Məzmuna keç

Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/HƏDİD SURƏSİ

Vikimənbə saytından
Quran. HƏDİD SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(iyirmi doqquz ayədən ibarət Mədinə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!


1 Göylərdə və yerdə olanların hamısı Allaha təriflər deyir. O, qüdrət, hökm və hikmət sahibidir.

2 Göylərin və yerin mülkü Onundur. O, həyat verəndir, öldürəndir. O, hər şeyə qadirdir!

3 O, ilkindir, axırdır, aşkardır, gizlidir. O, hər şeyi biləndir.

4 Göyləri və yeri altı gündə yaradan, sonra ərşdə qərar tutub hökm verən Odur. O, yerə girən və oradan çıxanlan da, səmadan enən və oraya qalxanları da bilir. Harada olsanız, O, sizinlədir. Allah tutduğunuz işləri yaxşı görəndir!

5 Göylərin və yerin mülkü Onundur. Bütün işlər Allaha qaytarılır.

6 O, gecəni gündüzə qatar, gündüzü gecəyə qatar. O, ürəklərin içərisində olanları yaxşı bilir.

7 Allaha və Onun peyğəmbərinə iman gətirin və Onun sizin ixtiyarınıza verdiyi (mallardan Allah yolunda) xərcləyin. Sizlərdən iman gətirib xərcləyənlər üçün böyük bir mükafat vardır.

8 Peyğəmbər sizi Rəbbinizə iman gətirməyə çağırdığı halda, sizə nə olub ki, Allaha iman gətirmirsiniz? Əgər siz iman gətirmək istəyirsinizsə, Allahın sizdən (bu barədə) əhd aldığını (xatırlayın)!

9 Sizi zülmətlərdən nura çıxarmaq üçündən Öz bəndəsinə aydın ayələr nazil edən Odur! Şübhəsiz ki, Allah sizə çox şəfqətlidir, rəhmlidir.

10 Göylərin və yerin mirası Allahın olduğu halda, sizə nə olub ki, Allah yolunda xərcləmirsiniz? Sizlərdən (Məkkənin) fəthindən əvvəl xərcləyib döyüşənlər (başqalarına) tay deyildirlər. Onlar (fəthdən) sonra xərcləyib döyüşənlərdən daha yüksək məqamdadırlar. (Bununla belə) Allah onların hamısına gözəl aqibət, vəd vermişdir. Allah nə etdiklərinizdən xəbərdardır.

11 Kimdir o kəs ki, Allaha yaxşı bir borc verir, Allah da ona qat-qat (əvəz) verir və ona gözəl bir mükafat da vardır.

12 O günü sən mömin kişi və qadınların nurunun onların qarşılarında və sağ tərəflərində hərəkət etdiyini görəcəksən. (Onlara deyiləcək): "Bu gün sizin müjdəniz dibindən çaylar axan və orada əbədi qalacağınız cənnət bağlarıdır." Bax, böyük uğur budur!

13 O günü münafiq kişi və qadınlar iman gətirənlərə deyəcəklər: "Bizi (bir qədər) gözləyin, biz də sizin nurunuzdan alaq!" Onlara deyiləcək: "Geri qayıdın və özünüzə nur axtarın!" Və onların arasında qapısının içəri tərəfində mərhmət və çöl tərəfində əzab olan bir sədd qurulacaqdır.

14 Münafiqlər möminləri səsləyəcəklər: "Məgər biz (dünyada) sizinlə birgə deyildik?" Möminlər deyəcəklər: "Bəli, lakin siz öz-özünüzü (fitnəyə) sövq etdiniz, gözlədiniz, şəkk-şübhəyə düşdünüz və boş arzularınız sizi tovlayıb aldatdı. Ta ki, Allahın əmri gəldi və Allah barəsində aldadan [şeytan] sizi tovlayıb aldatdı.

15 Bu gün isə nə sizdən, nə də kafirlərdən heç bir fidyə alınmaz. Sizin yeriniz cəhənnəm odudur və siz ona layiqsiniz. Nə pis bir son dönüş yeri!"

16 İman gətirənlərin ürəklərinin Allahı və haqdan nazil ediləni [Quranı] zikr etmək üçün yumşalması, öncədən kitab verilmiş və vaxt keçdikcə ürəkləri sərtləşmiş kəslər kimi olmamaları vaxtı gəlib çatmayıbmı? Onların çoxu yolu azmışdır.

17 Bilin ki, Allah yeri ölümündən sonra dirildir! Biz sizin üçün ayələrimizi izah etdik ki, bəlkə ağıla gələsiniz.

18 Sədəqə verən kişi və qadınlar və Allaha yaxşı bir borc verənlər üçün (əvəz) qat-qat veriləcəkdir və onlar üçün dəyərli bir mükafat olacaqdır.

19 Allaha və onun peyğəmbərlərinə iman gətirənlər (söz və əməldə) doğru olanlardır və öz Rəbbi dərgahında şahid olanlardır. Onların öz haqları, öz nurları vardır. Küfr edib ayələrimizi yalan hesab edənlər isə - bunlar cəhənnəmlikdirlər.

20 Bilin ki, dünya həyatı bir oyun və əyləncə, bəzək-düzək və bir-birinizlə öyünməkdən, mal-dövləti, övladlan artırmaq istəyindən ibarətdir. (Bu da) elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitkilər əkinçiləri heyran edir, sonra isə onlar solur və onları solmuş görürsən, sonra isə onlar çör-çöp olurlar. Axirətdə isə şiddətli bir əzab, Allahın bağışlanması və rizası vardır. Dünya həyatı ancaq aldadıcı, ötəri bir şeydir.

21 Rəbbinizdən bağışlanma almağa, genişliyi səma ilə yerin genişliyi qədər olan, Allaha və Onun peyğəmbərlərinə iman gətirənlər üçün hazırlanmış cənnətə tələsin! Bu, Allahın istədiyi kəsə bir lütfüdür. Axı Allah böyük lütf sahibidir!

22 Yer üzünə və özünüzə elə bir müsibət üz vermir ki, Biz bunu etməzdən əvvəl Kitabda [Lövhi-Məhfuzda] olmasın. Həqiqətən də bu, Allah üçün çox asandır.

23 Bu, sizin əlinizdən çıxana kədərlənməməniz və sizə gələn (nemətlərə) fərəhlənməməniz üçündür. Allah heç bir dikbaş lovğanı sevməz,

24 o kəsləri ki, onlar xəsislik edir, adamlara da xəsislik etməyi əmr edirlər. Kim üz döndərirsə, (döndərsin). Allah heç bir şeyə möhtac deyildir, tərifəlayiqdir!

25 Biz peyğəmbərlərimizi aydın dəlillərlə göndərdik. Onlarla birlikdə Kitab, ölçü və çəki endirdik ki, insanlar ədalətli olsunlar. Özündə böyük bir qüvvət və insanlar üçün çoxlu mənfəətlər olan dəmiri verdik. Bu, ona görədir ki, Allah kimin Onu görmədiyi halda, Ona və peyğəmbərlərinə kömək etdiyini bilsin. Həqiqətən, Allah qüvvət, qüdrət sahibidir.

26 Biz Nuhu və İbrahimi (peyğəmbər) göndərdik. Onların nəslinə peyğəmbərlik və Kitab verdik. Onların bir qismi düz yol tutmuş, bir çoxu isə yolu azmış idi.

27 Sonra onların ardınca dalbadal peyğəmbərlərimizi göndərdik. Sonra Məryəm oğlu İsanı göndərib ona İncili bəxş etdik. Onun ardınca gedənlərin ürəklərinə şəfqət və mərhəmət saldıq. Rahibliyi isə onlar özləri icad etdilər. Biz onlara bunu vacib buyurmamışdıq. Onlar bunu ancaq Allahın razılığını qazanmaq üçün etmişdilər. Lakin buna da lazımınca əməl etmədilər. Biz onların içərisində iman gətirənlərə öz haqlannı verdik, onlardan bir çoxu isə yoldan çıxmışdı.

28 Ey iman gətirənlər, Allahdan qorxun, Onun peyğəmbərinə inanın! Onda Allah sizə Öz mərhəmətindən iki pay verər, sizə işığında gedəcəyiniz nur bəxş edər və sizi bağışlayar. Axı Allah bağışlayandır, rəhmlidir!

29 Beləcə Kitab əhli bilsin ki, onlar Allahın lütfündən heç bir şeyin qarşısını ala bilməzlər. Şübhəsiz ki, lütf Allahın Öz əlindədir və onu istədiyi kəsə verər. Axı Allah böyük lütf sahibidir.