Məzmuna keç

Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/ŞURA SURƏSİ

Vikimənbə saytından
Quran. ŞURA SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(əlli üç ayədən ibarət Məkkə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!


1. Ha, Mim.

2. Ayn, Sin, Qaf.

3. Qüdrət, hökm və hikmət sahibi Allah sənə və səndən əvvəlkilərə beləcə vəhy edir.

4. Göylərdə və yerdə nə varsa Ona məxsusdur. O, ucadır, əzəmətlidir!

5. Göylər onların başı üzərində (Allahın əzəmətindən) az qala çatlayır, mələklər isə öz Rəbbinin şəninə həmd ilə təriflər deyir və yerdə olanlar üçün bağışlanma diləyirlər. Bilinməlidir ki, Allah bağışlayandır, rəhmlidir!

6. Ondan başqa özlərinə himayəçilər götürənləri Allah nəzarəti altında saxlayır, sən isə onlara zamin deyilsən!

7. Biz beləcə sənə ərəbcə Quranı vəhy etdik ki, sən şəhərlər anasına [Məkkəyə] və onun ətrafındakılara öyüd-nəsihət verəsən, heç bir şəkk- şübhəsi olmayan və insanların bir yerə toplanacaqları qiyamət günü barəsində xəbərdar edəsən. (O gün insanların) bir hissəsi cənnətdə, bir hissəsi də cəhənnəmdə olacaqdır.

8. Əgər Allah istəsəydi, onları vahid bir ümmət edərdi, lakin O, istədiyi kəsi Öz mərhəmətinə daxil edər, haqsızlara isə nə bir himayəçi, nə də bir kömək edən olar!

9. Yoxsa onlar Onu qoyub başqalarını özlərinə himayəçilər götürürlər? Axı Allahdır himayəçi; O, ölüləri dirildir, O, hər şeyə qadirdir!

10. Siz hansı bir şey barəsində ixtilafda olsanız, onun həlli Allaha aiddir. (De:) "Budur Allah - mənim Rəbbim! Mən ancaq Ona təvəkkül etdim və ancaq Ona üz tuturam!"

11. Göyləri və yeri yoxdan var edən (Odur). O, sizin üçün özünüzdən zövcələr, heyvanlardan da cütlər [dişi və erkək] yaratdı. O, sizi bu yolla artırır. Onun heç bir bənzəri yoxdur. O, hər şeyi eşidəndir, biləndir.

12. Göylərin və yerin açarları Ondadır. O, istədiyi kəsin ruzisini artırır və istədiyi kəsin ruzisini azaldır. Həqiqətən, O, hər şeyi biləndir!

13. Allah Nuha etdiyi tövsiyəni dində sizin üçün də qanun etdi. (Həmin tövsiyə, eləcə də) sənə vəhy etdiyimiz, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimiz (budur): "Dini qoruyub saxlayın və onda [dində] parçalanmayın!" Allah istədiyi kəsi (dini üçün) seçər və tövbə edib Ona üz tutanı dinə yönəldər. (Əməl olunmasına) dəvət etdiyin məsələlər müşriklərə ağır gəldi.

14. Onlar isə yalnız özlərinə bilgi gəldikdən sonra öz aralarındakı ədavət üzündən parçalandılar. Əgər öncədən sənin Rəbbindən müəyyən olunmuş vaxta [qiyamətə] qədər möhlət sözü [vədi] olmasaydı, onlar arasında mütləq hökm verilmiş olardı. Onlardan sonra Kitaba varis edilənlər də onun [Quran] barəsində həqiqətən, şəkk-şübhə içərisindədirlər.

15. Ona görə də sən (haqqa) dəvət et, sənə buyrulduğu kimi düz yolla get və onların həva-həvəslərinə uyma. De: "Mən Allahın nazil etdiyi Kitaba iman gətirdim. Mənə sizin aranızda ədalətli (hakim) olmaq əmr olunmuşdur. Allah bizim də Rəbbimiz, sizin də Rəbbinizdir. Bizim əməllərimiz özümüz üçün, sizin də əməlləriniz özünüz üçündür. Bizimlə sizin aranızda heç bir mübahisəli məsələ yoxdur. Allah bizi bir yerə toplayacaqdır və ancaq Onadır qayıdış!"

16. Ona [haqq dəvətinə] cavab verildikdən sonra Allah barəsində mübahisə edənlərin dəlilləri öz Rəbbi dərgahında batildir. Onlara qəzəb və şiddətli əzab vardır.

17. Kitabı və mizan-tərəzini [ədaləti] haqq ilə nazil edən Allahdır. Sən haradan biləsən, bəlkə də qiyamət günü yaxındadır!

18. Qiyamət gününə inanmayanlar onun tez gəlib çatmasını istərlər. İnananlar isə ondan qorxarlar, çünki onun gerçək olduğunu bilirlər. Bilin ki, qiyamət barəsində mübahisə edənlər yolu çox azıblar.

19. Allah Öz bəndələrinə lütfkardır; O, istədiyi kəsə ruzi verir. O, güclüdür, qüdrətlidir.

20. Kim axirət əkinini [qazancını] istəyirdisə onun əkinini artırırıq, bu dünya əkinini istəyirdisə ona ondan veririk. Lakin axirətdə onun heç bir payı olmaz.

21. Yoxsa onların [kafirlərin] dində Allahın izn vermədiyi şeyləri onlar üçün qanun edən şərikləri vardır? (Allahın qiyamət haqqında) qəti sözü olmasaydı, onda onlar arasında mütləq hökm verilmiş olardı. Həqiqətən də haqsızlar üçün üzücü əzab vardır.

22. Sən haqsızların qazandıqlan (günahların cəzasından) necə qorxduqlarını görürsən. Bu isə mütləq başlarına gələsidir. İman gətirib əməlisaleh olanlar isə cənnət gülüstanları içərisindədirlər. Öz Rəbbi dərgahında onlar üçün istədikləri şeylər vardır. Bu, böyük lütfdür!

23. Allah iman gətirib əməlisaleh olan bəndələrini belə müjdələyir. De: “Mən bu iş üçün sizdən əqrəbalıq sevgisindən başqa bir haqq istəmirəm." Kim xeyir əməl tutarsa, Biz onun üçün onun xeyrini daha da artırırıq. Həqiqətən, Allah bağışlayandır, şükrü qəbul edəndir!

24. Yoxsa onlar "O, Allaha qarşı yalan uydurub!" - deyərlər? Həqiqətən, Allah istəsəydi, sənin ürəyinə möhür vurardı. O, yalanı silib aparır və Öz sözlərilə haqqı bərqərar edir. Axı O, ürəklərdə olanları da bilir!

25. Öz bəndələrindən tövbələri qəbul edib pis əməlləri bağışlayan və tutduqlarınız işlərdən xəbərdar olan Odur.

26. İman gətirib əməlisaleh olanların (duasına) cavab verir və öz lütfünü onlara artırır. Kafirlər üçün isə şiddətli əzab vardır.

27. Əgər Allah Öz bəndələrinə ruzini həddən artıq vermiş olsaydı, onda onlar yer üzündə harınlıqdan həddi aşardılar. Lakin O, istədiyi şeyi qədərincə nazil edir. Axı O, Öz bəndələrini tanıyır, görür!

28. İnsanlar ümidlərini kəsdikdən sonra yağış endirən və Öz mərhəmətini yayan Odur. O, himayəçidir, tərifəlayiqdir!

29. Göylərin, yerin və orada yaydığı heyvanların yaradılışı Onun ayələrindəndir. O, istədiyi vaxt onları bir yerə toplamağa da qadirdir!

30. Sizə üz verən hər hansı bir müsibət öz əllərinizlə qazandığınız (günahlar) üzündəndir. O, onların çoxunu isə bağışlar.

31. Siz yer üzündə (Onu) aciz sala bilməzsiniz və sizin Allahdan başqa nə bir himayəçiniz, nə də bir köməkçiniz vardır.

32. Dənizdə dağlar kimi üzənlər [gəmilər] də Onun dəlillərindəndir.

33. O, istədiyi vaxt küləyi sakitləşdirər və onlar [gəmilər] dənizin qoynunda hərəkətsiz durarlar. Həqiqətən də bunda hər bir səbr edən, şükredən üçün dəlillər vardır!

34. Yaxud gəmidəkilərin qazandıqları (günahlar) üzündən O, onları qərq edər, bir çoxunu isə bağışlar.

35. Ayələrimiz barəsində mübahisəyə girənlər özlərinə heç bir nicat olmayacağını qoy bilsinlər.

36. Sizə verilmiş hər bir şey bu dünya həyatının ötəri ləzzətidir. Allahın dərgahında olanlar isə daha yaxşı və daha uzun müddətlidir; o kəslər üçün ki, onlar iman gətirib öz Rəbbinə təvəkkül edirlər,

37. o kəslər üçün ki, onlar böyük günahlardan və pozğunluqlardan uzaq olurlar, qəzəblənəndə bağışlaya bilirlər,

38. o kəslər üçün ki, onlar öz Rəbbinin (haqqa dəvətinə) cavab verirlər, namaz qılırlar, öz aralarındakı işləri şura [məsləhət] ilə həll edirlər, onlara verdiyimiz ruzilərdən (Allah yolunda) sərf edirlər,

39. o kəslər üçün ki, onlar özlərinə qarşı haqsızlıq ediləndə köməkləşib (onu) dəf edirlər.

40. Pisliyin cəzası özü kimi pislikdir. Lakin kim (özünə qarşı pislik edəni) bağışlayıb barışarsa, onun mükafatı Allahdadır. Şübhəsiz ki, O, haqsızları sevmir!

41. Özünə qarşı haqsızlıq ediləndən sonra (haqsıza) cavab verənlər əleyhinə isə bir şey olmaz.

42. o kəslər əleyhinə bir şey olar ki, onlar insanlara zülm edir və yer üzündə haqsız olaraq azğınlıq edirlər. Onlara üzücü bir əzab olacaqdır.

43. Kim səbr edib bağışlarsa, (bu,) xeyirxahlıq əzmində olmaq deməkdir.

44. Kimi ki Allah yoldan çıxarır, onun Ondan başqa bir himayəçisi olmaz. Sən haqsızların əzabı görcək: “Geriyə bir yol yoxdurmu?" - dediklərini görəcəksən.

45. Sən onların oraya gözucu gizlin baxa-baxa, zəlillikdən başlarını aşağı dikmiş halda gətirildiklərini görəcəksən. İman gətirənlər isə deyəcəklər: ‘Doğrudan da uduzanlar qiyamət günü özlərinə və ailələrinə zərər vurmuş kəslərdir!” Bilin ki, haqsızlar daimi bir əzab içərisindədiriər!

46. Onlann Allahdan başqa özlərinə kömək edəcək himayəçiləri olmayacaqdır. Kimi ki Allah yoldan çıxarır, ona bir çıxış yolu olmaz.

47. Qarşısı alınmaz qiyamət günü Allah tərəfindən gəlməmiş Rəbbinizin (haqqa də vətinə) cavab verin. O günü sizin üçün nə bir sığınacaq yeri, nə də (günahlarınızı) inkar etməyə imkan olacaqdır.

48. Əgər onlar üz döndərsələr, (bil ki,) Biz səni onların üzərinə gözətçi göndərməmişik, sənin üzərinə ancaq (dəvəti) çatdırmaq düşür. Biz insana Öz mərhəmətimizdən daddırdıqda, o, buna sevinir, öz əlləri ilə hazırladığı (günahlar) üzündən ona bir müsibət üz verdikdə isə (asi olur), çünki insan naşükürdür.

49. Göylərin və yerin mülkü Allaha məxsusdur. O, istədiyini xəlq edir, istədiyi kəsə qızlar bəxş edir, istədiyi kəsə oğlanlar.

50. Yaxud onlara oğlan və qız olmaqla qoşa-qoşa (övladlar) verir və istədiyi kəsi sonsuz edir. Axı O, hər şeyi biləndir, hər şeyə qadirdir!

51. Allah insanla yalnız vəhy ilə və ya pərdə arxasından danışar, yaxud da Öz izni ilə istədiyini vəhy etmək üçün bir elçi göndərər. Axı O, ucadır, hökm və hikmət sahibidir.

52. Biz sənə Öz əmrimizlə ruhu [Quranı] belə vəhy etdik. Sən əvvəllər Kitab nədir bilməzdin. Lakin Biz onu elə bir işıq etdik ki, bəndələrimizdən istədiklərimizə onunla yol göstərək və sən həqiqətən düz bir yolu göstərməkdəsən -

53. göylərdə və yerdə olanların sahibi Allahın yolunu. Bilin ki, bütün işlər Allaha ayıdır.