Qoşma (Mikayıl Müşfiq)

Vikimənbə saytından
Qoşma
Müəllif: Mikayıl Müşfiq

Qadın, gözlərinin oynaq xəyalı
Dönüyor qarşımda yenə cin kimi,
Baxdıqca ruhumun qaynar məlalı
Sənin qəhqəhəli sevincin kimi.

Səndən əsrin kimi şəfqət uzaqmış,
Ruhuna zülmətin selləri aqmış.
Laçın gözlərindən odur ki, sarqmış
Ürəyim bir yavru göyərçin kimi.

Ovçuluq əsrimi əsrin, ey qadın?!
Söylə övladısan hanki səyyadın?
Sən gözlərinləmi yoxsa ovladın
Göyərçin qəlbimi bir laçın kimi.