çox şad oldu. Mələk xanım qaldı burada. Bu əhvalatdan bir neçə ay keçdi. Yaz fəsli idi. Mələk xanım eyvanda oturmuşdu. Günorta zamanı Rüstəm durub gəldi Mələk xanımın yanına. Oturub bir neçə saat şirin-şirin gülüb danışdılar. Rüstəm Mələk xanıma dedi: – Məhəmməd, axşam evdə ol, bir ixtilat eləyək! Mələk xanım çəkildi öz otağına, öz-özünə oturub dedi: – Ey dili qafil, mən neyləyirəm? Mən nə üçün atamı sağ buraxdım. Mələk xanım bu fikir ilə günü batırdı. Qaş qaralana macal başdan geyinib ayaqdan qıfıllandı, ayaqdan geyinib başdan qıfıllandı, minib atına, çıxdı şəhərdən qırağa. Atına bir taziyanə vurdu ki, atın anadan əmdiyi süd burnundan töküldü. Mələk xanım yayılıb atın belinə, dərələrdən sel kimi, təpələrdən yel kimi, badi-sərsər kimi, ayaq üzəngidə, diz qabırğada, budu özünü yetirdi öz şəhərlərinə. Çəkilib hasarın qırağında durdu, şəhər qapısını döydü. Döyəndə qapıçı qapını açmaq istəmədi. Mələk xanım əl atıb, qapının qullabasını çıxardıb qapını çərçivədən qoydu yerə. Girib şəhərə, əvvəl qapıçını öldürdü, sonra öz atasının pəhləvanlarının bir neçəsini öldürüb, çıxıb getdi. Qara vəzirə gecə ilə xəbər getdi ki, şəhərə bir pəhləvan gəlib bizi qırıb çatıb getdi. Qara vəzir qoşun göndərdi. Amma qoşun səhərə kimi axtarıb heç bir şey tapa bilməyib, geri qayıtdı. Mələk xanım səhərə yaxın özünü şəhərə saldı. Atın çəkib tövləyə bağladı, əl-üzünü yuyub, yıxılıb yatdı. Rüstəm səhər tezdən durub Mələk xanımın yanına gəldi. Mələk xanım yenicə yuxudan durmuşdu. Gördü ki, Rüstəm gəlir, tez əl-üzünü yuyub, geyinib oturdu. Rüstəm gəlib ədəb salamını yerinə yetirdi, xəbər aldı: – Qardaş, Məhəmməd, deyəsən bu gecə tez yatmışdın? Mələk xanım dedi: – Bəli, tez yatmışdım. Daha sual-cavab eləməyib ayrıldılar. Ayrılanda Rüstəm dedi: – Qardaş, günorta padşaha qonağıq. Mələk xanım razılıq verdi. Dik günorta Rüstəm gəlib Mələk xanımı götürüb apardı padşahın yanına. Oturub günorta xörəyini yeməkdə olsunlar, sənə xəbər verim Hind padşahından. Hind padşahı bu padşah üçün bir qarpız, bir də bıçaq göndərmişdi ki, bunun mənasını tap. Elçi qarpızla bıçağı götürüb, gəlib oturdu elçi daşının üstündə. Padşaha xəbər getdi ki, Hind elçisi gəlib. Padşah əmr verdi ki, elçini götürüb gəlsinlər, görək sözü nədi? Elçi gəlib baş əyib qarpızla bıçağı qoyub padşahın qabağına, dedi: – Hind padşahı deyir, hər ayına bu qarpızın mənasını tapmasa davamız davadı.

Padşah Mələk xanımdan xəbər aldı ki: – Məhəmmə%nü bazara verib, batman gələn qalınqabıq bir qarpız alıb, götürüb gəldi. Mələk xanım Hind padşahı göndərən qarpıza eynən baxıb gördü ki, qarpızın bir qırağında dırnaq boyda yer var. Üstündən də qara çəkilibdi. Mələk xanım bir məcməyinin içinə qarpızı qoyub narın un kimi əzdi. Vəzir gətirən qarpıza dırnaqdan kiçik nişan qoyub, lap qırağına bıçaq sancıb, qarpızların hər ikisini verdi Hind padşahının elçisinə, göndərdi Hind padşahı üçün. Padşah Mələk xanımdan xəbər aldı ki: – Məhəmməd, sən o qarpızı nə üçün əzib göndərdin geri? Mələk xanım dedi: – Padşah sağ olsun, o qarpız ki, Hind padşahı göndərmişdi, deyirdi ki: mən Hind padşahıyam, bütün dünya da mənə baxır. Qarpızın qırağında kiçik bir nişan qoymuşdu. Onun da mənası bu idi ki, guya sən onun üçün heç bir şey deyilsən. Haçan keyfi çatsa, səni buradan silib-süpürə bilər. Mən də o göndərən qarpızı narın un kimi əzib göndərdim onun üçün. Onun da mənası odu ki, sən Hind padşahı heç yel də olub mənim yanımdan keçə bilməzsən. Mələk xanımın bu tədbirlərindən padşah çox şad olub əmr verdi ki: – Məni istəyən buna xələt versin. Vəzir açıb xəzinənin ağzını, o ki, vardı Mələk xanıma xələt verdi. Mələk xanım gecədən yarım pas keçirdən kimi minib atını, üz qoydu çöllü-bəri-biyabana. Gəlib çatdı Qara vəzirin şəhərinə. İstədiyi padşah adamların qırıb, çatıb atını qaytardı, gəldi öz mənzilinə. Qara vəzirə adam getdi ki, yenə həmin pəhləvan gəlib, bir neçə pəhləvan öldürüb, çıxıb getdi. Qara vəzir car çəkdirdi ki, kim o pəhləvanı öldürsə, ya diri tutsa, ona xəzinənin yarısını verərəm. Amma heç kim Mələk xanımın döşünün qabağında dura bilmədi. Sənə xəbər verim Rüstəmdən. Bir gecə Rüstəm durub Mələk xanımın yanına gəldi. Gördü evdə yoxdu. Öz-özlüyündə fikir elədi ki, bu hər gecə hara gedir? Oturub bir qədər gözlədi, gördü haçandan-haçana Mələk xanım gəldi əl-üzü qan içində. Düşüb atdan əl-üzünü yuyub, heç soyunmayıb, yıxılıb yatdı. Rüstəmi qəm alıb öz-özünə dedi: – Hər necə olsa, gərək Məhəmmədin sirrini biləm. Gecəni yatdı. O günü ta Mələk xanımın yanına getməyib xəbər göndərdi ki, məni bağışlasın, bərk naxoşam, bu gün yanına gələ bilməyəcəyəm. Mələk xanıma da bu gərəkdi. Çünki gündüzü vurub gecəyə atını minib getməkdə olsun, Rüstəm də bu tərəfdən minib atına, qarabaqara düşdü Mələk xanımın dalıncan. Mələk xanım birbaş atını sürdü Qara vəzirin şəhərinə. Qara vəzirə xəbər getdi ki, həmin pəhləvan yenə gəlibdi. Qara vəzir Mələk xanımın müqabilinə qoşun göndərdi. Mələk xanım da gələn-gələn qoşunu qırıb saldı yola. Rüstəm özünü saxlaya bilməyib vurdu özünü dəryayi-ləşkərə. Ot kimi Qara vəzirin qoşununu qırıb tökdülər yerə. Rüstəm bir vədə ayılıb gördü ki, Mələk xanım meydanda yoxdu. Tez çıxdı şəhərdən, üz qoydu öz vilayətlərinə sarı gəlməyə. Rüstəm gəlməkdə olsun, al xəbəri Mələk xanımdan. Mələk xanım gəlib öz mənzilinə çatmışdı. Soyunub əl-üzünü yudu, atını rahat elədi, Rüstəm də bu tərəfdən gəlib çatdı. Gördü Mələk xanım gəlib haçandı yatıbdı. Rüstəm dinməyib, keçib öz mənzilində yatdı. Səhər durub həmişəki kimi gəldi Mələk xanımın yanına. Oturub şirin-şirin söhbət elədilər. Qaş qaralan kimi Mələk xanım dedi: – Mən yatıram. Rüstəm başa düşdü ki, Məhəmməd yenə gedəcək, dinməyib, durub getdi. Mələk xanım Rüstəmi yola salan kimi minib atına, getməyin binasın qoydu. Rüstəm də qılıncını bağlayıb, niqabın üzünə çəkib, at minib, gəlib kəsdi yolun üstünü. Haçandan-haçana Mələk xanım gəlib çatdı. Gördü ki, yolun ortasında bir pəhləvan dayanıb. Dedi: – Ey pəhləvan, çıx yoldan, keçim gedim. Rüstəm dönüb dala baxanda gördü ki, qardaşlığı Məhəmməddi. Özünü tanış verməyib, başını tikib aşağı heç cavab vermədi. Mələk xanım hirslənib atını irəli sürüb əl atdı qılınca, dedi: – Ey filan-filan olmuş, səninlə deyiləm? Çıx yoldan! Rüstəm baxıb gördü ki, bu əl atdı qılınca. Rüstəm də əl atıb qılınca, başladılar qılınc davasına. Rüstəm qılıncı Mələk xanıma ürəksiz vururdu, amma Mələk xanım qılıncı qaldırıb ürəklə endirirdi Rüstəmin təpəsinə. Rüstəm baxıb gördü ki, yox, bu çox zor şeydi, tez-gec bunu öldürəcək. Atıb qılıncı yerə, əl atdı Mələk xanımın kəməndinə. Başladılar qurşaq yapışmağa. Dü sübh namazına kimi hər ikisi çapaladı. Heç biri o birini basa bilmədi. Rüstəmə bu çox ar gəldi. Bir nərə çəkib əl atdı Məlk xanımın kəməndindən qaldırıb göyə, vurdu yerə. Yerə vuranda Mələk xanımın siyah saçları peşmək kimi dağıldı. Rüstəm baxıb gördü ki, bu oğlan deyilmiş, qız imiş. Ağıl sərdən verib, niqabı üzündən götürüb dedi: – Məhəmməd! Məhəmməd pul kimi qızardı. Durub ayağa, ta atası ilə davaya getməyib, minib atına gəldi öz otağına. Rüstəm at başı salıb özünü yetirdi mənzilinə. Düşüb atdan gəldi Mələk xanımın yanına, dedi: – Mən səni Məhəmməd bilirdim. Amma sən qızsanmış. Məni bu sirdən agah elə görək necə şeydi? Mələk xanım dedi: – And düş ki, bu sirri heç kəsə demərəm, açım deyim sənə. Rüstəm and düşdü. Mələk xanım Qara vəzirin hekayətini Rüstəm üçün danışdı. Rüstəm dedi: – Ey nazənin sənəm, əzəl gündən mənim meylim düşübdü sənə. Ta çara yoxdu, gəl mən alım səni. Mələk xanım dedi: – İş burasındadı ki, mənim də sənə meylim vardı. Amma sənin atan məni görsə, alar sənin əlindən. Rüstəm dedi: – Qorxma, ala bilməz. İki aşiq könül verib bir-birinə sarmaşıq kimi sarılmaqda olsunlar, sənə xəbər verim kimdən, Rüstəmin atalığından. Padşah bir gün yatıb yuxuda görmüşdü ki, göydən daş yağır. Tezdən durub ayağa dedi, gərək gedəm bu yuxunu Məhəmməd mənim üçün yoza. Padşah durub ayağa, üz qoydu Mələk xanımın otağına. Padşah çıxıb pilləkəndən gördü ki, qapı bağlıdı. Boylanıb gördü Rüstəm burada bir qızla yatıbdı ki, dünyada misli yoxdu. Padşah bir də baxmaq istəyəndə tab gətirə bilməyib, bihuş olub dəydi yerə. Haçandan-haçana padşah özünə gəlib, durub çıxdı taxtına, tez əmr verdi ki, filan otaqda iki cavan var, tutub gətirin hüzuruma. Padşah adamları durub gəldilər Mələk xanımın otağına. Qapını sındırıb girdilər içəri, gördülər ki, Rüstəm burada bir qızla yatıbdı. Tez durğuzub bunları apardılar padşahın hüzuruna. Padşah Rüstəmi görən kimi zindana saldırdı. Mələk xanımı da saldırdı otaqların birinə. Padşah gecə ilə durub gəldi Mələk xanımın yanına, dedi: – Ey gözəl pəri, gərək mənə hərəm olasan. Mələk xanım dedi: – Padşah sağ olsun, məndən gəl əlini çək! Mələk xanım çox yalvardı, padşah az eşitdi, axırda padşah dedi: – Ey qız, əgər mənə hərəm olmasan, boynunu vurduraram. Mələk xanım baxıb gördü ki, padşah lap haqsızlığa salıb, istəyir bu dəqiqə yanına girə, tez bir tilsim oxuyub padşahı döndərdi daşa. Çıxıb evdən özünü atdı bağa. Axtarıb zindanı tapdı. Zindan qarovulçularının ikisini də cəhənnəmə vasil eləyib, zindanxananın qapısını sındırıb girdi içəri. Gördü ki, Rüstəm buradadı. Rüstəm dedi: – Gəl qaçaq! Mələk xanımla Rüstəm gəldilər öz mənzillərinə, hər ikisi başdan geyinib, ayaqdan qıfıllanıb çıxdılar evdən. Mələk xanım çatıb padşah olan otağa bir tilsim oxudu padşahı elədi adam. Siyirib qılıncı padşahı öldürdü. Rüstəmin atasını padşah tikdi. Gecəni qaldılar. Səhər Mələk xanım camaatı yığıb onları işdən xəbərdar elədi, Rüstəmin atasını padşahlığa qəbul elədilər. O da çox ədalət ilə padşahlıq eləməyə başladı. Mələk xanım Rüstəmə dedi: – Mənə izin ver, gedim atamı öldürüm. Rüstəm dedi: – Necə? Mən öldürmüşəm ki, səni tək buraxım? Dur, mən də səninlə gedirəm. Rüstəm qoşulub Mələk xanıma, üz qoydular Qara vəzirin şəhərinə. Qara vəzir qorxusundan şəhərin dörd tərəfinə qarovulçu qoymuşdu. Qarovulçular bir də baxıb gördülər ki, iki pəhləvan gəlir. Tez xəbərə getdilər. Qara vəzir nə ki qoşunu vardı, tökdü bu çölün düzünə. Mələk xanım dedi: – Rüstəm, daha dayanıb baxmaq lazım deyil. Rüstəm girdi qoşunun solundan, Mələk xanım girdi qoşunun sağından. Ot kimi qoşunu biçib tökdülər yerə. Qara vəzirə xəbər getdi ki: – Taxtın qanla dolsun, qoşun qurtardı. Qara vəzir düşdü qorxuya. Bir-iki dənə pəhləvan vardı, onları da göndərdi. Bunları da cəhənnəmə vasil elədilər. Tez özlərini saldılar şəhərə. Mələk xanım gəlib çatdı Qara vəzirin bərabərinə. Tez üzündən niqabı götürdü. Qara vəzir baxıb gördü ki, öz qızı Mələk xanımdı. İstədi qızını vurub öldürə. Mələk xanım aman verməyib, çəkib qılıncı Qara vəziri tən ortadan bölüb cəhənnəmə vasil elədi. Tez qulu tapıb qoşun əhlini də özünə tabe elədi. İmansız qarını tapıb əli-qolu bağlı hüzuruna gətirib dedi: – Ey küpəgirən qarı, bu qulun kişiliyini qaytar özünə! Qarı baxıb gördü ki, ölüm ayağıdı, oxuyub tilsimi qulun kişiliyini özünə qaytardı. Mələk xanım küpəgirən qarını cəhənnəmə vasil elədi. Yığıb camaatı Qara vəzirin hekayətini şəhər əhlinə nəql elədi. Camaat Mələk xanıma afərin deyib, Qara vəzirə lənət oxudular. Rüstəm Mələk xanım üçün təzədən toy eləyib kəbin kəsdirdi. Mələk xanım Rüstəmi padşah tikdi. Rüstəm də çox ədalətli padşah olub, ömrünün axırına kimi Mələk xanımla ömür sürməyə başladı.