Məzmuna keç

Qitələr (Əhməd Cavad)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Qitələr (Əhməd Cavad) (1916)
Müəllif: Əhməd Cavad
Mənbə: Əhməd Cavad. "Seçilmiş əsərləri" (PDF) (az.). Şərq-Qərb. 2005. 2018-09-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-27.

Sən bəni bircə an gözləməsən də
Səni ömrüm boyu gözləyəcəyəm!
Sən bəni bircə yol səsləməsən də
Səni ömrüm boyu səsləyəcəyəm!

Min dəfə gülsən də, demərəm sağ ol,
Sən ey həyatıma, ömrümə qənim!
Qonmasa, gülmərəm, gülmərəm bir yol
Dodaqdan-dodağa gülüşüm mənim!

Demişdin: “Ölüm do ayırmaz bizi!”
Sənə kim demişdi, de, bu cümləni?
Demişdin: “Son qoru, saf eşqimizi!”
Aldadıb, aldadıb oynatdın bəni?!
Sənə kim demişdi, de, bu cümləni?

Məhəbbət gələndə insan ömrünə,
Sanırsan hər yerə ilk bahar gəlib,
Məhəbbət gedəndə - lənət o günə,
Sanırsan dünyaya boran, qar gəlib!

Sanki varlığımı salırlar bəndə,
Sevən könüllərdə qəm ötüşəndə!
Alışıb yanıram səməndər kimi
Məhəbbət yanılıb oda düşəndə!

Mənə nə lazımdır gündə bir gözəl,
Onları dişimə çox vurmuşam mən.
Dost, tanış çox dedi, bir sən də düzəl,
Bu yolda özümü çox yormuşam mən,
Onları dişimə çox vurmuşam mən!

Nə çoxdur dünyada qədir bilməyən,
Hər Leyli üzlüdə sədaqət olmaz!
Nə çoxdur məhəbbət nədir bilməyən,
Hər Şirin gözlüdə məhəbbət olmaz!
Hər Leyli üzlüdə sədaqət olmaz!

Səndən dövlətlisi gələndə ona,
Bir su qiymətinə satacaq səni!
Səndən şöhrətlisi güləndə ona,
Əlüstü bir yana atacaq səni,
Bir su qiymətinə satacaq səni!

Deyirlər, gözəllik gəldi-gedərdir,
Gözəllik odur ki, duyanı olsun!
Gözəllik odur ki!.. Yoxsa, hədərdir,
Başını bu yolda qoyanı olsun!
Gözəllik odur ki, duyanı olsun!!

Sevda yollarında ağlamayan kəs,
Dünyanın zövqünü duya bilərmi?
Sevda yollarında çağlamayan kəs,
Dağları, daşları oya bilərmi?
Dünyanın zövqünü duya bilərmi?!
Könül bir budaqdır, cavan yaşında
Gündə çiçək açan gülə bənzəyir!

Yarımın sevdası gəzir başımda,
Min səsli, sədalı telə bənzəyir!
Gündə çiçək açan gülə bənzəyir!
Hicran istəyənə vüsal nə lazım?

Qəm, kədər çəkənə gün nə gərəkdir?
Həqiqət sevənə xəyal nə lazım?
Nalə qoparana ün nə gərəkdir, -
Qəm, kədər çəkənə gün nə gərəkdir?!

Sən güldükcə mən ağlaram, mən ağlaram!
Sən susduqca mən çağlaram, mən çağlaram!
Sən atdıqca mən şaxlaram, men şaxlaram!
Məhəbbəti, etibarı!
Məhəbbəti, etibarı!

Dünyaya yas tutdum ürəyimdə mən,
Axan göz yaşımı silən olmadı!
Cahanı güldürüm, diləyimdə mən,
Özümün dərdimi bilən olmadı,
- Axan göz yaşımı silən olmadı!!

Batum, 1916, sentyabr-oktyabr