Məzmuna keç

Qoydu məni bu dəhrdə avarə gözlərin

Vikimənbə saytından
Qoydu məni bu dəhrdə avarə gözlərin
Müəllif: Məhəmməd Əmin Dilsuz
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Qoydu məni bu dəhrdə avarə gözlərin,
Saldı məni bu qəmlərə ol qarə gözlərin.

Ey gül, işim olub gecə-gündüz fəqan mənim,
Bülbülsifət, gətirdi məni zarə gözlərin.

Ey leylivəş, harayıma yet, olmuşam cünun,
Məcnunsifət, salıb məni kuhsarə gözlərin.

Eşqin məni bu dəhrdə bimar eyləyib,
Əmr et ki, eyləsin mənə bir çarə gözlərin.

Bir vəhşi baxış ilə alıb ixtiyarımı,
Bəxtim tək eyləyib günümü qarə gözlərin.

Şəmi-rüxün fədası olum, rəhm qıl mənə,
Pərvanə tək salıb məni odlarə gözlərin.

Kami-dilim hər ikı cahanda rəva olur,
Bir ləhzə eyləsə mənə nəzzarə gözlərin.

Yusif kimi bu dəhrdə, ey şuxi-dilrüba,
Çəkdi məni nə şövqilə bazara gözlərin.

Hərdəm xədəngi-qəmzə ilə qıldı çak-çak,
Zülm ilə etdi sinəmi səd parə gözlərin.

Bir baxmaq ilə aldı əlimdən qərarımı,
Saldı məni bu bəstəri-bimarə gözlərin.

Səbrim alıb, tükəndi qərarım, haray, hay!
Dilsuzu gətdi dəhrdə zinharə gözlərin.