Qitələr/Xaqani Şirvani/Maarif Soltanın tərcüməsində
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Qitələr Müəllif: Xaqani Şirvani Tərcümə edən: Maarif Soltan |
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004. |
1.
Sən qiymətli gövhər ikən, qəvvas kimi baş vurub,
Tapdın təbin dəryasından daha qiymətli gövhər.
Xaqaninin başı bağlı qoyduğu xəzinənin
Tilsimini açmaq bircə sənə oldu müyəssər.
Heyrətdəyəm ki, ilhamın zərlerini atarkən,
Necə oldu, öz beşinlə beş atdın, ey füsünkər?!
2.
Şahların sarayı bir dənizdir ki,
Orada sədəf yox, yüz min nəhəng var.
Arzu gəmisini salmaz heç zaman,
Bu coşğun dəryaya, ağlı olanlar.
Bir inci verməz də, can almaq üçün,
Hər dəqiqə sənə min oyun tutar.
Könül, gəl, sən ağlın pənahında ol,
Ki, ağıl tamahın boynunu vurar.
Bir tikə çörəyə, suya qane ol,
Nə sərvət, nə mənsəb, nə ağa axtar!
3.
Ey Xaqani, sən şahların xidmətindən uzaqlaş,
Ki, yaxanı qurtarasan siyasət damğasından.
Şərab dolu qədəh kimi gəzmə şahlar əlində sən,
Bağrın olar qan dənizi, kirli sutək tullanarsan.
Yaxınlaşıb, uzaqlaşsan, Günəş bilib onları, bil,
Ay kimi, gah bədr olsan da, tez incəlib yox olarsan.
Bənatüniəş ulduzu tək bir gecənin müddətində,
Hey yüksəlib alçalarsan, qəbul ve rədd olan zaman.
4.
Kimse söz atdı ki, Xaqani artıq,
Yaraşmır saraya, böyük xaqana.
Bəli, doğru dedi, su daşımaqçün,
Layiq olmamışdır div Süleymana.
Saraydan əziyyət görmüşəm, bir də,
Geniş qəlbim sığmaz o dar zindana.
5.
Xaqani, dövlətin ağacındakı,
Şaxədən bar dərib yeməyə dəyməz.
Dünyanu bu yağlı, şirin loğması,
Ona sərf edilən əməyə dəyməz.
Şahların əlindən sədəqə almaq,
Onlara mədhiyyə deməyə dəyməz.
6.
Dövlət yeni, padşah yeni, vəziri də yenidir,
Yeni şaha vəziriylə qiymət verər adamlar.
Məndən şahın vəzirinə yetir bu bir sözü sən,
Aqil olan bu bir sozü qulağında saxlayar.
Elə etmə xalq desin: heyif göhnə vəzirdən,
Ədalətlə rəftar elə, adın qalsın yadigar.
7.
Var-dövlət istədim dünyada, ancaq,
Onu alçaqlardan qəbul etmədim.
Mən çox istəyirdim, vermədi dövran,
Az verdi, mən "gərək deyildir" dedim.
9.
Gecə göç əzmi ilə ayrılanda Şirvandan,
Təəssüf eylədi qəlbim, ciyər alovlandı,
Yanıb fəraq oduna, mən Arazla uzlaşdim,
Araz görüb halımı od tutub, o da yandı.
Ahım kimi iti axdı, qəmim kimi coşdu,
Xüruşə gəldi könültək, kədərlə çalxandı.
10.
Xəlifə deyir ki, dəbirim olsun,
Məqamın əlimlə göylərə qalxar.
Dəbirəm, doğrudur, yazım misilsiz,
Lakin, baş əymərəm bu işə, zinhar.
Bir dəbir olmaqla nə fəxr edim ki,
Vəzirlik mənimçün deyil iftixar.
Mən bir Günəş ikən, ulduz olmaram,
Borc papaq qoymaqda nə məziyyət var?
11.
Soruşdun ki, ürəyində rəğbət yoxdur şahlara?
Bəli, yoxdur sultanlara rəğbətim zərrə qədər.
Rey valisi qoymadısa Xorasana gedim mən,
Nə eybi var, bundan mənə yetişməz heç bir zərər.
Lakin, bu gün heç kəsə də verməsəydi icazə,
Gərək mənə başqalardan fərq qoyaydı o sərvər.
Mən gedirəm Xorasanda alimlərin yanına,
İşim yoxdur oradakı əmirlərlə, müxtəsər.
12.
Xaqani, sən bilik xəzinəsisən,
Bəs nədən cahillər qazanır hörmət?
Arslana verdilər şahlıq rütbəsi,
Bəs nədən pələngə yetişdi xələt?
Balığın bədəni gümüşlə doldu,
Sədəf daş içində çəkdi əziyyət.
13.
Hicrətin beş yüz ili dövri-kəmal olmuş yəqin,
Ondan əvvəl beş yüz il olmuş bizə dövri-məhal.
Xalq bir səslə deyir: Xaqanitək bir şairi,
Doğmamış ilk beş yüz il, adlansa da dövri-kəmal.
14.
Mən o Xaqaniyəm ki, bu dünyanı,
Gözəl dərk etmişəm fərasətimlə.
Mən mərdi, namərdi bir məhək kimi,
Tanıtdım dünyaya öz qüdrətimlə.
Nakəsdən görmədim mən bir yaxşılıq,
Yoxladım mən bunu sədaqətimlə.
Pislərin əlindən yaxşılıq gəlməz,
Mən pislik etmərəm öz hümmətimlə.
15.
Gənclik bir qızıldır, ömrün əlindən,
Düşərək torpağa, yox oldu birdən.
Tapmaq həvəsilə həmin qızılı,
Torpağı yuyuram göz yaşımla mən.
16.
Xaqani dərdlidir arvad əlindən,
Bu aləm bir dərdli könülə dəyməz.
Qürbətdə bir arvad aldı ki, onun,
Yüz nazı bir anlıq müşkülə dəyməz.
Birinci arvada dəyməz sonrakı,
Yüz qarğa bir gözəl bülbülə dəyməz.
Dünyaya dəyəni torpağa döndü,
Birini aldı ki, heç gülə dəyməz.
17.
Kərimləri medh edirəm, nə üçün də etməyim?
Xəsisləri həcv etməyi sevməmişəm heç zaman.
Mənim bütün divanımda ikicə həcv yoxdur,
Axtar behişt gülzarını, tapa bilməzsən tikan.
18.
Xaqanidən yuxanda oturdunsa, nə olar,
Nə bu sənə bir hünərdir, nə də Xaqaniyə ar.
Çünki, göydə qara üzlü, pis əməlli Zühəl də,
Xoş sifətli Müştərinin üstündə tutmuş qərar*.
Harada ki, su neft ilə birləşərsə, qaydadır,
Aşağıda su yerləşər, yuxarıya neft qalxar.
Görmədinmi, xırmanda da döyüm vaxtı həmişə,
Ağır dənler alta yatar, boş saman üstə çıxar.
19.
Dedin ki, heç kəsə baş əymə əsla,
Çünki, mərd doğuldun bu dünyada sən,
Doğrudur, bu şadlıq gülüstanında,
Gül açdım qocalar duasıyla mən.
Əmim yol göstərdi, kəmala yetdim,
Öyrətdi o mənə çoxlu elmü fən.
Öləndə söylədi: - Görüm, desinlər,
Şərqin də, qərbin də Əfzəli sənsən.
20.
Rahatlıq axtarma sən, ey Xaqani!
Axtarsan hər yeri, tapa bilməzsən.
İflasa uğramış dünya evində,
Kimiya iksiri tapa bilməzsən.
21.
Ey Xaqani, başına kül, öz qanına qərq ol, ağla,
Səni torpaq üzərindən qaldıran mərd torpaq oldu.
Sən əminlə tanınmısan, atan vəfat edən kimi,
Əmin səni aralığa çıxardaraq dayaq oldu.
22.
Dosta yaxşılıq olmuş əzəl gündən niyyətim,
Dost dostuna həmişə olmalı yaxşı sirdaş.
Dostum pislik etsə də, mənə xoşdur, qoy etsin,
Ah, mənim pisliyim də xoş olaydı ona kaş!
23.
Hər gecə göylərin yüksək qatına,
Xaqaninin ahı qalxıb, ucalar.
Doğmuşsa ruzigar onu, yenə də,
Sındırır qəlbini yenə ruzigar.
Şüşə yaransa da daş parçasından,
Lakin daş şüşəni asan parçalar.
24.
Qorxum budur, aləmə düşər səs,
Qəlbim sənə paybənd olarsa.
Canan! Çatılar xudaya, şəksiz,
Zülfündən əgər kəmənd olarsa.
25.
Ey Xaqani, Bağdadda gəzmə vəfalı insan,
Saxtakarlar yurdunda vəfalı ələ düşməz.
Axıtsalar Dəclətək insanların qanını,
Bağdadlının gözündən üzünə gilə düşməz.
26.
Yoxdur bir şey dünyada nadir olsun vəfadan,
Əhl adamın vücudu az olub kimiyadan.
Simurğ kimi, aləmdə dostun ancaq adı var,
Yox, Simurğ tez tapılar sədaqətli aşnadan.
27.
Ey ədalət bağçası Bagdad, əhsən, mərhəba,
Dövrənə dövr eyləyir səyyarələr, çərxi-fələk.
Ah, gözəldir dağların, göy bağların, şadsan müdam,
Həşmətin dörd göy deyil, səkkiz behişt olsun görək.
Hər cürə rəngin, iyin var, hər cürə xasiyyətin,
Heyf, yoxdur səndə mərdlik, bir də ki, həssas ürək.
28.
Xaqani! Zəmanə pis zəmanədir,
Pislərin yaxşılıq gəlməz əlindən.
Pislərdən yaxşılıq umma, razı ol,
Qorx ki, yaxşılardan pislik görəsən.
29.
Deyək ki, qəlbimiz təmiz deyildir,
Adımız təmizdir axı dünyada.
Kobud bir axmaqla bəhs edəndə mən,
Susub hörmət etdim bu təmiz ada.
Dünyada əcayib şeylər çox olar,
Bəzən qurşun verir almazı bada.
30.
Xaqaninin bu dünyada dörd şey gəlir xoşuna:
Gəl, bu dördü əldən vermə, yaxşı dostsan əgər sən.
Kasıblara kömək etmək, sirri möhkəm saxlamaq,
Badə içib, sərxoş yarın öpmək şirin ləbindən.
31.
Sən bir ilan sifətlisən, daim şəkər yeyirsən,
Xaqani bir tuti ikən, yedikləri zəhərdir.
Bax fələyin bəxşişinə, zəmanənin zülmünə,
Kim ki, torpaq yeməlidir, yediyi neyşəkərdir.
Xaqaniyəm, bu dünyada qəlbim elə safdır ki,
Mənə pislik edənə də verirəm xoş mükafat.
Nacinslərin dillərindən zərər çəkdiyim dəmdə -
Allahımdan gözləyirəm mən yaxşılıq, iltifat.
Demirəm ki, ey allahım, sən onlara bəla ver,
Deyirəm: ver mənə düşmən bəlasından sən nicat!
32.
Əgər sən bilməsən, Ütarid bilir yəqin,
Mən kiməm, qələmimdə nə kimi bir qüvvət var*.
Min il gərəkdir ta ki, hünər gülüstanında,
Biliyin budağında gül mənimtək verə bar.
Hər əsr, hər dövrdə mənim mislim tapılmaz,
Bir də şair Xaqani yetirməz bu ruzigar!
33.
Kasıb rahat yaşayanda, əzab çəkər varlılar,
Demək, ağıl sahibləri axtarmazlar var, dövlət.
Dövlət bənzər al şəraba, az içdinmi, ruh verər,
Çox düşərsə, ağlı pozar, yaradar min fəlakət.
34.
Çoxdan vardı ürəyimdə Xorasanın arzusu,
Reydə ikən arzulardım: yerim olsun Xorasan.
Rey valisi kəsdi mənim diləyimin yolunu,
Bəndə saldı istəyimi, etdi məni pərişan.
Çəlaləddin! Mən bu addan çox şikayət edərdim,
Nə edim ki, utanıram öz xeyirxah oğlundan.
O çox fəsad törətmişdir, ocaqları dağıtmış,
Xeyri de o, qəlbim kimi məhv etmişdir hər zaman,
35.
Sən fəqirə bircə dirhəm verərkən, ey Xaqani,
Əvəzində iki behişt istəyirsən xudadan.
Belə isə, verdiyinə kərəm dedin nə üçün?
Bu ki, aydın bir riyadır, kərəm olmaz riyadan.
Buna necə kərəm demək olar ki, sən bir pula,
Behişt almaq istəyirsən əvəzində səmadan.
Sən bir verib, haqqdan iki tələb edən zamanlar,
Aç gözünu, bir fərqləndir öz riyanı səxadan!
Bilirsənmi kərəm nədir: harda gəda gördünsə,
Var-yoxunu verib, bir şey ummayasan gədadan.
36.
Ey Xaqani, pay ummaqda getdi abırın, həyan,
Bəsdir, alma bircə loğma bir kimsədən heç zaman.
Xəstələnmiş ürəyinə dava-dərman istəmə,
Dərd artırır, çünki, ona ediləndə bir dərman.
Bu qaydadır: sınan şeyin qədri sonra bilinər,
Sınıq qəlbə təsəlli ver, bunu yaxşı anla, qan!
Sən dəvənin boynundakı qızıllara baxma çox,
Qan bahasın dolandırır öz boyununda o heyvan.
Zəni edək, lap dəvə boynu oldu qızıl mədəni,
Nə mənfəət görür o bəs gəzdirdiyi qızıldan?
37.
O qarayanızdır, mən ağ saçlıyam.
Belə qaldırırıq fərqi aradan:
Qara rəng vururam mən ağ saçıma,
O qara üzünə sürtür ağ kirşan.
38.
Xaqani Xaqanla oturan zaman,
Yeri axrıncı cərgədə olar.
Neçə ki, birinci hərf ikən "əlif',
Birləşəndə tutar axırda qərar.
39.
Xaqani çəkildi üzlət evinə,
Bu ev çox yaxşıdır şah sarayından.
Qənaət içkisi ruzisi oldu,
Budur zəmzəm sulu və abi-heyvan.
Ruziyçün qəm çəkməz bacardıqca o,
Ruzinin qesydinə qalır yaradan.
Yaşamaq ruzilə mümkünsə əgər,
Ruzi də taətlə yetişər hər an.
Xaqani istəməz ruzi kimsədən,
Allah ruzisini verir firavan.
Süleyman vermədi yem qarıncaya,
Möhtacdır ruziyə çünki Süleyman.
40.
Cəfadır, etmə mənə sən bele xitab soyuq,
Nə vəqtədək verəcəksən mənə cavab soyuq?
Soyuq cavab, yəqin ki, ürək şəfası deyil,
Sağaltmaz heç mərəzi olsa, gər gülab soyuq.
41.
Bir cücəni sürət ilə qovlayırdı bir uşaq,
Dedi, onu öldürməkdir ovlamaqdan məqsədi.
Ey Xaqani, bizi də o cücə kimi ruzigar,
Qovar, qovar, öldürməkdir onun hər an məqsədi.
42.
Qoşub şəhvət ardınca, ömrümü bada vermə,
Onsuz da həyatını bada verir bu fələk.
Bir canın varsa hərgah, can alanın ikidir:
Biri can alan dünya, biri can alan mələk.
43.
Xaqani, üç şeydən gözəl, de, nə var:
Cavanlıq, rahatlıq, bir də güzaran.
Sənin ki, hər ücü varındır, şükr et,
Onları bir yerdə tapmaz hər insan.
44.
Olsaydı Fərhadın qeyrəti əgər,
Qoymazdı Şirinə baxsın hər ötən.
Namussuz, yarını nəqş etdi daşa,
Qəlbinin lövhinə nəqş etməliykən.
45.
İnanmazdım ki, dağ dağa qovuşar,
Qovuşar adamlar, məşhur məsəl var.
Dağ cismimə möhnət dağı qovuşdu,
Bəs neçin, de, məndən qaçır adamlar?
46.
Bilikli olmağın zərərdir sənə,
Gücsüzlük qüdrətdir, hünərdir sənə.
Biliyin cövhəri biliksizlikdir,
Xaqani, "bilmirəm" sipərdir sənə.
47.
Əgər səndən aşağıda oturmuşsa Xaqani,
Zənni etmə ki, sən sədrsən, o isə kəmqədrdir.
Cah-cəlallı bu məclis bir dairədə qurulmuş,
Dairənin hər yerində kim otursa, sədrdir.
48.
Rütbəm mənim hümmətimlə uyğun deyil əzəldən,
Hümmətim də razı deyil rütbəsindən sərasər.
Xudavənda, bu uyğunsuz işə necə dözüm mən?
Axı neçin uyğun gəlmir taleyimlə bu işlər?
Ya rütbəmi hümmətimə görə qaldır sən, ya da,
Hümmətimi rütbəm qədər alçalt, olsun bərabər.
49.
Sən qara torpağa su versən əgər,
Bir il də gül açar qarşında bostan.
Sənin torpağınam, lütfünlə su ver,
Yüz cürə gül açım qarşında hər an.
50.
Ona on qızıldır doğru sözlərim,
Qızıla bürünmüş olmasam da mən.
Nə zərər, zubini düz atsa bir türk,
Çox da o, deyləmli deyil əzəldən.
51.
Ey Xaqani, kim yerişdə yamsılasa səni, bil,
Qarğadır o, qarğa səkməz kəklik kimi heç zaman.
Çox uşaq da arzular ki, zər tərəzi düzəltsin,
Narınc alıb, göz düzəldər tərəziyə qabıqdan,
Bənzəsə də ilanotu görünüşcə ilana,
Biri dosta dərman olar, o birisi alar can.
52.
Mən ki Xaqaniyəm, iki cahandan,
Nə yaxşı, nə yaman bir şey istəməm,
İstəyim dünyada tək azadlıqdır,
Allahım əvf etsin, behişt istəməm.
55.
Qürbətdə ürəkdən nalə edərsəm,
Bu nalə olacaq səhhətim mənim.
Qızdırma içində şərbət düzəltsəm,
Göz yaşım olacaq şərbətim mənim.
Qurumuş beynimi işə salarsam,
Dərdü qəm olacaq qismətim mənim.
54.
Eşşəyini hər kim salsa çirkabına şəhvətin,
Ömür atı cilovunu qırıb qaçar durmadan.
Şəhvət yolu bəlalıdır, unutma bu sözümü,
Söndürər can atəşini şəhvət suyu hər zaman.
55.
Mənim pisliyimə danışmış xacə,
Onun pisliyini demərəm, inan!
O, məni pisləyir on cürə, lakin,
On cür təriflərəm onu hər zaman.
Nə desəm, min dəfə artıqdır xacə,
Nə desə, min dəfə artığam ondan.
56.
Ey Xaqani, könül vermə gücü artan dostuna,
Düşməndən də zərər görsən, qüssələnmə-heç zaman.
Allahdandır yaxşı-yaxşı nə baş versə dünyada,
Buna görə dost-düşməndən olma heç vaxt bədgüman.
Allah özü nəzər salsa sənin güzaranına,
Nə düşməndən xovf et, nədə kömək gözlə dostlardan!
Bir dostuna arxalanıb, işə əncam vermə heç,
Bu dost bir gün düşmən olub, sənə vurar çox ziyan.
Düşmənə də kinli olub, zərər vurma ona sən,
Dönüb bir gün dost olarsa, halın olar pərişan.
Dostun sənin hünərini tərifləsə, nə eybi,
Ancaq düşmən eyib tutsa, artar hünərin, inan!
Çünki, ondan qorxub, daim çalışarsan cəhd ilə,
Dostun isə tərifindən boş təkəbbür taparsan.
Demək, düşmən tənəsinin mənasında dostluq var,
Kəmalə tez çatmaq üçün sənə olar nərdivan.
Belə isə, uzaq düşmən yaxın dosta çevrilər,
Dostunsa öz tərifilə kəsilər sənə düşman.
Kimlə dostluq etsən, ona həddən artıq bağlanma.
Düşməndən də qafil olma ki, xətərə düşər can.
Sözlərimi əgər qəbul etməyirsə şüurun,
Onda bil ki, şüurunda vardır böyük bir nöqsan.
57.
Kim əldə böyüksə, adlanar imam,
Kim ürək çalarsa, ovçu adlanar.
Xaqani, bilmirəm kim belə dedi:
Kim qılınc vurarsa olar hökmdar.
58.
Hər kimi qudurtsa dövləti, varı,
Axırda rast gələr min fəlakətə.
Kül olsun başına elə dövlətin,
Ki, salar sahibin dərdə, möhnətə.
Afərin deyərəm o dövlətə ki,
Sərf olar həmişə xalqa xidmətə.
Külək səpələrsə göyə torpağı,
Yenə də döndərər yerdə nemətə.
59.
Yolunda nə əzab çəkərsəm, xoşdur,
Səndən ümidimi kəsməmişəm mən.
Layiqəm hər cürə töhfənə, nolar,
Gəlib ruh verəsən bədənimə sən.
60.
Mən dərya könüllü Xaqaniyəm ki,
Buludum Günəştək ildırım çaxar.
Sən də mənim kimi dəbirsən, lakin,
Mən düzəm, sən isə xəbis, riyakar.
Qan tökür qəssab da, cəllad da, ancaq,
Cəlladla qəssabın böyük fərqi var.
61.
Ey Xaqani, nalə etmə belə ürək dərdindən,
Kim görmüşdür nalə ilə şəfa tapsın dərdü qəm?
Zəmanədə xəstələnən bir kəs xoşluq görməmiş,
Hiyləgərlik peşə edən bu zəmanə əhlindən.
62.
Arxında su yoxsa, qorxma, Xaqani,
Güman ki. yenə də selin gələcək.
Çox da indi halın ağlar keçirsə,
Nəhayət, ürəyin bir gün güləcək.
Fələk şəfəqlərdən rəng ala-ala,
Qəddinə xələtlər biçib tikəcək.
Nura qərq edəndə Günəş aləmi,
Əzablı, qaranlıq gecən bitəcək.
63.
Xəzinə versələr mən Xaqaniyə,
Mənim verdiyimdən çox olmaz, inan.
Fələk heyran qalmış bu əsrara ki,
Nələrə qadirdir bir müdrik insan.
Şahlardan layiqcə aldığını o,
Bədxaha miniətsiz bağışlar hər an.
Xaqaninin qəlbi bir çərxə bənzər,
Bu yandan alar, hey verər o yandan.
64.
Sən yaxşı adamsan, Xaqani, ancaq,
Sənə pislik edir naəhl adamlar.
Onlar yaxşılığı öyrənir səndən,
Sonra pisliyini edirlər təkrar.
Doğrudur, od ilə sınanar qızıl,
Qaydadır sarımsaq müşkü sınayar.
65.
Şahım, iki cürə narahatam mən:
Könlümdə şübhələr yaşayır qoşa.
Qorxuram xoşuna gəlməyə mədhim,
Ya da mükafatın gəlməyə xoşa.
66.
Fələk yaxşı bilir: nəzmü nəsrdə,
Mənimtək dünyada yoxdur bir nəfər.
Boyanım sudursa, xəyalım oddur,
Odla su sazişi görülmüş məgər?
Musanın oduyla Xızrın suyunu,
Təbim birləşdirir hər axşam-səhər.
İki divanımda - ərəbcə, farsca,
Yoxdur bircə söyüş, bir həcv, müxtəsər.
67.
"Yar"ı "Mar" hesab et, bətərdir, çünki,
Marın zəhərindən yarın zəhəri.
Yarlar mar olsalar, biganə xoşdur,
Yarların afəti əzər ciyəri.
Xaqani, sən xalqı təriflədikcə,
Yağdırır başına o bəlaləri.
68.
Xaqani, haqqlısan nalə etməkdə,
Çünki, yoxdur sənin dostun, aşinan.
Düşmənin torpaqdan sayca artıqdu",
Dostlarınsa azdır kimiyalardan.
69.
Bu bəndən Xaqani üzr istər səndən,
Üzrünü qəbul et sən də, ey xuda!
Ona verdiyini vurma üzünə,
Etdiyi günahı, gəl, salma yada.
Kərəm sahibinin barigahında,
Unudulmalıdır əta və xəta.
70.
Şadlıqda – qəflətdən, dərddə - ağıldan,
Çəkinib ömür sür bir həqqiqətlə.
Xaqani, uzaqlaş iki rənglidən,
Yaşa ya ağılla, ya da qəflətlə!
71.
İlahi, hər dərdim sənə bəllidir,
Özün əlac eylə mənim dərdimə.
Ya qara baxtımın üzünü ağart,
Ya da qara rəng vur ömür xəttimə!
72.
Bu dünyanın sərvəriyəm, təbim mənim rəvandır,
Cənnətin dörd bulağı da axır təbimdən yeksər.
Hümmətimin sayəsində varlanıram həmişə,
Can mülgünü qazmadıqca əldə olmaz bu gövhər.
73.
Mənuçöhr Salardan soruşdu bir gün: -
Dünyada ən yaxşı nədir, ay Salar?
O dedi: - Bu fani aləmdə ancaq,
Müdrikdə hikmətdir, kərimdə girdar.
74.
Ey Xaqani, yaxşı bax yaradanın sirrinə,
Nəqşəsində hər daşın min bir gizli sirr var.
Amandır, heç bir şeyin zatına xor baxma sən,
Orda dilsiz danışan ürək açır çox əsrar.
Hər ürəkdə - bir kədər, hər qönçədə - bir ciçək,
Onlara əyri gözlə sən nəzər salma, zinhar!
75.
Kərəmlə vəfanın işığı söndü,
Bu iki cinsdən az de, Xaqani.
Kərəmin ayağı kəsilmişdir, bax,
Vəfa deyilən şey varmıdır? Hanı?
Kərəmə yas saxla, ölüb getdi o,
Odlu mərsiyəylə yad et vəfanı.
76.
Zəmanə əhlindən göstər, o kimdir
Ki, onu vəfalı hesab edirsən?
Yaxşı bil, vəfalı dost olmaz sənə,
Örtülü qərəzlə dostunam deyən.
Xacə sənə desə: - Dostunam sənin! –
Cavab ver: - Nə cürə dostun olum mən.
Ki, işim yaxşısa yaxınlaşırsan,
Pisləşən zamanda olursan düşmən.
Dost odur, yıxılsam tutub qaldıra,
Halım pis olanda tuta əlimdən.
Mənimlə dostluq et tam sədaqətlə,
Dostluq şərtlərinə rəayətlə sən.
Məndən baş verərsə bir xəta əgər,
Son, onu görsən də, içiməyəsən.
Düşmən hücum etsə mənim üstümə.
Ona olmayasan məsləhət verən.
77.
Ata köçüb getsə bir gün dünyadan,
Dudimana oğul sahib olacaq.
Əgər şir meşədən köçüb getsə də,
Nərəsi meşədə daim qalacaq...