Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/HİCR SURƏSİ
Quran. HİCR SURƏSİ Tərcüməçilər: Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu |
(doxsan doqquz ayədən ibarət Məkkə surəsi)
Mərhəmətli, Rəhmli Allahın adı ilə ! |
1. Əlif, Lam, Ra. Bunlar Kitabın - Quranın aydın ayələridir.
2. Bəlkə də kafirlər (qiyamət günü) istəyəcəklər ki, kaş müsəlman olaydılar.
3. Onları burax, qoy yeyib-içib güzəran sürsünlər və qoy ümidləri onları əyləndirsin. Sonra özləri biləcəklər!
4. Biz bir məmləkəti belə məlum yazısı olmadan [əcəli çatmamış] məhv etmədik.
5. Heç bir millət öz əcəlini nə qabaqlaya, nə də yubada bilər.
6. Onlar [müşriklər] dedilər: “Ey özünə zikr [öyüdverici Quran] nazil edilmiş kəs! Sən doğrudan da dəli-divanəsən.
7. Əgər sən düz danışansansa, nə üçün bizə mələklərlə gəlmirsən (ki, peyğəmbərliyinə şahidlik edələr)?"
8. Biz mələkləri ancaq haqq olaraq (əcəl vaxtı) nazil edərik və onda onlar yubadılmazlar.
9. Biz bu Zikri nazil etdik və Biz də onu qoruyacağıq.
10. Biz səndən qabaq da əvvəlki tayfalara (peyğəmbərlər) göndərdik.
11. Onlara elə bir peyğəmbər gəlmədi ki, onlar ona istehza etməsinlər.
12. Biz günahkarların ürəklərinə onun [Quran] üçün beləcə yol açırıq.
13. Onlar isə ona inanmırlar. Halbuki əvvəlki tayfaların başına gələnlər artıq bəllidir.
14. Əgər onlar üçün səmaya bir qapı açsaq və onlar durub oraya dırmaşsalar da, (yenə inanmayıb),
15. "Gözlərimiz bağlanılıb, biz sehrlənmişik." - deyərlər.
16. Biz səmada bürclər qurduq, baxanlar üçün onları (ulduzlarla) bəzədik
17. və onları daşqalaq olunmuş hər bir şeytandan qoruduq.
18. Lakin (şeytanlardan) kimsə (qeyb söhbətlərinə) xəlvətcə qulaq asmaq istəsə, onda onu aydın axan bir ulduz izləyib (yandırar).
19. Biz yeri döşədik, dağları oraya lövbər atdıq və orada hər şeydən [bitkidən] qədərincə bitirdik.
20. Biz orada sizin üçün və sizin ruzi verə bilmədiyiniz kəslər üçün güzəran vasitələri yaratdıq.
21. Elə bir şey yoxdur ki, onun tükənməz mənbəyi Bizdə olmasın. Biz nə göndəririksə, onu yalnız məlum qədərincə göndəririk.
22. Biz küləkləri (buludlar üçün) mayalandırıcı və (bitkilər üçün) tozlandırıcı olaraq göndərdik. Səmadan su endirdik və ondan sizə su verdik. Siz isə onu yığıb saxlaya bilməzsiniz.
23. Həyat verən də, öldürən də Bizik. Varis də Bizik.
24. Biz sizdən əvvəl gələnləri də bilirik, sonra gələnləri də.
25. Həqiqətən sənin Rəbbin onları bir yerə toplayacaq. Axı O, hikmət sahibidir, hər şeyi biləndir.
26. Biz insanı (saxsıtək səs verən) qurumuş palçıqdan, (hər cür forma ala bilən) gildən xəlq etdik.
27. Biz cinləri isə bundan əvvəl hərarəti şiddətli olan oddan xəlq etmişdik.
28. O zaman sənin Rəbbin mələklərə dedi: "Mən qurumuş palçıqdan, gildən insan yaradacağam.
29. Elə ki Mən onu düzəltdim və Öz ruhumdan Ona nəfəs verdim, siz üzüstə düşərək ona təzim edin!"
30. Mələklərin hamısı təzim etdilər,
31. ancaq İblisdən başqa. O, təzim edənlərlə olmaq istəmədi.
32. Allah dedi: "Ey İblis! Sənə nə olub ki, təzim edənlərlə deyilsən?"
33. iblis dedi: "Mən Sənin qurumuş palçıqdan, gildən xəlq etdiyin insana təzim edən deyiləm".
34. Allah dedi: "Onda rədd ol buradan! Sən, həqiqətən, daşqalaq olunasısan.
35. Qiyamət gününə qədər sənə lənətlər olacaqdır".
36. iblis dedi: "Rəbbim, onlar dirildiləcək günə qədər mənə möhlət ver".
37. Allah dedi: "Sənə möhlət verilir
38. vaxtı məlum günə qədər".
39. iblis dedi: "Rəbbim, məni bu hala saldığın üçün mən də yer üzündə onlar üçün (pis əməlləri) bəzəyib (yaxşı əməl kimi göstərib) hamısını yoldan çıxaracağam,
40. onların arasındakı Sənin sadiq bəndələrindən başqa".
41. Allah dedi: “Bu (sadiqlik) Mənə doğru ən düz yoldur.
42. Mənim bəndələrim üzərində sənin heç bir hökmün yoxdur, yolunu azıb sənin ardınca gedənlərdən başqa.”
43. Cəhənnəm onların hamısının görüş yeridir.
44. Onun yeddi qapısı vardır. Hər qapı onların müəyyən dəstəsi üçündür.
45. Müttəqilər isə cənnət bağlarında və çeşmə başında olacaqlar.
46. (Onlara deyiləcək): “Oraya sağlıqla və xatircəmliklə daxil olun!"
47. Biz onların köksündən kin-küdurəti götürdük. Onlar qardaş kimi taxtlar üzərində bir-birilə üz-üzə olacaqlar.
48. Onlara orada heç bir sıxıntı, yorğunluq toxunmaz və onlar oradan çıxarılmazlar.
49. Bəndələrimi xəbərdar et ki, Mən bağışlayanam, rəhmliyəm,
50. əzabım da üzücü əzabdır.
51. Onlara İbrahimin qonaqlarından xəbər ver.
52. O zaman onlar İbrahimin yanına gələrək: "Salam!" - dedilər. İbrahim də: “Biz sizdən qorxuruq." - dedi.
53. Onlar isə dedilər: "Qorxma! Biz sənə bilici bir oğlan uşağının [İshaqın] müjdəsini veririk".
54. İbrahim dedi: "Qocalıq məni yaxaladığı bir vaxtda mənə belə müjdə verirsiniz? Nə ilə müjdələyirsiniz?"
55. Onlar dedilər: "Biz sənə haqq olaraq müjdə verdik. Sən ümidsizliyə qapılma!"
56. İbrahim dedi: "Yolunu azanlardan başqa kim öz Rəbbinin mərhəmətindən ümidsiz olar?"
57. İbrahim dedi: "İstəyiniz nədir, ey mələklər!"
58. Onlar dedilər 'Biz günah işlətmiş adamlara (cəza vermək üçün) göndərilmişik,
59. Lutun ailəsindən başqa. Biz onun ailəsinin hamısını xilas edəcəyik,
60. bir onun arvadından başqa. Biz müəyyənləşdirdik ki, o ölüb gedəsidir.”
61. Mələklər Lut camaatının yanına gələndə
62. Lut dedi: "Siz yad adamlarsınız".
63. Mələklər dedilər "Xeyr. Biz sənin yanına onların şəkk-şübhə etdikləri (əzab) ilə gəlmişik.
64. Biz sənin yanına haqq ilə gəlmişik. Həqiqətən, biz düzünü deyirik.
65. Gecənin bir çağı ailəni yola çıxart və sən də arxalarında get Qoy sizlərdən heç kim arxaya baxmasın. Sizə əmr olunmuş yerə yollanın.”
66. Ona bu iş barəsində bildirdik ki, bunlar sübhü açmamış kökləri kəsiləcəkdir.
67. Şəhər əhalisi bir-birini muştuluqlayaraq sevincək gəldi.
68. Lut dedi: “Bunlar mənim qonaqlarımdır. Məni biyabır etməyin!”
69. Allahdan qorxun, məni rüsvay etməyin!”
70. Onlar dedilər “Məgər biz sənə adamları (qonaq saxlayıb qorumağı) qadağan etməmişik?”
71. Lut dedi: "Budur mənim qızlarım, əgər bir iş görmək istəyirsinizsə"
72. (Ey Məhəmməd), sənin canına and olsun ki, onlar məstlik vəziyyətində, (veriləcək əzabdan) qəflətdə gəzib dolaşırdılar.
73. Günəş doğanda onları tükürpədici hayqırtı yaxaladı.
74. Biz onu [şəhəri] alt-üst etdik və onların üzərinə kəsək daşlar yağdırdıq.
75. Şübhəsiz ki, diqqət yetirənlər üçün bunda ibrətlər vardır.
76. O [şəhər], indiyədək qalmış bir yolun üstündədir.
77. Həqiqətən, iman gətirənlər üçün bunda bir ibrət vardır.
78. Doğrudan da Eykə [Şüeyb tayfasının yaşadığı yer] sakinləri də haqsız idilər.
79. Biz onlardan intiqam aldıq. Onların ikisi də [Lut və Eykə şəhərləri] aydın görünən yol üstündədirlər.
80. Hicrin [Saleh tayfasının yaşadığı yer] sakinləri də peyğəmbərləri yalançı hesab etdilər.
81. Biz Öz ayələrimizi onlara göndərdik, onlar isə ayələrimizdən üz döndərdilər.
82. Onlar təhlükəsizlikdə olmaq üçün dağlardan, qayalardan evlər oyub- yonurdular.
83. Onlar səhəri açarkən onları tükürpədici hayqırtı yaxaladı.
84. Qazandıqları şeyləri onları xilas etmədi.
85. Biz göyləri, yeri və onların arasında olanları ancaq haqq olaraq yaratdıq. Şübhəsiz ki, qiyamət günü gələcəkdir. Sən (kafirlərdən) gözəl bir dönüşlə üz döndər.
86. Həqiqətən, sənin Rəbbin hər şeyi yaradandır, biləndir.
87. Biz sənə yeddi təkrar olunanı [“Fatihə“nin ayələrini] və əzəmətli Quranı bəxş etdik.
88. Sənin nə onların bəzisinə firavanlıq üçün verdiyimiz şeylərdə gözün qalsın, nə də sən onlara kədərlən. Qanadını iman gətirənlərin üstünə sal.
89. De: "Həqiqətən, mən açıq-aşkar xəbərdarlıq edən, öyüd-nəsihət verənəm".
90. Kitabı hissələrə bölənlərə [yəhudi və xaçpərəstlərə] də Biz beləcə nazil etmişdik.
91. O kəslərə ki, onlar Quranı hissə-hissə etdilər.
92. And olsun sənin Rəbbinə, Biz onların hamısından soruşacağıq ki,
93. onlar nə iş tutublar!
94. Sənə buyrulduğunu bəyan et və müşriklərdən üz döndər!
95. Axı Biz səni doğrudan da, istehza edənlərin əlindən qurtardıq.
96. O kəslərin ki, onlar Allaha başqa bir tanrı da qoşdular. Onlar sonra biləcəkləri
97. Biz onların sözlərindən sənin ürəyinin sıxıldığını bilirik.
98. Sən Rəbbinin şəninə həmd ilə təriflər de! Səcdə edənlərdən ol!
99. Sənə yəqinlik [əcəl] gəlincəyə qədər Rəbbinə ibadət et!