Qaranquş və sərçə
Qaranquş və sərçə Müəllif: Şifahi xalq ədəbiyyatı |
Bir qaranquş vardı. O özü üçün damın lap qırağında yuva tikmişdi.
Qonşuluqda bu evin taxtapuşunda sərçə özünə yuva qurmuşdu.
Ancaq nə yuva idi! Bu yuva, su borusu ilə taxtapuşun
arasındakı sadəcə yarıq idi.
Qaranquş hər il bala çıxarar, sonra da onlara uçmaq və oxumaq öyrədərdi. Ancaq ana sərçənin işi tamam başqa idi. O da hər il bir neçə yumurta yumurtlayar, ancaq bircə dəfə bala çıxara bilməzdi, ya dəcəl uşaqlar gəlib yumurtaları onun yuvasından götürər, ya da balaları pişik yeyərdi.
Ana sərçə qaranquşlar ailəsinə baxıb ürəyi lap göynədi.
– Sən nə xoşbəxtsən! – deyə ana sərçə dilləndi. – Hər il sən bala çıxarırsan. Mən isə bala üzünə həsrətəm!
– Bunun təqsiri sənin özündədir, – deyə qaranquş cavab verdi. – Əgər sənin də mənim kimi belə möhkəm yuvan olsa idi, onda nə uşaqlar, nə də pişik sənin balalarına dəyə bilməzdi.
– Zəhmət olmasa, o cür yuva tikməyi mənə də öyrət, – deyə ana sərçə ondan xahiş elədi. – Yəqin ki, sən bunun ya bir sirrini, ya da qəribə bir üsulunu bilirsən!
– Yuvanı tikməyə gərək baş işlədəsən! – deyə qaranquş sərçəyə öyrətməyə başladı. – Ancaq əslində burada elə bir çətin şey yoxdur. Qonşu, gəl uçaq – mən sənə öyrədərəm!..
Onlar uçub gölün qırağına gəldilər.
Qaranquş dedi:
– Qonşu, dimdiyinə bir az gil al, bax mənim kimi.
– Cik-cik! – deyə ana sərçə cavab verdi. – Mən burada çətin bir şey görmürəm, burada heç bir çətin şey yoxdur!
Qaranquş heç nə demədi. Uçub yaşadıqları evin damına gəldi, bir parça gili divara yapışdırdı.
– Sən də belə elə! – deyə o yenə də ana sərçəyə məsləhət gördü.
– Görürəm, görürəm! – deyə ana sərçə cavab verdi. – Bunu eləməyə nə var, mən də elə bilirdim ki, sənin yuvanı tikməyinin bir sirri, ya heç olmasa bir qəribəliyi var!.. Onu elə hamı belə yapışdıra bilər də! Yox, mən belə boş-boş işlərlə vaxtımı keçirə bilmərəm!
Qaranquş isə dimdiyində az-az gil gətirmək üçün dəfələrlə uçub gölə getdi. Gil lazım olduğu qədər yığılandan sonra qaranquş saman dalınca getdi, sonra yuvanı yapmağa başladı. Bir az gil götürüb divara yapışdırır, üstündən də saman yığır, sonra yenə gil qoyur, yenə də üstündən saman yapışdırır...
– Bax belə eləmək lazımdır! – deyə ana sərçəyə öyrətdi. – Əvvəlcə gili yapışdırmaq lazımdır, sonra samanı ona yapışdırmaq lazımdır, sonra yenə gil, yenə də saman, çox yaxşı davamlı bir yuva alınar.
– Bilirəm, bilirəm! Burada bir biclik yoxdur! – deyə ana sərçə ağız-burnunu büzüşdürə-büzüşdürə cikkildədi.
– Bilməyinə bilirsən, ancaq tək bir bilmək ilə yuva tikə bilməzsən! Bunun üçün gərək zəhmət çəkəsən. Mən işlədiyim qədər sən işləməsən, ömründə bala çıxara bilməəcəksən, – deyə qaranquş ona cavab verdi.