Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/İNFİTAR SURƏSİ
Quran. İNFİTAR SURƏSİ Tərcüməçilər: Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu |
(on doqquz ayədən ibarət Məkkə surəsi)
Mərhəmətli, rəhmli Allahın adı ilə! |
1 Səma parça-parça olanda,
2 ulduzlar dağılıb səpələnəndə,
3 dənizlər daşıb qarışanda,
4 qəbirlər çeviriləndə,
5 hər kəs qabaqcadan nəyi tədarük edib, nəyi sonraya saxladığını biləcəkdir.
6 Ey insan, səni öz səxavətli Rəbbinə qarşı tovlayıb aldadan nədir?
7 (O Rəbbinə) ki, səni xəlq edib, düzəldib bir biçimə salıbdır.
8 sənə istədiyi şəkli veribdir.
9 Yox! Siz haqq-hesab gününü yalan hesab edirsiniz.
10 Axı sizin üzərinizdə nəzarətçilər,
11 möhtərəm yazarlar [mələklər] vardır.
12 Onlar sizin nə etdiklərinizi bilirlər.
13 Sadiq möminlər, həqiqətən də Nəim [cənnət] içərisində,
14 günah işlədənlər isə, əlbəttə ki, cəhənnəm içərisində olarlar!
15 Onlar haqq-hesab günü oraya daxil olarlar
16 və onlar ondan yayına bilməzlər.
17 Haqq-hesab gününün nə olduğunu sən haradan biləsən?
18 Axı haqq-hesab gününün nə olduğunu sən haradan biləsən?!
19 O günü heç kəs heç kəsə bir fayda verə bilməz, o günü əmr ancaq Allahındır.