Qaradağlılar/Mahmud sultan

Vikimənbə saytından
Kərəmpa oymağı Qaradağlılar. Mahmud sultan
Müəllif: Ənvər Çingizoğlu
Mustafaqulu xan
Sister Projects. Həmçinin baxın: Haqqında •


Mahmud bəy Əhməd xəlifə oğlu Dizmar mahalının Duzal kəndində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Mahmud sultan Bürhanəddin xəlifədən sonra Qaradağın hakimi olmuşdu. Mahmud sultan II Şah Abbas (1642--1666) tərəfindən Kaxetiya ayaqlanmasını yatırmağa göndərilmişdi. Qiyamçı kaxetlər sultanın qohumu Əliqulu bəy Kəngərlini qalaya qısnayıb, mühasirə etmişdilər. 1691-ci ildə Mahmud sultan baş vəzir tərəfindən saraya çağrılır. Etimadəddövlə Xəlifə sultana pay-püşk aparan Mahmud sultan saraya daxil olarkən qəribə bir əhvalatla üzləşir. Murtuzaqulu xan Bəcirli qorçubaşı Canı xan Bəydili-Şamlının yaxasından yapışıb xəncərlə vurur. Canı xanın qorçuları yardıma qaçanda gürcü qulamları da Murtuzaqulu xana kömək edirlər. Mahmud sultan qalır iki dəstənin arasında. Bilmir hansı tərəfə kömək etsin. Naəlac qalıb çəkilir bir yanda gözləyir. Ölən ölür, sağları şahın yanına aparırlar. II Şah Səfi (Süleyman şah, 1666—1694) savaşanları sorğuya tutandan sonra üzünü Mahmud sultana çevirir: -Sən niyə mənim qulamlarıma kömək etmədin? Mahmud sultan sakitcə cavab verir: -Qurban, mən pay gətirmişdim, payalaşmağa gəlməmişdim! Şah gülüb, Mahmud sultanı ödülləndirir.