Məzmuna keç

Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/ƏNBİYA SURƏSİ

Vikimənbə saytından
Quran. ƏNBİYA SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(yüz on iki ayədən ibarət Məkkə surəsi)

Mərhəmətli, Rəhmli Allahın adı ilə !


1. İnsanlara [Məkkə kafidən] haqq-hesab vaxtı yaxınlaşdı, isə hələ də qəflətdə olub (hazırlaşmağa) biganədirlər.

2. Onlara öz Rəbbindən elə bir yeni xəbərdarlıq, öyüd-nəsihət gəlmir ki, onu məsxərəyə qoya-qoya dinləməsinlər

3. qəflətdə olan ürəkləri ilə. Haqsızlar xəlvəti söhbət edərək (bir- birlərinə): “Məgər bu, sizini kimi bir insan deyil?! Yəni gözünüz görə- görə sehrbazlığa uyacaqsınız?“ - dedilər.

4. Peyğəmbər dedi: “Rəbbim göylərdəki və yerdəki söz-söhbəti bilir. Axı O, hər şeyi eşidəndir, biləndir.

5. Onlar isə dedilər: “Xeyr, bu [Quran], qarmaqarışıq röya xülyalarıdır. Xeyr, O, bunu özündən uydurubdur. Xeyr, o, şairdir. Əvvəl göndərilənlər kimi qoy o da bizə möcüzə gətirsin.”

6. Onlardan əvvəl Bizim məhv etdiyimiz məmləkətlərdən heç biri iman gətirməmişdi. Yəni bunlar inanarlar ?

7. Səndən əvvəl də Biz ancaq vəhy verdiyimiz kişiləri (peyğəmbər) göndərirdik. Əgər özünüz bilmirsinizsə, Kitab əhlindən soruşun.

8. Biz onları yemək yeməyən vücud etmədik, onlar əbədi də deyildilər.

9. Sonra Biz vədi onlar üçün gerçəkləşdirdik, onları və istədiyimiz kəsləri xilas etdik, həddi aşanları isə məhv etdik.

10. İçərisində sizin üçün xəbərdarlıq, öyüd-nəsihət olan Kitabı sizə nazil etmişik. Məgər ağıla gəlməzsiniz?

11. Biz haqsızlıq etmiş neçə məmləkəti yerlə-yeksan edib, onlardan sonra başqa tayfalar yaratdıq.

12. Elə ki, onlar gücümüzü hiss etdilər, oradan qaçmağa başladılar

13. (Onlara deyildi): "Qaçmayın, sizə bəxş olunmuş xoş güzərana, öz məskənlərinizə qayıdın. Yəqin ki, siz sorğu-suala tutulacaqsınız".

14. Onlar dedilər: "Vay bizim halımıza, biz doğrudan da haqsız olmuşuq!"

15. Biz onları əkin kimi biçib yanmış küləşə çevirənə qədər onların bu harayının ardı-arası kəsilmədi.

16. Biz səmanı, yeri və onların arasında olanları əyləncə üçün yaratmamışıq.

17. Əgər Biz Özümüz üçün əyləncə düzəltmək istəsəydik və bunu edən olsaydıq, Öz dərgahımızdan edərdik.

18. Biz batili haqq ilə vururuq, o da onu dağıdıb məhv edir və o yox olub gedir. (Allaha) verdiyiniz sifətlərə görə vay sizin halınıza!

19. Göylərdə və yerdə kim varsa, Onundur. Onun dərgahında olanlar [mələklər] isə Ona ibadət etməkdə təkəbbür göstərmir və ya yorulmaq bilmirlər.

20. Onlar gecə-gündüz yorulub usanmadan Onun şəninə təriflər deyirlər.

21. Yoxsa onlar yerdən tanrılar götürüblər ki, onlar ölüləri diriltsinlər?

22. Əgər orada [göylərdə və yerdə] Allahdan başqa tanrılar mövcud olsaydı, onda onlar [göylər və yer] korlanıb gedərdi. Ərş sahibi Allah onların verdikləri sifətlərdən yüksəkdə durub təriflərə layiqdir.

23. O, nə etdiyi barədə sorğu-suala tutulmaz, onlar isə (öz əməlləri barəsində) sorğu-suala tutularlar.

24. Məgər onlar Onu qoyub başqalarını tanrılar götürürlər? De: "Dəlilinizi gətirin! Bu, mənimlə olanlara Zikr [Quran], bu da məndən əvvəlkilərə olan Zikr [Tövrat və İncil]". Amma onların çoxu haqqı bilmir və üz döndərirlər.

25. Biz səndən əvvəl də elə bir peyğəmbər göndərmədik ki, ona: “Məndən başqa bir tanrı yoxdur. Mənə ibadət edin!” -deyə vəhy etməyək.

26. Onlar dedilər "Axı mərhəmətli Allah (mələklərdən) Özünə bir övlad götürmüşdür". Ona təriflər olsun! Axı (bu mələklər) hörmətə layiq edilmiş qullardır.

27. Onlar [mələklər] söz deməkdə Onu qabaqlamırlar və Onun əmri ilə iş görürlər.

28. O, onların nə etdiklərini və nə edəcəklərini bilir. Onlar ancaq Onun razı qaldığı kəsi himayə edərlər və Onun qorxusundan əsərlər.

29. Mələklərdən kim: “Mən Allahdan başqa bir tanrıyam." - desə, Biz onu cəhənnəmlə cəzalandırarıq.

30. Məgər kafirlər bilmirlər ki, göylər və yer bir-birinə bitişik olduğu halda Biz onları ayırdıq və hər bir canlını sudan yaratdıq? Onlar yenədəmi inanmırlar?

31. Yer üzərində möhkəm dağlar düzəltdik ki, yer insanlarla birlikdə titrəməsin. Dağlarda cığırlar-yollar düzəltdik ki, bəlkə onlar (istədikləri yerə) gedə bilsinlər

32. Biz göyü yerində saxlanılan bir tavan etdik, onlar isə göydəki dəlillərdən [günəş, ay, ulduzlardan] üz döndərdilər.

33. Gecə və gündüzü, günəşi və ayı yaradan Odur. Bunların hamısı çərxi- fələkdə [göy qübbəsində] üzür.

34. Biz səndən əvvəl də heç kəsə əbədilik vermədik. Yəni sən ölərsən, onlar əbədi qalarlar?

35. Hər bir kəs ölümü dadasıdır. Biz sizi yoxlamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz Bizə qaytarılacaqsınız.

36. Kafirlər səni gördükdə sənə istehza ilə işarə edərək (bir- birlərinə) deyərlər: "Sizin tanrılarınızı (tənə ilə) xatırlayan budurmu?" Onlar mərhəmətli Allahın xəbərdarlığını, öyüd-nəsihətini qəbul etmirlər.

37. İnsan tələsiklik maddəsindən [fitrən hövsələsiz] xəlq olunmuşdur. Mən dəlillərimi sizə göstərəcəyəm, Məni tələsdirməyin!

38. Onlar deyərlər: "Əgər düz deyirsinizsə, onda (deyin görək) bu vəd [qiyamət günü] nə vaxt olacaqdır?"

39. Kaş kafirlər odu öz üzlərindən və kürəklərindən dəf edə bilməyəcəkləri və özlərinə heç bir kömək göstərilməyəcək vaxtdan xəbər tutaydılar.

40. O isə onlara qəflətən gələrək onları dəhşətə gətirəcəkdir. Onlar onun qarşısını ala bilməyəcəklər və onlara möhlət də verilməyəcəkdir.

41. Səndən əvvəlki peyğəmbərlər də məsxərəyə qoyulmuşdular. Onlan nə ilə məsxərəyə qoyurdularsa, özləri ona düçar oldular.

42. De: “Kim sizi gecə-gündüz mərhəmətli Allahdan qoruyacaq?” Onlar öz Rəbbinin xəbərdarlığından, öyüd-nəsihətindən üz döndərdilər.

43. Yoxsa onlan Bizdən qoruyan öz tanrıları vardır? Bu tannlar heç öz- özlərinə kömək edə bilməzlər. O kafirlər Bizdən yaxa qurtara bilməyəcəklər.

44. Bəli, Biz onlara və ata-babalarına xoş güzəran verdik. Belə ki, ömürləri onlara uzun göründü [qürrələndilər]. Məgər onlar Bizim (islamı yaymaqla) onların torpaqlarını hər tərəfdən azalda-azalda gəldiyimizi görmürlər? Belə isə qalib onlardırmı?

45. De: "Mən sizə ancaq vəhy ilə xəbərdarlıq edirəm". Xəbərdarlıq edilən zaman isə karlar çağrışı eşitməzlər.

46. Onlara sənin Rəbbinin verəcəyi əzabdan kiçik bir əsər-əlamət belə toxunarsa, hökmən deyərlər: “Vay halımıza! Biz, həqiqətən, haqsız olmuşuq”

47. Biz qiyamət günü üçün ədalət tərəziləri quracağıq. Heç kəsə heç nədə haqsızlıq edilməyəcəkdir. Əməli bir xardal dənəsi (ağırlığında) belə olsa, Biz onu gətirəcəyik. Bizim haqq-hesab çəkən olmağımız kifayətdir.

48. Biz Musaya və Haruna Furqanı [haqqı batildən ayıran Tövratı] bir işıq və müttəqilər üçün bir öyüd-nəsihət olaraq nazil etdik.

49. O kəslər üçün ki, onlar gizlində də öz Rəbbindən qorxur və qiyamətin qorxusundan lərzəyə düşürlər.

50. Bu [Quran], Bizim nazil etdiyimiz mübarək bir kitabdır. Siz onu inkarmı edirsiniz?

51. Biz əvvəl də İbrahimə öz düz yolunu bəxş etmişdik. Biz onu tanıyırdıq.

52. O zaman o, öz atasına və camaatına demişdi: “Bu nə heykəllərdir ki, siz onlara ibadət edirsiniz?"

53. Onlar dedilər: "Biz ata-babalarımızın onlara ibadət etdiyini görmüşük".

54. İbrahim dedi: "Siz də, ata-babalarınız da aşkar azğınlıq içərisində imişsiniz."

55. Onlar dedilər: “Doğrudanmı sən bizə haqqı gətirdin, yoxsa oyunbazlardan birisən?"

56. O dedi: “Xeyr, sizin Rəbbiniz göyləri və yeri yaradan Rəbbdir və mən də buna şahidlərdənəm.

57. Allaha and olsun, siz çıxıb getdikdən sonra mən sizin bütlərinizin başına oyun açacağam".

58. İbrahim bütlərin hamısını qırıq-qırıq etdi. Yalnız onların böyüyünü saxladı ki, bəlkə onlar ona dönələr.

59. Onlar dedilər: "Tanrılarımızın başına bu oyunu kim açdı? Şübhəsiz ki, o, haqsızlardandır".

60. Onlar dedilər: "Biz İbrahim adlı bir gəncin onları pislədiyini eşitmişik".

61. Onlar dedilər: "Onu adamların gözü qabağına gətirin ki, bəlkə onlar (görüb) şahidlik edələr".

62. Onlar dedilər: "Bunu bizim tanrılarımıza sənmi etdin, ey İbrahim?"

63. O dedi: "Xeyr, bunu onların bu böyüyü etmiş olar. Əgər danışa bilərlərsə, özlərindən soruşun".

64. Onlar bir-birlərinə müraciətlə: "Axı siz özünüz haqsızsınız". - dedilər.

65. Sonra isə başlarındakı etiqada yenidən dönərək: "Axı sən bilirdin ki, bunlar danışmırlar" - (dedilər).

66. O dedi: "Deməli, siz Allahı qoyub, sizə heç bir xeyri və ziyanı olmayana ibadət edirsiniz?

67. Tfu sizə də, Allahdan başqa ibadət etdiklərinizə də! Ağlınızı başınıza yığmazsınızmı?"

68. Onlar dedilər: "Əgər bir iş görmək istəyirsinizsə, yandırın onu və tanrılarımıza kömək edin!"

69. Biz dedik: “Ey od, İbrahim üçün sərin və xətərsiz ol!"

70. Onlar ona qarşı məkr işlətmək istədilər. Biz isə onları daha artıq ziyana saldıq.

71. Biz onu da, Lutu da aləmlər üçün xeyir-bərəkətli etdiyimiz yerə (göndərib) xilas etdik.

72. Biz ona İshaqı və Yaqubu bir töhfə kimi bəxş etdik, hamısını da əməlisaleh etdik

73. və onları əmrimizlə düz yol göstərən başçılar etdik. Onlara xeyir işlər görməyi, namaz qılmağı, zəkat verməyi vəhy etdik və onlar Bizə ibadət edən oldular.

74. Luta da hikmət və bilik verdik. Onu çirkin əməllər törədən məmləkətdən xilas etdik. Onlar pis, pozğun adamlar idilər.

75. Biz onu Öz mərhəmətimiz içərisinə saldıq. Axı o, əməlisaleh adamlardan idi.

76. Nuhu da (yada sal). Bundan əvvəl o, (Bizi) çağıranda Biz ona cavab verdik. Onu və ailəsini böyük bir bədbəxtlikdən qurtardıq.

77. Biz onu ayələrimizi yalan hesab edən adamlardan qoruduq. Axı onlar şər törədən adamlar idilər. Biz onların hamısını suya qərq etdik.

78. Davudu da, Süleymanı da (yada sal). O zaman onlar adamların qoyun sürüsünün girib korladığı əkin sahəsi barəsində hökm vermişdilər. Onların bu hökmünə Biz də şahid idik.

79. Bunu [belə hökm verməyi] Süleymana Biz başa saldıq. Hər ikisinə hikmət və bilik verdik. Dağları və quşları Davudla birlikdə Allahın şəninə təriflər demək üçün ram etdik. Biz bax belə edirik.

80. Biz ona [Davuda] sizin üçün zireh düzəltməyi öyrətdik ki, sizi (döyüşdə) xətərdən qorusun. Heç şükr edirsinizmi?

81. Süleymana isə xeyir-bərəkətli etdiyimiz yerə onun əmri ilə coşub gedən küləyi (tabe etdik). Biz hər şeyi bilirik.

82. Şeytanlardan Süleyman üçün qəvvaslıq edən və bundan başqa işlər də görənlər vardı. Biz onları [şeytanları] nəzarət altında saxlayırdıq.

83. Əyyubu da (yada sal). O zaman o, Rəbbini səslədi: "Mənə bəla toxunub. Axı sən mərhəmətlilərin ən mərhəmətlisisən!"

84. Biz ona haray verdik, onun bəlasını üzərindən götürdük və Özümüzdən (ona) bir mərhəmət və ibadət edənlər üçün bir ibrət olsun deyə, onun ( həlak olmuş) ailəsini (diriltdik) və onlarla birgə bir o qədərini də ona bəxş etdik.

85. İsmaili, İdrisi və Zul-kifli də (yada sal). Hamısı səbr edənlərdir.

86. Biz onları mərhəmətimiz içərisinə saldıq. Axı onlar əməlisalehlərdəndirlər.

87. Zun-nunu da (yada sal). O zaman o qəzəblənib getdi və zənn etdi ki, Bizim ona gücümüz çatmaz. O, zülmətlər içərisində çağırdı: "Səndən başqa tanrı yoxdur, Sənə təriflər olsun! Mən doğrudan da haqsızlardan olmuşam".

88. Biz ona cavab verdik və onu qəm-qüssədən qurtardıq. Biz möminləri belə xilas edirik!

89. Zəkəriyyəni də (yada sal). O zaman o, Rəbbini harayladı: ‘Rəbbim, məni tək-tənha [övladsız] qoyma. Axı sən varislərin ən xeyirlisisən.”

90. Biz ona cavab verdik və Yəhyanı ona bəxş etdik, zövcəsini isə onun üçün (uşaq doğmağa) yararlı etdik. Həqiqətən, onlar xeyir işlər görməyə can atır, Bizi ümid və qorxu hissi ilə çağırır və Bizə boyun əyirdilər.

91. Öz bəkarətini qoruyub saxlamış qadını [Məryəmi] də (yada sal). Biz öz ruhumuzdan ona üfürdük. Onu da, oğlunu da aləmlər üçün bir möcüzə etdik.

92. Bu, sizin dininizdir - vahid bir dindir. Mən isə sizin Rəbbinizəm. Mənə ibadət edin!

93. Onlar isə bu məsələdə öz aralarında parçalandılar. Onların hamısı Bizim dərgahımıza qayıdacaqdır.

94. Kim mömin olaraq əməlisaleh olarsa, onun səyini danmaq olmaz və Biz (bunu) onun xeyrinə yazarıq.

95. Məhv etdiyimiz hər hansı məmləkətin (əhlinin) bir daha qayıtması qadağan olunmuşdur,

96. nə qədər ki, Yə'cuc-Mə'cuc (səddi) dağılmayıb və onlar hər tərəfdən axışıb gəlməyiblər [qiyamət gününə qədər].

97. Haqq olan vəd [qiyamət] yaxınlaşanda kafirlərin gözləri bərələcək: "Vay halımıza ki, biz bundan bixəbər olmuşuq! Bəli, biz haqsız olmuşuq". - (deyəcəklər).

98. Siz də, Allahdan başqa ibadət etdikləriniz də cəhənnəm üçün odunsunuz və siz oraya girəcəksiniz.

99. Əgər bunlar tanrı olsaydılar, oraya [cəhənnəmə] girməzdilər. Halbuki hamısı orada əbədi qalacaqlar.

100. Onlar orada ah-nalə içərisində olacaqlar və başqa bir şey eşitməyəcəklər.

101. Öncədən özlərinə Bizim xeyirxahlığımız dəyən kəslər isə oradan uzaq ediləcəklər.

102. Onlar oranın [cəhənnəmin] heç xəfif xışıltısını belə eşitməyəcəklər, ürəkləri istədiyi şeylər arasında əbədi qalacaqlar.

103. Ən böyük qorxu [oda atılmaq əmri] onları kədərləndirməyəcək. Mələklər onları qarşılayaraq: "Bu, həmin günümüzdür ki, sizə vəd olunmuşdu." - (deyəcəklər).

104. O günü Biz göyü yazı yazanın kağızı bükdüyü kimi qatlayıb bükərik. İlk dəfə onu necə yaratmışdıqsa, vədimizə görə eləcə də əvvəlki kimi edərik. Biz həqiqətən də (bunu) edənik.

105. (Allah dərgahındakı) yazıdan sonra artıq Zəburda da yazmışdıq ki, yerə [cənnətə] Mənim əməlisaleh bəndələrim varis olarlar.

106. İbadət edənlər üçün həqiqətən də bunda bir bildiriş vardır.

107. Biz səni aləmlər üçün ancaq bir mərhəmət kimi göndərmişik.

108. De: “Mənə sizin tanrınızın vahid tanrı olduğu vəhy olunmuşdur. Siz itaətə girəcəksinizmi?"

109. Onlar üz döndərsələr, onda de: “Mən sizin hamınıza xəbər verdim. Sizə vəd olunanın [əzabın] yaxında və ya uzaqda olduğunu isə mən bilmirəm.

110. Həqiqətən O, açıq deyilən sözü də, sizin gizlətdiklərinizi də bilir.

111. Mən bilmirəm, bəlkə də bu, sizin üçün bir sınaqdır və bir vaxta qədər verilmiş bir güzərandır".

112. O [Məhəmməd] dedi: “Rəbbim, haqq ilə hökm ver! Sizin (Allaha və mənə) aid etdiyiniz sifətlərə qarşı kömək diləniləsi mərhəmətli olan Rəbbimizdir".