Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/HƏŞR SURƏSİ
Quran. HƏŞR SURƏSİ Tərcüməçilər: Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu |
(iyirmi dörd ayədən İbarət Mədinə surəsi)
Mərhəmətli, rəhmli Allahın adı ilə |
1. Göylərdə və yerdə nə varsa, Allaha təriflər deyər. O, qüdrət, hökm və hikmət sahibidir.
2. Kitab əhlindən olan kafirləri ilk toplanış vaxtı öz diyarlarından çıxaran Odur. Siz onların çıxacağını zənn etməmişdiniz, onlar da elə zənn etmişdilər ki, qalaları onları Allahdan qoruyacaqdır. Allahın (əzabı) isə gözləmədikləri yerdən gəldi. Allah onların ürəklərinə qorxu saldı. Onlar evlərini öz əllərilə və möminlərin əllərilə dağıdırlar. Ey bəsirət sahibləri, bir ibrət götürün!
3. Әgәг Allah onlara sürgün hökmünü yazmamış olsaydı onlara bu dünyada əzab verərdi, axirətdə isə onlar üçün cəhənnəm odunun əzabı vardır.
4. Bu da ona görədir ki, onlar Allaha və Onun peyğəmbərinə qarşı çıxdılar. Kim Allaha qarşı çıxarsa, (bilsin ki), Allah şiddətli cəza verəndir.
5. (Kafirlərin yurdlarındakı) xurma ağaclarından nəyi kəsdinizsə və ya onlardan kökləri üzərində salamat duran nəyi buraxdınızsa Allahın izni ilədir və bu, pozğunluq salanları rüsvay etmək üçündür.
6. Allahın öz peyğəmbərinə onlardan verdiyi qənimət üçün siz (onların üzərinə) nə at, nə də dəvə sürmüsünüz. Lakin Allah Öz peyğəmbərlərini istədiyi kəslər üzərində hakim edir. Axı Allah hər şeyə qadirdir.
7. Allahın (fəth edilən) məmləkətlərin əhalisindən Öz peyğəmbərinə verdiyi qənimətlər Allah, peyğəmbər, yaxın kəslər, yetimlər, yoxsullar və yolçular üçündür. Belə ki, o qənimətlər içərinizdəki varlıların mal-dövləti olub qalmasın. Peyğəmbər sizə nə verdisə onu götürün, sizə nəyi qadağan etdisə də ondan özünüzü saxlayın. Allahdan qorxun, axı Allah şiddətli cəza verəndir.
8. (Qənimət həmçinin) öz diyarlarından və mal-dövlətlərindən uzaqlaşdırılmış, Allahın lütf və rizası sorağında olan, Allaha və Onun peyğəmbərinə kömək edən kasıb mühacirlər üçündür. Bunlar (imana) sadiq qalanlardır.
9. Onlardan əvvəl bu yurdda [Mədinədə] və imanda qərar tutanlar [ənsarlar] onların yanına hicrət edib gələnləri sevərlər və onlara bəxş olunan (qənimətlərə) ürəklərində həsəd aparmazlar. Özləri sıxıntı içərisində olsa belə (onları) özlərindən üstün tutarlar. Kim nəfsinin tamahından qorunarsa onlar uğura qovuşanlardır!
10. Onlardan [mühacir və ənsarlardan] sonra gələnlər deyərlər: "Rəbbimiz, bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla! Ürəklərimizdə iman gətirənlərə bir kin-küdurət qoyma! Rəbbimiz, Sən ki şəfqətlisən, rəhmlisən."
11. Məgər sən Kitab əhlindən olan küfr etmiş qardaşlarına: "And olsun ki, əgər siz (yurdunuzdan) qovulsanız, biz də sizinlə birlikdə çıxarıq və sizin əleyhinizə olan heç kimə itaət etmərik, əgər sizə qarşı döyüş başlanılarsa sizə mütləq yardım edərik." - deyən münafiqləri görmürsənmi? Allah onlarin yalançı olduğuna şahiddir.
12. And olsun ki, əgər onlar [kitab əhli] (yurdlarından) qovulsalar (münafiqlər) onlarla birlikdə çıxmazlar. Onlarla vuruşan olsa, onlara kömək etməzlər. Əgər kömək etmiş olsalar belə, geri dönüb qaçarlar. Sonra onlara kömək edilməz.
13. Axı siz (ey möminlər), onların ürəklərində Allahdan da qorxulusunuz, çünki onlar (haqqı) anlamayan adamlardır.
14. Onlar sizinlə birlikdə ancaq istehkam edilmiş şəhər və kəndlərdə və ya divarlar arxasından vuruşarlar. Onların öz aralarındakı vuruş da şiddətlidir. Sən onlarda birlik olduğunu zənn edirsən. Halbuki onların ürəkləri ayrı-ayrıdır. Bu ona görədir ki, onlar başa düşməyən adamlardır.
15. (Münafiqlər) özlərindən bir qədər öncəki kəslərə [kafirlərə] bənzərlər. Onlar öz əməllərinin cəfasını dadmışdılar. Onlar üçün üzücü bir əzab da vardır.
16. Onlar şeytana bənzərlər; çünki şeytan insana: "Kafir ol!“ - dedi. Kafir olmuş insana isə (axirətdə): "Mənə dəxlin yoxdur. Mən aləmlərin Rəbbi Allahdan qorxuram!" - deyər.
17. Beləcə hər ikisinin aqibəti əbədi qalacaqları cəhənnəm odu içərisinə düşmək oldu. Haqsızların cəzası budur!
18. Ey iman gətirənlər! Allahdan qorxun. Qoy hər kəs (öz) sabahına nə hazırladığına bir baxsın. Allahdan qorxun, axı Allah nələr etdiyinizdən xəbərdardır!
19. Allahı unudan, Allahın da özlərini özlərinə unutdurduğu kəslər kimi olmayın. Onlar yoldan çıxanlardır.
20. Cəhənnəm əhli ilə cənnət əhli bərabər deyildirlər. Cənnət əhli uğura qovuşanlardır.
21. Əgər Biz bu Quranı bir dağa endirmiş olsaydıq, onu [dağı] Allahın qorxusundan əyilmiş, parça-parça olmuş görərdik. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə bir düşünələr.
22. O, Özündən başqa heç bir tanrı olmayan, qeybi və aşkarı bilən Allahdır! O, mərhəmətlidir, rəhmlidir!
23. O, Özündən başqa heç bir tanrı olmayan hökmran, müqəddəs, salamatlıq verən, imanı təsbit edən, ixtiyar sahibi, qüdrətli, əzəmətli və təriflərə layiq olan Allahdır! Allah Ona şərik qoşdurduqları şeylərdən ucadır.
24. O, xaliq, yoxdan yaradan və (yaratdıqlarına) şəkil verən Allahdır. Ən gözəl adlar Onundur. Nə ki, göylərdə və yerdə var, Ona təriflər deyər. O, qüdrət, hökm və hikmət sahibidir.