Məzmuna keç

Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/Bir neçə söz

Vikimənbə saytından
Quran. Bir neçə söz

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu

Biz Qurani-Kərimin orijinaldan tərcüməsinə hər birimiz ayrılıqda, bir-birimizdən xəbərsiz başlamış və birimiz işi 1984-cü ildə, digərimiz isə 1989-cu ildə başa çatdırmışıq. Bir-birimizin işindən xəbər tutduqda isə hər iki tərcümə üzərində birgə iş aparmaq qərarına gəldik. Beləliklə 1990–1991-ci illərdə hər iki tərcüməni tutuşdurmaqla, bir daha klassik və müasir təfsirlərə müraciət etməklə, müxtəlif vaxtlarda bir çox dillərə edilmiş tərcümələrlə müqayisə aparmaqla diqqətinizə təqdim olunan hazırkı müştərək variantı hasil etdik.

Bu böyük, ağır və məsuliyyətli işin öhdəsindən necə gəldiyimizi isə möhtərəm oxucular, mütəxəssislər, elm və din xadimləri deyəcəklər. Gələcək nəşrlər üçün bizə verəcəkləri məsləhət, edəcəkləri qeydlərə görə bəri başdan onlara öz təşəkkür və minnətdarlığımızı bildiririk. Bütövlükdə haqqa, ədalətə, paklığa, düzlüyə, imana bir çağırış olan bu müqəddəs Kitab bəşər övladına çox mətləblər andırır. İnsan bu dünyada ikən onun axirət dünyasına gedən yoluna nur saçır bu Kitab… Lakin nəfsani hisslərin, dünya malına hərisliyin kor etdiyi bəzi insanlar bu nurun işıqlandırdığı haqq yolunu görməzlər…

Bu yolu görmək istəyib də çətinlik çəkənlərə, məhz Quranın həmin yolu göstərən ən böyük, ən qüdrətli bir vasitə olduğunu bir daha xatırlatmağı özümüzə borc bildik…

Bu Allah kəlamında insanı düşündürən, onu axtarışa, elmə, biliyə sövq edən məziyyətlər də çoxdur. Bu tərcümədə biz də Allahın düşünməyə vadar etdiyi cəhətləri uzun-uzadı izahlar verib açıqlamağa çalışmadıq. Axı belə müdaxilədə yanılıb günaha bata bilərik. Bir də ki, Allah kəlamı bizi düşünməyə vadar edirsə, demək, bunda bir hikmət vardır. Odur ki, biz də hörmətli oxucunu bu və ya digər məsələ ilə əlaqədar nəyi isə düşünmək, axtarmaq, öz ağıl və məfkurə süzgəcindən keçirmək səlahiyyətini əlindən alıb onu öz ehtimal və fərziyələrimizə tabe etmək istəmədik.

Axı ən qüdrətli Quran təfsirçiləri belə öz izah və şərhlərində daha çox ehtimal və fərziyələrə istinad etmişlər. Buna görə də Allah adamlarına, iman sahiblərinə — öz soydaşlarımıza təqdim etdiyimiz bu müqəddəs kəlamların tərcüməsində daha çox mənanın dəqiqliyinə riayət etməyə çalışdıq. Bir də çalışdıq ki, bəzi hallarda, fikir sizlərə qaranlıq qalmasın deyə aydınlaşdırıcı sözlərə müraciət edək. Lakin biz həmin kiçik əlavələri, mahiyyət və məzmununa xələl gətirməsə də, müqəddəs Kitabın sözlərinə qatmadıq.

Bunu bir də o zərurətdən etdik ki, Quranın mətnini, imkan daxilində, olduğu kimi çatdıraq. Digər tərəfdən isə ərəb mətni ilə yanaşı verilən tərcümə mətnində, kiçik də olsa, verilən əlavələrin bilavasitə mətnə daxil edilməsi mütəxəssis oxucuda etiraz doğura bilərdi.