Qiyamət yaxın gələndə

Vikimənbə saytından
Qiyamət yaxın gələndə
Müəllif: Zinhari
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.


Neçə əlamətlər olar,
Qiyamət yaxın gələndə.
Bəd işlər cahana dolar,
Qiyamət yaxın gələndə.

Ədalətin pozar xanlar,
Bağlanar xeyrat-ehsanlar,
Çox tökülər nahaq qanlar,
Qiyamət yaxın gələndə.

Ötər neçə ərlər, mərdlər,
İlbəildən artar dərdlər.
Çoxalar and ilə şərtlər,
Qiyamət yaxın gələndə.

El qururlar haram yerə,
Hər bir çökü bənzər pirə.
Səfaillər dönər şirə,
Qiyamət yaxın gələndə.

Zinhari, baxmazlar imana,
Rəvac verlibmi yamana?
Əməl etməzler Qurana,
Qiyamət yaxın gələndə.