Quran (Əlixan Musayev tərcüməsi)/Loğman surəsi

Vikimənbə saytından
Jump to navigation Jump to search
Loğman surəsi Quran (Əlixan Musayev tərcüməsi)

Əlif. Ləm. Mim. (Loğman surəsi / 1)

Bu, hikmətli Kitabın ayələridir. (Loğman surəsi / 2)

Xeyirxah əməl sahiblərinə doğru yol göstəricisi və rəhmətdir. (Loğman surəsi / 3)

O kəslərə ki, namaz qılır, zəkat verir və axirətə qətiyyətlə inanırlar. (Loğman surəsi / 4)

Onlar öz Rəbbindən gələn doğru yoldadırlar. Məhz onlar nicat tapanlardır. (Loğman surəsi / 5)

İnsanlar arasında elələri də var ki, heç bir biliyi olmadan başqalarını Allah yolundan sapdırmaq və Allahın ayələrini lağa qoymaq üçün boş-boş sözləri satın alırlar. Məhz onları alçaldıcı bir əzab gözləyir. (Loğman surəsi / 6)

Ayələrimiz onlara oxunduğu zaman sanki onları eşitmirmiş, qulaqlarında tıxac varmış kimi təkəbbürlə üz çevirər. Sən belələrini ağrılı-acılı bir əzabla müjdələ. (Loğman surəsi / 7)

İman gətirib yaxşı işlər görənlər üçün Nəim bağları hazırlanmışdır. (Loğman surəsi / 8)

Onlar orada əbədi qalacaqlar. Allahın vədi haqdır. O, Qüdrətlidir, Müdrikdir. (Loğman surəsi / 9)

O, göyləri görə biləcəyiniz bir dirək olmadan yaradıb saxlamış, yer sizi silkələməsin deyə, orada möhkəm dağlar qurmuş və ora cürbəcür heyvanlar yaymışdır. Biz göydən yağmur yağdırıb orada cürbəcür gözəl bitkilər bitirdik. (Loğman surəsi / 10)

Bunlar Allahın yaratdıqlarıdır. İndi siz mənə göstərin görüm, Ondan başqaları nə yaradıblar. Xeyr! Zalımlar açıq-aydın azğınlıq içindədirlər. (Loğman surəsi / 11)

Biz Loğmana hikmət verdik: “Allaha şükür et! Kim şükür etsə, özü üçün şükür etmiş olar. Kim nankor olsa, bilsin ki, Allah onun şükrünə möhtac deyildir, Tərifəlayiqdir”. (Loğman surəsi / 12)

Bir zaman Loğman öz oğluna nəsihət edərək demişdi: “Oğlum! Allaha şərik qoşma. Həqiqətən, Allaha şərik qoşmaq böyük zülmdür!” (Loğman surəsi / 13)

Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu bətnində gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir. (Loğman surəsi / 14)

Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etməyə cəhd göstərsələr, onlara güzəştə getmə! Dünyada onlarla gözəl davran. Mənə üz tutanların yolu ilə get! Sonra isə dönüşünüz Mənə olacaq, Mən də nə etdikləriniz barədə sizə xəbər verəcəyəm. (Loğman surəsi / 15)

Loğman dedi: “Oğlum! Gördüyün iş bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən, Allah Lətifdir, Xəbərdardır. (Loğman surəsi / 16)

Oğlum! Namaz qıl, yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. Başına gələn çətinliklərə səbir et. Həqiqətən, bu, əzm tələb edən əməllərdəndir. (Loğman surəsi / 17)

İnsanlardan təkəbbürlə üz çevirmə, yer üzündə özünü darta-darta gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, özünü öyəni sevmir. (Loğman surəsi / 18)

Yerişində həddi gözlə, danışanda səsini alçalt. Çünki ən çirkin səs uzunqulaq səsidir”. (Loğman surəsi / 19)

Məgər Allahın göylərdə və yerdə olanları sizə ram etdiyini, Özünün aşkar və gizli nemətlərini sizə bol-bol verdiyini görmürsünüzmü? İnsanlar arasında eləsi də vardır ki, heç bir biliyi, doğru yol göstərəni və nur saçan bir kitabı olmadan Allah barəsində mübahisə edir. (Loğman surəsi / 20)

Onlara: “Allahın nazil etdiyinə itaət edin!” – deyildikdə, onlar: “Yox! Biz əcdadımızın getdiyi yolu tutub gedəcəyik!” – deyərlər. Əgər şeytan onları Cəhənnəm odunun əzabına doğru sürükləyirsə, onda necə olsun? (Loğman surəsi / 21)

Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən şəxs ən möhkəm dəstəkdən yapışmış olar. Bütün işlərin sonu Allaha qayıdır. (Loğman surəsi / 22)

Kafirlərin küfr etməsi səni kədərləndirməsin. Onların dönüşü Bizə olacaq. Biz də onlara etdikləri əməllər barədə xəbər verəcəyik. Həqiqətən, Allah kökslərdə olanları bilir. (Loğman surəsi / 23)

Biz onlara dünyada olan nemətlərdən az bir müddət istifadə etməyə imkan verəcək, sonra da onları ağır bir əzaba qatlaşmağa məcbur edəcəyik. (Loğman surəsi / 24)

Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?” – deyə soruşsan, onlar hökmən: “Allah!” – deyəcəklər. De: “Həmd olsun Allaha!” Lakin onların çoxu bunu bilmir. (Loğman surəsi / 25)

Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah Zəngindir, Tərifəlayiqdir. (Loğman surəsi / 26)

Əgər yer üzündəki bütün ağaclar qələm olsaydı, dəniz də mürəkkəb olub ardından ona yeddi dəniz də qatılsaydı, yenə də Allahın Sözləri qurtarmazdı. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir. (Loğman surəsi / 27)

Sizi yaratmaq və diriltmək ancaq bir adamı yaratmaq və diriltmək kimidir. Həqiqətən, Allah Eşidəndir, Görəndir. (Loğman surəsi / 28)

Məgər Allahın gecəni gündüzə, gündüzü də gecəyə qatdığını, müəyyən olunmuş vaxtadək hərəkət edən günəşi və ayı qoyduğu qanunlarına ram etdiyini, üstəlik Allahın, nə etdiklərinizdən xəbərdar olduğunu görmürsənmi? (Loğman surəsi / 29)

Bu belədir. Çünki Allah Haqdır. Kafirlərin Ondan başqa ibadət etdikləri isə batil bütlərdir. Həqiqətən, Allah Ən Ucadır, Ən Böyükdür. (Loğman surəsi / 30)

Onun dəlillərinin bəzisini sizə göstərməkdən ötrü dənizdə gəmilərin Allahın neməti sayəsində üzdüyünü görmürsünüzmü? Şübhəsiz ki, bunlar səbirli olanlar və şükür edənlər üçün bir ibrətdir. (Loğman surəsi / 31)

Dağların saldığı kölgələr kimi dalğalar onları çulğadığı zaman onlar dini məhz Allaha məxsus edərək Ona yalvararlar. Allah onları xilas edib quruya çıxartdıqda isə aralarından bəziləri küfrlə iman arasında orta yol tutar. Bizim ayələrimizi yalnız nankor xainlər inkar edərlər. (Loğman surəsi / 32)

Ey insanlar! Rəbbinizdən qorxun. Valideynin övlada, övladın da valideynə heç bir fayda verə bilməyəcəyi gündən çəkinin. Həqiqətən, Allahın vədi bir həqiqətdir. Qoy bu fani dünya sizi çaşdırmasın, hiyləgər şeytan da sizi Allahın əzabından arxayınlaşdırıb tovlamasın. (Loğman surəsi / 33)

Həqiqətən, o Saat haqqında elm yalnız Allahdadır. Yağışı O yağdırır və bətnlərdə olanı O bilir. Heç kəs sabah nə qazanacağını bilə bilməz; heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır. (Loğman surəsi / 34)