Məzmuna keç

Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/ƏNFAL SURƏSİ

Vikimənbə saytından
Quran. ƏNFAL SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(yetmiş beş ayədən ibarət Mədinə surəsi)

Mərhəmətli, Rəhmli Allahın adı ilə !

1. Onlar səndən qənimətlər barəsində soruşarlar. De: "Qənimətlər Allaha və peyğəmbərə məxsusdur. Allahdan qorxun, öz aranızda sülh yaradın, əgər siz iman gətirənsinizsə, Allaha və Onun peyğəmbərinə itaət edin!"

2. Möminlər ancaq o kəslərdir ki, Allah adı çəkiləndə ürəkləri qorxuya düşər, Onun ayələri onlara oxunduqda imanları artar və onlar yalnız özlərinin Rəbbinə təvəkkül edərlər,

3. onlar namaz qılar və Bizim onlara verdiyimiz ruzidən sərf edərlər.

4. Onlar, doğrudan da, möminlərdir. Onlar üçün özlərinin Rəbbi yanında (yüksək) dərəcələr, bağışlanma və bolluca ruzi vardır!

5. Rəbbin eləcə də haqq olaraq səni (döyüş üçün) evindən çıxartdıqda möminlərdən bir dəstə (döyüşə getmək) istəməyərək,

6. (haqq) aydın olandan sonra belə onun barəsində səninlə mübahisəyə girişdilər, sanki gözləri baxa-baxa onları ölümə sürükləyirdilər.

7. O vaxt Allah iki dəstədən [karvan və ordudan] birinin sizin olduğunu sizə vəd etdi. Siz istəyirdiniz ki, silahsız dəstə [karvan] sizin olsun. Allah isə istəyirdi ki, Öz kəlamları ilə haqqı bərqərar etsin, kafirlərin axırına çıxsın,

8. günahkarların xoşuna gəlməsə də, haqqı bərqərar etsin, batili puça çıxarsın.

9. O vaxt siz öz Rəbbinizdən yardım diləyirdiniz, O da sizə cavab verdi: "Şübhəsiz ki, Mən sizə bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm".

10. Allah bunu yalnız müjdə olmaq üçün, onunla ürəklərinizin rahatlıq tapması üçün etdi. Qələbə isə yalnız Allahdan olar, həqiqətən, Allah qüvvət və hikmət sahibidir!

11. O zaman Öz tərəfindən xatircəm olasınız deyə, sizi mürgüyə bürüyürdü, göydən üzərinizə su endirirdi ki, sizi bununla pak etsin, üstünüzdən şeytanın bədnam fikirlərini aparsın, ürəklərinizi möhkəmləndirsin və bununla sizi sabitqədəm etsin.

12. O zaman sənin Rəbbin mələklərə təlqin edirdi: "Həqiqətən Mən sizinləyəm. İman gətirənləri möhkəmləndirin. Mən kafirlərin ürəklərinə vəlvələ salacağam. Onların boynunu vurun, bütün barmaqlarını kəsin!"

13. Bu, ona görədir ki, onlar Allaha və Onun peyğəmbərlərinə qarşı çıxıblar. Hər kim Allaha və Onun peyğəmbərinə qarşı çıxarsa, həqiqətən, Allah şiddətli cəza verəndir!

14. Hələlik bunu dadın və (bilin ki,) kafirlər üçün cəhənnəm odu əzabı da vardır.

15. Ey iman gətirənlər! Kafirlər dəstəsi ilə qarşılaşsanız, onlara arxa çevirib qaçmayın!

16. Başqa bir döyüş tədbiri görmək və ya başqa bir dəstəyə qoşulmaq (istəyənlər) istisna olmaqla kim belə bir gündə dönüb qaçarsa, Allahın qəzəbinə düçar olar. Onun yeri cəhənnəmdir. Nə pis bir dönüş yeridir!

17. Onları siz öldürmədiniz, onları Allah öldürdü. (Düşmənlərə) atdığın zaman belə onu sən atmadın, Allah atdı ki, möminləri Öz tərəfindən yaxşı bir sınaqla yoxlasın. Həqiqətən, Allah eşidəndir, hər şeyi biləndir!

18. Bu belədir! Çünki, Allah kafirlərin fitnə-fəsadını pozandır.

19. (Ey kafirlər!) Əgər qələbə istəyirdinizsə, sizə [üzərinizə] qələbə də gəldi, əgər əl çəksəniz, bu, sizin üçün daha xeyirli olar. Əgər siz bir də (döyüşə) qayıtsanız, onda Biz də qayıdarıq. Dəstəniz nə qədər çox olsa da, bu, sizi heç bir şeydən qurtara bilməz. Həqiqətən, Allah möminlərlədir!

20. Ey iman gətirənlər! Allaha və Onun peyğəmbərinə itaət edin və (deyilənləri) eşitdiyiniz halda, ondan [Qurandan] üz döndərməyin!

21. Qulaq asmadıqları halda; "Eşitdik!" - deyənlər kimi olmayın.

22. Allah yanında canlılardan ən pisi heç nə anlamayan karlallardır.

23. Əgər Allah onların xeyir verəcəyini bilsəydi, onları eşidən edərdi. Əgər O, onlara eşitmə versəydi belə onlar yenə arxa çevirib gedərdilər.

24. Ey iman gətirənlər! (Peyğəmbər) sizi dirildəcək şeylərə çağıran zaman Allaha və peyğəmbərə cavab verin və bilin ki, Allah insan ilə onun qəlbi arasında durur və siz həqiqətən Onun hüzuruna toplanılacaqsınız.

25. Elə bir fitnədən çəkinin ki, o, yalnız sizlərdən zalım olanlara toxunmaqla qalmaz (hamınızı pərişan edər) və bilin ki, Allah şiddətli cəza verəndir.

26. Yadınıza salın ki, siz yer üzündə az, zəif və əlsiz-ayaqsız olduğunuz zaman adamların [kafirlərin] sizi ələ keçirəcəyindən qorxurdunuz. O, sizə sığınacaq verdi, Öz köməyi ilə yardım etdi, sizə yaxşı şeylərdən ruzi verdi ki, bəlkə şükr edəsiniz!

27. Ey iman gətirənlər! Allaha, peyğəmbərə xəyanət etməyin. (Yoxsa) bilə-bilə öz əmanətlərinizə xəyanət etmiş olursunuz.

28. Bilin ki, mal-dövlətiniz də, övladlarınız da (sizin üçün) ancaq bir sınaqdır. Şübhəsiz ki, böyük mükafat Allahın dərgahındadır.

29. Ey iman gətirənlər! Əgər siz Allahdan qorxsanız O, sizə (haqqı nahaqdan) fərqləndirmək bacarığı verər, sizi pis əməllərinizdən təmizlər və sizi bağışlar. Həqiqətən, Allah böyük fəzilət sahibidir!

30. O zaman kafirlər səni tutub saxlamaq, yaxud öldürmək və ya (Məkkədən) çıxarmaq üçün sənə qarşı hiylə işlətdilər. Onlar hiylə işlədir, Allah da tədbirə əl atırdı. Allah tədbir tökənlərin ən yaxşısıdır!

31. Bizim ayələrimiz onlara oxunduqda deyərlər: "Artıq eşitdik, əgər istəsək, biz də buna bənzərini deyə bilərik. Bu, əvvəlkilərin əfsanələrindən başqa bir şey deyildir".

32. O zaman onlar dedilər: "İlahi, əgər bu Səndən olan bir haqdırsa, onda göydən bizim üstümüzə daş yağdır və ya bizə üzücü bir əzab göndər".

33. Sən onların arasında ola-ola Allah onlara əzab verən deyildir. Onlar bağışlanmaqlarını istərkən də Allah onlara əzab verməz.

34. Onlar Məscidül-Həramın sahibləri [nəzarətçiləri] olmaya-olmaya (möminlərə) orada mane olduqları halda Allah niyə də onları cəzalandırmasın?! Onun sahibləri ancaq müttəqilərdir. Lakin onların çoxu (bunu) bilmir.

35. Onların Beytdəki [məsciddəki] duaları fit verib əl çalmaqdan başqa bir şey deyildir. Etdiyiniz küfrə görə əzabı dadın!

36. Küfr edənlər (adamları) Allah yolundan döndərmək üçün mal- dövlətlərini sərf edirlər. Onu sərf edəcəklər, sonra bu, onlar üçün bir peşmançılıq olacaq, sonra da onlar məğlub ediləcəklər. Kafirlər cəhənnəmə toplanacaqlar ki,

37. Allah pisi yaxşıdan seçsin, pisləri bir-birilərinin üzərinə qoysun, sonra isə hamısını qalaqlayaraq cəhənnəmdə yerləşdirsin. Bunlar ziyana düşənlərdir.

38. Kafirlərə de: "Əgər onlar (küfrdən) əl çəksələr, əvvəl olanlar onlara bağışlanar. Əgər (əməllərinə) qayıtsalar, əvvəlkilərin başına gələnlər onların da başına gələr".

39. Fitnə-fəsad yox olanadək və din bütövlüklə (təmizlənib) Allaha məxsus olanadək onlarla vuruşun. Əgər (bundan) əl çəksələr, həqiqətən, Allahonların nə etdiklərini görür!

40. Əgər onlar yenə geri dönsələr, bilin ki, Allah sizin himayəçinizdir. Nə gözəl himayəçi, nə gözəl imdada yetən!

41. Əgər Allaha və (haqqın nahaqdan) fərqləndirildiyi gün - iki dəstənin üz-üzə gəldiyi gün [Bədr günü] bəndəmizə nazil etdiyimizə iman gətirmişsinizsə, bilin ki, (döyüşdə) əldə etdiyiniz qənimətdən beşdən biri Allahın, peyğəmbərin, (onun) qohum-əqrəbasının, yetimlərin, yoxsulların və yolçunundur. Allah hər şeyə qadirdir!

42. O zaman [Bədr günü] siz vadinin yaxın tərəfində, onlar uzaq tərəfində, karvan isə sizdən aşağıda idi. Siz vədələşmiş olsaydınız, o vaxt barəsində ixtilafa düşərdiniz. Amma (bu ona görə idi ki,) Allah olacaq bir işi həyata keçirsin; həlak olanlar açıq-aşkar həlak olsunlar, sağ qalanlar açıq-aşkar sağ qalsınlar. Həqiqətən, Allah eşidəndir, hər şeyi biləndir!

43. O zaman Allah onları yuxunda sənə az sayda göstərdi. Əgər onları sənə sayca çox göstərsə idi, onda siz ruhdan düşər və bir-birinizlə bu məsələdə sözləşərdiniz. Lakin Allah (sizi belə bir vəziyyətdən) qurtardı. Şübhəsiz O, sinələrin içindəkilərdən də xəbərdardır!

44. O zaman siz qarşı-qarşıya gələrkən Allah onları sizin gözünüzdə sayca az göstərdi. Sizi də onların gözündə azaltdı ki, olacaq bir işi həyata keçirsin. Bütün işlər Allaha qayıdar.

45. Ey iman gətirənlər! Əgər bir dəstə (döyüşdə) üz-üzə gəlsəniz, möhkəm durun və Allahı çox xatırlayın ki, bəlkə siz uğur qazanasınız.

46. Allaha və Onun peyğəmbərinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa zəifləyər və gücdən düşərsiniz. Səbr edin! Axı Allah səbr edənlərlədir!

47. Öz yurdlarından təkəbbürlə və özlərini adamlara göstərmək üçün çıxanlar, (adamları) Allah yolundan çıxaranlar kimi olmayın! Allah onların nə etdiklərindən xəbərdardır.

48. O zaman şeytan onların əməllərini özləri üçün bəzəyərək dedi: "Bu gün sizə insanlardan heç kəs qalib gələ bilməz, çünki mən sizin qonşunuzam". Elə ki, iki dəstə bir-birinə göründü, o geri çəkilərək dedi: "Sizin mənə heç bir dəxliniz yoxdur. Sizin görə bilmədiklərinizi mən görürəm. Mən Allahdan qorxuram, Allah isə şiddətli cəza verəndir!"

49. O zaman münafiqlər və ürəklərində bir mərəz olanlar (müsəlmanlar barəsində) dedilər: "Bunların dini özlərini aldatdı". Kim Allaha təvəkkül edərsə, həqiqətən, Allah qüvvət və hikmət sahibidir!

50. Sən bir görəydin, mələklər kafirlərin üzlərinə və kürəklərinə vura- vura "Odun əzabını dadın!" - (deyərək) onların canını necə alırdılar.

51. Bu, sizin öz əllərinizlə etdiklərinizə görədir. Həqiqətən, Allah bəndələrə əsla haqsızlıq etmir.

52. (Bunların halı) Firon nəsli və onlardan əvvəlkilərinki kimidir. Onlar Allahın ayələrini yalan hesab etdilər. Allah da onları öz günahlarına görə yaxaladı. Axı Allah qüvvətlidir, şiddətli əzab verəndir!

53. Bu, ona görədir ki, adamlar ürəklərində olanı dəyişməyincə Allah onlara verdiyi neməti dəyişən deyildir. Axı Allah eşidəndir, hər şeyi biləndir.

54. (Bunların halı) Firon nəslinin və onlardan əvvəlkilərin halı kimidir. Onlar öz Rəbbinin ayələrini yalan hesab etdilər. Biz də onları günahlarına görə məhv etdik. Firon nəslini qərq etdik. Onların hamısı zalımlar idi.

55. Həqiqətən Allahın yanında canlılardan ən pisi küfr edənlərdir, onlar iman gətirmirlər.

56. Onlar o kəslərdir ki, sən onlarla əhd-peyman bağladın, sonra isə hər dəfə öz əhdlərini pozdular və onlar Allahdan qorxan deyildirlər.

57. Əgər döyüşdə onları yaxalasan, ibrət almaları üçün onlar ilə (onlara verəcəyi cəza ilə) arxalarındaki kəsləri dağıt.

58. Əgər bəzi adamların xəyanət etməsindən qorxarsansa, onda ədalətlə (əhdlərini) özlərinə qaytar! Həqiqətən, Allah xəyanət edənləri sevmir!

59. Qoy kafirlər yaxalarını qurtardıqlarını zənn etməsinlər. Doğrudan da onlar (Allahı) aciz edə bilməzlər.

60. Allah düşmənini, öz düşmənlərinizi və sizin bilmədiyiniz, lakin Allahın bildiyi başqa (düşmənləri) qorxutmaq üçün onla qarşı bacardığınız qədər qüvvə və atlı dəstələri hazırlayın. Allahın yolunda sərf etdiyinizin hamısı tamamilə sizə ödəniləcək və sizə haqsızlıq edilməyəcəkdir.

61. Əgər onlar sülhə meyl edərlərsə, sən də ona meyl et və Allaha təvəkkül et! Həqiqətən də O, eşidəndir, hər şeyi biləndir!

62. Əgər onlar səni aldatmaq istəsələr (bil ki,) sənə Allah kifayətdir. Odur öz yardımı ilə və möminlərlə sənə kömək edən,

63. və ürəkləriniz arasında ülfət yaradan. Əgər sən yer üzündə olanların hamısını sərf etsəydin belə onların ürəkləri arasında ülfət yarada bilməzdin. Lakin Allah onların aralarında ülfət yaratdı. Həqiqətən, O, qüvvət və hikmət sahibidir!

64. Ey peyğəmbər! Sənə Allah və möminlərdən sənin ardınca gedənlər kifayətdir.

65. Ey peyğəmbər! Möminləri döyüşə qaldır! Əgər sizin aranızda iyirmi nəfər səbrlisi olsa, iki yüzə qalib gələr, əgər aranızda yüzü olsa kafirlərdən mininə üstün gələr, çünki onlar anlamaz camaatdır.

66. İndi isə Allah (vəziyyəti) sizin üçün yüngülləşdirmişdir. O bilir ki, sizdə zəiflik vardır. Əgər içərinizdə yüz səbirli olsa, onlar iki yüzə qalib gələrlər. Əgər sizdən min (nəfər) olsa, Allahın izni ilə iki minə qalib gələr. Axı Allah səbr edənlərlədir.

67. Yer üzündə (kafirlərə) üstün gəlməyincə heç bir peyğəmbərə əsirləri olması yaraşmaz. Siz bu dünyanın ötəri şeylərini istəyirsiniz. Allah isə axirəti istəyir. Axı Allah qüvvət və hikmət sahibidir!

68. Əgər əvvəlcədən Allahdan bir yazı [hökm] gəlməsəydi, əldə etdiklərinizə [əsir götürməklə qazanca] görə sizə böyük bir əzab toxunardı

69. (Döyüşdə) əldə etdiyiniz qənimətdən halal xoşluqla yeyin və Allahdan qorxun. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir!

70. Ey peyğəmbər! Əlinizdə olan əsirlərə de: "Əgər Allah ürəklərinizdə xeyirxahlıq olduğunu bilsə, (onda) sizə özünüzdən alınmış şeydən [fidyədən] daha yaxşısını verər və sizi bağışlar. Axı Allah bağışlayandır, rəhmlidir!"

71. Əgər onlar sənə xəyanət etmək istəsələr (məyus olma), axı onlar bundan əvvəl Allaha da xəyanət etmişdilər və O, onlar üzərində (sənə) qələbə çaldırdı. Axı Allah hər şeyi biləndir və hikmət sahibidir!

72. İman gətirənlər, hicrət edənlər, öz malları və canları ilə Allah yolunda cihad edənlər (onlara) sığınacaq verib kömək edənlər bunlar bir-birlərinə dostdurlar. İman gətirmiş, lakin hicrət etməmiş kəslər isə hicrət etməyincə onların dostluğundan sizə bir fayda yoxdur. Əgər onlar din yolunda sizdən kömək istəsələr və (bu), aranızda ittifaq olan adamlara qarşı deyilsə, yardım etməlisiniz. Axı Allah nə etdiklərinizi görür.

73. Kafirlər də bir-birlərinə dostdurlar. Əgər siz bunu etməsəniz yer üzündə böyük fitnə-fəsad olar.

74. İman gətirənlər, hicrət edənlər, Allah yolunda cihad edənlər və (onlara) sığınacaq verib kömək edənlər - bunlar həqiqətən də mömindirlər. Onlar üçün bağışlanma və bolluca ruzi vardır.

75. Sonradan iman gətirən və hicrət edib sizinlə bərabər cihad edənlər də sizdəndirlər. Qohumluq əlaqəsi olanlar Allahın Kitabına görə bir- birlərinə daha yaxındırlar. Həqiqətən, Allah hər şeyi biləndir!