Məzmuna keç

Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/ƏHQAF SURƏSİ

Vikimənbə saytından
Quran. ƏHQAF SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(otuz beş ayədən ibarət Məkkə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!


1. Ha, Mim.

2. Bu Kitab qüdrət, hökm və hikmət sahibi Allah tərəfindən nazil edilmişdir.

3. Biz göyləri, yeri və onların arasında olanları ancaq haqq olaraq və müəyyən bir müddət üçün yaratdıq. Kafirlər isə xəbərdarlıq edildikləri şeylərdən üz döndərirlər.

4. De: “Bir deyin görüm, Allahdan başqa ibadət etdikləriniz yer üzündə nəyi yaradıblar? Göstərin mənə! Yoxsa onların göylərə ortaqlığımı var? Əgər doğru danışansınızsa, onda mənə bundan (Qurandan) daha əvvəl olan bir kitab və ya elmdən bir əsər-əlamət gətirin!"

5. Allahı qoyub qiyamət gününə qədər səsinə səs verməyəcək (bütləri) çağırandan daha çox yolu azmış kim ola bilər? Halbuki onlar [bütlər] isə onların çağırışından xəbər tutan deyildirlər.

6. İnsanlar bir yerə toplanılan zaman bütlər onlara düşmən kəsiləcək və onların bütlərə ibadət etdiklərini danacaqlar.

7. Ayələrimiz onlara aydın bir şəkildə oxunan zaman özlərinə haqq gəldikdə onu inkar edənlər deyəcəklər: "Bu, açıq-aşkar bir sehrdir."

8. Yaxud: "O, bunu özü uydurub!" - deyərlər. De: "Əgər onu uydurmuşamsa, onda siz məni Allahdan gələn heç bir şeydən [cəzadan] qurtara bilməzsiniz. Sizin (Quran barəsində) etdiyiniz boşboğazlığı O daha yaxşı bilir. Mənimlə sizin aranızda şahid olaraq O, kifayətdir. O, bağışlayandır, rəhmlidir."

9. De: "Mən peyğəmbərlərdən ilki deyiləm. Mənə və sizə nə üz verəcəyini də bilmirəm. Mən ancaq mənə vəhy olunanın ardınca gedirəm və mən aşkar bir öyüd-nəsihətçidən başqa bir kimsə deyiləm."

10. De: "Bir deyin görüm, əgər o [Quran], Allah tərəfindəndirsə və siz də onu inkar edirsinizsə, İsrail övladlarından bir şahid ona bənzərinə şahidlik edib iman gətiribsə, siz isə təkəbbür göstərmisinizsə, (öz-özünüzə zülm etmiş olmazsınızmı)? Allah doğrudan da haqsız adamlara düz yol göstərməz."

11. Kafirlər iman gətirənlər haqqında deyərlər: "Əgər bunda xeyirli bir şey olsaydı, onlar bizi bu yolda qabaqlaya bilməzdilər." Onunla [Quranla] düz yola çıxmadıqları üçün onlar deyəcəklər: "Bu, köhnə yalandır!"

12. Ondan əvvəl Musanın kitabı [Tövrat] bir yol göstəricisi və mərhəmət olaraq (göndərilmişdi). Bu isə haqsızlıq edənlərə xəbərdarlıq etmək üçün və xeyirli əməllər tutanlara müjdə vermək üçün ərəb dilində (əvvəlkiləri) təsdiq edən bir kitabdır.

13. "Rəbbimiz ancaq Allahdır." - deyib sonra düz yolla gedənlərə bir qorxu yoxdur, onlar nə də kədərlənməyəcəklər.

14. Tutduqları (yaxşı) əməllərin mükafatı kimi onlar cənnətlik olub orada əbədi qalacaqlar.

15. Biz insana öz ata-anası ilə yaxşı davranmaq tövsiyə etdik. Anası onu zəhmətlə (bətnində) gəzdirir və zəhmətlə doğur. Onun (bətndə) gəzdirilməsi ilə süddən ayrılma müddəti otuz aydır. O, yetkinliyə və qırx yaşına çatanda isə deyər: "Rəbbim, mənə və valideynlərimə etdiyin yaxşılığına görə şükr etməyi, Səni razı salacaq düz əməllər tutmağı mənə təlqin et, övladlarımı da mənim üçün əməlisaleh et! Mən Sənə tövbə etdim və mən müsəlmanlardanam [Allaha təslim olanlardanam]."

16. Bunlar o kəslərdir ki, Biz onların etdikləri əməllərin ən yaxşısını qəbul edər, pislərindən keçərik. Onlar özlərinə vəd olunmuş haqq vədə görə cənnət əhli içərisində olarlar.

17. Eləsi də vardır ki, öz valideyninə deyəc "Tfu sizə! Doğrudanmı, siz mənim (qəbrdən) çıxarılacağımı vəd edirsiniz? Məndən əvvəl neçə-neçə nəsillər gəlib-gedib." Onlar [valideynlər] isə Allahdan kömək istərlər: "Vay sənin halına! İnan, axı Allahın vədi haqdır!" O deyər: "Bu, əvvəlkilərin əfsanələrindən başqa bir şey deyildir."

18. Bunlar elələridir ki, özlərindən əvvəl gəlib keçmiş cin və insan ümmətləri barəsindəki söz [əzab hökmü] bunlara da haqq oldu və bunlar, şübhəsiz, uduzmuş oldular.

19. Hər kəsə öz etdiyi işlərə uyğun dərəcələr vardır ki, Allah onların işlərinin əvəzini tam verə bilsin və onlara zülm olunmasın.

20. Kafirlər cəhənnəm odunun qarşısına gətiriləcəkləri gün (onlara deyiləcəkdir): "Siz öz dünya həyatınızda bütün xoş nemətlərinizi sərf edib qurtardınız və onlardan ləzzət aldınız. Bu gün isə haqsız olaraq yer üzündə lovğalandığınıza və pozğunluq törətdiyinizə görə sizə rüsvayedici əzab verilir."

21. Adın qardaşını [Hudu] xatırla. O zaman o, Əhqafda (yaşayan) öz tayfasına xəbərdarlıq etmişdir: "Ancaq Allaha ibadət edin, mən sizin üçün böyük bir günün əzabından qorxuram." - deyə Huddan əvvəl də, sonra da belə xəbərdarlıq edən peyğəmbərlər gəlib keçmişlər.

22. Onlar demişdilər: "Sən bizim yanımıza gəlmisən ki, bizi yalanla öz tanrılarımızdan döndərəsən? Əgər düz danışansansa, vəd etdiyini bizə gətir."

23. Hud demişdi: "Axı onu ancaq Allah bilir, mən isə nə ilə göndərilmişəmsə,onu da sizə çatdırıram. Lakin mən görürəm ki, siz cahil adamlarsınız.”

24. Onlar o (əzabın) bulud şəklində onların vadilərinə tərəf yönəldiyini görəndə demişdilər: "Bu, bizə yağış yağdıracaq buluddur." Onlara (deyilmişdi); "Xeyr, bu, sizin tələsdirdiyinizdir - içərisində üzücü bir əzab olan küləkdir.

25. O [külək], Öz Rəbbinin əmri ilə hər şeyi yerlə-yeksan edir. Onlar elə hala düşdülər ki, mənzillərindən başqa heç nə görünmədi. Günahkar adamları Biz belə cəzalandırırıq!

26. (Ey Məkkə əhli!) Sizə vermədiyimiz imkanları Biz onlara vermişdik. Onlara qulaq, göz və ürək vermişdik. Amma Allahın ayələrini inkar etdiklərinə görə nə qulaqları, nə gözləri, nə də ürəkləri onlara heç bir şeydə fayda vermədi və ələ saldıqları (əzab) onları bürüdü.

27. Biz sizin ətrafınızda olan məmləkətləri məhv etdik və ayələri incələyib aydınlaşdırmışdıq ki, bəlkə (haqqa) dönələr.

28. Bəs nədən Allahı qoyub yaxınlaşmaq üçün seçdikləri tanrıları onlara kömək etmədi? O (tanrıları) isə əksinə, bunlardan uzaqlaşıb yox oldular. Bu, onların yalanı və uydurmalarıdır.

29. O zaman Biz Quranı dinləmək üçün sənin yanına bir bölük cin göndərdik. Onlar buna [dinləməyə] hazır olan kimi (bir-birilərinə) dedilər "Diqqətlə qulaq asın!" Dinləyib qurtardıqdan sonra öyüd-nəsihətlə öz camaatına üz tutaraq

30. dedilər: “Ey camaatımız! Biz Musadan sonra özündən əvvəlkiləri təsdiqedici olaraq, haqqa və düz yola aparan bir kitab dinlədik.

31. Ey camaatımız! Allahın carçısının [peyğəmbərin] dəvətinə cavab verin və ona inanın ki, Allah da günahlarınızı bağışlasın və sizi üzücü əzabdan qurtarsın.

32. Allahın carçısının dəvətinə cavab verməyən yer üzündə Allahdan yaxasını qurtara bilməz. Ondan başqa onun himayəçiləri yoxdur. Belələri açıq-aşkar haqq yoldan çıxmışlar."

33. Məgər onlar göyləri və yeri yaradan və onları yaratmaqla zəif düşməyən Allahın ölüləri diriltməyə qadir olduğunu görmürlərmi? Bəli, doğrudan da O, hər şeyə qadirdir!

34. Kafirlər cəhənnəm odu qarşısına gətirilən zaman (onlara deyiləcək): "Bu, haqq deyilmi?" Onlar deyəcəklər: "Bəli, Rəbbimizə and olsun ki, (doğru imiş!") O isə: "Küfr etdiyinizə görə əzabı dadın!" - deyəcəkdir.

35. Peyğəmbərlərdən əzm sahiblərinin səbr etdiyi kimi sən də səbr et və onlar [müşriklər] üçün (əzabın gəlməsinə) tələsmə! Onlar özlərinə vəd olunmuşu [əzabı] gördükləri gün (dünyada) gündüzün bir anı qədər qaldıqlarını sanacaqlar. (Bu Quran) xəbərdarlığı (çatdırır). Heç pozğun adamlardan başqaları məhv edilər?