Məzmuna keç

Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/MƏ'ARİC SURƏSİ

Vikimənbə saytından
Quran. MƏ'ARİC SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(qırx dörd ayədən ibarət Məkkə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!

1 Birisi üz verəcək o əzab barədə soruşdu.

2 O, kafirlər üçündür. Onu dəf edən olmaz.

3 O, yüksək dərəcələr sahibi Allah tərəfindəndir.

4 Mələklər və ruh Onun dərgahına uzunluğu əlli min ilə bərabər olan bir gündə qalxarlar.

5 Sən yaxşıca səbr et.

6 Onlar [kafirlər] bunu [qiyamət gününü] uzaq görürlər,

7 Biz isə onu yaxın görürük.

8 O günü səma ərimiş mis kimi,

9 dağlar da lazımsız yun kimi olacaqdır

10 və dost dostun halını soruşmayacaqdır.

11 (O günü) onlar (bir-birilərinə) göstəriləcəklər. Günahkar o günün əzabından qurtarmaq üçün fidyə vermək istəyəcəkdir oğlanlarını,

12 həyat yoldaşını və qardaşını,

13 ona sığınacaq vermiş qohum-əqrabasını,

14 yerdə olan kimsələrin hamısını da, təki, sonra bu, onu xilas etsin.

15 Xeyrl Bu [cəhənnəm], elə bir atəşdir ki,

16 o, başın dərisini sıyırıb çıxarır.

17 o, arxa çevirərək üz döndərən kəsi (özünə) çağırır -

18 (sərvət) yığıb toplayan kəsi.

19 Həqiqətən insan səbrsiz yaranıbdır.

20 Ona bir pislik toxunarsa, fəryad qoparar,

21 bir yaxşılıq toxunarsa, xəsislik edər.

22 O namaz qılanlardan başqa ki,

23 onlar öz namazlarında daimidirlər,

24 onların mal-dövlətində məlum bir haqq [pay] vardır

25 dilənən və məhrum [yoxsul] adam üçün.

26 Onlar haqq-hesab gününü doğru hesab edirlər,

27 öz Rəbbinin verəcəyi əzabdan çox qorxurlar -

28 axı onlann Rəbbinin əzabından heç xatircəm oluna bilməz! -

29 öz tənasül üzvlərini qoruyurlar

30 yalnız zövcələri üçün və ya sahib olduqları cariyələr üçün. (Bunun üçün) onlara tənə olunmaz.

31 Bundan artığını istəyənlər isə həddi aşmış olar.

32 Öz əmanətlərinə və andlarına əməl edənlər,

33 şahidliklərində düz olanlar,

34 öz namazlarını qoruyanlar -

35 bunlar izzət-ehtiramla cənnət bağlarında olacaqlar.

36 Bu kafirlərə nə olub ki sənə tərəf tələsirlər?

37 dəstə-dəstə sağdan və soldan sənə tərəf tələsirlər?

38 Onların hər biri Nəim [cənnət] bağına girmək arzusundadırmı?

39 Xeyr! Biz onları özlərinin də bildikləri bir şeydən yaratmışıq.

40 Xeyr! Şərqlərin və qərblərin Rəbbinə and içirəm, Bizim qüdrətimiz çatar ki,

41 onları daha yaxşıları ilə əvəz edək. (Heç kim də bu işdə) qabağımızı kəsə bilməz.

42 Qoy vəd olunmuş günə qədər onlar öz işlərində olub əylənsinlər.

43 O günü onlar öz bütlərinə tərəf qaçanlar kimi tez-tələsik qəbirlərdən çıxacaqlar,

44 nəzərləri yerə dikilmiş halda. Onlara zəlillik üz verəcəkdir. Onlara vəd olunmuş gün bax budur!