Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/ƏNAM SURƏSİ
Quran. ƏNAM SURƏSİ Tərcüməçilər: Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu |
(yüz altmış beş ayədən ibarət Məkkə surəsi)
Mərhəmətli, Rəhmli Allahın adı ilə ! |
1. Göyləri və yeri xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd olsun! Sonra isə kafirlər (bütləri) özlərinin Rəbbinə tay tutdular.
2. Sizi palçıqdan yaradan, sonra isə əcəli [ömrün sonunu] təyin edən Odur. Allahın dərgahında məlum bir əcəl [qiyamət günü] də vardır. Siz isə bundan sonra da şübhə edirsiniz!
3. göylərdə də, yerdə də Allahdır! Sizin gizlində və aşkarda nələr etdiyinizi bilir. O nə qazandığınızdan xəbərdardır.
4. Onlara Rəbbindən hansı ayə gələrsə, ondan üz çevirərlər.
5. Onlara haqq gəldikdə belə onu yalan hesab etdilər. Lağa qoyduqları (əzabın) xəbəri onlara gəlib çatacaqdır.
6. Məgər onlar özlərindən əvvəl neçə-neçə nəsli yox etdiyimizi görməmişlərmi? Biz sizə vermədiyimiz imkanları yer üzündə onlara verdik. Onlara səmadan bol yağış göndərdik və çayları (ayaqları) altından axar etdik. Sonra isə günahlarına görə onları məhv etdik və onlardan sonra başqa bir nəsil yaratdıq.
7. Biz sənə kağız üzərində (yazılmış) bir kitab göndərsəydik belə o kafirlər ona öz əlləriylə toxunsaydılar da: "Bu, yalnız açıq-aşkar bir sehrbazlıqdır!" - deyərdilər.
8. Onlar deyərdilər: "Kaş ona [peyğəmbərə] bir mələk nazil olaydı!" Əgər mələk göndərsəydik, iş bitmiş olardı və onlara daha möhlət verilməzdi.
9. Əgər mələk göndərsəydik, onu insan qiyafəsində göndərərdik və onları düşdükləri şübhəyə bir daha salardıq.
10. Səndən əvvəlki peyğəmbərlər də məsxərəyə qoyuldular və onlar nə ilə ələ salmışdılarsa ələ salanların öz başlarına da o gəldi.
11. De: "Yer üzərində gəzib-dolaşın və görün ki, yalan hesab edənlərin aqibəti necə oldu!"
12. De: "Göylərdə və yerdə olanlar kimə məxsusdur?" De: "Allaha! O, Özü Özünə mərhəmətli olmaq yazmışdır. O, şəkk-şübhə olmayan qiyamət gününə sizi toplayacaqdır. Öz-özlərinə zərər vuranlar iman gətirməzlər.
13. Gecə və gündüzdə qərar tutanlar Ona məxsusdur. O, eşidəndir, biləndir!"
14. De: "Mən göyləri və yeri yaradan, (hamını) yedirən, Özü isə yedirilməyən Allahdan başqasını himayədar götürərəmmi?" De: “mənə müsəlman olanların ilki olmam əmr edildi və "Heç vaxt müşriklərdən olma deyildi.”
15. De: "Əgər öz Rəbbimə asi olsam, böyük günün əzabından qorxaram!"
16. O günü kim bundan [əzabdan] uzaqlaşdırılsa, deməli (Allah) ona rəhm etmişdir. Bu, açıq-aydın bir uğurdur!
17. Əgər Allah səni bir sıxıntıya salarsa, Özündən başqa bunu aradan götürən olmaz; əgər səni xeyrə çalarsa, O hər şeyə qadirdir!
18. O, Öz qulları üzərində qüdrət sahibidir. O, hikmət sahibidir, hər şeydən xəbərdardır.
19. De: "Şahidlikdə ən böyük nə ola bilər?" De: "Allah mənimlə sizin aranızda şahiddir. Bu Quran isə, onunla sizi və onun çatacağı adamları xəbərdar etmək üçün mənə vəhy olunmuşdur. Məgər siz Allahı qoyub başqa tanrıların varlığına şahidlik edirsiniz?" De: "Mən şahidlik etmirəm". De: “Həqiqətən O, vahid tanrıdır. Sizin Ona şərik qoşmanızdan mən kənaram".
20. Kitab bəxş etdiyim kəslər onu [peyğəmbəri] öz oğullarını tanıdıqları kimi tanıyırlar. Özlərinə ziyan vuranlar isə iman etməyənlərdir.
21. Allaha qarşı yalan uydurandan və ya Onun ayələrini yalan hesab edəndən daha zalımı kimdir? Həqiqətən, zalımlar uğur qazanmazlar.
22. O günü [qiyamət günü] onların hamısını bir yerə toplayacağıq, sonra [Allaha] şərik qoşanlara deyəcəyik: “(Allaha qoşmaq) iddiasında olduğunuz şərikləriniz hanı?"
23. Sonra onların: "And olsun Rəbbimizə ki, biz şərik qoşan olmamışıq" - deməkdən başqa bir bəhanələri olmayacaqdır.
24. Bax, onlar necə də öz-özlərinə yalan deyirlər və uydurduqları (bütlər) də onlardan üz döndərib qeyb oldular.
25. Onlardan sənə qulaq asanları da vardır. Lakin Biz onu [Quranı] anlamamaları üçün ürəklərinə pərdə çəkdik və qulaqlarını kar etdik. Onlar hər bir ayəni [dəlili] görsələr də ona inanan deyildirlər. Hətta, onlar sənin yanına gəlib səninlə mübahisəyə girişirlər. Kafirlər: "Bu ki, əvvəlkilərin əfsanələrindən başqa bir şey deyildir." - söyləyirlər.
26. Onlar buna həm (başqalarını) qoymur, həm də özləri ondan uzaqlaşırlar. Onlar özləri də bilmədən ancaq öz-özlərini məhv edirlər.
27. Sən onların cəhənnəm odu üzərinə qoyularkən, "Kaş ki, biz geri qaytarılaydıq, Rəbbimizin ayələrini yalan hesab etməyəydik və möminlərdən olaydıq”- dediklərini görəydin!
28. Beləliklə, əvvəllər gizlətdiklərinin (əvəzi) onlar üçün aydın oldu. Əgər onlar geri qaytarılsaydılar belə yenə də onlara qadağan olunmuşlara qayıdardılar. Axı onlar yalançıdırlar.
29. Onlar (qaytarılsalar): "Həyat yalnız bizim bu dünyadakı həyatımızdır və biz bir daha dirildilməyəcəyik." - deyərlər.
30. Onların gətirilib özlərinin Rəbbi qarşısında necə durduqlarını sən bir görəydin! O: "Məgər bu, haqq deyilmi?" - deyə soranda onlar: "Bəli, Rəbbimizə and olsun!" - deyərlər. Allah: "Elə isə etdiyiniz kafirliyə görə əzabı dadın!" - deyər.
31. Allahla görüşü yalan hesab edənlər zərərə uğramışlar. Qiyamət günü onları qəflətən haqladıqda onlar öz günah yüklərini bellərində apara- apara deyərlər: "Orada [dünya həyatında] əldən verdiyimiz şeylər üçün kül olsun başımıza!" Onların apardıqları yük necə də pisdir!
32. Bu dünyadakı həyat oyun və əyləncədən başqa bir şey deyildir. Müttəqilər üçün isə axirət evi daha yaxşıdır. Məgər (bu) ağlınıza batmır?
33. Biz bilirik ki, onların dedikləri səni kədərləndirir. Onlar səni yalançı hesab etmirlər, bu zalımlar Allahın ayələrini inkar edirlər.
34. Səndən əvvəl də peyğəmbərlər yalançı hesab olundular. Onlar isə Bizdən kömək gələnə qədər yalançı hesab olunmalarına və incidilmələrinə dözdülər. Allahın kəlamlarını dəyişə bilən olmaz! Artıq peyğəmbərlər haqqında xəbərlər sənə gəlib çatdı.
35. Onların dönüklüyü sənə ağır gəldikdə, nə olaydı, sən yerə bir lağım atmaqla və ya səmaya nərdivan ucaltmaqla onlara bir möcüzə göstərə biləydin! Allah istəsəydi onları düz yol üzərinə toplardı; sən də cahillərdən olma!
36. Həqiqətən, ancaq eşidənlər cavab verər. Ölüləri isə Allah dirildər, sonra da onlar Ona qaytarılarlar.
37. Onlar dedilər "Kaş onda Rəbbindən ona da bir möcüzə nazil ediləydi!" De: “Həqiqətən Allah möcüzə nazil etməyə qadirdir, lakin onların çoxu bilmir”
38. Yer üzərində elə bir heyvan və qanad çalaraq uçan elə bir quş yoxdur ki, sizə bənzər ümmətlər kimi olmasın. Kitabda heç nəyi nəzərdən qaçırmamışıq. Sonra onlar özlərinin Rəbbi yanına toplanılacaqlar.
39. Ayələrimizi yalan hesab edənlər zülmət içərisində kardırlar, laldırlar. Allah istədiyi kəsi yolundan azdırır, istədiyi kəsi isə düz yol üzərinə qoyur.
40. De: “Sizə Allahın əzabı gələrsə və ya qiyamət günü yetişərsə, əgər düz danışansınızsa, deyin görüm başqasınımı köməyə çağıracaqsınız?
41. Xeyr, yalnız Onu çağıracaqsınız. Əgər O istəsə, barəsində Ona yalvardığınız (bəlanı) aradan götürər və siz (Ona) qoşduğunuz şərikləri unudarsınız."
42. Biz səndən əvvəlki xalqlara da peyğəmbərlər göndərmişdik. O adamları çətinliyə və əziyyətə salmışdıq ki, bəlkə itaətə girməyə özləri yalvaralar.
43. Barı (göndərdiyimiz) əzab onları haqladıqda boyun əyəydilər! Lakin onların ürəkləri sərtləşdi və şeytan onların əməllərini özləri üçün bəzədi.
44. Onlar edilmiş xəbərdarlığı unutduqları zaman Biz hər şeyin qapılarını üzlərinə açdıq ki, onlara bəxş olunmuş bu nemətlərə sevindikləri vaxt Biz onları qəflətən yaxalayaq və onlar ümidsiz hala düşsünlər.
45. Beləliklə haqsızlıq etmiş o adamların kökü kəsildi. Aləmlərin Rəbbi Allaha həmd olsun!
46. De: "Allah sizin eşitmə və görmənizi əlinizdən alarsa, ürəklərinizə möhür vurarsa, deyin görüm, bunları Allahdan başqa sizə hansı tanrı qaytara bilər?" Bir bax gör, dəlilləri necə bir-birinin ardınca gətiririk, sonra onlar yenə üz döndərirlər.
47. De: "Bir deyin görüm, sizə Allah əzabı qəflətən və ya açıq-açığına gələrsə, zalımlardan başqası məhv edilərmi?"
48. Biz peyğəmbərləri yalnız müjdə verən və xəbərdarlıq edənlər olaraq göndəririk. Hər kim iman gətirib islah olunarsa onlar üçün nə bir qorxu, nə də qəm-qüssə vardır.
49. Ayələrimizi yalan hesab edənlər isə azğınlıq etdiklərinə görə cəzaya məruz qalacaqlar.
50. De: "Mən sizə Allahın xəzinə mücrülərinin məndə olduğunu demirəm, qeyb işləri də bilmirəm, sizə mələk olduğumu da demirəm. Mən ancaq mənə vəhy olunanın ardınca gedirəm." De: "Məgər korla gözlü birdir? Heç fikirləşməzsiniz?!"
51. Öz Rəbbinin hüzuruna toplanacaqlarından qorxanları bununla [Quranla] xəbərdar et ki, doğrudan da onların Ondan başqa nə bir hamisi, nə də bir həyanı olacaqdır, bəlkə onlar Allahdan qorxalar.
52. Səhər axşam özlərinin Rəbbini çağıraraq, Ona üz tutanları qovma! Nə sən (Allah dərgahında) onlar üçün bir şeydə cavabdehsən, nə də onlar sənin üçün bir şeydə cavabdehdirlər. Onları qovsan zalımlardan olarsan.
53. Beləcə Biz birini digəri ilə sınadıq ki, onlar desinlər: "Doğrudanmı Allah bizim aramızdan bunlara lütfkarlıq göstərib?" Məgər Allah şükr edənlərdən daha yaxşı xəbərdar deyilmi?
54. Ayələrimizə iman gətirənlər yanına gələrsə "Sizə salam olsun!" [Üzərinizə əmin-amanlıq olsun] - de. Rəbbiniz sizə mərhəmət göstərməyi Özünə vacib bilmişdir; sizlərdən kim isə bilmədən pis iş tutub, ondan sonra tövbə edərək düzələrsə Həqiqətən, O, bağışlayandır, rəhmlidir.
55. Ayələrimizi beləcə müfəssəl izah edirik ki, günahkarların yolu aydın görünsün.
56. De: “Allahdan başqa üz tutub dua etdiklərinizə ibadət etmək mənə qadağan olunmuşdur". De: “Mən sizin həva-həvəsinizə uymaram, onda mən də yolumu azardım və düz yolla gedənlərdən olmazdım".
57. De: "Mən Rəbbimdə olan aydın bir dəlilə söykənirəm. Siz isə onu yalan hesab etdiniz. Tələsib can atınız (əzab) məndə deyildir. Hökm yalnız Allaha məxsusdur. O, haqqı bildirir və O, hökm verənlərin ən yaxşısıdır!"
58. De: “Əgər sizin tələm-tələsik can atdığınız (əzab) əlimdə olsaydı, onda mənimlə sizin aranızda məsələ artıq bitmiş olardı. Axı Allah zalımları daha yaxşı tanıyır!
59. Qeybin açarları Ondadır, onları yalnız O bilir. Quruda və dənizdə nələr olduğunu O bilir. Bir yarpaq belə Onun xəbəri olmadan düşməz. Yerin qaranlıq qatına düşən elə bir toxum, elə bir yaş və elə bir quru yoxdur ki, aydın Kitabda olmasın.
60. Gecələr sizə ölüm kimi yuxu verən, gündüz isə nələr etdiyinizdən xəbər bilən Odur. Sonra sizi gündüz ayıldır ki, müəyyən olunmuş vaxt tamamlansın. Sonra siz Ona qayıdacaqsınız, sonra da O sizə əməlləriniz haqqında xəbər verəcəkdir.
61. O, Öz bəndələri üzərində hakimdir. Sizin üzərinizə haqq-hesab yazan mələklər göndərir ki, birinizə ölüm gələrsə, bu elçilərimiz heç nəyi unutmadan onun canını alsınlar.
62. Sonra onlar Allaha - özlərinin haqq mövlasına qaytarılacaqlar. Məgər hökm Onun deyilmi və O daha tez haqq-hesab çəkmirmi!"
63. De: "Qurunun və dənizin zülmətlərindən sizə kim nicat verər? "Bizi bundan xilas etsəydi, hökmən minnətdar olardıq" - deyə siz yalvararaq gizlicə kimi köməyə çağırırsınız?"
64. De: "Allah sizi bundan və hər cür bəladan xilas edir. Sonra isə siz yenə Ona şərik qoşursunuz".
65. De: "Başınız üstündən və ya ayaqlarınız altından üzərinizə cəza göndərməyə, yaxud sizi ayrı-ayrı dəstələr edib, birinizin zorunu digərinizə daddırmağa qadir Odur." Bax gör Biz ayələri necə ardıcıl gətiririk - bəlkə onlar başa düşələr.
66. Sənin camaatın onu yalan hesab etdi, O isə haqdır. De: "Mən sizə vəkil deyiləm.
67. Hər bir xəbərin vaxtı var, siz də biləcəksiniz!"
68. Sən ayələrimiz barəsində onların boşboğazlıq etdiklərini gördükdə, onlar başqa bir söhbətə keçməsələr onlardan uzaqlaş. Əgər şeytan sənə (bunu) unutdurarsa, onda sən xatırladıqdan sonra zalımlarla oturub- durma.
69. Müttəqilərin üzərinə onların verəcəyi haqq-hesabdan heç nə düşmür. Lakin bu, bir xatırlatmadır ki, bəlkə onlar (Allahdan) qorxalar.
70. Öz dinini bir oyun və əyləncə edənləri, bu dünya həyatının şirnikdirdiyi kəsləri tərk et. Bununla [Quranla] yada sal ki, hər kəs kəsb etdiklərinə görə (qiyamət günü) yaxalanacaqdır. Ona Allahdan başqa nə bir himayəçi, nə də bir havadar olacaqdır. Əgər o, hər hansı bir əvəz təklif etsə, ondan qəbul olunmaz. Kəsb etdiklərinə görə yaxalananlara küfr etdikləri üçün "həmim" [qaynar cəhənnəm içkisi] və üzücü bir əzab olacaqdır.
71. De: "Doğrudanmı biz Allahı qoyub bizə nə bir xeyri, nə də bir zərəri dəyəni çağırarıq? Allah bizə düz yol göstərəndən sonra geri qaytarılarıqmı? O kəs kimi ki, dostları “Yanımıza gəl“ - (deyərək) düz yola çıxdığı halda şeytanlar onu yerdə başdan çıxarmış və o çaşıb qalmışdır?" De: "Həqiqətən, Allahın yolu düz yoldur və bizə buyrulmuşdur ki, aləmlərin Rəbbinə itaət edək.
72. Həm də buyrulmuşdur: "Namaz qılın, Ondan qorxun, məhz Onun hüzuruna toplanılacaqsınız!"
73. Göyləri və yeri haqq olaraq xəlq edən Odur. O günü deyər: "Ol !", dərhal o da olar. Onun sözü haqdır. Sur səsləndirilən günü hökm Ona məxsusdur. Gizli və aşkarın bilicisi Odur. O, hikmət sahibidir, hər şeyi biləndir.
74. Bir zaman İbrahim öz atası Azərə dedi: "Doğrudanmı sən bütləri tanrılar edirsən? Mən səni və sənin camaatını açıq-aşkar yolunu azmış görürəm."
75. İbrahimə göylərin və yerin səltənətini beləcə göstərdik ki, o, möhkəm inamlılardan olsun.
76. Üzərinə gecə çökdükdə o, bir ulduz görərək: "Bu, mənim Rəbbimdir" - dedi. O batdıqda isə: "Mən batanları sevmirəm." - dedi.
77. Ayın doğulduğunu gördükdə: "Bu, mənim Rəbbimdir" - dedi. O batıb gedəndə isə: "Əgər Rəbbim mənə düz yol göstərməsə, mən yolunu azmış adamlardan olacağam, " - dedi.
78. Günəşin çıxdığını görüncə: “Bu, mənim Rəbbimdir, bu, daha böyükdür!" - dedi. Batanda isə dedi: "Ey camaatım! Sizin (Ona) şərik qoşmağınızdan mən uzağam
79. Mən bir hənif [sidq ilə inanan] olaraq üzümü göyləri və yeri yaradana tərəf çevirdim. Mən müşriklərdən deyiləm."
80. Camaatı onunla höcətləşdi. O dedi: "Mənə düz yol göstərdiyi halda Allah barəsində mənimlə höcətləşirsiniz? Əlbəttə, Allahın dilədiyi şeylərdən başqa, mən Ona sizin qoşduğunuz şəriklərdən qorxmuram. Rəbbim biliyi ilə hər şeyi əhatə edir. Siz heç düşünməzsinizmi?
81. Necə ola bilər ki, mən sizin (Allaha) qoşduğunuz şəriklərdən qorxam, siz isə Onun üzərinizə bir dəlil kimi nazil etmədiyi şeyi Ona şərik qoşmaqdan qorxmayasınız? Əgər bilirsinizsə (deyin): bu iki dəstədən hansı əmin-amanlığa daha çox haqlıdır?"
82. İman gətirənlər və imanlarını haqsızlıqla qarışdırmayanlar onlar üçün əmin-amanlıq vardır və onlar düz yoldadırlar.
83. Bu, öz camaatına qarşı İbrahimə verdiyimiz dəlilimizdir. Biz istədiyimiz kəsi dərəcə-dərəcə qaldırırıq. Həqiqətən, sənin Rəbbin hikmət sahibidir, hər şeyi biləndir.
84. Biz ona İshaqı və Yaqubu bəxş etdik; hər birini düz yolla apardıq. Daha əvvəl isə Nuhu düz yolla apardıq və onun nəslindən Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da. Xeyirli iş tutanları Biz beləcə mükafatlandırırıq.
85. Zəkəriyyəni, Yəhyanı, İsanı və İlyası da; hamısı əməlisalehlərdən idilər.
86. İsmaili, Əlyəsə'i, Yunisi və Lutu da; hamısını aləmlər üzərində üstün tutduq.
87. Atalarından, törəmələrindən və qardaşlarından da bir qismini seçərək düz yola yönəltdik.
88. Bu, Allahın Öz istədiyi bəndələrinə göstərdiyi yoldur. Əgər (Ona) şərik qoşsaydılar gördükləri iş hədər gedərdi.
89. Bunlar Kitab, hikmət və peyğəmbərlik bəxş etdiyimiz kəslərdir. Əgər onlar bunlara inanmasalar, onda bunları inanan adamlara tapşırarıq.
90. Bunlar Allahın düz yolla apardığı kəslərdir. Bunların yolu ilə get ! De: "Bunun üçün sizdən bir haqq istəmirəm. O [Quran], aləmlər üçün yalnız bir xatırlatma - öyüd-nəsihətdir".
91. Onlar: "Allah insana heç bir şey nazil etməmişdir." - deməklə Allahı layiqincə qiymətləndirmədilər. De: "Musanın insanlar üçün bir nur və düz yol göstəricisi kimi gətirdiyi Kitabı kim nazil etmişdir? Siz onu yazıya çevirib bir qismini göstərir, çoxunu isə gizlədirsiniz. Axı, sizə nə özünüzün, nə də ata-babalarınızın bilmədikləri öyrədildi." De: "Allah (nazil etdi)". Sonra isə onları öz boşboğazlıqları içərisində oynasınlar deyə tərk et!
92. Bu, özündən əvvəl göndəriləni təsdiq edən, şəhərlər anasına [Məkkəyə] və onun ətrafındakılara xəbərdarlıq etməyin üçün göndərdiyimiz mübarək bir Kitabdır. Axirətə inananlar ona da inanırlar və öz namazlarına (haqqı ilə) riayət edirlər.
93. Allaha qarşı yalan uydurandan və ya özünə heç nə vəhy olunmadığı halda: "Mənə vəhy olunmuşdur." -söyləyəndən və "Allahın nazil etdiyi kimi mən də nazil edərəm" - deyəndən daha zalımı kimdir? - zalımların ölüm girdabında olduğunu, mələklərin isə əllərini uzadaraq: "Canınızı çıxardıb (verin)! Allaha qarşı haqsız sözlər dediyinizə və Onun ayələrinə təkəbbürlə yanaşdığınıza görə bu gün sizi alçaldıcı əzabla cəzalandıracağıq." - (de-diklərini) bir görəydin!
94. Hüzurumuza sizi ilk dəfə xəlq etdiyimiz kimi, həm də sizə verdiyimiz nemətləri arxanızda tərk edərək tək-tənha gəldiniz və Biz içərinizdə Allaha şərik qoşmaq iddiasında olduğunuz havadarlarınızı sizinlə bir yerdə görmürük. Artıq aranızda əlaqə kəsilib və iddiasında olduğunuz sizdən üz döndəribdir.
95. Həqiqətən, Allah dəni də, çərdəyi də cücərdəndir. O, ölüdən diri əmələ gətirir, diridən isə ölü əmələ gətirir. Budur sizin üçün Allah! Gör siz nə qədər yalana uyursunuz!
96. O, dan yerini sökəndir. O, gecəni dinclik, günəşi və ayı isə vaxt hesabı üçün yaratdı. Bu, qüvvət və elm sahibinin müəyyən etdiyi hökmdür.
97. Qurunun və dənizin qaranlıqlarında yolu tapa bilməyiniz üçün sizə ulduzları yaradan Odur! Biz ayələri həqiqətən anlayan adamlar üçün müfəssəl aydınlaşdırdıq.
98. Sizi bir candan törədən, qərar tutulan və əmanət saxlanılan yeri də (yaradan) Odur! Biz anlayan adamlar üçün ayələri müfəssəl aydınlaşdırdıq.
99. Səmadan su endirən də Odur! Belə ki, onunla [su ilə] Biz hər bir şeyin bitkisini bitirdik, ondan yaşıllıq yaratdıq, ondan da bir-birinin üzərinə yığılmış dənələr çıxarırıq. Xurma ağacından, onun yenicə gülünü tökmüş meyvəsindən sallanmış salxımlar olur. Biri-birinə bənzəyən və bənzəməyən üzüm, zeytun və nar bağları da (yaratdıq). Bunların meyvə verməsinə və yetişməsinə bir nəzər salın! Həqiqətən, bunda iman gətirən insanlar üçün ayələr vardır.
100. Onlar cinləri də Allaha şərik qoşdular, halbuki onları da Allah yaratmışdır. Özləri bir şey bilmədən Onun adına oğullar və qızlar uydurdular. Ona təriflər olsun! O, onların təsəvvür etdiklərinin fövqündədir.
101. O, göylərin və yerin yaradıcısıdır! Zövcəsi olmadığı halda necə ola bilər ki, Onun övladı olsun. Hər şeyi O xəlq etmişdir. O, hər şeyi biləndir!
102. O, sizin Allahınız, Rəbbinizdir. Ondan başqa bir tanrı yoxdur və hər şeyi xəlq edən Odur. Ona ibadət edin! O, hər şey üzərində zamindir.
103. Gözlər Onu qavraya bilmir, O isə gözləri qavrayır. O, lütfkardır, hər şeydən xəbərdardır.
104. Rəbbinizdən sizə dəlillər gəlmişdir. Kim bəsirət gözünü açıb görərsə, (xeyri) özü üçündür, kim onlara göz yumarsa özünə qarşı çıxmış olar. Mən sizin üçün nəzarətçi deyiləm!
105. Ayələrimizi Biz beləcə müfəssəl aydınlaşdırırıq ki, onlar: "Sən kimdənsə dərs almısan." - desinlər, Biz isə bunu anlayan adamlara izah edək.
106. Rəbbindən sənə vəhy olunanın ardınca get! Ondan başqa bir tanrı yoxdur. Müşriklərdən üz çevir.
107. Allah istəsəydi onlar Ona şərik qoşmazdılar. Biz səni onların üzərinə bir nəzarətçi qoymamışıq və sən onların üzərində vəkil də deyilsən.
108. Allahdan başqalarına [bütlərə] tapınanları [və bütlərini] söyməyin, yoxsa onlar da haqsızcasına, bilmədən Allahı söyərlər. Hər xalq üçün əməllərini beləcə bəzədik. Sonra onlar özlərinin Rəbbinə qayıdacaqlar, O da etdikləri işlərdən onlara xəbər verəcəkdir.
109. Onlar ən ülvi andlanna - Allaha and içdilər ki, onlara bir ayə gələrsə mütləq ona inanacaqlar. De: "Ayələr ancaq Allahın dərgahındadır. Ayələr gəldikdə isə inanmayacaqlarını anlamazsınızmı?"
110. İlk dəfə ona inanmadıqları vaxtda olduğu kimi Biz onların ürəklərini və gözlərini tərsinə çevirər və onları öz haqsızlıqları içərisində kor-koranə dolaşan vəziyyətdə tərk edərik.
111. Əgər onlara mələkləri də nazil etsək, ölülər də onlarla danışsa, hər şeyi onların qarşısına toplasaq da, Allah istəməsə, onlar inanan deyildirlər. Lakin onların çoxu bunu bilmir.
112. Beləliklə, Biz hər bir peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər düzəltdik, onlar biri digərini qürrələndirmək məqsədilə ona təmtəraqlı sözlər deyir. Əgər sənin Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları öz uydurmaları ilə birlikdə tərk et
113. ki, axirətə inanmayanların ürəkləri ona [qürrələnməyə] meyl etsin, bundan xoşhal olsunlar və qazanacaqları (günahları) qazansınlar.
114. De: “Məgər Allahdan başqa bir hökm verənmi istərəm? Axı sizə Kitabı [Quranı] təfsilatı ilə nazil edən Odur". Kitab bəxş etdiklərimiz bilirlər ki, o, sənin Rəbbin tərəfindən haqq olaraq nazil edilmişdir. Heç vaxt şəkk edənlərdən olma!
115. Sənin Rəbbinin kəlamı sidq və ədalətlə tamamlandı. Onun kəlamlarini dəyişən olmaz. O, eşidəndir, hər şeyi biləndir.
116. Əgər sən yer üzündə olanların çoxuna uysan, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq güman ardınca gedir və ancaq yalan uydururlar.
117. Həqiqətən, sənin Rəbbin Onun yolundan çıxanları daha yaxşı tanıyır. O, düz yolla gedənləri də daha yaxşı tanıyır.
118. Əgər Allahın ayələrinə inanırsınızsa, (kəsilərkən) Onun adı zikr olunmuşlardan yeyin.
119. Sizə nə olub ki, üzərində Allahın adı zikr olunanlardan yeməyəsiniz? O ki, məcbur olduğunuz şeylər istisna olmaqla, haram edilmişləri sizin üçün sadalamışdır. Bir çoxları isə bu barədə biliyi olmadan öz həva-həvəsləri ilə (adamları) yoldan çıxarırlar. Həqiqətən, sənin Rəbbin həddini aşanları daha yaxşı tanıyır.
120. Günahın aşkarından da, gizlisindən də əl çəkin! Həqiqətən günah qazananlar etdikləri əməllərə görə cəzalanacaqlar.
121. Üzərində Allahın adı zikr olunmayanlardan yeməyin, axı bu, azğınlıqdır. Şeytanlar öz tərəfdarlarına təlqin edirlər ki, onlar sizinlə mübahisəyə girsinlər. Əgər siz onlara qulaq assanız, onda siz də müşriklərdən olarsınız.
122. Məgər ölü ikən diriltdiyimiz və onun üçün yaratdığımız işıqla insanlar arasında gəzən kəs zülmətlər içərisində olub oradan çıxa bilməyən kəsə bənzərmi? Kafirlərə öz əməlləri beləcə bəzədildi.
123. Beləliklə hər bir diyarda oranın günahkarlarını başçılar etdik ki, orada məkrlə məşğul olsunlar. Onlar yalnız öz-özlərinə qarşı məkr işlədirlər, heç özləri də bunu duymurlar.
124. Onlara bir ayə gəldikdə onlar deyərlər: "Allahın peyğəmbərinə verilənə bənzəri bizə də verilməyincə inanan deyilik". Allah peyğəmbərliyi kimə verəcəyini daha yaxşı bilir. Günah işlədənlərə etdikləri məkrlərə görə Allahın hüzurunda zillət və şiddətli əzab üz verəcəkdir.
125. Allah kimə düz yol göstərmək istəyirsə, onun köksünü islam üçün geniş edir. Kimi yoldan çıxarmaq istəyirsə, onun köksünü o qədər dar və sıxıntılı edir ki, sanki o, səmaya qalxır. Allah iman gətirməyənləri beləcə rüsvay edir.
126. Bu, sənin Rəbbinin düz yoludur. Biz ayələri düşünüb - daşınan adamlar üçün müfəssəl izah etdik.
127. Onlar üçün öz Rəbbi dərgahında əmin-amanlıq evi [cənnət] vardır. Əməlləri sarıdan onların himayəçisi Odur!
128. Onların hamısını bir yerə toplayacağı gün (deyəcəkdir): "Ey cinlər tayfası! Siz insanlardan bir çoxunu (şirnikləndirib) yoldan çıxartdınız". Onların tərəfdarı olan insanlar deyəcəklər: "Rəbbimiz, biz biri-birimizdən faydalandıq və Sənin bizim üçün təyin etdiyin əcəlimizə gəlib çatdıq". O, deyəcək: "Allahın istədiyi kəslərdən başqa sizin yeriniz cəhənnəm odudur ki, orada əbədi qalacaqsınız". Həqiqətən sənin Rəbbin hikmət sahibidir, hər şeyi biləndir !
129. Beləliklə, kəsb etdikləri (günahlara) görə zalımları bir- birlərinə tay edirik.
130. Ey cin və insan tayfası! Məgər öz içərinizdən sizə ayələrimi danışan və bu gününüzlə görüşəcəyiniz barəsində sizə xəbərdarlıq edən peyğəmbərlər gəlmədimi? Onlar deyəcəklər: "Biz öz-özümüzə qarşı şahidlik edirik". Onları bu dünya həyatı şirnikdirdi və onlar kafir olduqları barədə öz-özlərinə qarşı şahidlik etdilər.
131. Bu ona görədir ki, sənin Rəbbin əhalisi (haqdan) qəflətdə olan məmləkətləri haqsızcasına məhv edən deyildir.
132. Hər bir kəsin əməlinə görə dərəcəsi vardır. Sənin Rəbbin onların etdiklərindən xəbərsiz deyildir.
133. Sənin Rəbbin heç nəyə möhtac deyildir və mərhəmət sahibidir. İstəsə sizi məhv edər və sizi başqa xalqın nəslindən törədib yaratdığı kimi, özünüzdən sonrakı istədiyi kəslərlə də əvəz edər.
134. Həqiqətən, sizə vəd olunan (qiyamət günü) gələcəkdir. Siz isə bunun qarşısını ala bilməzsiniz.
135. De: "Ey camaatım! Əlinizdən gələni edin, mən də edirəm. Axirət evinin kimə qismət olacağını biləcəksiniz. Haqsızlar uğur qazanmazlar.
136. Onlar Allahın yaratdığı əkin-biçindən, mal-qaradan Ona bir pay ayıraraq deyirlər “Bu, - onların iddiasınca - Allah üçündür, bu da bizim şərik qoşduqlanmız üçündür”. Onların Allaha qoşduqları şərikləri üçün ayırdıqlan Allaha çatmır, Allah üçün ayırdıqları isə şəriklərinə çatır. Onlar necə də pis hökm verirlər!
137. Beləliklə, onların qoşduqları şərikləri müşriklərdən bir çoxuna öz övladlarını öldürməyi yaxşı bir iş kimi göstərdilər ki, onları məhv etsinlər və dinlərini onlar üçün qarmaqarışıq etsinlər. Allah istəsəydi onlar bunu etməzdilər. Onları uydurduqları iftira ilə birlikdə burax!
138. Onlar: “Bunlar qadağan olunmuş mal-qara və əkindir. Onları yalnız bizim istədiyimiz kəslər yeyə bilər." - deyə iddia etdilər. Heyvanlardan eləsi vardır ki, minilməsi qadağan edilmişdir, eləsi də vardır ki, (kəsərkən) Allaha yalan uyduraraq Onun adını zikr etmirlər. Allah onları uydurduqları yalana görə cəzalandıracaqdır.
139. Onlar dedilər: "Bu heyvanların bətnlərindəki (bala) bizim kişilərimiz üçün yeməli, qadınlarımız üçün isə haramdır.” Əgər o (bala) ölü olarsa, onda onlar [kişi və qadınlar] bunu (yeməkdə) şərik olarlar. Bu sözlərinə görə Allah onları cəzalandıracaqdır. Həqiqətən, O, hikmət sahibidir, hər şeyi biləndir.
140. Səfehlik üzündən anlamadan öz övladlarını öldürənlər, Allaha iftira ataraq Allahın onlara verdiyi ruziləri haram sayanlar, şübhəsiz ziyana uğramış olurlar. Onlar, artıq yolu azmışlar, düz yolla gedən deyildirlər.
141. Dayaq üzərində və öz gövdəsi üzərində duran bağlan, dadları müxtəlif olan xurma və bitkiləri, bir-birinə bənzəyən və bənzəməyən zeytunu və narı yaradan Odur. Onlar məhsul verəndə meyvələrdən yeyin və yığım vaxtı haqqını [zəkat və sədəqə] verin, ancaq israfa varmayın. Həqiqətən, Allah israfa varanları sevmir!
142. Heyvanlardan isə - yük daşımaq, (yunundan, dərisindən) döşənəcək (kimi istifadə etmək) üçün (yaratdı). Allahın sizə verdiyi ruzidən yeyin və şeytanın izi ilə getməyin. Axı o, sizin açıq-aşkar düşməninizdir.
143. O, erkək və dişi olaraq səkkiz heyvan (yaratdı); qoyundan ikisini və keçidən ikisini. De: "O hər iki erkəyimi haram buyurmuşdur, yoxsa iki dişini, yaxud dişilərin bətnindəki (balalarımı)? Əgər düz danışansınızsa mənə tutarlı bir cavab verin!"
144. Dəvədən də ikisini, inəkdən də ikisini (yaratdı). De: "O, hər iki erkəyi haram buyurmuşdur, yoxsa hər iki dişini, yaxud dişilərin bətnindəki (balalarımı)? Allah bunu sizə tövsiyə edəndə məgər siz də şahid idiniz?" Heç nədən xəbəri olmayan insanları yoldan azdırmaq üçün Allaha yalan uyduranlardan daha zalımı kim ola bilər? Həqiqətən, Allah zalımlan düz yola yönəltməz.
145. De: "Mənə gələn vəhylər içərisində yeyənlər üçün haram buyrulmuş yeməklər görmürəm. Ölü heyvan və ya axar qan, yaxud donuz əti - çünki bu, murdardır - və yaxud Allahdan başqasının adı ilə kəsilmiş natəmiz heyvanlar isə (haramdır). Hər kim istəmədən və həddini aşmadan (bunlardan yeməyə) məcbur olarsa (günah olmaz). Həqiqətən, sənin Rəbbin bağışlayandır, rəhmlidir.
146. Yəhudilərə Biz bütün dırnaqlıları haram etdik. İnək və qoyunun isə bel sütunlarındakı və ya bağırsaqlarındakı, yaxud sümüyə qarışan yağdan başqa piyləri haram etdik. Həddi aşdıqlanna görə onları cəzalandırdıq. Axı Biz düzünü deyənik.
147. Əgər onlar səni yalançı hesab etsələr, onda de: "Sizin Rəbbiniz geniş mərhəmət sahibidir. Onun günahkar adamlara (verəcəyi) əzab dəfolunmazdır."
148. Allaha şərik qoşanlar deyəcəklər: "Əgər Allah istəsəydi nə biz Ona şərik qoşardıq, nə də atalarımız. Heç bir şeyi də haram saymazdıq." Onlardan əvvəlkilər də Bizim gücümüzü dadana qədər beləcə yalan danışdılar. De: “Sizdə elə bir bilik varmı ki, onu bizə göstərə biləsiniz? Siz ancaq gümana uyur və yalnız yalan uydurursunuz.”
149. De: Tutarlı dəlil ancaq Allahındır. Əgər O, istəsəydi, sizin hamınıza düz yol göstərərdi".
150. De: "Allahın bunu haram buyurduğuna şahidlik edəcək şahidləriniz qoy gəlsinlər (görək)!" Əgər onlar şəhadət versələr, sən onlarla şəhadət vermə, Bizim ayələrimizi yalan hesab edənlərin və axirətə inanmayanların istəklərinə uyma. Onlar özlərinin Rəbbinə (başqalarını) tay tuturlar.
151. De: "Gəlin Rəbbinizin sizə nəyi haram buyurduğunu oxuyum: "Ona heç nəyi şərik qoşmayın; valideynlərə yaxşılıq (edin); övladlarınızı yoxsulluq ucbatından öldürməyin, sizin də, onların da ruzisini Biz veririk; pis əməllərin aşkarına da, gizlisinə də yaxın durmayın; (öldürülməsini) Allahın qadağan etdiyi adamı haqsız yerə öldürməyin. Bunu O, sizə tövsiyə etdi ki, bəlkə ağıllanasınız.
152. Həddi-buluğa çatana qədər yetimin malına yalnız xeyirxahlıqla yaxın durun; ölçü və çəkidə düz olun. Biz heç kəsi gücü çatmadığına vadar etmərik; siz (bir şey) söylədikdə, yaxın qohumunuz olsa belə, ədalətli olun; Allah qarşısındakı əhdə əməl edin. Bunu O sizə tövsiyə etdi ki, bəlkə düşünüb öyüd alasınız!
153. Bu, Mənim düz olan yolumdur. Onunla gedin! Başqa yollara düşməyin ki, Allahın yolundan uzaqlaşmayasınız. Bunu O sizə tövsiyə etdi ki, bəlkə Allahdan qorxasınız!"
154. Sonra Biz Musaya yaxşı iş tutanlar üçün tamamlanan, hər şeyi aydın edən, düz yol göstəricisi və bir mərhəmət olan Kitabı [Tövratı] bəxş etdik ki, bəlkə onlar öz Rəbbi ilə görüşəcəklərinə inanalar.
155. Bu, Bizim nazil etdiyimiz mübarək bir Kitabdır. Onun ardınca gedin və (Allahdan) qorxun ki, bəlkə sizə rəhm oluna!
156. Belə ki: “Kitab bizdən əvvəlki iki tayfaya [yəhudilərə və xaçpərəstlərə] göndərilib, biz isə onu oxuya bilmirik,” -deməyəsiniz.
157. Yaxud: "Əgər kitab bizə nazil olsaydı, onlardan daha düz yolda olardıq." - deməyəsiniz. Artıq sizə Rəbbinizdən aşkar bir dəlil, düz yol göstəricisi və mərhəmət gəlmişdir. Allahın ayələrini yalan hesab edib, onlardan üz döndərəndən daha zalımı kim olar? Ayələrimizdən üz döndərənləri üz döndərdiklərinə görə pis əzabla cəzalandıracağıq.
158. Məgər onlar gözləyirlər ki, onlara mələklər və ya sənin Rəbbin, yaxud sənin Rəbbinin bəzi dəlilləri [qiyamət əlamətləri] gəlsin? Rəbbinin bəzi dəlillərinin gəldiyi gün, əgər əvvəlcədən iman gətirməyibsə və ya öz imanı ilə bir xeyir qazanmayıbsa, heç bir kəsə iman gətirməsi fayda verməyəcəkdir. De: "Gözləyin, biz də gözləməkdəyik!"
159. Özlərinin dinini parçalayıb bölük-bölük olanlar, sənin onlarla heç bir şeydə (bağlılığın) yoxdur. Onların işi Allaha qalıb. Sonra O onlara nələr etdiklərini bildirəcəkdir.
160. Kim yaxşı iş tutubsa, bu ona on qat artırılar, kim pis iş tutubsa, o, yalnız buna bənzəri ilə cəzalanar. Onlara zülm edilməz.
161. De: “Rəbbim həqiqətən də məni düz yola, həqiqi dinə, müşriklərdən olmayan hənif İbrahimin dininə yönəltdi."
162. De: “Mənim namazım da, ibadətim də, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür ki,
163. Onun heç bir şəriki yoxdur. Mənə belə buyrulmuşdur və mən müsəlmanların ilkiyəm.
164. De: "Allah hər şeyin Rəbbi ola-ola mən Ondan başqa bir Rəbbmi axtaracağam?" Hər kəsə ancaq öz kəsb etdiyi qalacaq. Bir yük [günah] daşıyan başqasının yükünü daşımaz. Sonra isə qayıdışınız Rəbbinizədir və O da sizin nədə ixtilafda olduğunuzu sizə bildirəcəkdir.
165. Sizi yer üzünün varisləri edən, verdiyi (nemətlərdə) sizi sınasın deyə, dərəcələrlə birinizi digərinizin fövqünə qaldıran Odur. Həqiqətən, sənin Rəbbin tez cəza verəndir, həqiqətən, O, bağışlayandır, rəhmlidir !