Qaradağlılar/II İlyas xəlifə
←Hacıfəqihli oymağı | Qaradağlılar. II İlyas xəlifə Müəllif: Ənvər Çingizoğlu |
II Şəmsəddin xəlifə→ |
II Ilyas xəlifə Şəmsəddin xəlifənin oğludur. Dizmar mahalının Duzal kəndində dünyaya gəlmişdi. Mükəmməl mədrəsə təhsili almışdı.
Ilyas xəlifə atasından sonra Dizmar mahalının hakimi və xəlifəsi təyin edilmişdi. Qızılbaş ordusunun tərkibində Osmanlılara qarşı savaşda iştirak etmişdi.
Osmanlı dövlətinin məşhur sənədlər məcmuəsi olan «Mühimmə»də yazılır: «Abbas mirzə Səfəvinin müccərrəd tərqib üçün zəbt etdiyi bəzi yerləri Şahqulu sultana təvcih etdiyi kimi, Toxmaqoğlu və Dizmar hakimi Ilyas xəlifənin bəzi süvari və piyada qüvvətləriylə Təbriz ətrafını vurub, Xamnə ilə Təbriz arasında mənzil yeri olan kəndi qarət edib fəqət ikinci gəlişində basılaraq məğlubiyyətə uğratıldı və rəiyyətin qarət olunan malları qaytarıldı, Naxçıvan və Rəvan tərəflərində məzkur Şahqulunun Qapan və Ordubad qalalarıyla Mincivanı zəbt edib qoruyucu qüvvətlər təyin etdi.» (Bax: Mühimmə, LXŞ, 59)
Tarixi qaynaqlardan bilirik ki, bu olay 1585-ci ildə baş vermişdi.
Ilyas xəlifə 1603-cü ildə Qaradağın hakimi təyin olundu. Maraqlıdır ki, tarixçi Iskəndər bəy Münşi öz ünlü əsərində Ilyas xəlifədən danışarkən hər dəfə onu Toxmaqoğlu soyadıyla deyil, Qaradağlı soyadıyla nişan verir.
Şah Abbas 1606-cı ildə Qaradağda olarkən Duzal kəndində Ilyas xəlifənin qonağı olmuşdu. Sonra şaha qoşulub Ordubada getmişdi. Ilyas xəlifə şahla bərabər Urmiya səfərində iştirak etmişdi. Urmiya yörəsindəki Dumdum qalasını kürdlərin Mükri əşirəti möhkəmləndirib qızılbaşlara asi olmuşdu. Ilyas xəlifə qoşunla Dumdum qalası ətrafına gəlmişdi. Mükrilər qorxuya düşmüş Ilyas xəlifəyə dostluqlarını bildirməyə çalışmışdılar. Hətta Xan Abdal Mükri bir neçə ünlü adamlarıyla xəlifənin evinə gəlmişdi. Lakin Xan Abdalın qardaşı Məhəmməd bəy silahı yerə qoymamışdı.
Ilyas xəlifə 1610-cu ildə, Urmiyada, Dumdum qalası ətrafında öz evində qılınc yarasından həlak olmuşdu. Evinə qonaq gələn mükriləri şirin-şərbətlə ağırlayan Ilyas xəlifə qəfil hücuma məruz qalmışdı. Qonaqlar qılınclarını çəkib düz əqidəli sufini qanına qəltan etmişdilər. Onunla bərabər iki qohumunu öldürmüşdülər.