Məzmuna keç

Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/İBRAHİM SURƏSİ

Vikimənbə saytından
Quran. İBRAHİM SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(əlli iki ayədən ibarət Məkkə surəsi)

Mərhəmətli, Rəhmli Allahın adı ilə !


1. Əlif, Lam, Ra. Bu, insanları öz Rəbbinin izni ilə zülmətlərdən işığa və qüdrətli, tərifəlayiq (Allahın) yoluna çıxarmağın üçün sənə nazil etdiyimiz bir Kitabdır.

2. O, Allahın (yoluna) ki, göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Şiddətli əzaba görə vay kafirlərin halına -

3. o kəslərin ki, onlar bu dünya həyatını axirətdən üstün tutub sevir, (insanları) Allahın yolundan çıxarır və onu əyməyə çalışırlar. Onlar dərin yanılma içərisindədirlər.

4. Biz hər bir peyğəmbəri ancaq öz camaatının dilində (danışan) göndərdik ki, onlara aydınlaşdıra bilsin. Allah istədiyi kəsi yoldan çıxarır və istədiyi kəsi düz yola yönəldir. O, qüdrət və hikmət sahibidir.

5. Biz Musanı möcüzələrimizlə göndərdik (və dedik): "Camaatını zülmətlərdən işığa çıxart və Allahın günlərini [əvvəlkilərə göstərdiyi müsibət günlərini] onların yadına sal. (Bil ki,) bunda hər bir səbr və şükr edən üçün ibrətlər vardır.

6. O zaman Musa öz camaatına demişdi: “Allahın sizə olan nemətini yada salın. O, o zaman sizi Firon camaatından qurtarmışdı. Onlar sizi dəhşətli əziyyətlərə məruz qoyurdular. Oğullarınızın boğazlarını kəsib (öldürər), qadınlarınızı diri saxlayırdılar. Bunda Rəbbinizdən sizə böyük bir sınaq vardı.

7. O zaman Rəbbiniz belə bildirmişdi: "Əgər şükr etsəniz, Mən sizin üçün (nemətlərimi) daha artıq edərəm, yox əgər küfr etsəniz (bilin ki,) verəcəyim əzab çox şiddətlidir".

8. Musa dedi: “Siz və yer üzündə olanların hamısı küfr etsəniz də, Allahın heç bir ehtiyacı yoxdur, O, tərifəlayiqdir".

9. Məgər sizdən əvvəlkilərin - Nuh, Ad, Səmud camaatının və onlardan sonra ancaq Allahın bildiyi neçə-neçə tayfanın xəbərləri sizə gəlib çatmayıbmı? Onların peyğəmbərləri də aydın dəlillərlə onların yanına gəldilər. Onlar isə əllərini ağızlarının üstünə qoyaraq: "Biz sizin gətirdiyiniz şeylərə inanmırıq. Bizi dəvət etdiyiniz şeylərə də böyük şübhədəyik." - dedilər.

10. Onların peyğəmbərləri dedilər: "Göyləri və yeri yoxdan yaradan Allahamıdır şübhə? O, sizə günahlarınızın bəzisini bağışlamaq və müəyyən olunmuş müddətə qədər möhlət vermək üçün dəvət edir". Onlar dedilər: "Siz də ancaq bizim kimi insanlarsınız. Siz bizi ata- babalarımızın ibadət etdikləri şeylərdən döndərmək istəyirsiniz. Onda bizə açıq-aydın bir dəlil gətirin!"

11. Peyğəmbərləri onlara dedilər: "Biz doğrudan da ancaq sizin kimi insanlarıq. Lakin Allah Öz bəndələrindən istədiyi kəsə lütf göstərir. Allahın izni olmadan Biz sizə heç bir dəlil gətirə bilmərik. Qoy iman gətirənlər Allaha təvəkkül etsinlər!

12. Biz nə üçün də Allaha təvəkkül etməyək? Axı yollarımızı bizə O göstərmişdir. Biz sizin bizə verdiyiniz əziyyətlərə mütləq dözəcəyik. Təvəkkül edənlər qoy ancaq Allaha təvəkkül etsinlər!"

13. Kafirlər öz peyğəmbərlərinə dedilər: "Biz sizi ya öz torpağımızdan qovacaq, ya da siz bizim dinimizə qayıdacaqsınız". Onların Rəbbi onlara [peyğəmbərlərə] vəhy etdi: "Biz haqsızları məhv edəcək

14. və onlardan sonra sizi o yerə sakin edəcəyik. Bu, Mənim məqamımdan [hüzuruma gəlməkdən] və (əzab) vədimdən qorxanlar üçündür".

15. Onlar [peyğəmbərlər] kömək istədilər. Heç bir inadkar zalımın ümidi doğrulmadı.

16. Bunun ardınca isə onu [zalımı] hələ cəhənnəm də (gözləyir) və ona irinli-qanlı sudan içirəcəklər.

17. O, onu qurtum-qurtum içəcək və zorla udacaqdır. Hər yandan ona ölüm gələcəkdir, o isə ölüb qurtarmayacaqdır. Bunun ardınca da ona şiddətli əzab olacaqdır.

18. Öz Rəbbinə inanmayanların məsəli (belədir); onların əməlləri tufanlı bir gündə üzərinə şiddətli külək əsən külə bənzər. Onlar qazandıqları şeylərdən heç nə əldə edə bilməzlər. (Haqdan) dönüb uzaq düşmək bax budur!

19. Məgər sən Allahın göyləri və yeri haqq olaraq yaratdığını görmürsən? Əgər O, istəsə, sizi yox edib, (yerinizə) yeni məxluq gətirər.

20. Bu isə Allah üçün çətin bir iş deyildir.

21. (Kafirlərin) hamısı Allahın hüzurunda duracaqlar və zəiflər təkəbbür göstərənlərə [öz başçılarına] deyəcəklər: "Biz sizin ardınızca getdik. (İndi) Allahın verəcəyi əzabı üzərimizdən azacıq da olsa götürə biləcəksinizmi?" Onlar isə deyərlər: "Əgər Allah bizə doğru bir yol göstərmiş olsaydı, biz də sizə düz yol göstərərdik. Bizim üçün birdir, dözə bilsək də, bilməsək də heç bir çıxış yolumuz yoxdur".

22. Artıq iş bitmiş olan zaman şeytan deyər: "Doğrudan da Allah sizə haqq [düzünü] vəd etmişdi. Mən də sizə vəd vermişdim, lakin sizin üçün mən vədə xilaf çıxdım. Axı mən sizin üzərinizdə heç bir hökm sahibi deyildim. Mən sizi ancaq dəvət etdim, siz də səsimə səs verdiniz. Siz də məni qınamayın, özünüzü qınayın. Nə mən sizə bir yardım edə bilərəm, nə də siz mənə. Mən sizin vaxtilə məni (Allaha) şərik qoşmanızı rədd edirəm". Həqiqətən, haqsızlara üzücü bir əzab olacaqdır.

23. İman gətirib əməlisaleh olanlar isə dibindən çaylar axan cənnət bağlarına salınacaqlar. Onlar öz Rəbbinin izni ilə orada əbədi qalacaqlar. Orada onlar: "Salam [salamatlıq]!" (sözü ilə) salamlanacaqlar.

24. Məgər sən kökü yerdə möhkəm, budaqları isə səmada olan gözəl bir ağaca bənzəyən gözəl sözləri Allahın necə misal çəkdiyini bilmirsən?

25. o [ağac], Rəbbinin izni ilə öz bəhrələrini hər zaman gətirir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə onlar düşünüb daşınalar.

26. Pis sözün məsəli isə yerdə kökündən qoparılmış və (torpağa) heç bir ilişəcəyi olmayan xəbis bir ağaca bənzər.

27. Allah iman gətirənləri bu dünya həyatında da, axirətdə də (ürəklərdə) sabitləşən sözlərlə möhkəmləndirir. Haqsızları isə Allah yoldan azdırır. Allah istədiyini edir.

28. Məgər sən Allahın nemətlərini küfrə deyişənləri və öz camaatını həlak evinə [cəhənnəmə] salanları görmürsənmi?

29. Onlar cəhənnəmə girəcəklər. Nə pis qərar tutulası yer!

30. Onlar (insanları) Allahın yolundan azdırmaq üçün Ona tay-tuşlar qoşdular. De: "Siz öz kefinizdə olun. Sizin son qayıdışınız isə cəhənnəm odunadır".

31. İman gətirən bəndələrimə de ki, qoy onlar nə bir alış-veriş, nə də dostbazlıq olacağı gün [qiyamət günü] gələnə kimi namaz qılsınlar və Bizim onlara verdiyimiz ruzidən gizlində və açıq xərcləsinlər.

32. Göyləri və yeri yaradan, səmadan su endirərək onunla sizə ruzi- bəhrələr yetirən, Öz əmri ilə gəmiləri dənizdə üzmək üçün xidmətinizə verən və çayları sizə tabe edən Allahdır.

33. O, daim işlək olan günəşi və ayı sizə tabe etdi, gecəni və gündüzü də sizə tabe etdi.

34. O, istədiyiniz hər şeydən sizə verdi. Əgər siz Allahın nemətlərini saymaq istəsəniz, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox ədalətsizdir, naşükürdür.

35. O zaman İbrahim dedi: "Rəbbim, bu diyarı [Məkkəni] əmin-əmanlıq yeri et, məni və övladlarımı bütlərə ibadətdən uzaq et!

36. Rəbbim, axı onlar [bütlər] çox adamları yoldan çıxarıblar. Kim mənim ardımca gəlirsə, o, məndəndir və kim mənə qulaq asmırsa, axı Sən bağışlayansan, rəhmlisən.

37. Rəbbimiz, mən nəslimdən (bəzilərini) Sənin Müqəddəs evinin yanında [Məkkədə] heç nə bitməyən bir vadidə sakin etdim ki, ey Rəbbimiz, onlar orada namaz qılsınlar. İnsanların ürəklərində onlara meyl yarat. Onlara bəhrələrdən ruzi ver ki, bəlkə şükr edələr.

38. Rəbbimiz, Sən bizim nəyi gizlətdiyimizi və nəyi aşkar etdiyimizi bilirsən. Nə yerdə, nə də göydə Allahdan gizli heç nə yoxdur.

39. İxtiyar çağımda mənə İsmaili və İshaqı bəxş edən Allaha həmd olsun! Həqiqətən, mənim Rəbbim duanı [çağırışı] eşidəndəndir.

40. Rəbbim, məni namaz qılan et, nəslimdən olanları da! Rəbbimiz, duamı qəbul et!

41. Rəbbimiz! Haqq-hesab günü məni, valideynlərimi və möminləri bağışla!"

42. Haqsızların nələr etdiklərindən Allahın xəbərsiz olduğunu sanma. (Allah) onlara o günə qədər möhlət verər ki, o vaxt onların (qorxudan) gözləri bərələcəkdir.

43. Onlar başlarını yuxarı qaldıraraq (çağırana doğru) tələsik cumacaqlar, onların nəzərləri donub qalacaqdır, ürəklərində isə bir boşluq olacaqdır.

44. Sən insanlara əzabın gələcəyi gün barəsində xəbərdarlıq et. O günü onlar deyəcəklər: "Rəbbimiz! Bizə yaxın bir vaxta kimi möhlət ver ki, biz Sənin çağırışına da səs verək, peyğəmbərlərin də ardınca gedək". Məgər sizə heç bir zaval olmayacağı barədə bir vaxt siz and içmirdiniz?

45. Siz öz-özlərinə zülm etmişlərin yerində məskən saldınız. Onda sizə aydın oldu ki, Biz onları nələrə düçar etmişik. Hələ sizə (aydın) misallar da gətirdik.

46. Onlar öz məkrlərini işlətdilər. Məkrlərindən dağlar yox olub getsə belə, onların məkrləri Allah dərgahında (bəlli)dir.

47. Allahı Öz peyğəmbərlərinə olan vədinə xilaf sanma. Həqiqətən, Allah qüdrət və intiqam sahibidir.

48. O gün (barəsində xəbərdarlıq et ki,) o zaman yer başqa yerlə, göylər də başqa göylərlə əvəz olunacaq və onlar vahid, qüdrətli Allahın hüzurunda duracaqlar.

49. Sən o gün günahkarları zəncirlərlə bir-birinə bağlanmış görəcəksən.

50. Onların geyimləri qətrandan olacaq və üzlərini od-alov bürüyəcək ki,

51. Allah hər kəsə onun qazandığının (əvəzini) versin. Həqiqətən, Allah tez haqq-hesab çəkəndir.

52. Bu, insanlar üçün bir bildirişdir. Qoy onlar bununla xəbərdar edilsinlər və Allahın vahid bir tanrı olduğunu bilsinlər. Qoy ağıl sahibləri bir düşünüb daşınsınlar.