Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/MÜLK SURƏSİ
Quran. MÜLK SURƏSİ Tərcüməçilər: Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu |
(otuz ayədən ibarət Məkkə surəsi)
Mərhəmətli, rəhmli Allahın adı ilə! |
1 Əlində səltənət olan (Allah) xeyir-bərəkətlidir. O, hər şeyə qadirdir.
2 Əməlcə hansınızın daha yaxşı olduğunu yoxlamaq üçün ölümü və həyatı yaradan Odur. O, qüdrətlidir, bağışlayandır.
3 Yeddi göyü təbəqə-təbəqə yaradan Odur. Sən mərhəmətli Allahın yaratdığında bir uyğunsuzluq görməzsən. Bir göz gəzdir, bir yanq, bir çatlaq görərsənmi?
4 Sonra iki dəfə də daha göz gəzdir. Göz zəifləmiş və yorğun halda özünə tərəf dönər.
5 Biz ən yaxın səmanı çıraqlarla bəzədik və onları şeytanlara atılan mərmilərə çevirdik. Onlar üçün cəhənnəm odu əzabını hazırladıq.
6 Öz Rəbbini inkar edənlər üçün cəhənnəm əzabı vardır. Nə pis dönüş yeri!
7 Onları oraya atanda onlar onun qaynayaraq uğuldadığını eşidəcəklər.
8 O, qeyzdən az qala parça-parça ola. Hər dəfə içərisinə bir dəstə adam atılanda, cəhənnəm gözətçiləri onlardan soruşarlar “Məgər sizin yanınıza bir xəbərdar edən gəlməyib?”
9 Onlar deyəcəklər: "Bəli, bizə bir xəbərdarlıq edən gəlmişdi, lakin biz onu yalançı hesab etdik və dedik: “Allah heç bir şey nazil etməyib, siz isə ancaq böyük bir yoldan çıxmadasınız.“
10 Onlar deyəcəklər: "Əgər qulaq assaydıq və ya anlasaydıq, cəhənnəm odu əhli içərisində olmazdıq."
11 Onlar öz günahlarını etiraf etdilər. Məhv olsun cəhənnəm odu əhli!
12 Görmədikləri halda öz Rəbbindən qorxanlar üçün bağışlanma və böyük bir mükafat vardır.
13 Sözünüzü gizlətsəniz də, onu açıq desəniz də O, ürəklərdə olanları yaxşı bilir.
14 Məgər yaradan bütün incəlikləri bildiyi və hər şeydən xəbərdar olduğu halda (gizlətdiklərinizi) bilməzmi?
15 Yeri sizə ram edən Odur! Onun hər tərəfində gəzin və Allahın ruzisindən yeyin. Dönüş Onadır!
16 Göydə olanın [Allahın] yer sarsılıb titrəyən zaman sizi oraya gömməyəcəyinə əminsinizmi?
17 Səmada olanın sizin üzərinizə daşkəsəkli tufan göndərməyəcəyinə əminsinizmi? Onda Mənim xəbərdarlığımın necə olduğunu biləcəksiniz!
18 Onlardan əvvəlkilər də (peyğəmbərləri) yalançı hesab etmişdilər. Gör (onlara) qəzəbim necə oldu!
19 Məgər onlar öz başları üzərində quşların necə (qanad) açıb-yığaraq (uçduqlarını) görmürlərmi? Onları (havada) ancaq mərhəmətli Allah saxlayır. O, hər şeyi görəndir!
20 Yaxud mərhəmətli Allahdan başqa sizə kömək edə biləcək qüvvə kimdir? Kafirlər ancaq aldanma içərisindədirlər!
21 Yaxud O, Öz ruzisini kəsərsə, sizə ruzi verən kim olar? Doğrusu, onlar təkəbbür və nifrət girdabına düşüblər.
22 Üzü üstə sürünərək gedən düz yoldadır, yoxsa doğru yol ilə rəvan gedən?
23 De: "Sizi yaradan, sizə qulaq, göz və ürək verən Odur. Siz isə necə də az şükr edirsiniz!"
24 De: "Sizi yer üzünə səpələyən Odur. Onun hüzuruna da toplanılacaqsınız."
25 Onlar deyərlər: "Əgər düz deyirsinizsə, bəs bu vəd nə vaxt olacaqdır?"
26 De: "Bilgi Allahdadır, mən isə açıq-aydın bir xəbərdarlıq edənəm."
27 Onlar bunu [əzabı] yaxınlarında görəndə kafirlərin üzləri eybəcər şəkilə düşəcək və onlara: "Haqqında iddiada olduğunuz (əzab) bax budur!" - deyiləcəkdir.
28 De: "Bir deyin görüm, Allah məni və mənimlə birlikdə olanları məhv etsə də və ya bizə rəhm edib bağışlasa da, kafirləri üzücü əzabdan kim qoruya bilər?"
29 De: "O, mərhəmətli Allahdır, biz Ona iman gətirdik və Ona təvəkkül etdik. Kimin aşkar bir yanılma içərisində olduğunu biləcəksiniz!"
30 De: "Bir deyin görüm, əgər suyunuz (yerin) dərinliyinə çəkilib gedərsə, sizə kim axar su gətirə bilər?"