Qarabağ (Nigari)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Qarabağ (XIX əsr) Müəllif: Mir Həmzə Nigari |
Sinəmə çəkilən qara dağımdır
Qara bağrım qanlı Qarabağımdır
Qan əkər, odlar tökər Miri-Nigari məgər
Yad qılıbdır yenə Qarabağ torpağını
Eşqin kanı Qarabağdır məkanım
Bülbülü-şeydayam, cənnət yerimdir
Əvvəl başdan Qaraqaşdır bostanım
İndi gülüstanım Qarapirimdir.
Bir qönçə gülünün tarımarıyam
Görüm abad olsun ol Qarabağı
Bir gözəl ceyranın giriftarıyam
Şənlik olsun dağı, bağı, ovlağı
Gözlərimdən hər dəm qan - yaş tökülür
Sərvtək qamətim yaytək bükülür.
Sinəmə çal-çarpaz dağlar çəkilir
Yadıma düşəndə Çilgəz yaylağı
Xabları Huridir, Mələk mənzərdir
Sözləri şirindir, şehdü-şəkərdir
Cənnəti-Məvadır, Hovzi-Kövsərdir
Qaraqaş yaylağı, Həmzə bulağı.
Ey Nigari, ömrün erişdi payə
Salmadı başıma ol sərvi sayə
Can qurban eylərəm peyki səbayə
Xəbər versə bir gün ol Qarabağdan.