Qarpız haqqında əfsanə

Vikimənbə saytından
Qarpız haqqında əfsanə
Müəllif: Şifahi xalq ədəbiyyatı


Nəql edirlər ki, kral Doqquzuncu Xunq Vıonq səkkiz yaşlı bir uşağı oğulluğa götürür və ona May İyen adını verir. Kralın oğulluğu sürətlə böyüyür, evlənəndən sonra onun iki övladı, bir oğlu və bir qızı olur. Kral, May İyeni çox istəyirdi, səxavət əlini ondan çəkmirdi, ona mənfəətli işlər tapşırırdı. May İyenin özü də çox işləyirdi və varlanandan sonra tez-tez təkrar edirdi:

– Mənim nəyim varsa, hamısını öz zəhmətimlə qazanmışam.

Kral bundan xəbər tutdu, bərk qəzəbləndi və dedi:

– May İyen nankor adamdı. Onu kimsəsiz bir adaya sürgün edərəm. Görək, necə yaşayacaq.

Kralın nökərləri May İyeni və ailəsini qayığa mindirdilər, dənizin ortasındakı adaya apardılar, onlara dörd günlük yemək qoydular və çıxıb getdilər.

May İyenin arvadı çılpaq daşlara və dik qayalara baxıb ağladı. May İyen isə gülərək onu sakitləşdirməyə başladı:

– Bizi tanrı doğub, tanrı bizi darda qoymaz!

Günlərin bir günü May İyen qərbdən uçub gələn qəribə bir quş gördü. Quş ağaca qondu, budaqdan budağa hoppanırdı, dimdiyindən isə yerə tumlar düşürdü. Sonra quş uçub getdi. Bir müddətdən sonra tumların düşdüyü yerdə May İyenin və arvadının ömrü boyu görmədikləri yaşıl bitkilər cücərdilər. Bu bitkilərin qəribə yumru və böyük meyvələri vardı. May İyen meyvələrdən birini qopardıb dadına baxdı. Meyvə sulu və dadlı idi. O, sevincək qışqırdı:

– Tanrı bizə yemək göndərdi!

Sonra May İyen bütün meyvələrin tumlarını yığdı və torpağa səpdi. Bir azdan meyvələr elə artdı, elə çoxaldı ki, alverə başlamaq olardı. Lakin adada May İyendən, arvadından və iki uşağından başqa heç kim yox idi. May İyen meyvələrin ən irisini götürdü və bıçaqla qalın yaşıl qabığına yazdı ki, dənizin ortasındakı kimsəsiz adada çoxlu sulu, dadlı meyvələr bitir. May İyen üstü yazılı meyvəni dənizə atdı və nələr baş verəcəyini gözləməyə başladı.

Adanın yaxınlığından bir ticarət gəmisi keçirdi və dənizçilər dalğalar qoynunda yumru bir əşyanın üzdüyünü gördülər. Onlar həmin əşyanı göyərtəyə qaldırdılar və May İyenin yazısını oxudular. Kapitan istiqaməti dəyişməyi əmr elədi və gəmi naməlum meyvələrlə zəngin olan kimsəsiz adaya yan aldı. May İyen meyvələri düyüyə dəyişdi və yüklü gəmi böyük torpağa tərəf üz tutdu. O vaxtdan ticarət gəmilərinin adaya ayağı açıldı və May İyendən qəribə meyvələri almağa başladılar. Bu meyvələr xalqın xoşuna gəlmişdi, həvəslə alırdılar. May İyen isə günü-gündən varlanırdı.

Bir dəfə oğulluğu kralın yadına düşdü, nökərlərinə əmr elədi ki, adaya yollansınlar və bir xəbər gətirsinlər. Nökərlər qayıtdılar və adada gördüklərini krala çatdırdılar. Kral ucadan:

– Bəli, o haqlı idi! – deyə səsləndi və May İyeni saraya qaytarmağı əmr elədi. May İyen qayıtdı, kral yenidən ona iş verdi, May İyen ömrünün sonunacan zəhmətlə yaşadı.

O vaxtdan adanı An Tiyem, May İyenin ikinci adı ilə adlandırmağa başladılar. Adada May-Txon kəndi salındı. Bizim zamanda bu kənd Txan-Xoa əyalətinin Nqa-Şon qəzasına daxildi. Bura sulu və şirin qarpızların məskənidi. Bu meyvələrin başqa bir adı da var – “tey-kua”, yəni “qərb meyvəsi”, çünki ilk dəfə onları qərbdən uçub gələn quş gətirmişdi.