Məzmuna keç

Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/ĞAŞİYƏ SURƏSİ

Vikimənbə saytından
Quran. ĞAŞİYƏ SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(iyirmi altı ayədən ibarət Məkkə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!

1 Müsibət gününün xəbəri sənə gəlib çatıbmı?

2 O günü üzlər müti olacaqdır,

3 çırpınıb əldən düşmüş olacaqlar,

4 alovlanan bir oda girəcəklər

5 və qaynar bir çeşmədən içizdirələcəklər.

6 Onlar üçün zaridən [dəvə tikanından] başqa bir yemək olmayacaqdır.

7 O isə nə kökəldir, nə də aclıqdan qurtarır.

8 O günü sevinən üzlər də olacaqdır.

9 Onlar öz göstərdikləri səydən razı qalacaqlar.

10 Yüksək cənnət bağında olacaqlar.

11 Onlar orada heç bir boş söz eşitməyəcəklər.

12 Orada axar çeşmə,

13 orada uca taxtlarda

14 (qarşılarında) qoyulmuş piyalələr,

15 səf-səf düzülmüş mütəkkələr,

16 sərilmiş xalılar vardır.

17 Məgər onlar dəvənin necə yaradıldığına baxmazlarmı?

18 Göyün necə qaldırıldığına,

19 dağların necə yerinə bərkidildiyinə,

20 yerin necə döşənib düzəldildiyinə (baxmazlarmı)?

21 Sən öyüd-nəsihət ver, axı sən ancaq öyüd-nəsihət verənsən.

22 Sən onlar üzərində hakim deyilsən.

23 Ancaq üz çevirib küfr edənləri isə

24 Allah ən böyük əzab ilə cəzalandıracaqdır.

25 Şübhəsiz ki, onların dönüşü Bizədir.

26 Sonra isə onları haqq-hesaba çəkmək Bizə aiddir.