Məzmuna keç

Qoca bir türkün vəsiyyəti

Vikimənbə saytından
Qoca bir türkün vəsiyyəti
Müəllif: Hüseyn Cavid


Yavrularım! Ey ömrümü şənləndirən, güldürən,
Alnı açıq oğullarım, gözəl, yosma qızlarım,
Bir qayəsiz uçurum var, ayrılmıyor önümdən,
Ömrüm vəfa etməz bana, bəlkə pək az yaşarım.

Artıq bana dar gəliyor həp şu əngin üfüqlər,
Sanki ruhum qanatlanıb şimdi pərran olacaq.
Qarşımızda yanğın kibi görünən al şəfəqlər,
Ehtimal ki, yarınki gün bəni sönmüş bulacaq.

Əcəl güclü, bən gücsüzüm, kimsə ondan qurtulmaz,
Toplaşınız, vardır sizə bir qaç sözüm, dinləyin.
Getməliyim, vəsiyyətsiz ölsəm ruhum şad olmaz,
Qulaq verin sözlərimə, birər-birər bəlləyin.

İlk istəyim: hiç bir zaman sevgidən əl çəkməyin,
İnsan oğlu sevgi için yaratılmış, doğmuşdur.
Yer yüzünü qardaş bilin, insan qanı dökməyin,
Bu dünyada bir qaşıq su çoq zalımlar boğmuşdur.

Kimsəyə kin bağlamıyın, yigit olun, mərd olun,
Vicdanınız elmas kibi nur saçaraq parlasın.
Qonum-qomşu, yaqın-uzaq hər kəslə həmdərd olun,
Qırıq gönülləri yapın, bıraqmıyın sızlasın.

Zülmə hərgiz yaqlaşmıyın, doğru yoldan şaşmıyın,
Tanrı haqdır, haqqı sevər, ədalətdən xoşlanır.
Yaltaqlığa imrənməyin, kibrə hiç yanaşmıyın,
Öz haqqını bilməyənlər ən sonunda daşlanır.

Arslan kibi cəsur olun, fəqət haqsız çıqmayın,
Haqsızlığa qarşı qoyun, bıraqmayın şımarsın.
Zalımları, cəlladları çeynəyin, hiç qorqmayın,
Türk milləti, görülməmiş, boyun büksün, yalvarsın.

Baq! Şu yanda gülümsüyən yeni doğmuş ay nədir?
Şəfəqlərin doğurduğu bir qızdır ki, hər yerdə
Türk adını е’lan için bir səmavi aynədir,
İştə! Bizim tariximiz… həm yerdə, həm göylərdə.

Ey sevgili quzularım! Sizdən bən ayrılırkən,
Bəndən sizə son vəsiyyət: hərgiz məhzun olmayın.
Vicdanımla, namusumla yaşar, haqqı bilirkən,
Güclükmü var himmətinə qavuşmaqda Tanrının!?

Namus, vicdan insanlarda iki böyük qanatdır,
Onlar ilə Adəm oğlu yüksək göylərdən aşar.
Namus, vicdan bizlər için daimi bir həyatdır,
Türk eli həp o hiss için doğmuş, onunla yaşar.

Bir millətin tarixidir kökü, yurdu, yuvası,
Tarixiniz baş ucundan hərgiz əskik olmasın.
"Altay" dağı, "Makan" çölü, həm də "Yasın" ovası"[1]
Birər aydın səhifədir, hər türk gərək anlasın.

Südü təmiz, əsil oğul bilməzmi ki, əcdadı
Nasıl doğub yaşamışlar, nə ərliklər etmişlər.
Bilməli ki, tez məhv edər zaman nankor evladı,
Öz nəslini unutanlar çoqdan sönüb getmişlər.

Bir millət öz kökü üstə bitər, böyür, yüksəlir,
Köksüz ağac çabuq qurur, çiçək açmaz, bar verməz.
Baqın, görün tarixiniz sizə nələr göstərir,
Həp şərəf, həp böyüklükdür, ancaq şaşılar görməz.

Mərd atalar yigitlikdə nam almamış yalınız,
Ta əskidən onlarda var elm, hikmət həvəsi.
Günəş kibi tarixləri parlatıyor, baqsanız,
Səmərqəndin darülfünunları, rəsədxanəsi.

Əvət, arslan yavrularım! Türk eli həp şanlıdır,
Elmas kibi ləkəsizdir, saqın, qafil olmayın.
Əsr, iyirminci əsrdir! Vəzifəsi pək ağır…
Arş iləri!
Qomşular yol aldı, geri qalmayın!

Qeydlər

[redaktə]
  1. Bu yerlərin hər üçü türk tarixi-ümumisincə böyük bir əhəmiyyəti haizdir – H. C.