Məzmuna keç

Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/FUSSİLƏT SURƏSİ

Vikimənbə saytından
Quran. FUSSİLƏT SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(əlli dörd ayədən ibarət Məkkə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!


1. Ha, Mim.

2. Bu, Mərhəmətli, Rəhmli tərəfindən nazil olunmuş,

3. ayələri bilən adamlar üçün ərəbcə Quran şəklində müfəssəl izah edilmiş Kitabdır

4. bir müjdə və xəbərdarlıq olaraq. Amma onların çoxu üz döndərdi və onlar qulaq asmazlar!

5. Onlar deyərlər: "Sənin bizi dəvət etdiyin (dinə) qarşı ürəklərimiz qapalıdır, qulaqlarımızda tıxac vardır, bizimlə sənin aranda bir pərdə [maneə] vardır. Sən öz işində ol, biz də öz işimizdəyik!"

6. De: "Mən ancaq sizin kimi bir insanam. Mənə sizin tanrınızın vahid bir tanrı olduğu vəhy olunur. Elə isə Ona doğru can atın, Ondan bağışlanma diləyin! Vay halına müşriklərin!

7. O kəslərin ki, onlar zəkat vermir və axirətə inanmırlar."

8. İman gətirib əməlisaleh olanlar üçün isə tükənməz bir mükafat vardır.

9. De: "Məgər siz yeri ikicə günə yaradana inanmırsınız və (başqalarını) Ona tay edirsiniz? O, aləmlərin Rəbbidir!

10. O, yer üzərində möhkəm dayanan [dağlar] qurdu, oraya xeyir-bərəkət verdi və orada ruzi istəyənlərin hamısı üçün onun [yerin] nemətlərini dörd günə müəyyən edib böldü.

11. Sonra O, tüstüyəbənzər səmaya üz tutdu. Ona və yerə dedi: "Könüllü və ya məcburi (istədiyim hal-vəziyyətə) gəlin!" Onlar: "Biz könüllü gəlirik." - dedilər.

12. O, iki günə onu [səmanı] yeddi qat göy etdi və hər göyə onun öz işini təlqin etdi. Biz ən yaxın göyü çıraqlarla bəzədik və hifz etdik. Bu, qüdrətli, hər şeyi bilən (Allahın) təqdiridir [hökmüdür]!"

13. Onlar üz döndərsələr, de: "Mən Ad və Səmud tayfalarını (vurmuş) ildırıma bənzər ildırım barəsində sizi artıq xəbərdar etdim."

14. O zaman onlann önlərindən və arxalanndan onlara "Allahdan başqa heç kimə ibadət etməyin" - deyən peyğəmbərlər gəldilər. Onlar isə dedilər: "Əgər Rəbbimiz istəsəydi, mələkləri göndərərdi. Sizinlə göndərilən şeylərə isə biz inanmırıq."

15. Ad tayfası isə yer üzündə haqsız təkəbbür göstərərək dedi: "Bizdən güclü kim olar?" Məgər onlar özlərini yaratmış Allahın onlardan daha güclü olduğunu görmürdülər?! Onlar ayələrimizi inkar edirdilər.

16. Biz nəhs günlərdə onların üzərinə güclü külək göndərdik ki, bu dünya həyatında onlara rüsvayçılıq əzabını daddıraq. Axirətin əzabı isə daha rüsvayedicidir və onlara yardım da olunmaz.

17. Biz Səmud camaatına düz yol göstərdik, onlar isə düz yoldan korluğu üstün tutdular və qazandıqları (günahlara) görə onları zəliledici əzab ildırımı vurdu.

18. İman gətirib Allahdan qorxanları isə xilas etdik.

19. O gün Allahın düşmənləri cəhənnəmə cəm olunacaq və onlar (dəstələrə) bölüşdürüləcəklər.

20. Onlar oraya gələn kimi qulaqları, gözləri və dəriləri tutmuş olduqları əməllərə şahidlik edər.

21. Onlar öz dərilərinə deyərlər: "Nə üçün siz əleyhimizə şahidlik edirsiniz?" Onlar da: Hər şeyi danışdıran Allah bizə də dil verdi. odur sizi ilk dəfə xəlq edən və siz yenə Ona qaytarılırsınız." - deyərlər.

22. Siz qulağınızın, gözlərinizin və dərilrinizin sizin zərərinizə (əməllərinizə) şahid omalarını gizlədə bilmirdiniz. Əksinə, elə zənn edirdiniz ki, Allah tutduğunuz əməllərin çoxunu bilmir.

23. Sizin öz Rəbbiniz barəsində etdiyiniz bu zənn sizi məhv etdi və siz ziyana düşənlərdən oldunuz.

24. Səbr etsələr də onların yeri cəhənnəmdir, əgər sızlayıb mərhəmət diləsələr də onlara rəhm olunmayacaqdır.

25. Biz onlara (şeytanlardan) həmdəmlər qoşduq və bunlar da onların önündəkiləri və arxalarındakıları [dünya və axirət məsələlərini] (yalanla) bəzədilər. Beləliklə də onlardan əvvəl gəlmiş, cinlərdən və adamlardan olan ümmətlər barəsindəki söz [hökm] onlar üçün də haqq oldu. Onlar ziyana düşənlər idilər.

26. Kafirlər dedilər. “Siz bu Qurana qulaq asmayın, (oxunarkən) səs-küy salın, bəlkə bu yolla qalib gələsiniz!”

27. Biz hökmən kafirlərə şiddətli bir əzab daddıracağıq, onlan etdikləri ən pis əməllərin qarşılığı ilə cəzalandıracağıq.

28. Bu, Allah düşmənlərinin ayələrimizi inkar etdikləri üçün cəzası - içərisində əbədi məskən salacaqları cəhənnəmdir.

29. Kafirlər deyərlər: “Rəbbimiz, cin və insanlar içərisindən bizi yoldan çıxarıb azdırmış o iki nəfəri bizə göstər. Biz onları ayaqlarımız altına qoyarıq ki, onlar (odda) ən altda qalanlardan olsunlar!"

30. Həqiqətən,"Rəbbimiz Allahdır!” - deyib sonra düz yolda olanların üzərinə mələklər enərək (deyərlər): “Qorxmayın, kədərlənməyin, sizə vəd olunmuş cənnətin müjdəsini alın!

31. Bu dünya həyatında da, axirətdə də biz sizin dostlarınızıq. Sizin üçün orada ürəyiniz istəyən hər şey, sizin üçün orada arzuladığınız hər şey vardır.

32. Bağışlayan, Rəhmli Allahdan bir sovqat olaraq.”

33. Allaha dua edən, əməlisaleh olan və “Həqiqətən də mən müsəlmanlardanam!“ - deyəndən də gözəl sözlüsü kim olar?

34. Yaxşılıqla pislik eyni deyildir. (Pisliyi) yaxşılıqla dəf et. Onda səninlə ədavətdə olan kəs səmimi dost kimi olar.

35. Bu, ancaq səbr edənlərə verilir, bu, ancaq böyük qismət sahiblərinə verilir.

36. Əgər sənə şeytandan bir vəsvəsə [azdırma] gələrsə, onda Allahdan kömək dilə. Axı O, eşidəndir, hər şeyi biləndir.

37. Gecə və gündüz, günəş və ay Onun dəlillərindəndir. Günəşə və aya səcdə etməyin! Onları yaradan Allaha səcdə edin, əgər siz, doğrudan da Ona ibadət edirsinizsə.

38. Əgər onlar təkəbbür göstərərlərsə, (kədərlənmə və bil ki) sənin Rəbbinin yanında onlar [mələklər] gecə-gündüz Onun şəninə yorulmadan təriflər deyirlər.

39. Onun ayələrindəndir ki, sən yeri qup-quru görürsən, Biz onun üzərinə su enirdikdən sonra o, hərəkətə gələrək dirçəlir. Onu cana gətirən həqiqətən ölüləri də dirildir. Həqiqətən də, O, hər şeyə qadirdir!

40. Ayələrimizi inkar edənlər Bizdən gizli deyildirlər. Cəhənnəm oduna salınan yaxşıdır, yoxsa qiyamət günü əmin-amanlıq içərisində gələn? Siz istədiyinizi edin, O, sizin nə etdiklərinizi görür.

41. Şübhəsiz, Zikr [Quran] onlara gəldiklə, ona inanmayanlar (cəzalanacaqlar). Doğrudan da bu, əzəmətli bir Kitabdır!

42. Yalan ona nə önündən, nə də arxasından yol tapar. O, hikmət sahibi, tərifəlayiq (Allah) tərəfindən nazil edilmişdir.

43. Sənə ancaq səndən əvvəlki peyğəmbərlərə (insanlar tərəfindən) deyilən sözlər deyilir. Həqiqətən, sənin Rəbbin bağışlama sahibidir, üzücü cəza sahibidir!

44. Əgər Biz onu yaddilli bir Quran etsəydik, onda onlar deyərdilər: “Barı onun ayələri müfəssəl aydınlaşdırılaydı! Yaddilli kitab hara, ərəb hara?" De: “O, iman gətirənlər üçün bir yolgöstəricidir, şəfadır." gətirməyənlərin isə qulaqlarında tıxac vardır. Onların (gözü) də [Qurana] qarşı kordur. Onlar uzaqdan çağırılanlar (kimidirlər).

45. Biz Musaya Kitab bəxş etmişdik, onun barəsində isə ixtilaf düşdü. Əgər öncədən sənin Rəbbindən bir söz [qiyamətə qədər möhlət vədi] gəlməsəydi, onların arasında artıq hökm verilmiş olardı. Onlar həqiqətən də onun [Quran] barəsində şəkk-şübhə içərisindədir.

46. Kim əməlisaleh olarsa, öz xeyrinə olar, kim pis əməl tutarsa, özünə qarşı olar. Sənin Rəbbin bəndələri incidən deyildir!

47. Qiyamət haqqında bilgi ancaq Ona həvalə edilir. Onun xəbəri olmadan nə bəhrələr öz toxumundan cücərib çıxar, nə də dişi hamilə olub doğar. O günü O, onları səsləyəcəkdin “Hanı Mənim şəriklərim?!" Onlar isə deyəcəklər “Biz Sənə bildiririk ki, içərimizdə (Sənə şərik qoşmamıza) heç bir şahid yoxdur!"

48. Əvvəllər ibadət etdikləri [bütlər] onlardan üz döndərib yox olacaqlar və onlar artıq özləri üçün bir qurtuluş yolunun olmadığını yəqin edəcəklər.

49. İnsan xeyir istəməkdən usanmaz. Əgər ona bir şər toxunarsa, o, məyus olar, ümidsizləşər.

50. And olsun ki, özünə toxunmuş müsibətdən sonra Biz ona Öz mərhəmətimizdən bir şey daddırsaq, o, mütləq deyər: “Bu, mənim üçündür və mən qiyamətin qopacağını zənn etmirəm. And olsun ki, əgər mən Rəbbimə qaytarılsam da Onun dərgahında mənim üçün ən yaxşı şeylər vardır". Biz, şübhəsiz ki, kafirlərə tutduqları əməllərin xəbərini verəcək və onlara şiddətli əzab daddıracağıq.

51. Biz insana yaxşılıq etdikdə o, saymazyana üz döndərib uzaqlaşar, əgər ona şər toxunarsa, o, uzun-uzadı yalvarıb-yaxarar.

52. De: "Əgər o, [Quran] Allah tərəfindəndirsə, sonra siz də onu inkar edirsinizsə, onda bir deyin görək (haqdan) uzaq düşəndən daha çox yolunu azmış kimdir?"

53. Bunun [Quranın] haqq olduğu onlara aydın olmayınca Biz dəlillərimizi onlara həm dünyada [xarici aləmdə], həm də öz içərilərində [daxili aləmlərində] göstərəcəyik. Sənin Rəbbinin hər şeyə şahid olması kifayət deyilmi?

54. Bilin ki, onlar öz Rəbbinin hüzuruna çıxacaqlarına şübhə içərisindədirlər. Bilin ki, Allah (Öz elmi və qüdrəti ilə) hər şeyi əhatə etmişdir.