Məzmuna keç

Qoyun, keçi və donuz

Vikimənbə saytından
Qoyun, keçi və donuz
Müəllif: Şifahi xalq ədəbiyyatı


Kəndli şəhərə bazara getməyə hazırlaşırdı. O, bazarda qoyunu, keçini, donuzu satmaq istəyirdi. Kəndli çətinlik çəkmədən qoyunun, sonra keçinin ayaqlarını sarıdı, ancaq donuzu heç cür tutub sarıya bilmirdi. Kəndlini donuz lap əldən saldı.

– Nə olub? – deyə o, donuzdan soruşdu. – Nə üçün qoyun da, keçi də özlərini sakit aparır. Sən isə belə çırpınıb əlimdən çıxırsan?

– Onlar bilirlər ki, hər birimiz nəyə görə bəslənib saxlanmışıq, – deyə donuz cavab verdi. – Sən qoyunu ona görə saxlamısan ki, yununu götürəsən, keçini də südünü sağmaq üçün saxlamısan, məni isə ancaq kəsilmək üçün yemləmisən. Mən də bilirəm ki, sən bizi şəhərdə satan kimi, mən birbaş sallaqxanaya düşəcəyəm.