Məzmuna keç

Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/ALİ-İMRAN SURƏSİ

Vikimənbə saytından
Quran. ALİ-İMRAN SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(iki yüz ayədən ibarət Mədinə surəsi)

Mərhəmətli, Rəhmli Allahın adı ilə !

1. Əlif. Lam. Mim.

2. Allah - Ondan başqa tanrı yoxdur, əbədiyaşardır, (yaratdıqlarının həmişə keşiyində) durandır.

3. O, Kitabı əvvəl gələnləri təsdiqedici olaraq haqq ilə hissə-hissə sənə nazil etdi. Tövratı və İncili də bundan əvvəl

4. insanlara bir düz yol göstəricisi olaraq nazil etdi. Furqanı [haqqı batildən ayıran Quranı] da O nazil etdi. Allahın ayələrinə inanmayanlara şiddətli əzab olacaqdır. Allah qüdrətlidir, intiqam alandır.

5. Nə yer üzündə, nə də göydə heç nə Allaha gizli deyildir.

6. Bətnlərdə sizi istədiyi şəkilə salan Odur. Qüvvət və hikmət sahibi olan Ondan başqa tanrı yoxdur.

7. Kitabı sənə nazil edən Odur. Orada qəti mənalı ayələr vardır ki, bunlar Kitabın əsasıdır. Başqa ayələr isə oxşar mənalıdır. Qəlblərində sapma meyli olanlar fitnə-fəsad törətmək, (istədikləri kimi) izah etmək arzusu ilə oxşar mənalıya uyurlar. Allahdan başqa isə onun izahını heç kəs bilməz. Bilikdə möhkəm olanlar deyərlər: "Biz Ona inandıq, hamısı Rəbbimizdəndir." Bunu ancaq ağıl sahibləri anlayarlar

8. (və deyərlər); “Rəbbimiz! Bizi düz yola çıxartdıqdan sonra qəlbimizi (haqdan) sapdırma. Bizə Öz tərəfindən bir mərhəmət bəxş et. Sən ki, bəxş edənsən!

9. Rəbbimiz! Sən insanları heç bir şübhə yeri olmayan (qiyamət) günü toplayacaqsan. Həqiqətən Allah vədə xilaf çıxmır."

10. Kafirlərin nə mal-dövlətləri, nə də övladları heç bir şeydə (onları) Allahın əlindən qurtara bilməyəcəkdir. Onlar cəhənnəm odunun yanacağıdırlar.

11. Firon camaatının və onlardan əvvəlkilərin əməlləri kimi; onlar Bizim ayələrimizi yalan hesab etdilər və Allah onları günahlarına görə yaxaladı. Allahın cəzası şiddətlidir.

12. Kafirlərə de: "Siz məğlub olacaq və cəhənnəmə cəm ediləcəksiniz. Nə pis bir yataq!"

13. Üz-üzə gəlmiş iki dəstədə sizin üçün bir ibrət var idi. Bir dəstə Allah yolunda vuruşurdu, o biri isə kafir dəstə idi ki, möminlər onların gözünə sayca ikiqat artıq görünürdülər. Axı Allah istədiyi kəsi Öz köməyi ilə gücləndirir. Həqiqətən, bəsirətlilər üçün bunda bir ibrət vardır.

14. Qadınlara, uşaqlara, yığın-yığın qızıl-gümüşə, cins atlara, mal-qaraya və əkin yerlərinə ehtiras duyğusu insanlar üçün bəzədilmişdir [yaxşı şeylər kimi qələmə verilmişdir]. Bu, dünya həyatının ləzzətidir. Allahın dərgahında isə daha yaxşı sığınacaq vardır.

15. De: "Sizə bunlardan daha yaxşısı barədə xəbər verimmi ? Allahdan qorxanlar üçün öz Rəbbi dərgahında dibindən çaylar axan, orada əbədi qalacaqları, pak zövcələr və Allahın rizası olan cənnət bağları vardır. Allah bəndələri görür

16. O kəsləri ki, onlar: "Rəbbimiz! Biz iman gətirdik, günahlarımızı bizə bağışla və cəhənnəm odu əzabından bizi qoru!" - deyərlər,

17. (o kəsləri ki,) onlar dözümlüdürlər, doğru danışandırlar, (Allaha) itaət edəndirlər, sədəqə verəndirlər və sübh çağı bağışlanma diləyəndirlər."

18. Allah haqqı bildirmək məqsədilə Özündən başqa heç bir tanrının olmadığına şahidlik etdi. Mələklər də, elm sahibləri də qüdrət və hikmət sahibi olan Allahdan başqa heç bir tanrının olmadığına şahidlik etdilər.

19. Həqiqətən Allah yanında din ancaq islamdır. Kitab bəxş olunmuşlar isə ancaq agah olduqdan sonra aralarındakı paxıllıq, kin-küdurət üzündən ixtilafa [ayrılığa] düşdülər. Kim Allahın ayələrinə inanmazsa (bilsin ki), Allah tez haqq-hesab çəkəndir.

20. Səninlə mübahisəyə girişsələr, belə de: “Mən özümü ardımca gələnlərlə birgə Allaha təslim etdim." Kitab bəxş olunanlara və ümmilərə [oxumaq-yazmaq bilməyənlərə] de: “Siz də təslim oldunuzmu [islama girdinizmi]?” Əgər təslim olarlarsa, onda düz yola çıxmış olarlar. Yox əgər üz döndərsələr, onda sənin üzərinə ancaq bəyan etmək (düşür). Allah bəndələrini görür.

21. Allahın ayələrinə inanmayanlara, haqsız olaraq peyğəmbərləri öldürənlərə, insanlar içərisindən ədalətə çağıranları öldürənlərə üzücü əzab xəbərini ver.

22. Onlar əməlləri bu dünyada və axirətdə hədər gedənlərdir. Onlara heç bir yardım edən olmayacaqdır.

23. Kitabdan özlərinə bir pay nəsib olunmuşları görmürsənmi ? Aralarında hökm vermək üçün onlar Allahın Kitabına dəvət edilirlər. Sonra isə bir qismi üz döndərir ki, bunlar da dönüklük edənlərdir.

24. Bu, onların: "Cəhənnəm odu bizə ancaq bir neçə gün toxunacaqdır." - dediklərinə görədir. Onları öz dinləri haqqında uydurduqları aldadıb yoldan çıxartdı.

25. Bəs onda Biz onları şəkk-şübhə yeri olmayan (qiyamət) günü toplayarkən və heç kəsə haqsızlıq edilmədən öz qazandığının əvəzi tam verilərkən necə olacaqdır ?

26. De: "Ey mülkün sahibi Allah! Sən istədiyin kəsə mülk verib istədiyin kəsdən mülkü geri alırsan, istədiyin kəsə qüdrət verib, istədiyin kəsi zillətə salırsan. Xeyirxahlıq Sənin Öz əlindədir, Sən hər şeyə qadirsən!

27. Sən gecəni gündüzə, gündüzü gecəyə qatırsan. Sən cansızdan canlı, canlıdan cansız çıxarırsan. Sən istədiyin kəsə saysız-hesabsız ruzi verirsən.

28. Qoy möminlər möminləri qoyub kafirləri özlərinə dost etməsinlər. Yalnız onlardan qorunmaq xatirinə edənlərdən başqa hər kim bunu edərsə, Allahdan heç nə ummasın. Allah sizə Özü (cəza verəcəyi haqqında) xəbərdar edir. Qayıdış ancaq Allahadır!"

29. De: "Ürəklərinizdə olanları gizlətsəniz də, aşkar etsəniz də, Allah onları bilir. Axı O, göylərdə və yerdə nə varsa, ondan xəbərdardır. Allah hər şeyə qadirdir!"

30. Hər kəs tutmuş olduğu xeyir əməlin və pis əməlin (əvəzini) hazır görəcəyi gün özü ilə onun [pis əməlin əvəzi] arasında böyük məsafə olmasını istəyəcəkdir. Allah sizə Özü (verəcəyi cəza) haqqında xəbərdarlıq edir. Allah bəndələrə şəfqətlidir.

31. De: "Əgər Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı sizə bağışlasın." Allah bağışlayandır, rəhmlidir!

32. De: "Allaha və peyğəmbərə itaət edin! Əgər üz döndərsəniz, (bilin ki,) Allah, həqiqətən, kafirləri sevmir.

33. Allah Adəmi, Nuhu, İbrahim ailəsini və İmran ailəsini aləmlər [insanlar] üzərinə seçdi.

34. Onlar bir-birindən olan nəsillərdir. Allah hər şeyi eşidəndir, biləndir !

35. Bir zaman İmranın zövcəsi demişdi: "Rəbbim! Mən bətnimdəkini ancaq Sənə xidmət üçün nəzir etmişəm. Məndən qəbul et! Sən ki, hər şeyi eşidənsən, bilənsən!"

36. Doğandan sonra isə o dedi: “Rəbbim! Mən onu qız doğdum." Allah isə onun nə doğduğunu daha yaxşı bilirdi, axı oğlan qız kimi deyildir. (Qadın davam edərək dedi:) "Mən onu Məryəm adlandırdım. Onu və onun nəslini daşqalaq olunmuş [lənətə gəlmiş] şeytandan qorumaq üçün Sənə tapşırıram."

37. Rəbbi onu [Məryəmi] yaxşı tərzdə qəbul etdi, gözəl bir şəkildə yetişdirib böyütdü və Zəkəriyyəyə həvalə etdi. Zəkəriyyə hər dəfə mehrabda onun yanına girərkən onun qarşısında bir yemək görürdü. O dedi: "Ey Məryəm! Bu, sənə haradandır?" O isə: "Bu, Allah tərəfindəndir." - söylədi. Doğrudan da Allah istədiyi kəsə saysız-hesabsız ruzi verir.

38. Orada Zəkəriyyə Rəbbini çağıraraq dedi: "Rəbbim! Öz tərəfindən mənə yaxşı bir övlad bəxş et. Axı sən çağırış [dua] eşidənsən!"

39. O, mehrabda durub namaz qılarkən mələklər onu çağırıb (dedilər): “Allah, Allah tərəfindən gəlmiş kəlamı təsdiq edəcək, başçı, nəfsinə hakim, əməlisaleh bir peyğəmbər olacaq Yəhyanın (dünyaya gələcəyi) ilə səni müjdələyir."

40. O dedi: "Ey Rəbbim! Qocalıq məni haqladığı və qadınımın sonsuz olduğu halda necə oğlum ola bilər?” Allah dedi: "Elədir, (lakin) Allah istədiyini edir.”

41. Zəkəriyyə dedi: “Ey Rəbbim! Mənim üçün bir əlamət göstər!" Allah dedi: "Əlamətin odur ki, sən üç gün insanlarla ancaq işarə ilə danışacaqsan. Rəbbini tez-tez yadına sal və səhər-axşam şəninə təriflər de!"

42. O zaman mələklər demişdilər “Ey Məryəm! Allah səni seçdi, pak etdi və səni aləmlərin qadınlarından seçib üstün etdi.

43. Ey Məryəm! Rəbbinə itaət et, səcdə qıl və rüku" edənlərlə rüku et!“

44. Bu, qeybdən olan xəbərlərdir ki, sənə vəhy [təlqin] edirik. Hansının Məryəmə hami olacağı barəsində qələmləri ilə püşk atdıqları zaman sən onların yanında deyildin, onlar çəkişəndə də sən onların yanında deyildin.

45. Onda mələklər dedilər “Ey Məryəm! Allah səni adı Məryəm oğlu Məsih İsa olan bir kəlməsi ilə müjdələyir ki, o da bu dünyada və axirətdə şəni uca və (Allaha) yaxın tutulanlardandır.

46. O həm beşikdə ikən, həm yetkin çağında insanlarla danışacaqdır və [o] əməlisaleh kimsələrdəndir.

47. Məryəm dedi: “Ey Rəbbim! Mənə heç bir insan əli toxunmadığı halda haradan uşağım ola bilər?" Allah dedi: "Elədir, (lakin) Allah istədiyini yaradır. Bir şey (yaratmaq) qərarına gələrsə, ona "Ol !"- deyər, o da olar.

48. Allah ona [İsaya] yazını, hikməti, Tövratı və İncili öyrədəcək.

49. və onu İsrail övladlarına peyğəmbər (edəcəkdir). (İsa deyəcəkdir:) "Mən sizə Rəbbinizdən bir möcüzə gətirmişəm. Mən sizin üçün palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürərəm və o, Allahın izni ilə quşa çevrilər. Allahın izni ilə mən anadangəlmə koru və cüzama tutulanı sağaldar, ölüləri dirildərəm. Evlərinizdə yedikləriniz və saxladıqlarınız haqqında sizə xəbər verərəm. Əgər siz iman gətirənsinizsə, bunda sizin üçün bir dəlil vardır.

50. Məndən əvvəl göndərilmiş Tövratı bir təsdiqləyəci kimi və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün (gəlmişəm). Rəbbinizdən sizə bir möcüzə gətirdim. Allahdan qorxun və mənə itaət edin!

51. Həqiqətən, Allah mənim də Rəbbim sizin də Rəbbinizdir. Ona ibadət edin! Bu düz yoldur!"

52. İsa onlardan küfr hiss etdikdə dedi “Allah yolunda kimlər mənə köməkçilər olaçaqlar?" Həvarilər [apostollar-köməkçilər] dedilər: “Bizik Allahın (dininin) köməkçiləri. Allaha iman gətirdik! Sən də şahid ol ki, biz (Allaha) təslim olanlarıq.

53. Ey Rəbbimiz! Biz sənin nazil etdiyinə iman gətirdik və peyğəmbərin ardınca getdik. Bizi də şahidlərlə bir yerdə yaz!"

54. Onlar hiylə işlətdilər, Allah da fənd işlətdi. Axı Allah ən yaxşı fənd işlədəndir!

55. O zaman Allah dedi: "Ey İsa! Mən sənin ömrünü tamamlayıb Öz dərgahıma qaldıracaq, səni kafirlərdən təmizləyəcək və sənin ardınca gedənləri qiyamət gününə qədər kafirlər üzərində (qalib) edəcəyəm. Sonra isə siz Mənim hüzuruma qayıdacaqsınız və Mən ixtilafda olduğunuz məsələlər barəsində aranızda hökm verəcəyəm.

56. Kafirləri isə bu dünyada və axirətdə şiddətli əzaba düçar edəcəyəm və onlara heç bir kömək edən olmayacaqdır”.

57. O, iman gətirib əməlisaleh olanların haqqını tam verəcəkdir. Allah haqsızları sevmir.

58. Bunları sənə ayələrdən və hikmətli Zikrdən [Qurandan] oxuyuruq.

59. Allah yanında İsanın əhvalatı da Adəmin əhvalatına bənzəyir. O, onu [Adəmi] torpaqdan yaratdı, sonra isə ona "Ol !'-dedi, o da oldu.

60. Haqq sənin Rəbbindəndir. Elə isə sən şübhə edənlərdən olma!

61. Sənə bilik gələndən sonra kim bu barədə səninlə mübahisəyə girişsə, de: "Gəlin övladlarımızı və övladlarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü (bir yerə) çağıraq, sonra isə (Allaha) üz tutaraq yalançılara Allahın lənətini yağdıraq."

62. Doğrudan da haqq olan xəbər budur; Allahdan başqa tanrı yoxdur! Həqiqətən, Allah qüdrət və hikmət sahibidir!

63. Əgər onlar dönük çıxsalar, (bil ki,) həqiqətən, Allah fitnə-fəsad törədənləri tanıyır.

64. De: “Ey Kitab əhli! Bizimlə öz aranızda eyni bir sözə [fikrə] gəlin ki, ancaq Allaha ibadət edək, heç nəyi Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi rəbblər etməyək!” Əgər onlar üz döndərərlərsə, onda: “Bizim müsəlman [Allaha təslim] olduğumuza şahid olun!"- deyin.

65. De: "Ey Kitab əhli ! Nə üçün İbrahim barəsində höcətləşirsiniz? Tövrat və İncil ancaq ondan sonra nazil edilmişdir. Məgər anlamırsınız?

66. Budur, siz o adamlarsınız ki, bildiyiniz şeylər barədə də mübahisəyə girişirsiniz. Bəs onda nə üçün xəbəriniz olmadığı şey haqqında mübahisə edirsiniz? Halbuki Allah bilir, siz isə bilmirsiniz.

67. İbrahim nə yəhudi, nə də xaçpərəst idi. Lakin o, hənif müsəlman idi, müşriklərdən deyildi.

68. Doğrudan da insanlardan İbrahimə ən yaxını onun ardınca gedənlərdir - bu peyğəmbər və iman gətirənlərdir. Allah iman gətirənlərin himayəçisidir.

69. Kitab əhlindən bir dəstə sizi yoldan azdırmaq istər. Onlar ancaq öz-özlərini azdırırlarda [bunu] duymurlar.

70. Ey Kitab əhli! (Haqq olduğuna) şahid olduğunuz halda nə üçün Allahın ayələrini inkar edirsiniz?

71. Ey Kitab əhli! Siz nə üçün haqqa batil [donu] geydirirsiniz və bilə-bilə haqqı gizlədirsiniz?"

72. Kitab əhlindən bir dəstə dedi: iman gətirənlərə nazil edilənə günün əvvəlində inanın, sonunda isə onu inkar qılın. Bəlkə onlar (öz dinindən) dönələr.

73. Sizin dininizin ardınca gedənlərdən başqa heç kimə inanmayın." De: "Düz yol Allahın yoludur! Yoxsa sizə verilənə bənzərinin onlardan [müsəlmanlardan] bir kəsə də veriləcəyindən və ya Rəbbinizin dərgahında onların sizinlə mübahisədə dəlil gətirəcəklərindən (ehtiyat edərək) (inanmaq istəmirsiniz?") De: "Şübhəsiz lütf Allahın əlindədir, onu istədiyi kəsə verir. Allah genişürəklidir, hər şeyi biləndir!"

74. O, Öz mərhəmətini istədiyi kəsə şamil edir. Həqiqətən, Allah böyük fəzilət sahibidir!

75. Kitab əhlindən eləsi var ki, ona bir yığın qızılı əmanət etsən, onu sənə qaytarar. Onlardan eləsi də var ki, ona etibar edilən bir dinarı belə, başının üstünü həmişə kəsdirməsən, sənə qaytarmaz. Çünki bu, onların: “Bu avamlara görə bizə (tənə) gəlməz." - demələrinə görədir. Onlar bilə-bilə Allaha qarşı yalan söyləyirlər.

76. Xeyr! Kim öz əhdinə vəfa qılarsa və Allahdan qorxarsa, (bil ki,) Allah, həqiqətən, müttəqiləri sevir.

77. Allahla olan əhdlərini və öz andlarını ucuz qiymətə satanlar - onların axirət dünyasında heç bir qisməti yoxdur. Allah axirət günü onlarla bir kəlmə belə kəsməyəcək, nəzərlərini onların üzərinə salmayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün üzücü bir əzab vardır.

78. Onlardan bir dəstə də vardır ki, siz onun [təhrifin] Kitabdan olduğunu biləsiniz deyə dillərini əyərək Kitabı təhrif edə-edə oxuyurlar. Halbuki, o Kitabdan deyildir. Onlar deyirlər: “Bu, Allah tərəfindəndir.” Halbuki o, Allah tərəfindən deyildir. Onlar bilərəkdən Allaha böhtan deyirlər.

79. Allah bir adama Kitab, hikmət və peyğəmbərlik bəxş etdikdən sonra onun insanlara: “Allaha yox, mənə qul olun!"- deməsi yox, "Kitabdan öyrətdikləriniz və öyrəndikləriniz sayəsində rəbbanilər [öz Rəbbinə sadiq əməlisaleh bəndələr] olun!"- deməsi ona yaraşar.

80. Onun sizə mələkləri və peyğəmbərləri özünüzə rəbblər götürməyi əmr etməsi də (yaraşmaz). Siz müsəlman [Allaha təslim] olduqdan sonra o, heç sizə kafir olmağı əmr edərmi?

81. O zaman Allah peyğəmbərlərə: "Mən sizə Kitab və hikmət bəxş etdim, sonra isə sizə özünüzdəkini təsdiq edən bir peyğəmbər gəldi. Siz ona mütləq inanacaq və kömək edəcəksiniz."- deyərək onlardan əhd aldı. O dedi: “Hə, təsdiq etdinizmi və Mənim bu əhdimi üzərinizə götürdünüzmü?" Onlar dedilər: "Təsdiq etdik!" Allah dedi: "Onda şahid olun! Mən də sizinlə şahidlərdənəm."

82. Bundan sonra üz döndərənlər günahkardırlar.

83. Yoxsa onlar Allahın dinindən başqasınımı istəyirlər? Halbuki göylərdə və yer üzündə kimlər varsa, istər-istəməz Ona təslim olmuş, onlar Ona da qaytarılacaqlar.

84. De: “Biz Allaha iman gətirdik, bizə nazil olana da, İbrahimə, İsmailə, İshaqa, Yaquba və əsbata nazil edilənlərə də, Musaya, İsaya və (bütün) peyğəmbərlərə özlərinin Rəbbindən bəxş edilənlərə də inandıq. Biz onların heç biri arasında fərq qoymuruq. Biz Ona təslim oluruq."

85. Kim islamdan başqa bir din axtararsa, ondan o [din] əsla qəbul olunmaz və o, axirətdə uduzanlardan olar.

86. İman qətirdikdən, peyğəmbərin haqq olduğuna şahid oduqdarı və özlərinə aydın dəlillər gəldikdən sonra küfr edən adamlara Allah düz yol necə göstərə bilər? Allah zalım adamları düz yola yönəltmir.

87. Onların cəzası Allahın, bütün mələklərin və insanların onlara lənətidir.

88. Onlar bu lənət içərisində əbədi qalasıdırlar. Nə onlara veriləcək əzab yüngülləşdiriləcək, nə də üzlərinə baxılacaqdır.

89. O kəslərdən başqa ki, onlar bundan sonra tövbə edərək əməlisaleh olarlar. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir.

90. İman gətirdikdən sonra küfr edən, sonra isə kafirlikləri daha da artan kəslərin tövbəsi qəbul olunmayacaqdır. Onlar yolu azmışlardır.

91. Kafirlərin və kafir qalaraq ölənlərin heç birindən özünü qurtarmaq üçün əvəz olaraq yer üzü dolusu qızıl versə də, qəbul olunmayacaqdır. Onlar üçün üzücü əzab vardır və onlara heç bir kömək edən olmaz.

92. Özünüz sevdiyiniz şeylərdən (Allah yolunda) sərf etməyincə (istədiyiniz) xeyrə nail olmayacaqsınız, Siz nə sərf edirsinizsə, şübhəsiz ki, Allah onu bilir.

93. Tövratın nazil olmasından əvvəl İsrailin [Yaqubun] özü üçün haram etdiyi şeylərdən başqa bütün yeməklər İsrail övladları üçün halal idi. De: "Əgər siz düz danışansınızsa, Tövratı gətirib oxuyun!”

94. Bundan sonra Allaha qarşı yalan uyduranlar - onlar zalımlardır.

95. De: "Allah doğru buyurmuşdur. Hənif olan [haqqa sadiq] İbrahimin dininin ardınca gedin. O ki, müşriklərdən deyildi!"

96. İnsanlar üçün qurulmuş ilk ev [məbəd] Bəkkədəki [Məkkədəki] mübarək və aləmlər üçün düz yol göstəricisi olan evdir.

97. Orada aydın nişanələr - İbrahim məqamı vardır ki, hər kim oraya daxil olarsa, əmin-amanlıqda olar. O evi ziyarət etmək insanlardan oraya yol tapa bilənlərə Allahdan bir tərzdir. Əgər kim küfr edərsə (bil ki,) Allahın, həqiqətən, aləmlərə ehtiyacı yoxdur.

98. De: "Ey Kitab əhli! Nə üçün siz Allahın ayələrini inkar edirsiniz? Axı Allah sizin nələr etdiyinizə şahiddir!"

99. De: "Ey Kitab əhli! Özünüz də şahid olduğunuz halda nə üçün həmin ayələri əyri qələmə verməklə iman gətirənləri Allahın yolundan sapdırırsınız? Axı Allah sizin nələr etdiyinizdən qafil deyildir!"

100. Ey iman gətirənlər! Kitab bəxş olunanların bir dəstəsinə itaət etsəniz, onlar siz iman gətirdikdən sonra kafirə çevirərlər.

101. Sizə Allahın ayələri oxunduğu və Onun peyğəmbəri aranızda olduğu halda siz necə küfr edirsiniz? Kim Allaha sığınarsa, ona düz yol göstərilər.

102. Ey iman gətirənlər! Allahdan lazımınca qorxun və ancaq müsəlman [Allaha təslim] olaraq ölün!

103. Hamılıqla Allahın ipindən [dinindən] möhkəm tutun, parçalanmayın və Allahın sizə nemətini xatırlayın. O zaman siz (bir-birinizə) düşmən idiniz. O isə sizin ürəkləriniz arasında ülfət yaratdı və siz Onun mərhəməti sayəsində qardaş oldunuz. Siz od uçurumu [cəhənnəm] astanasında idiniz, O, sizi oradan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə düz yola çıxasınız.

104. Qoy sizin içərinizdən xeyrə çağıran, bəyənilən işlər görməyi buyuran və pis əməllərdən çəkindirən bir camaat olsun! Onlar uğura qovuşanlardır.

105. Özlərinə aydın dəlillər gəldikdən sonra parçalanıb ixtilafa düşənlər kimi olmayın! Belələrinə böyük əzab vardır.

106. Bəzi üzlərin ağ, bəzi üzlərin isə qara olacağı günü (yad edin). Üzləri qara olanlara: "iman gətirdikdən sonra kafirmi oldunuz? Etdiyiniz kafirliyə görə əzab-əziyyəti dadın! - (deyiləcəkdir.)

107. Üzləri ağ olanlar isə Allahın mərhəməti [cənnəti] içərisində olacaq, orada əbədi qalasıdırlar.

108. Bunlar Allahın ayələridir. Biz onları sənə haqq olaraq oxuyuruq. Allah aləmlərə [insanlara] zülm etmək istəmir.

109. Göylərdə və yer üzündə nə varsa, Allaha məxsusdur. Bütün işlər də Allaha qayıdacaqdır.

110. Siz insanlar üçün üzə çıxarılmış ən yaxşı bir ümmətsiniz. Siz bəyənilən işləri buyurur, pis əməllərdən çəkindirir və Allaha iman gətirirsiniz. Əgər Kitab əhli iman gətirsəydi, onlar üçün xeyirli olardı. Onlardan iman gətirənlər də vardır, əksəriyyəti isə yolu azanlardır.

111. Onlar sizə əziyyətdən başqa bir zərər yetirə bilməzlər. Onlar sizinlə döyüşə girsələr, sizə arxa çevirib qaçacaqlar, sonra isə onlara heç bir kömək edilməyəcəkdir.

112. Allahın və (mömin) insanların himayəsinə sığınmadıqça onlar harada olursa olsunlar, onlara zillət damğası vurulmuşdur. Onlar Allahın qəzəbinə tutulublar və onlara miskinlik damğası vurulmuşdur. Çünki onlar Allahın ayələrini inkar etmiş və haqsız olaraq peyğəmbərləri öldürmüşlər. Çünki onlar asi olmuş və həddi aşmışlar.

113. Onların hamısı eyni deyildirlər. Kitab əhli içərisində elə dəyanətli bir dəstə var kı onlar gecə vaxtları səcdə edərək Allah ayələrini oxuyurlar.

114. Onlar Allaha və axirət gününə imanı bəyənilən işlər buyurur, pis əməllərdə çəkindirir və xeyir işlər görməkdə yarışırlar. Bunlar əməlisalehlərdir.

115. Onlar hər hansı bir xeyir görərlərsə, bu, onlar üçün heç vaxt əvəzsiz qalmayacaqdır. Həqiqətən, Allah müttəqiləri yaxşı tanıyır.

116. Kafirləri nə var-dövlətləri, nə də övladları Allahın (qəzəbindən) əsla xilas edə bilməyəcəkdir. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalasıdırlar.

117. Onların bu dünya həyatında sərf etdikləri şeylər öz-özlərinə zülm etmiş adamların əkinlərini vurub məhv etmiş soyuq küləyə bənzəyir. Allah onlara zülm etməmişdir, lakin onlar öz-özlərinə zülm edirlər.

118. Ey iman gətirənlər! Özünüzdən başqaları sizi başdan çıxarmaq üçün heç nəyi əsirgəmədikləri halda siz onları özünüzə sirdaş etməyin. Onlar sizin bəlaya düçar olmanızı istəyirdilər. Düşmənçilikləri ağızlarından (çıxan sözlərdən) görünmüşdür. Onların ürəklərində gizlətdikləri şeylər isə daha böyükdür. Əgər dərk edirsinizsə, Biz ayələri sizə artıq bəyan etdik.

119. Bax siz o kəslərsiniz ki, onları sevir, onlar isə sizi sevmirlər. Siz Kitabın hamısına inanırsınız. Onlar sizə rast gələndə: "Biz də iman gətirdik !”- deyirlər, xəlvətə çəkiləndə isə sizə olan kinlərindən barmaqlarını gəmirirlər. De: "Hikkənizdən gəbərin!" Həqiqətən, Allah ürəklərdə olanları bilir.

120. O Sizə bir yaxşılıq olanda, bu onları qəmgin edir, sizə pis iş üz verəndə isə, buna sevinirlər. Əgər siz səbr edib özünüzü qorusanız, onların kələyi sizə heç bir ziyan gətirməz. Həqiqətən, Allah onların nə etdiklərindən xəbərdardır.

121. Bir zaman sən sübh çağı iman gətirənlərə döyüş mövqeləri hazırlamaq məqsədilə öz ailəni tərk etdin. Allah hər şeyi eşidəndir, biləndir.

122. O zaman sizlərdən iki dəstə çözülməyə üz qoymuşdur. Allah isə onlara köməkçi oldu. Qoy iman gətirənlər Allaha güvənsinlər!

123. Siz zəif olduğunuz halda Allah sizə Bədrdə kömək etdi. Allahdan qorxun ki, bəlkə şükr edəsiniz.

124. Sən o zaman iman gətirənlərə deyirdin: "Rəbbinizin üç min mələk göndərərək sizə kömək etməsi sizin üçün bəs deyilmi?"

125. Bəli! Əgər səbr etsəniz, Allahdan qorxsanız və onlar həmin anda üzərinizə gəlsələr, Rəbbiniz nişan vurulmuş beş min mələklə köməyinizə gələr.

126. Allah onu sizin üçün ancaq bir müjdə olaraq və ürəkləriniz rahatlansın deyə etdi. Kömək ancaq qüdrət və hikmət sahibi olan Allah tərəfindən olar,

127. ki, kafirlərin bir hissəsini [başçılarını] rüsvay etsin və onlar (hər şeydən) əlləri üzülmüş halda geri dönsünlər.

128. Bu işdə sənə dəxli olan bir şey yoxdur; Allah ya onların tövbələrini qəbul edər, ya da onları cəzalandırar. Həqiqətən, onlar zalımlardır.

129. Göylərdə və yer üzündə nə varsa, Allaha məxsusdur. O istədiyi kəsi bağışlar, istədiyi kəsi cəzalandırar. Allah bağışlayandır, rəhmlidir.

130. Ey iman gətirənlər! Qat-qat artırılmış olan sələmi yeməyin! Allahdan qorxun ki, bəlkə uğura qovuşasınız.

131. Kafirlər üçün hazırlanmış cəhənnəm odundan qorxun!

132. Allaha və peyğəmbərə itaət edin ki, sizə rəhm edilə!

133. Rəbbiniz tərəfindən bağışlanmağa, müttəqilər üçün hazırlanmış və genişliyi göylər və yer qədər olan cənnətə tələsin!

134. O kəslər üçün ki, onlar yaxşı gündə də, pis gündə də (Allah yolunda) xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Həqiqətən, Allah xeyir iş görənləri sevir.

135. O kəsləri ki, əgər onlar günah bir iş tutar və ya özlərinə zülm edərlərsə, Allahı yada salar, Ondan günahlarının bağışlanmasını istərlər, - axı Allahdan başqa günahları kim bağışlaya bilər ? - və öz əməlləri üzərində bilə-bilə israr etməzlər.

136. Onların mükafatı özlərinin Rəbbi tərəfindən bağışlanmaları və dibindən çaylar axan, əbədi olaraq qalacaqları cənnət bağlarıdır. (Yaxşı) iş görənlərin mükafatı necə də gözəldir!

137. Sizdən əvvəl də neçə-neçə millət gəlib keçmişdir. Yer üzündə gəzib dolaşın və yalançıların aqibətinin necə olduğuna bir nəzər salın.

138. Bu, insanlar üçün aydın bir xəbər, müttəqilər üçün yol göstəricisi və bir öyüd-nəsihətdir.

139. Nə süstləşin, nə də qüssələnin! Əgər iman gətirənsinizsə, siz lap yüksəkdəsiniz.

140. Əgər sizə [Uhud hərbində] bir xəsarət toxundusa, o camaata da [Bədr hərbində] həmin xəsarətdən toxunmuş idi. Biz o günləri [döyüşləri] insanlar arasında növbə ilə dəyişirik ki, Allah iman gətirənləri tanısın və içərinizdən şəhidlər götürsün. Allah zalımları sevmir.

141. (dəyişirik ki,) Allah iman gətirənləri təmizə çıxarsın və kafirləri yox etsin.

142. Yoxsa elə güman edirsiniz ki, Allah sizlərdən cihad edənləri və səbr edənləri ayırd etmədən siz cənnətə daxil olacaqsınız?

143. Ölümlə üz-üzə gəlməzdən əvvəl siz onu [şəhid olmağı] arzu edirdiniz. Artıq onu gördünüz, siz isə durub baxırsınız.

144. Məhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib getmişlər. Məgər o ölərsə və ya öldürülərsə, siz gerimi dönəcəksiniz? Geri dönən heç nədə Allaha ziyan vura bilməz. Allah şükr edənləri isə mükafatlandırar.

145. Hər bir kəs Allahın izni ilə, yazı ilə müəyyən olunmuş vaxtda öləcəkdir. Bu dünya nemətindən istəyənə onu bəxş edərik, axirət savabını istəyənə də onu verərik. Biz şükr edənləri mükafatlandıracağıq.

146. Neçə-neçə peyğəmbərlə birlikdə öz Rəbbinə sadiq olanlar (Allah yolunda) vuruşmuşlar. Onlar Allah yolunda başlarına gələndən zəifləməmiş, gücdən düşməmiş və (düşmənə) tabe olmamışlar. Allah səbr edənləri sevir.

147. Onların sözü ancaq: "Rəbbimiz, günahlarımızı, işimizdə ifrata varmağımızı bizə bağışla, qədəmlərimizi möhkəm et və kafirlər üzərində qələbə çalmağımıza kömək et!"- olmuşdur.

148. Allah onlara bu dünyanın nemətini və axirətin savabının ən yaxşısını bəxş etdi. Həqiqətən Allah xeyir iş görənləri sevir!

149. Ey iman gətirənlər! Kafirlərə itaət göstərsəniz, onlar sizi geri [küfrə] döndərərlər və siz də dönərək zərərə düşərsiniz.

150. Xeyr! Allah sizin himayəçinizdir. O, kömək edənlərin ən yaxşısıdır.

151. Allahın heç bir dəlil nazil etmədiyi şeyi Ona şərik qoşduqlarına görə kafirlərin ürəklərinə qorxu salacağıq. Onların yeri cəhənnəmdir. Zalımların sığınacağı necə də pisdir!

152. Allah sizə verdiyi vədinə sadiq qaldı. Belə ki, siz Onun izni ilə onları qırırdınız. O, sizə istədiyiniz şeyləri [qələbə, qənimət] göstərdikdən sonra siz zəiflik göstərdiniz, əmr barəsində mübahisəyə girərək tabe olmadınız. Sizin aranızda bu dünyanı istəyənlər də, axirəti istəyənlər də vardı. Sonra O, sizi sınamaq üçün onlardan uzaqlaşdırdı. O, sizi bağışladı. Allah iman gətirənlər üçün lütf sahibidir.

153. O zaman peyğəmbər sizi çağırdığı halda siz heç kəsə baxmadan (döyüşdən qaçaraq) dağa çıxırdınız. O [Allah], sizi kədər üstündən kədərlə cəzalandırdı ki, nə əlinizdən çıxanlara, nə də başınıza gələnlərə görə peşman olasınız. Həqiqətən, Allah sizin nə etdiklərinizdən xəbərdardır.

154. Sonra isə O, sizə bu kədərdən sonra bir dəstənizi rahat olmaq üçün bürüyən yuxu nazil etdi. O biri dəstə isə öz canının hayına qaldı və haqsız olaraq Allah barəsində cahilliyə dövründə düşünənlər kimi düşünərək dedi: "Bu işdən bizə bir şey [xeyir] varmı?" De: "Bütün işlər Allaha aiddir." Onlar sənə bildirmədikləri şeyləri ürəklərində saxlayıb dedilər "Bu işdən bizim üçün nə isə olsaydı, bax biz buradaca öldürülməzdik." De: "Əgər evlərinizdə olsaydınız belə, öldürülməsi (alınlarına) yazılmış kəslər öz son yataqlarına yola düşərdilər." Allah bunu ürəklərinizdə olanları yoxlamaq, ürəklərinizdəki (pis şeyləri) təmizləmək üçün (edir). Allah ürəklərinizdə olanlardan xəbərdardır.

155. İki dəstə üz-üzə gələn günü sizdən üz döndərənləri şeytan kəsb etdikləri [günahları] ilə çaşbaş düşməyə vadar etdi. Allah isə onları əfv etdi. Həqiqətən, Allah bağışlayandır, həlimdir!

156. Ey iman gətirənlər! Səfərə çıxmış və ya döyüşə getmiş qardaşları haqqında: “Əgər onlar yanımızda olsaydılar, ölməzdilər, öldürülməzdilər.” - deyən kafirlər kimi olmayın! Allah bunu onların ürəklərində bir dərd olsun deyə etdi. Həqiqətən, Allah dirildir də, öldürür də. Allah sizin nə etdiklərinizi görür.

157. Əgər siz Allah yolunda öldürülər və ya ölərsinizsə, Allahın bağışlaması və mərhəməti onların [kafirlərin] (bu dünyada) yığdıqları şeylərdən daha xeyirlidir.

158. Siz ölsəniz də, öldürülsəniz də (bilin ki,) Allahın hüzuruna toplanılacaqsınız.

159. Allahın mərhəmətinə görə sən onlarla yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, onlar sənin ətrafından dağılışardılar. Onları əfv et, onlar üçün də bağışlanma dilə və hər iş barəsində onlarla məsləhətləş. Bir qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevir.

160. Əgər Allah sizə kömək etsə, sizə qalib gələn olmaz. Əgər zəlil edərsə, Ondan başqa kim sizə kömək edə bilər? Qoy iman gətirənlər ancaq Allaha güvənsinlər!

161. Heç bir peyğəmbərə əmanətə xəyanət yaraşmaz. Kim əmanətə xəyanət edərsə, aparacağı şeyi qiyamət günü gətirəcəkdir. Sonra hər kəsə öz qazandığı [haqqı] tam veriləcək və onlara zülm edilməyəcəkdir.

162. Məgər Allahın razılığını (qazanan işin) ardınca gedən - Allahın qəzəbinə düçar olan kəs kimi olar? Onun yeri cəhənnəmdir. Bu dönüş yeri necə də pisdir!

163. Onlar Allah dərgahında dərəcə - dərəcədirlər. Allah onların nə etdiklərini görür.

164. Allah iman gətirənlərə bir lütf olaraq öz içərilərindən onlara Allahın ayələrini oxuyan, onları pak edən, onlara Kitabı və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki bundan əvvəl onlar aşkar bir çaşqınlıq içərisində idilər.

165. Başınıza bir müsibət gələndə - siz isə (onların) başına iki qatını gətirdiniz, - dediniz: "Bu haradan oldu?" De: "Bu, sizin özünüzdən oldu." Həqiqətən, Allah hər şeyə qadirdir.

166. İki dəstə üz-üzə gələn günü sizə üz verən (müsibətlər) Allahın izni ilə olmuşdur ki, O iman gətirənləri də tanısın,

167. münafiqlik [dində ikiüzlülük] edənləri də tanısın. Onlara deyildi: “Gəlin Allah yolunda vuruşun və ya (düşməni özünüzdən) uzaqlaşdırın!" Onlar isə: " Əgər vuruşa bilsəydik sizin ardınızca gedərdik, " - dedilər. Onlar o gün imandan daha çox küfrə yaxın idilər. Ürəklərində olmayan şeyləri dillərilə deyirdilər. Allah onların nəyi gizlətdiklərini daha yaxşı bilir.

168. Yerlərində oturaraq öz qardaşları barədə: “Əgər onlar bizə qulaq assaydılar, öldürülməzdilər.” - söyləyənlərə de: "Əgər düz danışansınızsa, özünüzdən ölümü uzaqlaşdırın!"

169. Allah yolunda öldürülənləri əsla ölülər hesab etmə! Əksinə, onlar diridirlər, öz Rəbbi dərgahında ruzilərini alırlar.

170. Onlar Allahın Öz lütfündən onlara bəxş etdiyi (qismətə) fərəhlənir və öz ardlarınca gələn, lakin hələ özlərinə qovuşmamış kəsləri onlara heç bir qorxu və kədər üz verməyəcəyi ilə müjdələyirlər. Onlara nə bir qorxu, nə də qəm-qüssə olar.

171. Onlar Allahın nemət və lütfü ilə, iman gətirənlərin haqqını itirməyəcəyi ilə müjdələnirlər.

172. O kəslər ki, (döyüşdə) yaralandıqdan sonra da Allahın və peyğəmbərin (çağırışına) cavab verirlər. Onların içərisində yaxşı əməllər tutaraq Allahdan qorxanlara böyük mükafat vardır.

173. O kəslərə ki, insanlar onlara: "Adamlar [düşmənlər] sizə qarşı yığışdılar, onlardan qorxun!" - dedikdə bu, onların imanını daha da artırdı və onlar dedilər: “Bizim üçün Allah kifayətdir. O, nə gözəl vəkildir!"

174. Onlar Allahın neməti və lütfü ilə özlərinə heç bir pis şey toxunmadan geri döndülər və Allahın razılığını qazandılar. Həqiqətən, Allah böyük lütf sahibidir.

175. Öz dostlarını (döyüşdən yayındırmaq məqsədilə) qorxudan kəs isə şeytandır. Əgər siz iman gətirənsinizsə, elələrindən qorxmayın, Məndən qorxun!

176. Küfrə can atanlar qoy səni pərişan etməsinlər, onlar heç bir şeydə Allaha ziyan vura bilməzlər. Allah istəyir ki, onlara axirətdə heç bir şey nəsib etməsin. Onlar üçün böyük bir əzab vardır.

177. Həqiqətən, imanı verib küfrü satın alanlar Allaha heç bir ziyan vura bilməzlər. Onlar üçün üzücü əzab vardır.

178. Kafirlər qətiyyən belə güman etməsinlər ki, Bizim möhlət verməyimiz onların xeyrinədir. Biz isə onlara möhlət veririk ki, onlar öz günahlarını daha da artırsınlar. Onlar üçün rüsvayedici bir əzab vardır.

179. Allah iman gətirənləri sizin vəziyyətinizdə qoyub tərk edən deyildir. O, axırda pisi yaxşıdan ayıracaqdır. Allah sizi qeyblə də tanış edən deyildir. Lakin Allah Öz peyğəmbərləri içərisindən istədiyi kəsi seçir, (ona qeybi bildirir). Elə isə Allaha və Onun peyğəmbərlərinə inanın! Əgər inansanız və qorxsanız, sizi böyük bir mükafat (gözləyir).

180. Allahın Öz lütfündən onlara verdiyi şeylərə xəsislik edənlər qətiyyən belə hesab etməsinlər ki, bu, onların xeyrinədir. Əksinə, bu onlar üçün pisdir. Onların xəsislik etdikləri şeylər qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur və Allah sizin nə etdiklərinizdən xəbərdardır.

181. "Allah kasıbdır, biz isə varlıyıq, " - deyənlərin sözlərini əlbəttə Allah eşitmişdir. Biz onların dediklərini və haqsız olaraq peyğəmbərləri öldürmələrini yazacaq və onlara deyəcəyik: "Dadın bu alovun əzabını!"

182. Bu, sizin öz əllərinizlə etdiyiniz əməllərə görədir. Yoxsa Allah Öz bəndələrinə zülm edən deyildir.

183. “Allah bizə tapşırmışdır ki, odun yeyəcəyi [yandıracağı] bir qurbanlıq gətirməyincə heç bir peyğəmbərə inanmayaq,“ - deyənlərə söylə: “Məndən əvvəl də peyğəmbərlər aydın dəlilləri və dediyiniz şeyi [qurbanlığı] sizə gətirmişdilər. Doğru danışansınızsa, bəs onda nə üçün onları öldürdünüz?"

184. Əgər onlar səni yalançı hesab etsələr (xatırla ki,) axı səndən əvvəl aydın dəlillər, zəburlar [Qurandan öncəki ilahi kitablar] və nur saçan Kitabla gəlmiş peyğəmbərlər də yalançı hesab olunmuşdular.

185. Hər bir kəs ölümü dadacaqdır. Mükafatlarınız qiyamət günü bütünlüklə veriləcəkdir. Kim cəhənnəm odundan uzaqlaşdırılaraq cənnətə salınarsa, o qazanmış olar. Bu dünya həyatı aldadıcı ləzzətdən başqa bir şey deyildir.

186. Siz mal-dövlətiniz və canınız barəsində imtahan olunacaq və sizdən əvvəl Kitab bəxş olunanlardan da, müşriklərdən də çoxlu üzücü sözlər eşidəcəksiniz. Əgər siz səbr edib Allahdan qorxsanız, bu, işlərdəki əzminizə (dəlalət edər).

187. Bir zaman Allah Kitab bəxş olunanlardan əhd-peyman aldı: "Siz bunu mütləq insanlara bildirin və gizlətməyin!" Onlar isə onu arxalarına tulladılar və ucuz qiymətə satdılar. Onların alış-verişi necə də pisdir!

188. Etdikləri əməllərə görə qürrələnib fərəhlənənlərin və etmədikləri işlərə görə təriflənməyi sevənlərin əzabdan yaxa qurtara biləcəklərini əsla güman etmə! Onlar üçün üzücü əzab vardır.

189. Göylərin və yerin səltənəti Allaha məxsusdur. Allah hər şeyə qadirdir.

190. Göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər vardır.

191. O kəslər üçün ki, onlar duranda da, oturanda da, böyürləri üstə [uzanmış vəziyyətdə] olanda da Allahı yad edir, göylərin və yerin yaradılışı barədə düşünərək deyirlər. "Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan. Şəninə təriflər olsun! Bizi cəhənnəm odundan qoru!

192. Rəbbimiz! Sən cəhənnəm oduna saldığın kəsi rüsvay etmiş olursan. Zalımların köməkçiləri yoxdur.

193. Rəbbimiz! İmana dəvət edən bir kəsin səsini eşitdik: "Rəbbinizə iman gətirin!" Biz də iman gətirdik. Rəbbimiz, günahlarımızı bağışla, bizi pis şeylərdən təmizlə və bizə əməlisalehlərlə bir yerdə ölüm ver!

194. Rəbbimiz! Öz peyğəmbərlərinin vasitəsilə bizə vəd etdiklərini ver, qiyamət günü bizi rüsvay etmə! Sən ki, vədə xilaf çıxan deyilsən!"

195. Onların Rəbbi onlara belə cavab verər "Mən sizlərdən iş görən heç bir kəsin əməyini itirmərəm, - nə bir kişinin, nə də bir qadının. Axı siz bir-birinizdənsiniz. Hicrət etmiş, öz yurdlarından çıxarılmış, Mənim yolumda əziyyət çəkmiş, vuruşmuş və öldürülmüş kəsləri pis işlərindən təmizləyəcək və Allahdan bir savab olaraq, onları dibindən çaylar axan cənnət bağlarına daxil edəcəyəm. Ən yaxşı savab Allahın dərgahındadır."

196. Qoy kafirlərin (qazanc üçün) diyarbədiyar dolaşmaları səni əsla aldatmasın!

197. Azacıq həzz alar, sonra isə onların sığınacaqları cəhənnəm olar. Nə pis bir yataq!

198. Lakin öz Rəbbindən qorxanlar üçün isə Allahdan bir pay olaraq dibindən çaylar axan cənnət bağları olacaqdır ki, onlar orada əbədi qalacaqlar. Allahın dərgahında olan (nemətlər) əməlisalehlər üçün daha xeyirlidir.

199. Həqiqətən, Kitab əhlindən elələri də var ki, onlar Allaha iman gətirərək Ona itaət edir, sizə və özlərinə nazil olunmuş şeylərə inanırlar. Onlar Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların öz Rəbbi dərgahında mükafatları vardır. Həqiqətən, Allah tez haqq-hesab çəkəndir.

200. Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (döyüş mövqelərində) möhkəm durun və Allahdan qorxun ki, bəlkə uğura qovuşasınız!