Məzmuna keç

Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/MƏRYƏM SURƏSİ

Vikimənbə saytından
Quran. MƏRYƏM SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(doxsan səkkiz ayədən ibarət Məkkə surəsi)

Mərhəmətli, Rəhmli Allahın adı ilə !


1. Kaf, Ha, Ya, Eyn, Sad.

2. Bu, sənin Rəbbinin Öz bəndəsi Zəkəriyyəyə olan mərhəməti haqqında zikrdir [əhvalatdır].

3. O zaman Zəkəriyyə öz Rəbbini gizlicə çağırıb

4. dedi: "Rəbbim, mənim sümüklərim zəifləyib haldan düşübdür, başım isə ağararaq sanki alovlanır. Səni çağırmaqla, Rəbbim, mən heç vaxt ümidsiz qalmamışam.

5. Mən özümdən sonrakı nəslin halına qorxuram. Axı arvadım sonsuzdur. Öz tərəfindən mənə elə övlad bəxş et ki,

6. o, mənə və Yaqub nəslinə varis olsun. Onu, Rəbbim, Sənin rizanı qazanmış kəs et".

7. (Allah dedi): "Ey Zəkəriyyə, Biz sənə Yəhya adlı bir oğlan uşağının müjdəsini veririk. Ondan əvvəl bu adı heç kimə verməmişik".

8. Zəkəriyyə dedi: "Rəbbim, arvadım sonsuz olduğu, mən isə qocalığın son həddinə çatmış olduğum halda necə mənim oğlum ola bilər?"

9. Allah dedi: "Bax, bu belədir!" Sənin Rəbbin belə buyurmuşdur: "Bu, mənim üçün asan bir işdir. Sən əvvəllər yox ikən Mən ki səni yaratdım".

10. Zəkəriyyə dedi: "Rəbbim, mənim üçün bir ayə (əlamət) düzəlt." Allah dedi: "Sənin ayən odur ki, gərək sən üç gün - üç gecə insanlarla danışmayasan."

11. Zəkəriyyə mehrabdan öz camaatının qarşısına çıxaraq onlara işarələrlə belə təlqin etdi: “Səhər-axşam (Allahın şəninə) təriflər deyin!

12. (Yəhya anadan olduqdan sonra Allah ona belə bir vəhy etdi:) "Ey Yəhya, Kitabdan möhkəm yapış!" Hələ uşaq ikən ona hikmət verdik,

13. Özümüzdən bir şəfqət və paklıq verdik. O, müttəqi idi.

14. Öz ata-anasının hörmətinin saxlayan idi. O, qəddar və asi deyildi.

15. Doğulduğu gün də, öləcəyi gün də və yenidən diriləcəyi gün də ona salam olsun!

16. Kitabda [Quranda] Məryəmi də yada sal. O zaman O, öz ailəsindən (ayrılıb) şərqə tərəf xəlvət bir yerə çəkildi

17. və onlarla özü arasında bir pərdə düzəltdi. Biz Öz ruhumuzu (Cəbraili) onun yanına göndərdik və o, onun qarşısında tam insan surətində durdu.

18. Məryəm dedi: “Mərhəmətli Allahın məni səndən qorumasını diləyirəm. Allahdan qorxursansa (mənə toxunma)".

19. Cəbrail dedi:" Mən sənə pak bir oğlan uşağı bəxş etmək üçün sənin Rəbbin tərəfindən göndərilmiş elçiyəm".

20. Məryəm dedi: “Axı mənə bir insan əli toxunmadığı və özüm də pozğun olmadığım halda, mənim necə uşağım ola bilər?

21. Cəbrail dedi: “Bax belə, sənin Rəbbin belə buyurmuşdur:" Bu, mənim üçün asan bir işdir. Biz onu [uşağı] insanlar üçün bir möcüzə və Öz tərəfimizdən bir mərhəmət etmək üçün (belə etdik)". Bu, haqqında (əzəldən) nökm verilmiş bir işdir".

22. Uşaq onun boynuna düşdü və Məryəm onunla birlikdə uzaq bir yerə çəkildi.

23. Ağrılar onu bir xurma ağacı gövdəsinin yanına gətirib çıxartdı. O dedi: "Kaş mən bu işdən əvvəl ölüb gedəydim və unudulub yaddan çıxarılmış olaydım!"

24. Ağacın altından ona bir nida gəldi: "Qüssələnmə! Rəbbim sənin ayağının altından bir çay axıtdı.

25. Xurma ağacının gövdəsini özünə tərəf silkələ. O, sənin üstünə təzə, dəymiş meyvələrini salar.

26. Ye, iç, gözün aydın olsun! Əgər adamlardan kimisə görsən, de: "Mən mərhəmətli Allaha (sükut) orucu tutmağı nəzir etmişəm. Odur ki, bu gün heç kəslə danışmayacağam".

27. Məryəm uşağı götürüb onunla birlikdə camaatının yanına gəldi. Onlar dedilər: "Ey Məryəm, sən görünməmiş bir iş tutmusan!

28. Ey Harunun bacısı, axı nə sənin atan pis kişi olub, nə də anan pozğun olub".

29. Məryəm uşağa tərəf işarə etdi. Onlar dedilər: "Axı biz hələ beşikdə olan körpə ilə necə danışa bilərik?".

30. Uşaq dedi: "Mən Allah bəndəsiyəm. O, mənə kitabı [İncili] verib və məni peyğəmbər edib.

31. Harada olsam, məni mübarək [insanlar üçün xeyirli] edib. Nə qədər sağam, mənə namaz qılmağı, zəkat verməyi

32. və anamın hörmətini saxlamağı tövsiyə edibdir. Məni qəddar və sözdən çıxan etməyib.

33. Doğulduğum gün də, öləcəyim gün də və yenidən dirildiləcəyim gün də mənə salam olsun!".

34. Haqqında onların şəkk-şübhə etdikləri, Məryəm oğlu İsa haqq sözü olaraq budur.

35. Allah Özünə övlad götürməz. Ona təriflər olsun! O, bir şey barəsində qərara gələndə, ona ancaq : "Ol!" - deyər, o da dərhal olar.

36. Həqiqətən, Allah mənim və sizin Rəbbinizdir. Ona ibadət edin! Düz yol budur!

37. Firqələr [yəhudilər və xristianlar] öz aralarında (İsa barəsində) ixtilafa düşdülər. Böyük günün [qiyamət gününün] görüşəcəyi zaman kafirlərin vay halına!

38. Hüzurumuza gələcəkləri gün onlar necə eşidib, necə də görəcəklər! Lakin bu gün haqsızlar açıq-aydın yol azıblar.

39. Onlara peşmançılıq günü [qiyamət günü] barəsində xəbərdarlıq et. O zaman onlar qəflətdə olub (buna) inanmadıqları halda ikən iş tamam olacaqdır.

40. Yerə və onun üzərində olanlara Biz (qiyamət günü) varis olacağıq və onlar Bizə qaytarılacaqlar.

41. Kitabda İbrahimi də yada sal. Həqiqətən o, həmişə düz danışan bir adam, peyğəmbər idi.

42. O zaman İbrahim öz atasına dedi: "Ata, sən nə üçün qulağı eşitməyən, gözü görməyən və səni heç bir şeydən qurtara bilməyənə ibadət edirsən?

43. Ata, sənə gəlməyən bilik mənə gəlmişdir. Mənim ardımca gəl ki, səni düz yolla aparım.

44. Ata, şeytana ibadət etmə! Axı şeytan mərhəmətli Allaha asi oldu.

45. Ata, mən mərhəmətli Allah tərəfindən sənə bir əzab toxunacağından və sənin şeytana yaxın bir dost olacağından qorxuram."

46. Atası dedi: "Sən mənim tanrılarımdan imtinamı edirsən, ey İbrahim? Əgər (bu işindən) əl çəkməsən, səni mən daşqalaq edərəm. Uzun müddətə məni tərk et!"

47. İbrahim dedi: “Sənə salam olsun! Mən öz Rəbbimdən səni bağışlamasını istəyəcəyəm. Axı O, mənə lütf edəndir.

48. Mən sizi və sizin Allahdan başqa ibadət etdiklərinizi tərk edirəm və öz Rəbbimə ibadət edirəm. Ola bilsin ki, mən öz Rəbbimi (dua ilə) çağırmaqla bədbəxt olmayam."

49. İbrahim onları və onların Allahdan başqa ibadət etdiklərini [bütləri] tərk etdikdən sonra Biz ona İshaqı və Yaqubu bəxş etdik və hamısını peyğəmbər etdik.

50. Biz onlara mərhəmətimizdən bəxş etdik və onları haqq deyən dillər dastanı etdik

51. Kitabda Musanı da yada sal. Həqiqətən, o, səmimi bir adam idi, bir elçi, peyğəmbər idi.

52. Biz onu Tur dağının sağ tərəfindən çağırdıq və söhbət etmək üçün onu (özümüzə) yaxınlaşdırdıq.

53. Biz Öz mərhəmətimizdən ona qardaşı Harunu da peyğəmbər olaraq bəxş etdik.

54. Kitabda İsmaili də yada sal. Həqiqətən, o, əhdə vəfalı idi, bir elçi, peyğəmbər idi.

55. O, öz tayfasına namaz qılmağı və zəkat verməyi buyururdu. O, öz Rəbbi yanında Onun rizasını qazanmış bir kəs idi.

56. Kitabda İdrisi də yada sal. Həqiqətən, həmişə düz danışan bir adam, peyğəmbər idi.

57. Biz onu yüksək bir məqama qaldırdıq.

58. Bunlar Adəm nəslindən, Nuhla birlikdə (gəmiyə) mindirib apardığımız kəslərin, İbrahim, İsrail və düz yola çıxarıb seçdiklərimizin nəslindən olub Allahın mərhəmət bəxş etdiyi peyğəmbərlərdəndir. Mərhəmətli Allahın ayələri onlara oxunanda onlar ağlaya-ağlaya səcdəyə qapanırdılar.

59. Onların ardınca isə namazı tərk edərək şəhvətlərə uyan xələflər gəldilər. Onlar zavalla rastlaşacaqlar.

60. O kəslərdən başqa ki, onlar tövbə edərək iman gətirib əməlisaleh olublar. Bunlar cənnətə daxil olacaqlar və heç bir şeydə onlara haqsızlıq edilməyəcək.

61. O Ədn [cənnət] bağlarına (daxil olacaqlar) ki, mərhəmətli Allah onu qeybdə Öz bəndələrinə vəd etmişdi. Onun vədi yerinə yetəndir.

62. Onlar orada boş sözlər yox, ancaq salam eşidəcəklər. Onların orada səhər-axşam ruzisi olacaqdır.

63. Bizim bəndələrimizdən müttəqilər üçün miras qoyacağımız cənnət budur.

64. (Cəbrail Məhəmməd peyğəmbərə dedi): "Biz ancaq sənin Rəbbinin əmri ilə enirik. Qarşımızda [gələcəkdə], arxamızda [keçmişdə] və bunların arasında olanlar ancaq Ona məxsusdur. Sənin Rəbbin unudan deyildir.

65. O, göylərin, yerin və bunların arasında olanların Rəbbidir. Elə isə Ona ibadət et və Ona ibadətdə səbrli ol. Sən Ona bir ad şəriki tanyırsanmı?"

66. İnsan deyir: "Məgər mən öldükdən sonra (qəbrdən) diri çıxarılacağam?"

67. Məgər insan əvvəllər heç bir şey olmadığı halda Bizim onu xəlq etdiyimizi xatırlamır?

68. Sənin Rəbbinə and olsun ki, Biz onları və şeytanları bir yerə toplayacağıq. Sonra isə Biz onları cəhənnəmin ətrafında diz üstə hazır durmuş edəcəyik.

69. Sonra hər dəstədən mərhəmətli Allaha daha çox itaətsizlik göstərəni çıxaracağıq.

70. Sonra. Axı Biz odda yanmağa daha layiq olan kəsləri çox yaxşı bilirik.

71. Sizlərdən oraya girməyəni olmayacaqdır. Bu, sənin Rəbbin tərəfindən artıq həll olunmuş bir hökmdür.

72. Sonra Biz müttəqiləri [cəhənnəmdən] xilas edəcəyik. Haqsızlıq edənləri isə orada dizüstə saxlayacağıq.

73. Onlara aydın ayələrimiz oxunanda kafirlər iman gətirənlərə deyərlər:" Bu iki dəstədən [möminlər və kafirlərdən] hansı məqamca daha yaxşıdır və ətrafındakılar baxımından daha gözəldir?”

74. Biz onlardan əvvəl neçə-neçə nəsil məhv etmişik. Onlar vəziyyətcə də, görkəmcə də daha üstün idilər.

75. De: "Kim azğınlıq içindədirsə, mərhəmətli Allah onun vaxtını [ömrünü] daha da uzadar. Əgər onlar özlərinə vəd olunanı, ya əzabı, ya da qiyaməti görsələr, onda kimin məqamca daha pis və dəstəsinin daha zəif olduğunu bilərlər".

76. Allah düz yolla gedənlərin düzlüyünü daha da artırar. Əbədi qalan düzgün əməllər isə Rəbbinin dərgahında mükafatca daha xeyirlidir və aqibətcə daha yaxşıdır.

77. Sən Bizim ayələrimizi inkar edib: "Mənə mütləq mal-dövlət və övlad veriləcəkdir". - deyən kəsi gördünmü?

78. O, qeybdənmi xəbərdardır, yoxsa mərhəmətli Allahdan vədinimi alıbdır?

79. Əsla yoxl Biz onun dediklərini yazarıq və ona uzun-uzadı əzab verərik.

80. Onun dediyi şeyləri [sərvəti,övladı və s.] Biz miras alacağıq və o, yanımıza tək gələcəkdir.

81. Onlar Allahı qoyub başqalarını tanrılar etdilər ki, bunlar özləri üçün möhkəm arxa olsunlar.

82. Xeyr! Bütlər özlərinə onların ibadət etmiş olduqlarını danacaq və onlara qarşı çıxacaqlar.

83. Məgər sən kafirləri təhrik etsinlər deyə şeytanları onların üzərinə göndərməyimizi görmürsənmi ?

84. Onlara (cəza verilməsinə) tələsmə. Biz onlar üçün haqq-hesab aparırıq.

85. O günü Biz müttəqiləri mərhəmətli Allahın hüzuruna hörmətli qonaqlar kimi toplayacağıq.

86. Günahkarları isə cəhənnəmə (naxırı) suya qovan kimi qovacağıq.

87. Mərhəmətli Allahdan əhd alanlardan başqa, heç kimin havadarlıq etmək [başqası üçün ağız açmaq] ixtiyarı olmayacaqdır.

88. Onlar dedilər: "Mərhəmətli Allah Özünə övlad götürmüşdür".

89. And olsun ki, siz bədnam bir iş tutdunuz.

90. Bundan az qala göylər dağıldı, yer parçalandı və dağlar uçub töküldü

91. ki, onlar mərhəmətli Allaha övlad isnad ediblər.

92. Mərhəmətli Allaha övlad götürmək yaraşmaz.

93. Göylərdə və yerdə olanların hamısı mərhəmətli Allahın hüzuruna ancaq bir qul kimi gələcəklər.

94. O, onları bir-bir sayıb, haqq-hesablarını aparmışdır.

95. Onların hamısı qiyamət günü Onun hüzuruna tək-tənha gələcəklər.

96. İman gətirib əməlisaleh olanlara isə mərhəmətli Allah (könüllərdə) bir sevgi yaradacaqdır.

97. Biz onu [Quranı] sənin öz dilində (sənə) müyəssər etdik ki, müttəqilərə onunla müjdə verəsən və inadkar adamlara xəbərdarlıq edəsən.

98. Biz onlardan əvvəl neçə-neçə nəsil məhv etmişik. Sən heç onların hər hansı birindən (bir qalıq) hiss edirsənmi, yaxud onların azacıq bir hənirtisini eşidirsənmi?