Məzmuna keç

Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/MƏHƏMMƏD SURƏSİ

Vikimənbə saytından
Quran. MƏHƏMMƏD SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(otuz səkkiz ayədən ibarət Mədinə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!


1 Küfr edib Allahın yolundan çıxaranların işlərini Allah puç edər.

2 Allah iman gətirib əməlisaleh olan və Rəbbindən haqq olaraq Məhəmmədə nazil edilənə inananların pis əməllərinin günahlarını üstlərindən götürər və onların vəziyyətini düzəldər.

3 Bu ona görədir ki, kafirlər batilə uymuş, iman gətirənlər isə öz Rəbbindən olan haqqın ardınca getmişlər. Beləcə Allah insanlara öz misallarını çəkir!

4 Kafirlərlə rastlaşanda onların boynunu vurun. Onları əzişdirib məğlub etdikdə isə (əsir alıb) əl-ayaqlarını bağlayın. Sonra ya rəhm edib əvəzsiz, ya da fidyə [əvəz] alıb onları buraxın. Müharibə öz yüklərini [düşmən öz silahını] yerə qoyana qədər (kafirlərlə belə rəftar edin). Bax belə! Əgər Allah istəsəydi, (döyüşsüz də) onlardan intiqam alardı. Lakin O, sizi bir-birinizlə sınamaq üçün (belə etdi). Allah Onun yolunda öldürülənlərin əməllərini heç vaxt puç etməz.

5 Onlara düz yol göstərər və vəziyyətlərini yaxşılaşdırar,

6 onları özlərinə tanıtmış olduğu cənnətə daxil edər.

7 Ey iman gətirənlər! Əgər siz Allaha kömək etsəniz, O da sizə kömək edər və qədəmlərinizi möhkəm edər.

8 Kafirlər isə qoy məhv olsunlar! Allah onların əməllərini puç edər.

9 Bu, ona görədir ki, onlar Allahın nazil etdiyini bəyənməyib inkar etdilər, O da onların əməllərini boşa çıxartdı.

10 Məgər onlar yer üzündə gəzib dolaşaraq onlardan əvvəlkilərin aqibətinin necə olduğunu görmürlər?! Allah onları tarmar etdi. Bu kafirlər üçün də buna bənzərləri vardır.

11 Bu, ona görədir ki, Allah iman gətirənlərə himayəçidir. Kafirlərin isə heç bir himayəçisi yoxdur.

12 Allah iman gətirib əməlisaleh olanlan dibindən çaylar axan (cənnət) bağlarına daxil edir. Kafirlər isə (bu dünyada) ləzzət alar və heyvanlar kimi yeyib-içərlər. Cəhənnəm odu onların yeridir.

13 Biz səni qovub çıxarmış öz məmləkətindən daha güclü neçə-neçə məmləkət məhv etdik və onlara heç bir kömək edən olmadı.

14 Məgər öz Rəbbindən aydın dəlilə malik olan bəd əməlləri özü üçün bəzədilmiş, öz həva-həvəslərinə uymuş kəslər kimidir?

15 Müttəqilərə vəd olunmuş cənnətin təsviri belədir; orada suyu iylənməyən çaylar, tamı dəyişməyən süd çayları, içənlər üçün ləzzətli şərab çayları, təmizlənmiş bal çayları vardır. Orada onlar üçün hər cür mer-meyvələr və öz Rəbbindən bağışlanma vardır. Heç (onlar) cəhənnəm odu içərisində əbədi qalan və mədə-bağırsağını parça-parça edən qaynar su içirdilən kəslər kimidir?

16 Onlardan eləsi də var ki, sənə qulaq asar, sənin yanından çıxan kimi isə özlərinə bilik verilmiş kəslərə deyərlər: “O, bir az əvvəl nə deyirdi?" Bunlar o kəslərdir ki, Allah onların ürəklərini möhürləmiş və onlar öz həva-həvəslərinə uymuşlar.

17 Düz yolla gedənlərin düzlüyünü isə O, daha da artırar və onlara özlərinin müttəqiliklərini verər.

18 Məgər onlar qəflətən gələcək qiyamət günündən başqa bir şey gözləyirlər? Artıq onun əlamətləri (onlara) gəlib. O, [qiyamət günü] gələn zaman onların onu yada salmaları nələrinə yarayar?

19 Bil ki, Allahdan başqa heç bir tanrı yoxdur. Öz günahlarının, mömin kişi və qadınların (günahlarının) bağışlanmasını dilə. Allah sizin (gündüzlər ruzi üçün) ora-bura baş vurduğunuz yerləri də, (gecələr) yatıb dincəldiyiniz yerləri də bilir.

20 İman gətirənlər deyərlər: "(Cihad barəndə) bir surə nazil ediləydi!" Belə bir möhkəm [hökmü dəyişməz] surə nazil ediləndə və orada döyüşün adı çəkiləndə ürəklərində mərəz olanların ölüm anında gözləri axanların baxdığı kimi sənə baxdıqlarını görərsən. Onlar üçün daha yaxşı olardı ki,

21 itaət etsinlər və xoş söz (desinlər), əgər (döyüş) əmri qəti olarsa, onda Allaha sadiq qalsalar, onlar üçün daha yaxşı olar!

22 Əgər siz (münafiqlər) iş başına gəlsəniz ola bilər ki, yer üzündə fitnə-fəsad törədəsiniz və öz qohumluq əlaqələrinizi kəsəsiniz.

23 Bunlar Allahın lənət etdiyi kəslərdir. Allah onları kar və gözlərini kor etdi.

24 Məgər onlar Quran haqqında bir düşünmürlər? Yoxsa ürəklərində qıfıllarımı vardır?

25 Düz yol özlərinə aydın olandan sonra geriyə üz tutanların (əməllərini) şeytan onlar üçün xoş göstərdi və onlara (öz istədiyini) qəbul etdirdi.

26 Bu, ona görədir ki, onlar Allahın nazil etdiyini bəyənməyib inkar edənlərə: "Bəzi işlərdə sizə itaət edəcəyik." -demişdilər. Allah isə onların sirlərini bilir.

27 Bəs onda mələklər onlann üzlərinə və arxalarına vura-vura canlarını alanda (onların halı) necə olacaq?!

28 Bu, ona görədir ki, onlar Allahın qəzəbinə səbəb olan şeylərin ardınca getdilər və Onun razılığına səbəb olan şeyləri bəyənmədilər. O, onların əməllərini puç etdi.

29 Yoxsa ürəklərində mərəz olanlar belə hesab edirdilər ki, Allah onların kinlərini üzə çıxarmayacaq?

30 Əgər Biz istəsəydik, onları sənə göstərərdik, sən də onları simalarından tanıyardın. Sən onları danışıq ədalarından da mütləq tanıyıcaqsan. Allah isə onların əməllərini bilir!

31 Sizlərdən cihad edənləri və (əziyyətlərə) dözənləri tanımaq və haqqınızdakı xəbərləri [itaətkar və ya asi olmanızı] yoxlamaq üçün Biz sizi sınağa çəkəcəyik.

32 Özlərinə düz yol göstəriləndən sonra küfr edənlər, Allahın yolundan yayınanlar və peyğəmbərdən ayrılıb uzaqlaşanlar, heç nədə Allaha ziyan vura bilməzlər və O, onların əməllərini puç edər!

33 Ey iman gətirənlər! Allaha itaət edin, peyğəmbərə itaət edin və öz əməllərinizi puç etməyin!

34 Küfr edib Allahın yolundan yayınan, sonra isə kafir qalaraq ölənləri Allah heç vaxt bağışlamayacaqdır!

35 Siz (döyüşdə) üstün olduğunuz halda zəiflik göstərib barışığa çağırmayın! Axı Allah sizinlədir və O, sizin əməllərinizin (mükafatını) əsla əskiltməz.

36 Bu dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Əgər siz iman gətirib Allahdan qorxsanız, O, haqqınızı sizə tam verər və mal-dövlətinizi (tam sərf etmənizi) istəməz.

37 Əgər Allah sizdən (malınızın hamısını) istəsə və təkid etsə, onda siz xəsislik göstərərsiniz və O, sizin kin- küdurətlərinizi üzə çıxarar.

38 Siz Allah yolunda xərc çəkməyə çağırılan kəslərsiniz. Sizlərdən xəsislik edəni də vardır. Kim xəsislik edərsə, özünə qarşı xəsislik etmiş olar. Axı Allah varlı olandır, siz isə fəqirsiniz! Əgər siz üz döndərsiniz, onda O, sizi başqa adamlarla əvəz edər və sonra onlar sizin kimi olmazlar.