Məzmuna keç

Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/İNSAN SURƏSİ

Vikimənbə saytından
Quran. İNSAN SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(otuz bir ayədən ibarət Mədinə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!

1 Məgər insan üçün elə bir dövr olub keçmişdir ki, (orada) xatırlanası bir şey olmasın?

2 Biz insanı qarışıq ünsürlərdən ibarət olan nütfədən xəlq etdik. Biz onu sınayacağıq. Bunun üçün onu eşidən, görən etdik.

3 Biz ona düz yolu göstərdik. O ya şükr edər, ya da naşükür olar.

4 Kafirlər üçün isə zəncirlər, qandallar və cəhənnəm odu hazırladıq.

5 Əməlisaleh möminlər isə kafur qatılmış badədən içərlər.

6 Bu [kafur], Allah bəndələrinin içəcəkləri və onu (istədikləri) yerdən qaynadıb çıxaracaqları bir bulaqdır.

7 Onlar əhdə vəfa qılırlar, şəri (hər tərəfə) yayılacaq gündən qorxurlar.

8 Yeməyi özləri istəsələr də onu yoxsula, yetimə və əsirə yedirirlər.

9 (Və deyirlər): "Axı Biz sizi Allah rizası yediririk, sizdən nə bir mükafat, nə də bir minnətdarlıq istəyirik!

10 Biz o sərt, qorxunc gün üçün Rəbbimizdən qorxuruq."

11 Allah onları o günün şərindən qoruyar və onları gözəllik və sevincə qovuşdurar.

12 Səbr etdiklərinə görə onları cənnət bağı və ipəklə mükafatlandırar.

13 Onlar orada taxtlar üzərində dirsəklənər və orada nə günəş [isti], nə də şaxta görərlər.

14 Onun [ağacların] kölgəsi onların üzərinə düşər, meyvələri isə lap aşağı sallanar (ki, dərə bilsinlər).

15 Onların ətrafına gümüş qablar və büllur badələr dolandırarlar -

16 gümüşə tutulmuş elə büllur [şəffaf] badələr ki, onları (cənnət əhli üçün) müəyyən ediblər.

17 Orada onlara zəncəfil qatılmış içkisi olan badələrdən içirəriər -

18 səlsəbil adlanan bulaqdan.

19 Onların ətrafına həmişəcavan oğlanlar dolanarlar. Onları görsən, səpələnmiş mirvari olduqlarını sanarsan.

20 (Hara) baxsan, orada nemət və böyük bir mülk görərsən.

21 Onların əynində incə ipəkdən və atlasdan yaşıl paltarlar olacaqdır. Onlar gümüş qolbaqlarla bəzədiləcəklər. Onların Rəbbi onlara tərtəmiz içkilər verər.

22 (Onlara deyiləcəkdir): "Həqiqətən, bu, sizin üçün bir mükafatdır və sizin səyiniz təşəkkürə layiq oldu."

23 Həqiqətən də Quranı hissə-hissə sənə Biz nazil etdik.

24 Rəbbinin hökmünə səbr et və insanlardan heç bir günahkara və ya nankora itaət etmə!

25 Səhər-axşam öz Rəbbinin adını zikr et,

26 gecənin bir hissəsində də Ona səcdə qıl və gecə boyu Onun şəninə təriflər de!

27 Axı bunlar tez gəlib-keçəni [dünya ləzzətini] sevirlər, öndən gələn ağır bir günə isə, arxa çevirərlər.

28 Biz onları yaratdıq, onları möhkəm, qüvvətli etdik. Biz istədiyimiz vaxtda onlan özlərinə bənzədən ilə əvəz edərik.

29 Həqiqətən də bu, bir öyüd-nəsihətdir. İstəyən öz Rəbbinə doğru gedən yolu tutar.

30 Allah istəmədikcə. siz də istəyə bilməzsiniz. Həqiqətən, Allah hər şeyi biləndir, hökm və hikmət sahibidir.

31 O, kimi istərsə, Öz mərhəməti içərisinə salar. O, haqsızlar üçün isə üzücü bir əzab hazırlamışdır.