Məzmuna keç

Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/İSRA SURƏSİ

Vikimənbə saytından
Quran. İSRA SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(yüz on bir ayədən ibarət Məkkə surəsi)

Mərhəmətli, Rəhmli Allahın adı ilə !


1. Ayələrimizin bəzisini göstərmək üçün Öz bəndəsini [Məhəmməd peyğəmbəri] gecə vaxtı Məscidül-Həramdan ətrafına xeyir-bərəkət verdiyimiz Əqsa məscidinə [Qüdsə] aparana təriflər olsun! Həqiqətən, O, hər şeyi eşidəndir, görəndir.

2. Biz Musaya Kitab bəxş etdik və onu [Kitabı] İsrail övladları üçün yol göstəricisi edərək (dedik): “Məndən başqa heç kimi özünüzə vəkil götürməyin,

3. ey Nuhla (gəmiyə) mindirib apardığımız kəslərdən törəmiş nəsil! Həqiqətən, o [Nuh], şükr edən bir bəndə idi."

4. Biz Kitabda israil övladları üçün belə bir hökm verdik: “Siz yer üzündə iki dəfə fəsad törədəcəksiniz və böyük təkəbbür göstərəcəksiniz."

5. Onlardan [iki fəsaddan] birincisi haqqında vəd [cəza] gələn zaman Biz sizin üzərinizə böyük güc sahibləri olan bəndələrimizi [babilstanlıları] göndərdik. Onlar yurdlara soxuldular və vəd yerinə yetirilmiş oldu.

6. Sonra isə Biz sizə onlar üzərində qələbə qazandırdıq, sizə yenidən mal-dövlət və oğullarla yardım etdik və sizin sayınızı getdikcə artırdıq.

7. Əgər siz yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş olursunuz, əgər pislik etsəniz, o da özünüzədir. O biri vəd gələn zaman Biz (rumları) üzünüzü qara etmək üçün və məbədinizə ilk dəfə edildiyi kimi yenə soxulub əllərinə keçən hər şeyi tarmar etmək üçün (göndərdik).

8. (Əgər tövbə etsəniz), ola bilsin ki, Rəbbiniz sizə rəhm edə. Əgər yenə öz əməllərinizə qayıtsanız, Biz də qayıdarıq. Cəhənnəmi kafirlər üçün bir məkan etdik.

9. Həqiqətən, bu Quran ən doğru yolu göstərir və əməlisaleh möminlərə müjdə verir ki, onlar üçün böyük mükafat vardır,

10. axirətə inanmayanlar üçün isə üzücü əzab hazırlamışıq.

11. İnsan (Allahdan) xeyri dilədiyi kimi şəri də özü diləyər [qarğış edər]. Axı insan tələsəndir.

12. Biz gecə və gündüzü iki əlamət etdik. Gecənin əlamətini silib apardıq və gündüzün əlamətini gözün görməsi üçün işıqlı etdik ki, siz öz Rəbbinizin lütfü sorağında olasınız, illərin sayını və (vaxtın) hesabını biləsiniz. Biz hər şeyi qaydasınca yerbəyer etdik.

13. Hər insanın əməlini (bir kitaba yazılmış olaraq) öz boynundan asdıq Qiyamət günü o geniş açılmış vəziyyətdə qarşısına çıxacaqdır.

14. (və deyəcəyik): "Oxu öz yazını! Bu gün sən özün öz (əməllərini) hesablamağa kifayətsən."

15. Kim düz yolla gedirsə, öz xeyrinə gedir, kim yoldan azırsa, öz zərərinə azır. Günah yükünü daşıyan başqasının yükünü daşımaz.

16. Əgər Biz hansı bir məmləkəti məhv etmək istəsək, onda onun naz- nemət içində yaşayan adamlarına (itaət) əmri verərik, onlar isə orada fəsad törədərlər, həmin məmləkət barəsindəki söz haqq olar və Biz onu yerlə-yeksan edərik.

17. Biz Nuhdan sonra neçə-neçə nəsil məhv etdik. Sənin Rəbbin Öz bəndələrinin günahlarını görücü və bilici kimi kifayətdir.

18. Kim tez gəlib gedən şeyləri [dünya malını] istərsə, bu dünyada Biz istədiyimiz kəsə istədiyimiz şeyin verilməsini tezləşdirərik. Sonra isə ona cəhənnəmi nəsib edərik ki, orada o, həqir və qəhr edilmiş halda qovrulsun.

19. Kim mömin olub axirət arzusunda isə və ona var gücü ilə can atarsa, onların bu səyi təşəkkürə layiqdir.

20. Hamı üçün - bunlar üçün də, onlar üçün də, - sənin Rəbbinin töhfəsindən pay veririk. Sənin Rəbbinin töhfəsi heç kimə qadağan deyildir.

21. Gör Biz (insanların) birinə digərindən necə üstünlük verdik. Axirətin isə dərəcələri daha böyük və üstünlüyü daha artıqdır.

22. Allahla heç bir tanrını bərabər tutma, yoxsa həqir və köməksiz vəziyyətdə qalarsan.

23. Sənin Rəbbin hökm vermişdir ki, Ondan başqa heç kimə ibadət etməyəsiniz və ata-ana ilə yaxşı rəftar edəsiniz. Əgər sənin yanında ikən onlardan [ata-anadan] birini və ya hər ikisini qocalıq haqlayarsa, onlara hətta "Uf!“ - belə demə, üstlərinə qışqırma və onlara xoş sözlər de!

24. Onlan itaətlə mərhəmət qanadının altına alaraq de: "Rəbbim, onlar məni körpəlikdən tərbiyə edib böyütdükləri kimi Sən də onlara rəhm et!"

25. Sizin Rəbbiniz ürəklərinizdə olanları çox yaxşı bilir. Əgər əməlisaleh adam olsanız (bilin ki), həqiqətən də O, tövbə edənləri bağışlayandır.

26. Qohum-əqrəbaya da, yoxsula da, yolçuya da öz haqlarını ver, lakin çox israfçılıq etmə.

27. Axı israfçılar şeytanlara qardaş olublar. Şeytan isə öz Rəbbinə küfr edəndir.

28. Əgər sən öz Rəbbindən dilədiyin mərhəməti axtararaq onlardan üz döndərəsi olsan [onlara bir kömək edə bilməsən], onda onlara münasib bir söz de.

29. Nə əlini boynuna bağlı et [əlibərk ol], nə də onu bütün genişliyi ilə aç [israfçı ol], yoxsa sən məzəmmətlənər və peşman olarsan.

30. Həqiqətən, sənin Rəbbin istədiyi kəsə ruzini artıq və istədiyi kəsə az verir. O, Öz bəndələrini yaxşı tanıyandır, görəndir.

31. Kasıbçılıq qorxusundan uşaqlarınızı öldürməyin. Onlara da, sizə də ruzini Biz veririk. Onları öldürmək, həqiqətən, böyük günahdır.

32. Zinakarlığa yaxın düşməyin. Axı bu, çirkin bir əməl və pis yoldur.

33. Allahın qadağan etdiyi kimi, (öldürülməsi) haqq olan adam istisna olmaqla heç kəsi öldürməyin. Hər kim haqsız yerə öldürülərsə, onun qohum-əqrəbasını (qisas almaqda) ixtiyar sahibi edirik. Lakin o, öldürməkdə həddini aşmamalıdır. Belə ki, ona (lazımi) kömək olunmuşdur.

34. Həddi-buluğa çatana qədər yetimin malına ancaq xeyirxahlıqla yaxın durun. Əhdə vəfa qılın! Axı əhd soruşulası bir borcdur.

35. Ölçərkən düz ölçün və düzgün tərəzi ilə çəkin. Bu, daha xeyirlidir və nəticə etibarilə daha yaxşıdır.

36. Bilmədiyin şeyin ardınca getmə. Qulaq da, göz də, ürək də - bunların hamısı onun barəsində sorğu-suala tutulacaqdır.

37. Yer üzündə təkəbbürlü gəzmə. Axı sən nə yeri yarıb onun dərinliyinə vara bilərsən, nə də ucalıqda dağlara çata bilərsən.

38. Bütün bunlar sənin Rəbbinin yanında ikraha layiq pis işlərdir.

39. Bu, sənin Rəbbinin sənə vəhy etdiyi hikmətdəndir. Başqa bir tanrını Allaha tay tutma, yoxsa sən məzəmmətə layiq, qəhr olunmuş vəziyyətdə cəhənnəmə atılmış olarsan.

40. Doğrudanmı Rəbbiniz sizə oğlanları bəxş edib, Özünə isə mələkləri qızlar götürüb? Həqiqətən, siz yekə-yekə danışırsınız.

41. Biz bu Quranda (hər şeyi) müfəssəl izah etdik ki, onlar düşünüb daşınalar. Bu, onları (haqdan) daha da uzaqlaşdırdı.

42. De: "Əgər onlanrın dediyi kimi Ona tay olan başqa tanrılar da olsaydı, onda onlar ərş sahibinin dərgahına bir yol arardılar.

43. Ona təriflər olsun! O, Özü haqqında deyilənlərdən yüksəkdədir.

44. Yeddi qat göy, yer və onlarda olanların hamısı Onun şəninə həmd ilə təriflər deyir. Elə bir şey yoxdur ki, Onun şəninə təriflər deməsin, lakin siz onlann bu tərif deməsini anlamazsınız. O, həqiqətən, həlimdir, bağışlayandır.

45. Sən Quran oxuyanda Biz səninlə axirətə inanmayanlar arasında gözlə görünməyən bir pərdə çəkirik.

46. Onlar anlamasınlar deyə, Biz onlann ürəklərinə örtüklər çəkdik, qulaqlarına isə tıxac vurduq. Sən Quranda ancaq öz Rəbbinin vahidliyini zikr edəndə onlar nifrətlə arxaya çevrilib gedirlər.

47. Onlar səni dinlədikdə nə üçün qulaq asdıqlarını, xəlvəti söhbət etdikdə isə bu haqsızların: “Siz ancaq sehrlənmiş adamın ardınca gedirsiniz." - demələrini Biz çox yaxşı bilirik.

48. Gör onlar necə misallar çəkib [səni kimlərə bənzədib] yoldan azdılar. Onlar bir yol tapa bilməzlər.

49. Onlar deyərlər: "Əgər biz sür-sümüyə və çürüntüyə çevriləriksə, bizi bir məxluq kimi yenidən diriltməkmi olar?"

50. De: "İstər lap daş olun, ya dəmir,

51. ya da özünüzü ürəyinizdə nəhəng bir məxluq hesab edin!" Onlar deyərlər: "Axı kim bizi bir də (həyata) qaytaracaq?" De: "Sizi ilk dəfə yaradan." Onlar istehza ilə başlarını sənə yellədərək: "Bəs bu nə vaxt olacaqdır?" - deyə soracaqlar. De: "Bəlkə də lap bu yaxınlarda oldu."

52. O günü O, sizi çağıracaq, siz də Ona həmd edərək cavab verəcəksiniz və (təəssüflə) elə zənn edəcəksiniz ki, siz (dünyada) ancaq az bir vaxt qalmısınız.

53. Bəndələrimə de ki, qoy onlar ən yaxşı sözü desinlər. Doğrudan da şeytan onların arasında nifaq salır. Şübhəsiz şeytan insanın açıq düşmənidir.

54. Rəbbiniz sizi yaxşı tanıyır. O istəsə sizə rəhm edər, yaxud istəsə sizə əzab verər. Biz seni onlara vəkil göndərməmişik.

55. Senin Rəbbin göylərdə və yerdə olan kəsləri çox yaxşı tanıyır. Biz bəzi peyğəmbərlərə başqalarına nisbətən üstünlük verdik və Davuda Zəburu bəxş etdik.

56. De: "Siz Allahdan başqa tanrı güman etdiklərinizi [bütləri] çağırın. Onlar bəlanı üzərinizdən nə götürər, nə de sovuşdura bilərlər."

57. Onların çağırdıqları [bütləri] Rəblərinə - hansı daha yaxın olacaq deyə bir yol ararlar. Onlar Onun mərhəmətini diləyir və Onun cəzasından qorxurlar. Həqiqətən, sənin Rəbbinin cəzası həzər edilməli cəzadır.

58. (Əhalisi haqsız olan) elə bir məmləkət yoxdur ki, qiyamət günündən əvvəl Biz onu məhv etməyək və ya ona şiddətli cəza verməyək. Bu, Kitabda yazılmışdır.

59. (Məhəmməd peyğəmbəri) möcüzələrlə göndərməkdən Bizi çəkindirən ancaq əvvəlkilərin onları [möcüzələri] yalan hesab etmələri oldu. Samud tayfasına dişi dəvə bəxş etdik ki, onlar üçün aşkar bir möcüzə olsun. Onlar isə ona [dəvəyə] qarşı haqsızlıq etdilər. Biz möcüzələri ancaq qorxutmaq üçün göndəririk.

60. O zaman Biz senə dedik: "Həqiqətən, senin Rəbbin (öz hikməti ilə) bütün insanları əhatə edib." Biz sənə təlqin etdiyimiz röyanı [isranı] insanlar üçün ancaq bir sınaq etdik, Qurandakı o lənətə gəlmiş ağacı [zəqqum ağacını] da. Biz onları qorxuduruq, bu isə onlarda tüğyanı daha da artırır.

61. O zaman Biz mələklərə dedik: “Adəmə səcdə edin!" Onlar da səcdə etdilər, bir iblisdən başqa. O dedi: "Mən Sənin palçıqdan yaratdığınamı səcdə edəcəyəm?"

62. iblis dedi: "De görüm, məndən üstün tutduğun kəs budurmu? Əgər qiyamət gününə qədər Sən mənə möhlət versən, az bir qismindən başqa onun bütün nəslini yoldan çıxarıb məhv edərəm."

63. Allah dedi: "Çıx get! Onlardan kim sənə uysa, tam bir cəza olaraq cəzanız cəhənnəm olacaqdır.

64. Onlardan kimi bacarırsansa, öz səsinlə (pis əmələ) təhrik et, onların üzərinə öz atlı və piyadalarını göndər, mal-dövlətdə və övladda onlarla şərik ol və onlara vədlər ver. Əlbəttə şeytan onlara yalan vədlər verər.

65. Həqiqətən, Mənim bəndələrim üzərində sənin heç bir ixtiyarın yoxdur və vəkil olaraq sənin Rəbbin kifayətdir."

66. Sizin Rəbbiniz Onun lütfündən bir şey əldə etmək üçün dənizdə gəmini sizin üçün hərəkətə gətirəndir. O, həqiqətən, sizə rəhm edəndir.

67. Əgər dənizdə sizə bir bəla toxunarsa, Allah istisna olmaqla bütün ibadət etdikləriniz [bütlər] yox olub gedərlər [köməyə gəlməzlər]. Sonra isə O, sizi xilas edib quruya çıxararsa, siz üz döndərərsiniz. Həqiqətən də insan naşükürdür.

68. Allahın sizi quruda yerə batırmamasına və ya üzərinizə daş-kəsəkli tufan göndərməməsinə əminmi oldunuz? Sonra siz özünüzə bir həyan da tapa bilməyəcəksiniz?!

69. Yaxud Onun, sizi bir də oraya [dənizə] qaytarıb, üzərinizə dağıdıcı bir külək göndərməsinə və etdiyiniz naşükürlüyə görə sizi qərq etməsinə əminmi oldunuz? Sonra isə özünüz üçün orada Bizdən intiqam alacaq bir kəs tapa biləməzsiniz.

70. Biz Adəm övladlarına lütfkarlıq göstərdik, onları quru ilə və dənizlə apardıq, onlara pak ruzilər verdik və onları xəlq etdiklərimizin çoxundan üstün tutduq.

71. O günü Biz bütün insanları öz imamları [başçıları] ilə çağıracağıq. Kitabı [əməl dəftəri] sağ əlinə verilənlər özlərinin Kitabını oxuyub (sevinəcəklər) və onlar bir xurma çərdəyinin teli qədər belə incidilməyəcəklər.

72. Bu (dünyada) kor olan axirətdə də kordur və yolunu daha çox azandır.

73. Onlar sənə vəhy etdiyimizdən [Qurandan] səni az qala tovlayıb döndərəcəkdilər ki, Bizə qarşı bir başqasını uydurasan. Onda onlar səni özlərinə dost tutardılar.

74. Əgər Biz səni möhkəmləndirməsəydik, az qala sən onlara azacıq da olsa meyl edəcəkdin.

75. Onda sənə bu dünyanın da, axirətin də (əzabını) ikiqat daddırardıq. Sonra sən Bizə qarşı özünə bir köməkçi tapa bilməzdin.

76. Onlar səni bu yerdən [Məkkədən] çıxarmaq üçün az qala səni oradan qovacaqdılar. Onda səndən sonra özləri ancaq az bir vaxt qala bilərdilər.

77. Necə ki, səndən əvvəl göndərdiyimiz peyğəmbərlər üçün də bu, bir qayda olmuşdur. Sən isə Bizim qayda-qanunumuzda bir dəyişiklik tapmazsan.

78. Gün əyilən vaxtdan gecə qaranlığı düşənə qədər namazlarını qıl, sübh Quranını [namazını] da. Həqiqətən, sübh namazının çox şahidləri vardır.

79. Gecə vaxtı durub özün üçün əlavə təhəccüd namazı qıl ki, bəlkə Rəbbin səni layiqli bir məqama yetirə.

80. De: "Rəbbim, məni giriləcək yerə sidqlə daxil et və çıxılacaq yerdən sidqlə də çıxart. Öz dərgahından mənə kömək olacaq bir hökm bəxş et!"

81. De: “Haqq gəldi, batil yox oldu. Doğrudan da batil yox olub gedəndir."

82. Biz Qurandan möminlər üçün bir şəfa və mərhəmət olanları [ayələri] nazil edirik. Bunlar isə haqsızlıq edənlərin ancaq ziyanını daha da artırır.

83. İnsana bir yaxşılıq edəriksə, o, üz döndərib təkəbbür göstərər. Ona bəla toxunduqda isə, məyus olub gileylənər.

84. De: "Hər kəs öz bildiyi kimi edir. Sizin Rəbbiniz isə kimin daha doğru yolda olduğunu yaxşı bilir."

85. Onlar səndən ruh haqqında soruşarlar. De: "Ruh Rəbbim bilən işdir. Sizə isə bu barədə ancaq azacıq bilik verilmişdir."

86. Əgər Biz istəsək, sənə vəhy etdiyimizi [Quranı] qəlbindən silib apararıq, sonra sən Bizə qarşı özünə bir havadar tapmazsan.

87. Lakin Biz öz Rəbbindən olan mərhəmətə görə (bunu etmədik). Həqiqətən də sənin üzərində Onun lütfü böyük olmuşdur.

88. De: "İnsanlarla cinlər bir yerə yığışaraq bu Qurana bənzərini gətirmək istəsələr, bir-birlərinə arxa olsalar belə onun kimisini gətirə bilməzlər."

89. Biz bu Quranda insanlar üçün (gətirdiyimiz) hər bir məsəli müfəssəl izah etdik. İnsanların çoxu isə inkarcılıqdan başqasını qəbullanmadı.

90. Onlar dedilər: "Bizim üçün yerdən bir çeşmə çıxartmayınca sənə inanan deyilik.

91. Yaxud sənin xurma və üzümdən bir bağın ola və onların arasında arxlar çəkəsən.

92. Yaxud iddia etdiyin kimi səmanı üstümüzə parça-parça endirəsən, yaxud Allah və mələkləri qarşımıza gətirəsən.

93. Yaxud bər-bəzəkli bir evin ola, yaxud göyə yüksələsən. Bizə oxuya bildiyimiz bir kitab nazil etməyincə sənin göyə qalxmağına inanmarıq." De: "Rəbbimə təriflər olsun! Mən ancaq göndərilmiş bir peyğəmbərəm."

94. İnsanlara düz yol gəldikdə onların iman gətirməsinə ancaq: “Doğrudanmı Allah insanı peyğəmbər göndərmişdir?" -demələri mane olur.

95. De ki, əgər yer üzündə rahat gəzib dolaşanlar (insan deyil) mələklər olsaydı, Biz də göydən onlara mələyi peyğəmbər kimi göndərərdik.

96. De: “Allah mənimlə sizin aranızda şahid olaraq kifayətdir. Həqiqətən, O, Öz bəndələrini tanıyandır, görəndir."

97. Allah kimə düz yol göstərərsə, o, düz yolla gedər, kimi azdırarsa, sən onlar üçün Ondan başqa himayəçilər tapa bilməzsən. Qiyamət günü Biz onları üzüstə düşmüş kor, lal və kar olmuş halda bir yerə toplayacağıq. Onların yeri cəhənnəmdir. Alovu azaldıqca Biz onlar üçün onu artıracağıq.

98. Bu, onların ayələrimizi inkar etdiklərinə və "Əgər biz sür-sümük və çürüntülər olarıqsa bizi yenidən bir məxluq kimi diriltməkmi olar?!” demələrinə görə onların cəzasıdır.

99. Məgər onlar bilmirlər ki, göyləri və yeri yaratmış Allah onlar kimisini də yaratmağa qadirdir? O, onlar üçün heç bir şübhə yeri olmayan vaxtlar [ölüm, dirilmə, əzab və s. vaxtları] müəyyən etdi. Haqsızlıq edənlər isə ancaq küfrdə qalmaq istədilər.

100. De: “Əgər Rəbbinin mərhəmət xəzinələrinə siz sahib olsaydınız, xərcləyib tükənməsindən qorxaraq xəsislik edərdiniz. Həqiqətən, insan (fitrən) xəsisdir.

101. Biz Musaya doqquz aydın möcüzə bəxş etdik. Sən İsrail övladlarından bir soruş; Musa onların yanına gələndə Firon ona demişdi: “Ey Musa, mən sənin sehrlənib (ağlını itirdiyini) zənn edirəm.”

102. Musa dedi: "Sən bilirsən ki, bunları [möcüzələri] ancaq göylərin və yerin Rəbbi görünən dəlillər kimi nazil etmişdir. Mən isə səni, ey Firon, artıq məhv olmuş hesab edirəm.”

103. Firon onları bu yerdən [Misirdən] qovub çıxarmaq istədi. Biz isə onu və onunla olanların hamısını suda qərq etdik.

104. Bundan sonra Biz İsrail övladlarına dedik: "Bu yerdə yaşayın. Axirət vədi gələn zaman Biz hamınızı (hüzurumuza) gətirib toplayacağıq."

105. Biz onu haqq ilə nazil etdik. O da haqq olaraq nazil oldu. Səni isə ancaq müjdə verən və xəbərdarlıq edən olaraq göndərdik.

106. Biz Quranı hissə-hissə nazil etdik ki, (yaxşı qavramaq üçün) onu insanlara tələsmədən aramla oxuyasan.

107. De: "İstər ona inanın, istər inanmayın; ondan [Qurandan] əvvəl özlərinə bilgi verilmiş kəslərə [Kitab əhlinə] o, oxunan zaman onlar üzüstə düşərək səcdəyə qapılırlar

108. Və deyirlər: “Rəbbimizə təriflər olsun! Həqiqətən, Rəbbimizin vədi [Quranın nazil edilməsi və Mühəmmədin peyğəmbər kimi göndərilməsi] yerinə yetir.”

109. Onlar üz üstə düşərək ağlayırlar və bu, onların itaətini daha da artırır.

110. De: “(Onu) istər Allah, istərsə də Rəhman [Mərhəmətli] deyə çağırın. Necə çağırsanızsa, çağırın. Ən gözəl adlar Ona aiddir.” Namazını qılarkən nə çox bərkdən, nə də çox alçaq səslə qıl. Bunların arasında bir yolla get,

111. və de: "Özünə heç bir övlad götürməyən, səltənətdə heç bir şəriki olmayan və (Onu) zəif düşməkdən qoruyacaq bir müdafiəçiyə ehtiyacı olmayan Allaha həmd olsun!" "Allah böyükdür!" - deyə-deyə Onu (həmişə) uca tut!