Məzmuna keç

Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/FƏTH SURƏSİ

Vikimənbə saytından
Quran. FƏTH SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(iyirmi doqquz ayədən ibrət Mədinə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!


1 Biz sənə aydın bir fəth bəxş etdik

2 ki, Allah sənin əvvəlki və sonrakı ünahlarını sənə bağışlasın, sənə etdiyi axşılığını tamamlasın, səni düz yola salsın

3 və sənə böyük bir zəfərlə kömək etsin!

4 Möminlərin imanları üstünə iman artırmaq üçün onların ürəklərinə rahatlıq endirən Odur! Göylərin və yerin qoşunları Allahındır. Allah hər şeyi biləndir, hökm və hikmət sahibidir.

5 Bunlar ona görədir ki, O, mömin kişi və qadınları dibindən çaylar axan və orada əbədi qalacaqları cənnət bağlarına daxil etsin və pis əməllərinin (günahlarını) onların üstlərindən götürsün. Bu, Allahın dərgahında böyük bir uğurdur!

6 Bunlar (yenə) ona görədir ki, O, münafiq kişi və qadınlara əzab versin. Pislikləri öz başlarına düşsün! Allahın onlara qəzəbi tutmuş, O, onlara lənət etmiş və onlar üçün cəhənnəmi hazırlamışdır. Nə pis düşüb qalınacaq yer!

7 Göylərin və yerin qoşunları Allahındır! Allah qüdrət, hökm və hikmət sahibidir!

8 Biz səni bir şahid, müjdəçi və xəbərdarlıq edən kimi göndərmişik

9 ki, (ey möminlər), Allaha və Onun peyğəmbərinə iman gətirəsiniz, ona [peyğəmbərə] kömək edəsiniz, onun hörmətini uca tutasınız və səhər-axşam Allahın şə'ninə tə'riflər deyəsiniz.

10 Sənə beyət edənlər [and içib itaət edənlər] həqiqətən Allaha beyət etmiş olurlar. Allahın əli onların əlləri üstündədir. Kim (beyəti) pozmuş olarsa, öz zərərinə pozmuş olar. Allahla bağladığı əhdinə sadiq qalana Allah böyük bir mükafat verər!

11 Bədəvi ərəblərdən arxada qalanları [döyüşə çıxmayanları] sənə deyəcəklər “Mal-dövlətimiz və ailələrimiz bizim başımızı qarışdırdı. Bizim bağışlanmamızı dilə!" Onlar dillərilə ürəklərində olmayan fikirləri deyirlər. De: "Əgər Allah sizə bir zərər yetirmək istəsə və ya bir xeyir vermək istəsə, kim sizin üçün Allaha qarşı bir şey edə bilər?" Bəli, Allah sizin nələr etdiyinizdən xəbərdardır!

12 Siz isə elə düşünürdünüz ki, peyğəmbər və möminlər öz ailələrinə heç vaxt qayıtmayacaqlar. Bu, (şeytan tərəfindən yaxşı fikir kimi) ürəklərinizdə bəzədilmişdi. Siz pis düşündünüz və məhvə məhkum adamlar oldunuz.

13 Kim Allaha və Onun peyğəmbərinə iman gətirməsə (bilsin ki), Biz kafirlər üçün cəhənnəm odu hazırlamışıq -

14 Göylərin və yerin hökmü Allaha məxsusdur. O,istədiyi kəsi bağışlar, istədiyi kəsə əzab verər. Allah bağışlayandır, rəhmlidir!

15 Siz qənimətlərinizi götürmək üçün yola çıxanda arxada qalanlar deyəcəklər: "Qoyun, biz də ardınızca gələk!" Onlar Allahın kəlamını [qənimət haqqında hökmünü] dəyişdirmək istəyirlər. De: "Siz heç vaxt ardımızca gəlməyəcəksiniz! Əvvəlcədən Allah sizin kimilər üçün belə demişdir." Onlar deyəcəklər: "Yox, siz bizə həsəd aparırsınız!" Xeyr, onlar çox az anlayırlar.

16 Arxada qalan bədəvi ərəblərə de: "Siz böyük gücə malik adamların üzərinə getməyə [döyüşə] çağırılacaqsınız. Siz onlarla vuruşacaqsınız, ya da onlar müsəlman olacaqlar. Əgər siz (əmrə) itaət etsəniz, Allah gözəl bir mükafat verər. Əgər əvvəllər üz döndəndiyiniz kimi üz döndərsəniz, O, sizə üzücü bir əzab verər."

17 (Döyüşə getməməyə) görə kora günah olmaz, çolağa günah olmaz, xəstəyə günah olmaz. Kim Allaha və Onun peyğəmbərinə itaət edərsə, O, onu dibindən caylar axan cənnət bağlarına daxil edər, kim də üz döndərərsə, ona üzücü bir əzab edər.

18 Möminlər ağac altında sənə beyət edəndə Allah onlardan razı qaldı və ürəklərində olanları bildi. Ona görə də onların üzərinə rahatlıq endirdi, onları yaxın bir fəthlə mükafatlandırdı

19 və əldə edəcəkləri çoxlu qənimətlərlə də. Allah qüdrət, hökm və hikmət sahibidir. 20 Allah sizə götürəcəyiniz bollu qənimətlər vəd etmişdir. Bu qənimətləri isə sizin üçün tezləşdirdi və insanların [düşmənlərin] əlini sizdən çəkdirdi ki, bu, möminlər üçün bir ibrət olsun və Allah sizi də düz yola çıxartsın.

21 Sizin (indi əldə etməyə) gücünüz çatmadığı başqa qənimətlər də vardır ki, onları tam olaraq (ancaq) Allah bilir. Axı Allah hər şeyə qadirdir!

22 Kafirlər sizinlə vuruşsalar, onlar geri dönüb qaçarlar. Sonra onlar nə bir himayəçi, nə bir kömək edən taparlar.

23 Allahın əvvəldən (qoymuş olduğu) qayda-qanunu budur. Sən Allahın qayda-qanununda heç bir dəyişiklik tapa bilməzsən!

24 Sizə onlar üzərində qələbə bəxş etdikdən sonra Məkkə vadisində onlann əlini sizin üzərindən və sizin əlinizi onlann üzərindən götürən Odur. Allah sizin nələr etdiyinizi yaxşı görür!

25 Onlar küfr etmiş, sizin Məscidül-Həramı ziyarət etmənizə və qurbanlıq heyvanın öz yerinə çatmasına mane olmuş kəslərdir. Əgər kafirlər arasındakı tanımadığınız mömin kişi və qadınları ayırd etmədən ayaq altına salıb öldürməklə günaha batmanız ehtimalı olmasaydı, (döyüşmənizə izn verərdik). Bu, Allahın istədiyi kəsi Öz mərhəməti altına alması üçündür. Əgər onlar [kafirlərlə möminlər] seçilib ayırd edilsəydilər, onda Biz kafirlərə, əlbəttə ki, üzücü bir əzab verərdik.

26 Kafirlər öz ürəklərinə kin-küdurət, cahiliyyə təəssübü salan zaman Allah da Öz peyğəmbərinə və möminlərə ürək rahatlığı endirdi və "təqva" [Allahdan qorxmaq] sözünü onlar üçün vacib etdi. Onların buna daha çox haqları var idi və onlar buna daha layiq idilər. Allah hər şeyi yaxşı bilir!

27 Allah Öz peyğəmbəri üçün yuxusunun gerçəkliyini təsdiq etdi: "Siz (ey möminlər), inşallah (bəziləriniz) başı qırxılı, (bəziləriniz də saç-saqqalı) qısaldılmış halda, əmin-amanlıqla, qorxmadan mütləq Məscidül-Hərama daxil olacaqsınız." Allah sizin bilmədiklərinizi bildi və bundan [məscidə girməzdən] qabaq yaxın bir qələbə bəxş etdi.

28 Allah Öz peyğəmbərini düz yol göstəricisi ilə və haqq din ilə göndərdi ki, bu dini bütün dinlərdən üstün etsin. Allah şahid olaraq kifayətdir!

29 Məhəmməd Allahın peyğəmbəridir. Onunla olan (möminlər) kafirlərə qarşı qəzəbli, bir-birinə isə mərhəmətlidirlər. Sən onları rüku və səcdə halında görürsən. Onlar Allahdan bir iltifat və riza diləyirlər. Onların əlamətləri etdikləri səcdədən üzlərində qalan izlərdir. Onların Tövratdakı təsviri belədir. Onların İncildəki təsviri isə öz cücərtisini çıxarıb möhkəmləndirən bitkinin (təsvirinə) bənzəyir; o möhkəmlənib qaməti boyu düzələrək əkinçini heyran edir. Allah möminləri beləcə (çoxaltmaqla) kafirləri qeyzə gətirir. Allah onlardan iman gətirib əməlisaleh olanlara bağışlanma və böyük bir mükafat vəd etmişdir!