Məzmuna keç

Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/HUD SURƏSİ

Vikimənbə saytından
Quran. HUD SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(yüz iyirmi üç ayədən ibarət Məkkə surəsi)

Mərhəmətli, Rəhmli Allahın adı ilə !


1. Əlif, Lam, Ra. (Ey peyğəmbər de:) "Bu, hikmət sahibi, hər şeydən xəbərdar [Allah] tərəfindən olan, ayələri möhkəm təsbit edilmiş, sonra isə müfəssəl aydınlaşdırılmış elə bir Kitabdır ki,

2. Siz Allahdan başqa heç kimə ibadət etməyəsiniz. Həqiqətən mən Onun tərəfindən sizə xəbərdarlıq edən bir müjdəçiyəm ki,

3. Siz Öz Rəbbinizdən bağışlanmanızı diləyəsiniz, sonra isə ona tövbə edəsiniz. Onda O, sizi müəyyən olunmuş əcələ [vaxta] qədər gözəl nemətlərlə faydalandırar, hər bir fəzilət sahibinə fəzilətini verər. Əgər üz çevirsəniz, onda mən sizə olacaq böyük günün [qiyamət gününün] əzabından qorxuram.

4. Siz Allaha qayıdacaqsınız. O, hər şeyə qadirdir!"

5. Bir baxın, onlar sinələrini bürüyüb örtürlər ki, Ondan gizlətsinlər, O isə onlar paltarlarına büründükdə belə nəyi gizlədib, nəyi aşkar etdiklərini bilir. Axı O, ürəklərdə olanları çox yaxşı bilir!

6. Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. O, onların olduqları və (ölümündən sonra) olacaqları yerləri bilir. Bunların hamısı aydın Kitabda vardır.

7. Taxtı-tacı su üzərində ikən, hansınız daha yaxşı işlər görər deyə sizi sınamaq üçün göyləri və yeri altı gündə yaradan Odur. Əgər sən desən ki: "Siz öləndən sonra diriləcəksiniz", küfr edənlər, əlbəttə deyərlər: "Bu, ancaq aşkar bir sehrdir".

8. Əgər Biz əzabı onlar üçün müəyyən bir vaxta qədər gecikdirsək, onlar deyərlər “Onu tutub saxlayan nədir?" Bilin: o gün ki, o [əzab] onlara gələcək, onu onlardan kənar etmək mümkün olmayacaq və istehza etdikləri [əzab] onları haqlayacaqdır.

9. Əgər Biz insana Özümüzdən bir nemət dadızdırıb, sonra ondan geri alarıqsa, həqiqətən, o tez ümidsizliyə qapanıb naşükür olar.

10. Əgər Biz ona sıxıntıdan sonra firavanlıq dadızdırsaq, həqiqətən o: "Pis şeylər məndən sovuşdu!" - deyərək sevinib qürrələnər.

11. O kəslərdən başqa ki, onlar səbr göstərib xeyir işlər görürlər; onlar üçün bağışlanma və böyük mükafat vardır!

12. Onların: “Heç olmasa ona bir xəzinə göndəriləydi, yaxud onunla bir mələk gələydi!" - demələri üzündən ola bilsin ki, ürəyin sıxıla və sənə vəhy olunan şeylərin bəzisinin üstündən keçəsən. Sən ancaq xəbərdarlıq edənsən, Allah isə hər şeyə zamindir.

13. Yaxud da onlar deyərlər: "Bunu [Quranı] o, özündən uydurubdur". De: "Əgər haqlısınızsa, onda Allahdan başqa kimi bacarırsınızsa, köməyə çağırın və buna bənzər uydurulmuş on surə də siz gətirin!

14. Əgər onlar [köməyə çağırdıqlarınız] sizə hay verməsələr, onda bilin ki, o [Quran], Allahın bilgisi ilə nazil olub və Ondan başqa heç bir Tanrı yoxdur! Artıq siz təslim [müsəlman] olarsınızmı?

15. Kim bu dünya həyatını və onun bərbəzəyini istəyirsə, onda Biz burada işlərinin əvəzini onlara tam ödəyəcəyik və onlar burada məğmun edilməyəcəklər.

16. O kəslər ki, onlar üçün axirətdə cəhənnəm odundan başqa bir şey olmayacaq, onların burada etdikləri boşa çıxacaq və gördükləri işlər heç olacaqdır.

17. Məgər öz Rəbbindən (gəlmiş) aşkar dəlilə istinad edən, özü ilə Ondan bir şahidi [Quranı] və bundan əvvəl Musanın bir rəhbər və mərhəmət kimi Kitabı olan kəs (bir başqasına bənzərmi)? Bunlar ona inanırlar. Bu dəstələrdən kim ona inanmazsa, onun vəd olunmuş yeri cəhənnəm odudur. Ona [Qurana] sənin heç bir şübhən olmasın. O, sənin Rəbbindən gələn bir haqdır, lakin insanların çoxu inanmır.

18. Allaha qarşı yalan uydurandan daha zalımı kim ola bilər? Onlar özlərinin Rəbbi hüzuruna gətiriləcəklər. Şahidlər deyəcəklər. "Bunlar Rəbbinə qarşı yalan söyləyənlərdir". Biləsiz ki Allahın lənəti zalımların üzərinədir!

19. O kəslərə ki, onlar axirətə inanmayıb (insanları) Allah yolundan yayındırır və onu əyri göstərməyə çalışırlar.

20. Onlar yer üzündə (Allaha) mane olmaq qüdrətində deyildirlər və onların Allahdan başqa himayəçiləri yoxdur. Onların əzabı qat-qat veriləcəkdir. Onlar (bu dünyada haqqı) nə eşidə, nə də görə bilirdilər.

21. Bunlar o kəslərdir ki, öz-özlərinə ziyan vurmuş və uydurduqları [şərikləri] də onları tərk edib yox olmuşlar.

22. Şübhəsiz ki, onlar axirətdə daha çox ziyan çəkən olacaqlar!

23. İman gətirən, xeyir işlər görən və öz Rəbbinə itaət edənlər - onlar cənnətlikdirlər və orada əbədi qalasıdırlar.

24. Bu iki dəstənin məsəli kor və karla görən və eşidənin məsəlinə bənzəyir. Məgər bunlar ikisi də vəziyyətcə bir-birlərinə taydırlar? Bir ibrət almazsınızmı?

25. Biz Nuhu öz camaatına peyğəmbər göndərdik. (O dedi): "Həqiqətən, mən sizin üçün aydın xəbərdarlıq edənəm ki,

26. Allahdan başqa heç kimə ibadət etməyəsiniz! Doğrudan da mən sizin üçün üzücü günün əzabından qorxuram!”

27. Onun camaatının əyanları dedilər: “Biz səni yalnız özümüz kimi bir adam görürük. Onu da görürük ki, sənin ardınca bizlərdən yalnız ən sadəlövhləri ilk təəssürata uyaraq gedirlər. Sizin bizdən heç bir üstünlüyünüzü görmürük, əksinə biz sizi yalançı hesab edirik".

28. O dedi: "Ey camaatım! Bir deyin görək, əgər mən Rəbbimin aşkar bir dəlilinə istinad edirəmsə və O, Öz tərəfindən mənə sizin gözünüzün görə bilmədiyi bir mərhəmət bəxş etmişsə, ola bilərmi ki, onu istəmədiyiniz halda biz sizə zorla qəbul etdirək?

29. Ey camaatım! Mən bunun üçün sizdən mal-dövlət istəmirəm, belə ki, mənim mükafatım yalnız Allahdadır. Mən iman gətirənləri də qovan deyiləm, axı onlar öz Rəbbi ilə qarşılaşacaqlar. Lakin mən görürəm ki, siz cahil adamlarsınız.

30. Ey camaatım! Əgər onları qovsam, kim məni Allahdan qoruyar? Doğrudanmı siz bir düşünməyəcəksiniz?

31. Mən sizə demirəm ki, məndə Allahın xəzinələri vardır. Mən qeybi bilmirəm. Mən demirəm ki, mələyəm. Sizin gözlərinizlə istehza etdiyiniz kəslər üçün demirəm ki, Allah onlara heç bir xeyir bəxş etməyəcəkdir. Allah onların ürəklərindəkini daha yaxşı bilir. Onda mən zalımlardan olardım".

32. Onlar dedilər: "Ey Nuh, bizimlə mübahisəyə girişdin və həm də mübahisəmizi uzatdın. Əgər haqlısansa, bizə vəd etdiyini (başımıza) gətir!"

33. O dedi: "Əgər istəsə, onu sizə Allah gətirəcək, siz isə buna mane ola bilməyəcəksiniz.

34. Əgər Allah sizi azdırmaq istərsə, mən sizə nəsihət vermək istəsəm belə nəsihətim sizə fayda verməz. O, sizin Rəbbinizdir və Ona da qaytarılacaqsınız".

35. Yaxud onlar deyəcəklər "Bunu o, özü uydurub". De: "Əgər mən onu uydurmuşamsa, mənim günahım da öz üzərimə düşür, sizin etdiyiniz günahların isə mənə dəxli yoxdur".

36. Nuha belə vəhy olundu: "Sənin camaatının iman gətirənlərindən başqa, artıq heç kəs iman gətirən deyildir. Onların əməllərindən məyus olma!

37. Bizim nəzarətimiz altında və vəhyimizlə gəmi düzəlt və haqsızlıq edənlər barəsində mənimlə danışma; həqiqətən, onlar qərq olunacaqlar!

38. O gəmi düzəldir, camaatının əyanları isə hər dəfə onun yanından keçəndə onu elə salırdılar. O dedi: "Əgər bizi elə salırsınızsa, biz də sizi elə saldığınız kimi ələ salarıq.

39. Onda biləcəksiniz ki, kimə rüsvayedici əzab gələcək və kimə daimi əzab üz verəcəkdir!"

40. Əmrimiz gəlib təndirdən [yerdən] su qaynayıb fəvvarə vuranda [yer üzünü su basanda] Biz dedik: "Hər (heyvandan) oraya bir cüt [erkək və dişi], haqqında əvvəl danışılmış kəslərdən başqa öz ailəni və iman gətirənləri mindir." Onunla birlikdə isə azacıq adam iman gətirmişdi.

41. O dedi: "Oraya [gəmiyə] minin, onun hərəkəti də, dayanması da Allahın adı ilədir. Həqiqətən, Rəbbim bağışlayandır, rəhmlidir!"

42. O [gəmi] onları dağlara bənzər içərisində apararkən Nuh səslədi: Ey oğlum, gəl bizimlə (gəmiyə) min, kafirlərlə olma!"

43. O dedi: "Mən elə bir dağa sığınaram ki, o, məni sudan qoruyar". (Nuh) dedi: "Allahın rəhm etdiklərindən başqa heç kimi bu gün Onun əmrindən qoruyan olmaz". Dalğalar onları bir-birindən ayırdı və o suda batanlardan oldu.

44. (Allah tərəfindən) deyildi: “Ey yer, ud sən öz suyunu, ey səma, dayan [yağmuru kəs]!" Su çəkildi, əmr yerinə yetdi və o [gəmi] əl-Cudi (dağı) üzərində qərar tutdu. Deyildi: "Qoy zalım adamlar beləcə məhv olsun!"

45. Nuh Rəbbini çağıraraq dedi: "Rəbbim, oğlum mənim ailəmdəndir, Sənin vədin isə haqdır. Sən hakimlər hakimisən!"

46. (Allah) dedi: "Ey Nuh, o, əslində sənin ailəndən deyildir, o, bəd əməldir. Bilmədiyin bir şeyi Məndən istəmə. Sənə öyüd-nəsihət verirəm ki, cahil olmayasan!"

47. O dedi: "Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəmək üçün Sənə pənah gətirirəm. Məni bağışlamasan, mənə rəhmin gəlməsə, mən də zərər çəkənlərdən olaram".

48. Deyildi: "Ey Nuh! Sənə və səninlə olan millətlərdən (törəyəcək möminlərə) bizdən gələn əmin-amanlıqla, xeyir-dua ilə (gəmidən) en! Bəzi millətlər də var ki, Biz onlara (bu dünyada) güzəran verəcəyik, sonra isə onlara (axirətdə) Bizim tərəfimizdən üzücü əzab dəyəcək".

49. Bu, qeyb əhvalatlarıdır ki, sənə [Məhəmməd peyğəmbərə] vəhy edirik. Bundan əvvəl onları nə sən, nə də sənin ümmətin bilirdi. Səbr et! Həqiqətən, aqibət müttəqilərindir!

50. Ad tayfasına onların qardaşı Hudu (göndərdik). O dedi: "Ey camaatım, Allaha ibadət edin! Sizin üçün Ondan başqa bir tanrı yoxdur. Siz isə ancaq iftira edirsiniz.

51. Ey camaatım, bunun üçün sizdən bir haqq istəmirəm. Həqiqətən mənim mükafatım ancaq məni yaradandandır. Siz ağıllanmayacaqsınız?!

52. Ey camaatım, Rəbbinizdən bağışlanmanızı istəyin, sonra Ona tövbə edin ki, sizə səmadan bolluca yağış göndərsin və qüvvənizə daha bir qüvvə artırsın. Günah işlədib üz döndərməyin".

53. Onlar dedilər: "Ey Hud, sən bizə aşkar bir dəlil gətirmədin və biz heç vaxt sənin sözünlə tanrılarımızı tərk edən deyilik, sənə də inanmırıq.

54. Biz yalnız onu deyirik ki, səni bəzi tanrılarımız pis bir şeyə mübtəla edib". O dedi: "Mən Allahı şahid çağırıram, siz də şahid olun ki, qoşduqlarınız şəriklərin mənə heç bir dəxli yoxdur,

55. bir Ondan başqa! Hamınız mənə kələk gəlin, sonra heç mənə möhlət də verməyin.

56. Mən Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, ixtiyarı tamamilə Onun əlində olmasın. Axı Rəbbim düz yol üzərindədir (Onun yolu düzdür)".

57. Əgər onlar üz çevirsələr (de:) "Mən ki nə ilə sizə göndərilmişdim, onu da sizə çatdırdım. Rəbbim sizi başqa bir camaatla əvəz edər, siz isə Ona heç bir zərər yetirə bilməzsiniz. Həqiqətən, Rəbbim hər şeyə nəzarət edəndir!"

58. Əmrimiz gəldikdə Biz Hudu və onunla iman gətirənləri Öz mərhəmətimizlə xilas etdik və onları şiddətli bir əzabdan qurtardıq.

59. Bu, Ad tayfasıdır ki, öz Rəbbinin ayələrini rədd edib, Onun peyğəmbərlərinə qarşı çıxdı və hər bir inadkar zülmkarın əmrinə uydu.

60. Onlara bu dünyada lənət nəsib edildi, qiyamət günü də (ediləcək). Bəli, həqiqətən, Ad tayfası öz Rəbbinə küfr etdi. Hud camaatından olan Ad (tayfası) (Allahın mərhəmətindən) uzaq oldu.

61. Səmud (tayfasına) qardaşları Salehi (göndərdik). O dedi: "Ey camaatım, Allaha ibadət edin! Sizin üçün Ondan başqa bir tanrı yoxdur. O sizi yerdən [torpaqdan] yaratdı və sizi orada məskunlaşdırdı. Ondan bağışlanmanızı istəyin, sonra Ona tövbə edin. Həqiqətən, Rəbbim yaxındır, haraya çatandır!"

62. Onlar dedilər: "Ey Saleh, sən bundan əvvəl içərimizdə arzu olunan kəs idin. Doğrudanmı sən ata-babalarımızın ibadət etdiklərinə ibadət etməyi bizə qadağan edəcəksən? Biz sənin bizi dəvət etdiklərinə güclü şübhədəyik

63. O dedi: "Ey camaatım, heç fikirləşirsinizmi ki, əgər mən öz Rəbbimdən olan aydın bir dəlilə istinad edirəmsə və Ondan mənə bir mərhəmət olaraq (peyğəmbərlik) gəlirsə, Allaha qulaq asmasam, kim məni Ondan qoruyar? Siz mənim üçün yalnız ziyanı artırırsınız.

64. Ey camaatım, iştə sizə bir möcüzə olaraq Allahın dəvəsi! Buraxın onu, qoy Allahın torpağında otlasın, ona pislik toxundurmayın, yoxsa sizə yaxın bir əzab üz verər".

65. Onlar isə onu kəsdilər. (Saleh) dedi: "Yurdunuzda üç gün də güzəran sürüb nəşələnin. Bu, yalan olmayan bir vəddir".

66. Bizim əmrimiz gələndə Salehi və onunla birgə iman gətirənləri Öz mərhəmətimizlə o günün rüsvayçılığından xilas etdik. Həqiqətən, Sənin Rəbbin qüvvətlidir, qüdrətlidir.

67. O zalımları qorxunc bir hayqırtı yaxaladı və onlar öz evlərində üzüquylu düşüb qaldılar,

68. sanki heç orada yaşamamışdılar. Bəli, Səmud tayfası öz Rəbbinə küfr etdi. Səmud (tayfası) (Allahın mərhəmətindən) uzaq oldu.

69. Elçilərimiz [mələklərimiz] İbrahimə (övlad) müjdəsi gətirərək dedilər: "Salam! (olsun sənə!)" O da dedi: (Sizə də) "Salam! (olsun)" və dərhal qızardılmış bir buzov gətirdi.

70. O görəndə ki, onlar buna [yeməyə] əl vurmurlar, onlar onun xoşuna gəlmədilər və o, onlardan qorxu hiss etdi. Onlar dedilər: "Qorxma, biz Lut tayfasına göndərilmişik".

71. Onun arvadı [Sara] isə ayaq üstə (xidmət edirdi). O (bu sözlərə) güldü. Biz onu İshaqın, İshaqın ardınca isə Yaqubun (anadan olacağı) xəbəri ilə müjdələdikdə

72. O dedi: "Vay halıma! Məgər mən belə qoca qarı ikən və bu ərim də belə qoca ikən mən uşaq doğaram?! Doğrudan da bu, təəccüblü bir işdir!"

73. Onlar dedilər "Sən Allahın işinəmi təəccüb edirsən? Sizə Allahın mərhəməti və xeyir - duası olsun, ey ev əhli! Həqiqətən, O, tərifəlayiqdir, şan-şöhrətlidir!"

74. İbrahimdən qorxu çəkiləndən və ona müjdə gələndən sonra isə o, Bizimlə [mələklərimizlə] Lut camaatı barəsində mübahisəyə başladı.

75. Həqiqətən, İbrahim həlim təbiətli, həmişə Allaha yalvaran və Ona üz tutandır.

76. (Mələklər dedilər): "Ey İbrahim, bu (mübahisədən) əl çək! Artıq Rəbbinin əmri gəlmişdir və onlara qarşısı alınmaz bir əzab gələcəkdir!"

77. Elçilərimiz Lutun yanına gələndə o, onların gəlişindən dilxor oldu, ürəyi sıxıldı və dedi: “Bu, ağır bir gündür".

78. Camaatı tələsik onun yanına gəldi. Əvvəllər də onlar pis əməllər tutardılar. Lut dedi: “Ey camaatım! Budur mənim qızlarım, onlar sizin üçün çox təmizdirlər. Allahdan qorxun və qonaqlarımın yanında məni biyabır etməyin. Məgər sizin aranızda ağlı başında olan bir adam yoxdur?"

79. Onlar dedilər: "Sən bilirsən ki, sənin qızlarına bizim bir ehtiyacımız yoxdur. Sən axı bilirsən biz nə istəyirik".

80. O dedi: “Ah, bircə sizə gücüm çataydı, ya da möhkəm bir dayağım olaydı!"

81. Onlar [mələklər] dedilər: "Ey Lut, biz sənin Rəbbinin elçiləriyik. Onlar sənə əsla bir xətər yetirə bilməzlər. Gecənin bir vaxtı ailənlə yola düş və arvadından başqa qoy heç kim dönüb arxaya baxmasın; onların başına gələn onun [arvadın] da başına gələcəkdir. Onlar üçün təyin olunmuş vaxt sübh çağıdır; sübh yaxın deyilmi?"

82. Əmrimiz gələndə Biz oranı alt-üst etdik və onların üzərinə daş kimi kəsəklər yağdırdıq.

83. (Kəsəklərə) Rəbbin tərəfindən nişan vurulmuşdu. Bu [daşlar] zalımlardan uzaq deyildir!

84. Mədyən (tayfasına) qardaşları Şüeybi (göndərdik). O dedi: "Ey camaatım, Allaha ibadət edin! Sizin üçün Ondan başqa bir tanrı yoxdur. Ölçüdə və çəkidə kəsməyin! Sizi bolluq içərisində görürəm, mən həm də (hər tərəfinizi) bürüyəcək günün əzabından sizin üçün qorxuram.

85. Ey camaatım, ölçü və çəkinin düzgünlüyünə tam əməl edin, heç bir şeydə insanların haqqını kəsməyin və yer üzündə fitnə-fəsad törədə- törədə gəzib dolaşmayın!

86. Əgər iman gətirmisinizsə, Allahın verdiyi mənfəət sizin üçün daha xeyirlidir. Mən sizin üzərinizdə nəzarətçi deyiləm.

87. Onlar dedilər "Ey Şüeyb, namazınmı sənə əmr edir ki, biz ata- babalarımızın ibadət etdiklərini bir yana ataq və ya mal-dövlətimizdən istədiyimiz kimi istifadə edə bilməyək? Axı sən ki həlimsən, ağlın başındadır!"

88. O dedi: "Ey camaatım, bir deyin görək, məndə Rəbbimdən aşkar dəlil olduğu və mənə Öz tərəfindən gözəl ruzilər vermiş olduğu halda (heç mən Onun sözündən çıxa bilərəmmi?!) Sizə qadağan etdiyim şeylərin əksinə olaraq sizinlə ixtilafda olmaq istəmirəm. Mən bacardığım qədər ancaq islah etmək istəyirəm və (bu işdəki) uğurum yalnız Allahdadır. Odur ki, mən Ona təvəkkül etdim və (hər şeydə) Ona üz tuturam.

89. Ey camaatım, qoy mənimlə olan ixtilafınız sizi inadkarlığa vadar etməsin, yoxsa Nuh tayfasına, Hud tayfasına və ya Saleh tayfasına üz verən (müsibət) sizin də başınıza gələr. Lut tayfası da ki sizdən uzaqda deyildir.

90. Rəbbinizdən bağışlanmanızı istəyin, sonra da Ona tövbə edin. Həqiqətən mənim Rəbbim rəhmlidir, məhəbbət bəsləyəndir!"

91. Onlar dedilər: "Ey Şüeyb, biz sənin dediklərinin çoxunu anlamırıq. Biz görürük ki, sən bizim aramızda zəifsən. Əgər sənin adamların olmasaydı, biz səni daşqalaq edərdik. Sən ki bizim üçün əziz deyilsən".

92. O dedi: "Ey camaatım, məgər mənim adamlarım sizin üçün Allahdan da əzizdir ki, siz Ona arxa çevirib etinasızlıq göstərirsiniz? Həqiqətən, Rəbbim nə etdiklərinizdən xəbərdardır!

93. Ey camaatım, əlinizdən gələni edin, mən də edərəm! Kimə rüsvayçı əzabın gələcəyini və kimin yalançı olduğunu siz biləcəksiniz. Gözləyin, mən də sizinlə gözlərəm".

94. Əmrimiz gələndə Şüeybi və onunla birlikdə iman gətirənləri öz mərhəmətimizlə xilas etdik. Zülm edənləri isə tükürpədici bir hayqırtı yaxaladı və onlar öz evlərində üzüquylu düşüb qaldılar,

95. sanki heç orada yaşamamışdılar. Bəli, Səmud tayfası (Allahın mərhəmətindən) uzaq olduğu kimi, Mədyən camaatı da uzaq oldu.

96. Biz Musanı Öz ayələrimizlə və açıq-aydın bir dəlillə

97. Fironun və onun əyanlarının yanına göndərdik. Onlar isə Fironun əmrinə tabe oldular. Halbuki Fironun əmri ağıllı bir əmr deyildi.

98. O qiyamət günü öz camaatının qarşısına düşərək, onları cəhənnəm oduna sürükləyəcək. Düşəcəkləri yer nə pis bir yer!

99. Bu (dünyada) da, qiyamət günü də onları lənət müşayiət edəcəkdir. Verilən ənam necə də pisdir!

100. Bu, məmləkətlərin əhvalatlarıdır ki, Biz sənə danışırıq. Onlardan izi qalan da var, silinib gedən də.

101. Biz onlara zülm etmədik, lakin onlar özləri-özlərinə zülm etdilər. Sənin Rəbbinin əmri gələndə Allahı qoyub ibadət etdikləri başqa tanrıları onları heç nədən qurtara bilmədilər, yalnız onların ziyana düşüb məhv olmalarını artırdılar.

102. Haqsızlıq edən məmləkətlərin sənin Rəbbin tərəfindən yaxalanması bax belə olur. Həqiqətən, Onun yaxalaması əzabvericidir, sərtdir!

103. Həqiqətən, bunda axirət əzabından qorxanlar üçün bir ibrət vardır. Bu, o gündür ki, insanlar onun üçün toplanılacaqlar. Bu, (hamının) görəcəyi gündür!

104. Biz onu ancaq müəyyən olunmuş vaxta qədər yubada bilərik.

105. O günə gəldikdə bir nəfər belə o zaman Allahın izni olmadan danışmayacaqdır. Onlardan bədbəxt olanı da, xoşbəxt olanı da olacaq.

106. Bədbəxt olanlar cəhənnəm odu içərisində (olacaqlar). Onlar orada ah-vay və hönkürtü içərisində olacaqlar.

107. Onlar göylər və yer durduqca ancaq sənin Rəbbinin istədiyi vaxta qədər orada daimi qalacaqlar. Həqiqətən, sənin Rəbbin istədiyini edəndir!

108. Xoşbəxtlik nəsib olunanlar isə tükənməz bir mükafat olaraq, göylər və yer durduqca cənnətdə - orada ancaq sənin Rəbbin istədiyi vaxta qədər daimi qalacaqlar. (Bu), tükənməz bir mükafatdır.

109. Bunların nəyə ibadət etmələrinə şübhədə olma; onlar da əvvəllər ata-babalarının ibadət etdikləri kimi ibadət edirlər. Həqiqətən, Biz onların payını kəsmədən bütöv verəcəyik!

110. Musaya Kitab bəxş etdik, lakin onun barəsində fikir ayrılığı oldu. Əgər əvvəlcədən sənin Rəbbindən bir kəlam olmasaydı, onlar bunun barəsində şəkk-şübhə içərisində ikən, artıq işləri bitmiş olardı.

111. Həqiqətən, sənin Rəbbin onların hamısına əməllərinə görə tam əvəz verəcəkdir. Axı O, onların nə etdiklərindən xəbərdardır!

112. Sənə əmr olunduğu kimi sən də, səninlə birlikdə tövbə edənlər də düz olun və həddi aşmayın. Axı O nələr etdiyinizi görür!

113. Zalımlara meyl etməyin, yoxsa sizə cəhənnəm odu toxunar. Allahdan başqa sizin himayəçiniz yoxdur. Sonra sizə kömək olunmaz!

114. Gündüzün hər iki yarısında və gecənin ilk saatlarında namaz qıl! Həqiqətən, xeyir işlər pis əməlləri yuyub aparır. Bu, yadda saxlayanlar üçün bir zikrdir.

115. Səbr et! Həqiqətən, Allah xeyir işlər görənlərin haqqını itirmir!

116. Məgər sizdən əvvəlki nəsillərdən yer üzündə fitnə-fəsadın qarşısını alacaq ağıl sahibləri var idi? Onların arasında yalnız bir qism var idi ki, Biz onları xilas etdik. Zülm edənlər onlara verilmiş dünya ləzzətlərinə uyaraq günahkar oldular.

117. Əhalisi düz adamlar olsaydı, o məmləkətləri sənin Rəbbin haqsız yerə məhv etməzdi.

118. Əgər sənin Rəbbin istəsəydi, insanları tək bir millət [dindaş] edərdi. Onlar isə hələ bir-birlərindən fərqlənirlər,

119. Sənin Rəbbinin rəhm etdiyi kəslərdən başqa. O, onları bunun üçün xəlq etdi. Sənin Rəbbinin: "And olsun ki, cəhənnəmi bütünlüklə cinlər və insanlarla doldururacağam." - sözləri yerinə yetdi.

120. Peyğəmbərlər haqqındakı əhvalatların hamısını sənə danışırıq ki, sənin ürəyinə güc verək. Bunlarda sənə haqq, iman gətirənlərə isə öyüd-nəsihət və ibrət gəldi.

121. İman gətirməyənlərə de: “Əlinizdən gələni edin, biz də edərik!

122. Gözləyin, biz də gözlərik!”

123. Göylərdəki və yerdəki qeyblər ancaq Allaha məxsusdur. Bütün işlər Ona qayıdır. Ona ibadət et, Ona təvəkkül et! Sənin Rəbbin nələr etdiyinizdən qafil deyildir!