Məzmuna keç

Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/MAİDƏ SURƏSİ

Vikimənbə saytından
Quran. MAİDƏ SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(yüz iyirmi ayədən ibarət Mədinə surəsi)

Mərhəmətli, Rəhmli Allahın adı ilə !

1. Ey iman gətirənlər! Əhdlərə sadiq olun. Siz ihramda olarkən ov qadağan edilməklə adı çəkiləcəklərdən başqa mal-heyvanın hamısı sizə halal edildi. Həqiqətən Allah istədiyi hökmü verir.

2. Ey iman gətirənlər! Allahın (qoyduğu) ayinlərə, haram ayına, qurbanlıq heyvana, nişanəli qurbanlığa, öz Rəbbinin lütfü və razılığını qazanmaq istəyi ilə Beytul-Hərama üz tutanlara hörmətsizlik etməyin. İhramdan çıxdıqdan sonra ov edə bilərsiniz. Sizi (vaxtilə) Məscidül-Hərama buraxmadıqlarına görə adamlara qarşı kin-küdurət sizi təcavüzə sövq etməsin. Yaxşılıq etməkdə və təqvada bir-birinizə kömək edin. Günah işlətməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək etməyin. Allahdan qorxun! Həqiqətən, Allah şiddətli cəza verəndir.

3. Ölü heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, zərbə ilə öldürülmüş, yıxılıb ölmüş, başqa heyvan tərəfindən öldürülmüş, vəhşi heyvan tərəfindən dağıdılmış, - (murdar olmazdan əvvəl) kəsdiyiniz istisna olmaqla, - və bütlər üçün kəsilmiş (heyvanlar) və fal oxları ilə qismət axtarmanız sizə haram edildi. Bunlara (əməl etməmək) yoldan azmaq deməkdir. Kafirlər bu gün dininizdən ümidlərini kəsmişlər. Artıq siz onlardan qorxmayın, Məndən qorxun! Mən bu gün sizin üçün dininizi kamilləşdirdim, sizə nemətimi tamamladım və islamı olaraq bəyəndim. Kim çox acmış halda günaha meyl qəsdi olmadan (onlardan yeməyə) məcbur olarsa (bilsin ki,) Allah, həqiqətən, bağışlayandır, rəhmlidir.

4. Səndən nəyin onlara halal edildiyini soruşarlar. De: “Pak nemətlər və Allahın sizə öyrətdiyi şeylərdən öyrədərək ov üçün təlim verdiyiniz heyvanların (ovladıqları) sizə halaldır. Onların sizin üçün tutub gətirdiklərindən yeyin. (Onları ova göndərərkən) onların üzərində Allahın adını zikr edin. Allahdan qorxun! Həqiqətən də Allah tez haqq-hesab çəkəndir.

5. Bu gün sizə pak nemətlər halal edildi. Kitab bəxş olunanların yeməkləri sizə halaldır və sizin yeməkləriniz onlara halaldır. Namuslu olub zina etməmək, məşuqə saxlamamaq şərtilə ismətli mömin qadınlar və sizdən əvvəl Kitab bəxş olunmuş ismətli azad qadınlar mehrlərini verdiyiniz təqdirdə sizə halaldır. Kim imanı danarsa, əməli zay olar və o, axirətdə zərərə düşənlərdən olar.

6. Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və əl-qolunuzu dirsəyə qədər yuyun, əlinizi başınıza çəkin və topuğa qədər ayaqlarınızı yuyun. Əgər cunub olmuşsunuzsa, tam təmizlənin. Xəstə və ya yolda olsanız, sizlərdən kim isə ayaqyolundan gələrsə və ya qadınlara toxunmuş (onlarla əlaqədər olmuş) olsanız və su tapmasanız onda pak torpaqla təyəmmüm edin ondan üz və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, ancaq sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükr edəsiniz.

7. Allahın sizə olan nemətini və siz: “Eşitdik və itaət etdik!" - deyərkən sizinlə bağladığı əhd-peymanı xatırlayın. Allahdan qorxun! Həqiqətən, Allah kökslərin daxilində olanları da bilir.

8. Ey iman gətirənlər! Allah qarşısında dəyanət göstərərək ədalətli şahidlər olun. Hər hansı bir camaata olan güclü nifrətiniz sizi ədalətsizliyə sürükləməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır.

9. Allah iman gətirib əməlisaleh olanlara vəd etmişdir ki, onlar üçün bağışlanma və böyük mükafat vardır.

10. Küfr edib Bizim ayələrimizi yalan hesab edənlər isə - onlar cəhənnəmlikdirlər.

11. Ey iman gətirənlər! Allahın sizə olan nemətini xatırlayın ki, bəzi adamların sizə qarşı əliuzunluq [hücum] etmək istədiyi vaxt O, onların əllərini sizdən uzaqlaşdırdı. Allahdan qorxun! Qoy möminlər Allaha təvəkkül etsinlər!

12. Allah İsrail övladlarından əhd almışdı. Biz (onlara) öz aralarından on iki müşahidəçi göndərdik. Allah dedi: "Şübhəsiz Mən sizinləyəm. And olsun ki, əgər namaz qılıb zəkat versəniz, peyğəmbərlərimə inanıb onlara kömək etsəniz və Allaha gözəl bir borc versəniz, Mən sizin günahlarınızdan keçər və sizi dibindən çaylar axan cənnət bağlarına daxil edərəm. Sizlərdən hər kim bundan sonra küfr edərsə, o, düz yoldan azmış olar.”

13. Əhdlərini pozduqlarına görə Biz onları lənətlədik və ürəklərini sərtləşdirdik. Onlar sözlərin yerini dəyişərək təhrif edir və onlara verilmiş öyüd-nəsihət və xəbərdarlığın çoxunu unudurdular. Az bir qismi istisna olmaqla sən onlardan hələ də xəyanət görəcəksən. Sən onları əfv et və bağışla. Axı Allah xeyir əməl tutanları sevir.

14. “Biz xaçpərəstik." - deyənlərdən də əhd almışdıq. Onlar isə özlərinə edilmiş öyüd-nəsihət və xəbərdarlığın bir çoxunu unutdular. Biz də qiyamət gününə qədər (onların arasına) ədavət və kin-küdurət saldıq. Allah onların nə etdiklərini sonra özlərinə bildirəcəkdir.

15. Ey Kitab əhli! Sizin Kitabda gizlətdiyiniz şeylərin bir çoxunu sizə bəyan edən və bir çoxundan yan keçən peyğəmbərimiz artıq sizə gəlmişdir. Həqiqətən sizə Allahdan bir nur və aydın bir Kitab gəlmişdir.

16. Allah bu Kitabla Onun razılığını arayıb salamat yollar tutanları düz yola aparır və onları Öz izni ilə zülmətlərdən nura çıxarıb doğru bir yola yönəldir.

17. “Allah, Məryəm oğlu Məsihdir.” Deyənlər kafir olmuşlardır. De: “Əgər Allah Məryəm oğlu Məsihi də, onun anasını da və yer üzündə olanların hamısını məhv etmək istəsə, kim Ona bunda mane ola bilər ?” Göylərin, yerin və onların arasında olanların ixtiyarı Allahın əlindədir. O, istədiyini yaradır. Allah hər şeyə qadirdir.

18. Yəhudilər və xaçpərəstlər dedilər. 'Biz Allahın övladları və Onun sevimliləriyik.“ De: "Bəs onda O nə üçün günahlarınıza görə sizə əzab verir? - Axı siz Onun yaratdıqlarından bir bəşərsiniz." O, istədiyi kəsi bağışlar və istədiyi kəsə də əzab verər. Göylərin, yerin və onların arasında olanların ixtiyarı Allahın əlindədir. Son dönüş də Onadır.

19. Ey Kitab əhli! "Bizə nə bir müjdə verən, nə də xəbərdarlıq edən gəlmişdir.” - söyləməyəsiz deyə, peyğəmbərlərin (gəlməsinin arası kəsildiyi) bir dövrdə sizə (hər şeyi) aydınlaşdıran peyğəmbər gəldi. Artıq sizə müjdə verən və xəbərdarlıq edən gəlmişdir. Allah hər şeyə qadirdir.

20. O zaman Musa öz camaatına demişdi: 'Ey camaatım! Allahın sizə etdiyi neməti yadınıza salın. Axı O, sizin aranızdan peyğəmbərlər müəyyən etdi, sizi hökmdarlar etdi və aləmlərdən [insanlardan] heç kimə vermədiyi şeyləri sizə bəxş etdi.

21. Ey camaatım! Allahın sizin üçün müəyyən etdiyi müqəddəs torpağa daxil olun və üz döndərib geri qaçmayın ki, ziyana düşənlərə çevrilməyəsiniz.”

22. Onlar dedilər. “Ey Musa! Orada güclü, əzazil adamlar vardır və onlar oradan çıxmayınca, biz oraya daxil olmarıq. Əgər onlar oradan çıxsalar, onda biz daxil olarıq.”

23. (Allahdan) qorxanlardan Allanın nemətləndirdiyi [mərhəmət göstərdiyi] iki nəfər dedi: “Siz qapıdan (qəflətən) girib onların üzərinə (hücum edin). Siz oradan girsəniz qələbə çalarsınız. Əgər möminsinizsə, Allaha təvəkkül edin!”

24. Onlar dedilər "Ey Musa! Nə qədər ki, onlar oradadırlar, biz oraya heç vaxt girmərik. Sən və Rəbbin gedib vuruşun. Biz isə burada qalacağıq."

25. Musa dedi: "Rəbbim, mən ancaq özümə və qardaşıma hökm edə bilərəm. Odur ki, bizi bu yolu azmış camaatdan ayır!"

26. O, [Allah] dedi: "Artıq o yer onlar üçün qırx il qadağan olundu. Onlar yer üzündə didərgin dolaşacaqlar. Sən isə bu azğın camaata görə məyus olma!

27. Sən onlara Adəmin iki oğlunun [Habil və Qabilin] əhvalatını olduğu kimi danış. O vaxt onlar ikisi də qurban təqdim etdilər, birindən [Habildən] qəbul olundu, o birisindən [Qabildən] isə qəbul olunmadı. Onda (Qabil) dedi: “Mən səni hökmən öldürəcəyəm!” (Habil) dedi: "Axı Allah ancaq müttəqilərdən (qurban) qəbul edir.

28. And olsun ki, sən məni öldürmək üçün mənə əl qaldırsan belə, səni öldürmək üçün mən sənə əl qaldırmaram. Axı mən aləmlərin Rəbbi olan Allahdan qorxuram.

29. Çünki mən istəyirəm ki, sən mənim günahlarımı da, öz günahlarının da üzərinə götürüb cəhənnəm əhlindən olasan. Zalımların cəzası budur !”

30. Nəfsi onu [Qabili] öz qardaşını öldürməyə sövq etdi və onu öldürərək ziyana düşənlərdən oldu.

31. Allah ona qardaşının cəsədini necə basdıracağını göstərmək üçün yeri eşələyən bir qarğa göndərdi. O “Vay halıma! Yəni mən qardaşımın cəsədini basdırmağa bu qarğa kimi olmaqdan da acizəm?” – deyərək peşmançılıq çəkənlərdən oldu.

32. Məhz buna görə də Biz İsrail oğulları üçün belə bir hökm yazdıq ki, kim bir kəsi öldürməmiş və ya yer üzündə fəsad törətməmiş bir nəfəri öldürərsə, sanki bütün insanları öldürmüş olur; onu ölümdən qurtararsa, sanki bütün insanları qurtarmış olur. Peyğəmbərlərimiz onlara [insanlara] aydın dəlillər gətirdilər. Onların çoxu isə bundan sonra da yer üzündə ifrata vardılar.

33. Həqiqətən də Allah və Onun peyğəmbərinə qarşı vuruşanların və yer üzündə fəsad törətməyə səy göstərənlərin cəzası qətlə yetirilmək, ya çarmıxa çəkilmək, yaxud əl-ayaqlarını çarpaz şəkildə kəsmək, yaxud da yaşadıqları yerdən qovulmaqdır. Bu, onlar üçün bu dünyada bir rüsvayçılıqdır, axirətdə isə onlar üçün böyük bir əzab vardır.

34. O kəslərdən başqa ki, onlar əlinizə keçməzdən əvvəl tövbə etmiş olsunlar. Bilin ki, Allah bağışlayandır, rəhmlidir.

35. Еу iman gətirənlər! Allahdan qorxun, Ona yaxınlaşmağa yol axtarın və Onun yolunda mübarizə aparın ki, bəlkə uğur qazanasınız.

36. Əgər yer üzündə olanların hamısı və bir o qədər də kafirlərin olsa və onlar bunu qiyamət gününün əzabından qurtarmaq üçün vermiş olsalar da, bu onlardan qəbul olunmaz. Onlar üçün üzücü bir əzab vardır.

37. Onlar cəhənnəm odundan çıxmaq istədər, lakin oradan əsla çıxa bilməzlər. Onlar üçün daimi bir əzab vardır.

38. Tutduqları əməlin cəzası olaraq Allah tərəfindən bir ibrət olsun deyə, oğru kişi və qadının hər ikisinin əlini kəsin! Allah qüdrət və hikmət sahibidir.

39. Kim tutduğu pis əməldən sonra tövbə edib düzələrsə, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir.

40. Bəs sən göylərin və yerin hökmünün Allaha məxsus olduğunu bilmirsənmi? O, istədiyi kəsi cəzalandırıb, istədiyi kəsi bağışlayır. Allah hər şeyə qadirdir.

41. Ey peyğəmbər! Dilləri ilə "Biz iman gətirdik!“ - deyərək ürəklərində inanmayanlardan və yəhudilərdən küfr içində olanların halı səni kədərləndirməsin. Onlar yalana qulaq asır, sənin hüzuruna gəlməyən başqa adamlara qulaq asırlar. Onlar kəlamları sonradan öz yerlərindən dəyişərək təhrif edib deyirlər: "Əgər sizə bu [təhrif olunmuş hökm] verilərsə qəbul edin, o verilməsə, onda (qəbul etməkdən) çəkinin." Allah kimi fitnəyə salmaq istərsə, sən onu Allahdan xilas etmək üçün heç bir şey edə bilməzsən. O kəslərin ki, ürəklərini Allah pak etmək istəmir, onlar üçün bu dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır.

42. Onlar daim yalana qulaq asır və daim haram şeylər yeyirlər. Əgər onlar yanına gəlsələr, onların arasında hökm ver və ya onlardan üz çevir. Onlardan üz çevirmiş olsan, onlar heç nə ilə sənə zərər toxundura bilməzlər. Əgər hökm versən, onda aralarında ədalətlə hökm ver. Əlbəttə ki, Allah ədalətli kəsləri sevir.

43. İçərisində Allahın hökmü olan Tövrat özlərində ola-ola onlar necə səni hökm verən edib sonra da üz çevirirlər? Çünki onlar iman gətirən deyildirlər.

44. Biz içərisində düz yol göstəricisi və nur olan Tövratı nazil etdik. (Allaha) təslim olan peyğəmbərlər bununla [Tövratla], din alimləri və fəqihlər də Allahın Kitabından hifz edib saxladıqları (əhkamlarla) yəhudilər arasında hökm verərlər və onlar (hamısı) buna şahid olublar. İnsanlardan qorxmayın, Məndən qorxun! Mənim ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm verməyənlər - onlar kafirlərdir.

45. Biz orada (Tövratda) yazmışıq: cana-can, gözə-göz, buruna-burun, qulağa qulaq, dişə-diş və yaralar da qisasdır. Hər kəs bundan keçərsə, bu, onun üçün bir kəffarə olar [başqa günahlarının bağışlanması üçün bir əvəz olar]. Allahın nazil etdiyi ilə hökm verməyənlər - onlar zalımlardır.

46. Onların [peyğəmbərlərin] ardınca Biz Məryəm oğlu İsanı özündən əvvəlki Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içərisində düz yol göstəricisi və nur olan, özündən əvvəlki Tövratı təsdiqləyən və müttəqilər üçün düz bir yol göstəricisi və öyüd nəsihət olan İncili bəxş etdik.

47. Qoy İncil əhli Allahın onda nazil etdiyi (hökmlər) ilə hökm versin. Kim Allahın nazil etdiyi (hökmlər) ilə hökm verməzsə, onlar yolunu azmışlardır.

48. Biz sənə də özündən əvvəlki Kitabı təsdiq etmək və onu himayə etmək üçün haqq olan Kitabı [Quranı] nazil etdik. Onların [insanların] arasında Allahın nazil etdiyi ilə hökm ver. Sənə gəlmiş bu haqdan kənara çıxaraq onların həva-həvəslərinə uyma. Biz sizlərin hər biri üçün bir şəriət və yol düzəltdik. Əgər Allah istəsəydi, sizi vahid bir ümmət edərdi. Lakin bu [ümmətlərə ayırma], Onun özünüzə bəxş etdiyi şeylərlə sizi sınaması üçündür. Xeyir işlərdə bir-birinizlə yarışın. Hamınız Allaha qayıdacaqsınız və onda O sizə ixtilafda olduğunuz şeyləri bildirəcəkdir.

49. Onların arasında Allahın nazil etdiyi ilə hökm ver, həva-həvəslərinə uyma və onlardan özünü qoru ki, onlar Allahın sənə nazil etdiyi (hökmlərin) bəzisindən səni yayındırmasınlar. Əgər onlar üz döndərsələr, onda bil ki, Allah onları bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Axı, həqiqətən də insanlardan çoxu yolunu azmışlardır.

50. Məgər onlar cahiliyyə dövrünün hökmünü istəyirlər ? Yəqinlik sahibi olan camaat üçün Allahdan daha yaxşı kim hökm verə bilər ?!

51. Ey iman gətirənlər! Yəhudiləri və xaçpərəstləri özünüzə dost tutmayın. Onlar bir-birilərinin dostudurlar. Sizlərdən kim onları dost tutarsa, özü də onlardandır. Həqiqətən, Allah zalım camaata doğru yol göstərməz.

52. Sən ürəklərində mərəz olanların [münafiqlərin]: "Qorxuruq ki, başımıza bir müsibət gələ," - deyərək onların [yəhudi və xaçpərəstlərin] arasında vurnuxduqlarını görürsən. Ola bilsin ki, Allah qələbə və ya Öz tərəfindən bir əmr göndərsin və onlar öz ürəklərində gizlətdikləri niyyətlərdən peşman olsunlar.

53. İman gətirənlər isə söyləyərlər “Sizinlə olduqlarına ən möhkəm andları ilə Allaha and içənlər, doğrudan da, bunlardır?” Onların əməlləri hədər getmiş və onlar ziyana düşənlərdən olmuşlar.

54. Ey iman gətirənlər, sizlərdən kim öz dinindən dönərsə, (bilsin ki,) Allah (onu məhv edib əvəzinə) Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı sərt, Allah yolunda cihad edən və heç kimin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allahın istədiyi kəsə etdiyi lütfdür. Allah genişürəklidir, hər şeyi biləndir.

55. Sizin dostunuz ancaq Allah, Onun peyğəmbəri və iman edənlərdi. Onlar ki, (Allahın əmirlərinə) ram olaraq namazı qılar, zəkatı verirlər.

56. Kim Allahı, Onun peyğəmbərini və iman gətirənləri dost tutarsa (bilsin ki,) Allahın dəstəsi müzəffər olanlardır.

57. Ey iman gətirənlər! Sizdən əvvəl Kitab bəxş olunanlar içərisindən dininizi ələ salıb oyuncaq hesab edənləri və kafirləri dost tutmayın. Əgər möminsinizsə, Allahdan qorxun!

58. Siz namaza çağırdığınız zaman onlar bunu məsxərəyə qoyub oyun hesab edirlər. Bu ona görədir ki, onlar anlamaz adamlardır.

59. De: "Ey Kitab əhli! Ancaq Allaha. bizə nazil olana və bizdən əvvəl nazil olanlara iman gətirdiyimizə və çoxunuzun yolu azmış olduğunu (bildiyimizə) görəmi bizə kin bəsləyirsiniz?"

60. De: "Allahın dərgahında cəza baxımından bundan da pisi haqqında sizə xəbər verimmi? Allahın lənətinə və qəzəbinə düçar olanlar, Onun meymun və donuz şəklinə saldığı kəslər və Tağuta [şeytana] ibadət edənlər - onların məqamı daha pisdir və onlar düz yoldan daha çox azmışlar."

61. Onlar sizin yanınıza gəldikdə: “Biz iman gətirdik!" - deyərlər, halbuki onlar (yanınıza) küfrlə daxil olub mütləq onunla da çıxarlar. Həqiqətən, Allah onların nəyi gizlətdiklərini daha yaxşı bilir.

62. Sən onların çoxunun günaha, düşmənçiliyə və haram yeməyə can atdıqlarını görürsən. Onların tutduqları əməllər necə də pisdir!

63. Kaş (onların) din alimləri və fəqihlər onlara günah danışmağı və haram yeməyi qadağan edəydilər. Onların törətdikləri necə də pisdir!

64. Yəhudilər dedilər: "Allahın verən əli bağlıdır." Belə dediklərinə görə onların öz əlləri bağlandı və onlar lənətə gəldilər. Xeyr! O, əliaçıqdır, istədiyi kimi sərf edir. Əlbəttə, Rəbbin tərəfindən sənə nazil edilən (paxıllıqdan) onların bir çoxunun azğınlığını və küfrünü artıracaqdır. Biz də onların arasına qiyamət gününə qədər ədavət və kin-küdurət saldıq. Onlar hər dəfə müharibə alovunu qızışdıranda Allah onu söndürmüşdür. Onlar yer üzündə fəsad törətməyə çalışırlar. Allah isə fəsad törədənləri sevmir.

65. Əgər Kitab əhli iman gətirib Allahdan qorxsaydı, Biz onların pis əməllərini bağışlar və onları Nə'im [nemətli cənnət] bağlarına salardıq.

66. Əgər onlar Tövrata, İncilə və onların öz Rəbbi tərəfindən onlara nazil edilənə [Qurana] iman etsəydilər, başları üstündə və ayaqları altında olanlardan [nemətlərdən] ruzilənərdilər. Onların içərisində həddini bilən bir tayfa da vardır. Onların çoxunun əməlləri isə necə də pisdir!

67. Ey peyğəmbər! Rəbbindən sənə nazil ediləni (insanlara) çatdır! Əgər etməsən, deməli sən Onun risaləsini [göndərişini] çatdırmamısan. Allah səni insanlardan qoruyar. Həqiqətən, Allah kafir adamları düz yola yönəltməz.

68. De: "Ey Kitab əhli! Nə qədər ki, siz Tövrata, İncilə və öz Rəbbiniz tərəfindən sizə nazil edilənə [Qurana] əməl etmirsiniz, siz heç bir şey üzərində deyilsiniz [dayağınız yoxdur]." Əlbəttə ki, Rəbbindən Sənə nazil olan [Quran] onların bir çoxunun azğınlığını və küfrünü artıracaqdır. Kafir adamların halından məyus olma.

69. İman gətirənlərə, yəhudi, sabi'i və xaçpərəstlərdən Allaha və axirət gününə iman gətirib xeyir işlər tutanlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.

70. Biz İsrail övladlarından əhd götürdük və onlara peyğəmbərlər göndərdik. Hər dəfə bir peyğəmbər onların ürəyinə yatmayan bir şeylə yanlarına gələndə, onların bəzisini yalançı hesab edib, bəzisini öldürüblər.

71. Onlar elə zənn edirlər ki, başlarına heç bir bəla gəlməyəcəkdir. Onlar kor və kar oldular. Sonra Allah onların tövbələrini qəbul etdi. Bundan sonra onların bir çoxu yenə kor və kar oldu. Allah onların nə etdiklərini yaxşı görür.

72. "Allah Məryəm oğlu Məsihdir." - deyənlər küfr etdilər. Məsih isə demişdi: "Ey İsrail övladları! Mənim və sizin Rəbbiniz olan Allaha ibadət edin! Kim Allaha şərik çıxararsa, Allah ona cənnəti haram edər, onun yeri cəhənnəm odudur. Zalımlara heç bir kömək edən olmaz."

73. “Allah üçlüyün [üç tanrının] üçüncüsüdür.“ - deyənlər küfr etdilər. Halbuki vahid tanrıdan başqa heç bir tanrı yoxdur. Əgər onlar belə söz-söhbətlərinə son qoymasalar, onların kafirlərinə üzücü bir əzab dəyəcəkdir.

74. Doğrudanmı onlar Allaha tövbə edib Ondan bağışlanmalarını diləməyəcəklər? Axı Allah bağışlayandır, rəhmlidir.

75. Məryəm oğlu Məsih ancaq peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər. Onun anası isə (Allaha) çox sədaqətli qadın idi. Hər ikisi də yemək yeyirdi [adi insan idi]. Bax gör Biz ayələri onlara [müşriklərə] necə aydınlaşdırırıq! Sonra gör onlar necə (haqdan) dönürlər!

76. De: “Siz Allahı qoyub sizin üçün nə bir zərəri, nə də faydası olmayan şeylərəmi ibadət edirsiniz?" Həqiqətən, Allah hər şeyi eşidəndir, biləndir.

77. De: “Ey Kitab əhli! Dininizdə haqsız yerə ifrata varmayın. Öncə yolunu azmış, bir çoxunu da azdırmış və düz yoldan çıxmış camaatın həva-həvəsinə də uymayın.

78. İsrail övladlarından olan kafirlər Davudun və Məryəm oğlu İsanın dili ilə lənətləndilər. Bu, itaətdən çıxaraq hədlərini aşdıqlarına görə oldu.

79. Onlar pis əməllərdən əl çəkmirdilər. Tutduqları əməllər necə də pis idi!

80. Onların bir çoxunun kafirlərlə dostluq etdiklərini görürsən. Nəfslərinin onlar üçün hazırladığı şeylər necə də pisdir! Belə ki, Allahın onlara qəzəbi tutmuşdur və onlar əzab içində daimi qalasıdırlar.

81. Əgər onlar Allaha, peyğəmbərə və ona nazil edilənə iman gətirsəydilər, onda onları özlərinə dost tutmazdılar. Lakin onların çoxu yolunu azanlardır.

82. And olsun ki, sən iman gətirənlərə düşmənçilik baxımından ən şiddətli olaraq yəhudiləri və müşrikləri görəcəksən. "Biz xaçpərəstik." - deyənləri isə iman gətirənlərə mehribançılıq baxımından daha yaxın görəcəksən. Çünki onların içərisində keşişlər və rahiblər vardır və onlar təkəbbür göstərmirlər.

83. Peyğəmbərə nazil ediləni dinlədikcə, onların haqqı dərk etdiklərindən gözlərinin yaşardığını görürsən. Onlar deyərlər "Rəbbimiz! Biz iman gətirdik! Bizi də şahidlərin sırasına yaz.

84. Rəbbimizin əməlisaleh adamlarla bizi bir yerə salmasını umduğumuz halda nə üçün biz Allaha və haqdan bizə gələnə inanmayaq?“

85. Allah onları bu sözlərinə görə dibindən çaylar axan və orada əbədi qalacaqları cənnət bağları ilə mükafatlandırdı. Xeyir iş tutanların mükafatı budur!

86. Küfr edərək ayələrimizi yalan hesab edənlər isə - onlar cəhənnəmlikdirlər.

87. Ey iman gətirənlər! Allahın sizə halal etdiyi xoş nemətləri özünüzə haram etməyin və həddi də aşmayın. Həqiqətən, Allah həddi aşanları sevmir.

88. Allahın sizə verdiyi halal və təmiz ruzidən yeyin və iman gətirdiyiniz Allahdan qorxun !

89. Bilmədən and içmənizə görə Allah sizi günahlandırmaz. Lakin bilə-bilə and-aman etsəniz sizi günahlandırar. Bunun kəffarəsi (əvəzi) isə - ailənizin orta yeməyindən on yoxsulu yedirtmək və ya onları geyindirmək, yaxud bir köləni azad etməkdir: (bunları) tapmayan üç gün oruc tutmalıdır. And içsəniz, andınızın kəffarəsi budur. Andlarınızı qoruyun ! Allah öz ayələrini sizə belə aydınlaşdırır ki, bəlkə şükr edəsiniz.

90. Ey iman gətirənlər! Şərab, qumar, bütlər və fal oxları şeytan əməlindən olan murdar şeylərdir. Onlardan uzaqlaşın ki, bəlkə uğur qazanasınız.

91. Şübhəsiz, şeytan şərab və qumarla aranızda ədavət və kin-küdurət salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istər. Siz özünüzü (bunlardan) saxlayacaqsınızmı?

92. Allaha itaət edin, peyğəmbərə itaət edin və ehtiyatlı olun. Əgər üz döndərsəniz, bilin ki, peyğəmbərimizin vəzifəsi ancaq açıq bəyan etməkdir.

93. İman gətirənlərə və xeyir işlər tutanlara Allahdan qorxaraq iman gətirib xeyir işlər tutduqları, sonra (yenə də) Allahdan qorxaraq iman gətirdikləri, daha sonra Allahdan qorxaraq yaxşı işlər tutduqları halda (haram edilməzdən əvvəl) yedikləri şeylərə görə heç bir günah yoxdur. Allah yaxşı əməl sahiblərini sevir.

94. Ey iman gətirənlər! Allah gizlində Ondan kimin qorxduğunu bilmək üçün əlləriniz və nizələrinizlə əldə edə biləcəyiniz ovla sizi sınayacaqdır. Kim bundan sonra həddini aşarsa ona üzücü bir əzab vardır.

95. Ey iman gətirənlər! İhramda ikən ov heyvanlarını öldürməyin! Sizlərdən kim bunu bilərəkdən öldürərsə, öldürdüyü heyvanların sayı qədər bir əvəz ödəməlidir. Bunu sizlərdən iki ədalətli adam Kəbəyə çatdırılası qurbanlıq kimi müəyyən edir. Yaxud kəffarə olaraq o, yoxsulları yedirtməli, yaxud bunun müqabilində oruc tutmalıdır ki, öz işinin vəbalını [zərərini] dadsın. Əvvəl olub-keçənləri Allah bağışlamışdır. Kim bunu bir daha edərsə Allah ondan intiqam alar. Həqiqətən, Allah qüvvətlidir, intiqam sahibidir.

96. Sizin və səfərdə olanların istifadəsi üçün dəniz ovu etmək və onu yemək sizə halal edilmişdir. İhramda olduğunuz halda quruda ov etmək isə sizə haram edilmişdir. Hüzuruna toplaşacağınız Allahdan qorxun!

97. Allah Kəbəni - Beytül-Həramı insanlar üçün bir (maddi və mənəvi) güzəran yeri, haram ayını, qurban edilən və qurbanlıq kimi nişanlanan heyvanları da müəyyən etdi ki, göylərdə və yer üzündə olanların Allaha bəlli olduğunu və Allahın hər şeydən xəbərdar olduğunu biləsiniz.

98. Bilin ki, Allah şiddətli cəza verəndir və Allah bağışlayandır, rəhmlidir.

99. Peyğəmbərin vəzifəsi isə ancaq bəyan etməkdir. Allah sizin nəyi aşkar etdiyinizi və nəyi gizlətdiyinizi bilir.

100. De: "Pisin çox olması xoşuna gəlsə də, pislə yaxşı bir ola bilməz.“ Ey ağıl sahibləri, Allahdan qorxun ki, bəlkə uğur qazanasınız.

101. Ey iman gətirənlər! Aydınlaşdırılması qanınızı qaraldacaq şeylər barəsində soruşmayın. Əgər Quran nazil olunarkən onlar haqqında soruşsanız sizə aydın olar. Allah onları [əvvəllər verilmiş sualları] bağışladı. Axı Allah bağışlayandır, həlimdir.

102. Artıq, sizdən əvvəlki adamlar da bunlar barəsində soruşmuşdular, sonra isə bunları inkar edənlərdən olmuşdular.

103. Allah nə bəhirə, nə saibə, nə vəsilə, nə də ham buyurmuşdur. Lakin küfr edənlər Allaha yalan uydurdular, onlardan çoxu bunu anlamır.

104. Əgər onlara: “Allahın nazil etdiyinə və peyğəmbərə tərəf gəlin", - deyilərsə onlar: "Atalarımızda gördüklərimiz bizə bəsdir." - deyərlər. Bəs ataları bir şey bilməyib düz yolla getmədikləri halda necə?

105. Ey iman gətirənlər! Sizin borcunuz nəfsinizi saxlamaqdır. Siz düz yolda isəniz, yolunu azan sizə zərər yetirə bilməz. Siz hamınız Allaha qayıdacaqsınız və nələr etdiyinizi O sizə xəbər verəcəkdir.

106. Ey iman gətirənlər! Əgər birinizə ölüm gələrsə, vəsiyyət edərkən aranızdan iki ədalətli şəxs və ya yolda ikən sizə ölüm müsibəti üz verərsə, sizdən olmayan iki nəfər aranızda şahid olmalıdır. Əgər şübhəniz varsa, onda namazdan sonra o iki nəfəri saxlayırsınız və onlar da "Lap yaxın qohumlara belə bunu [andı] heç bir qiymətə satmarıq və Allahın şəhadətini gizlətmərik, yoxsa biz günahkarlardan olarıq" - deyə Allaha and içirlər.

107. Əgər onların günah qazandıqları üzə çıxarsa, onda o iki nəfərin yerini (mirasda) haqsızlığa məruz qalanlar içərisində (ölənə) daha yaxın olan iki nəfər başqası tutar və onlar da Allaha and içərlər "Bizim şahidliyimiz o iki nəfərin şahidliyindən daha doğrudur və biz yalandan and içib həddi aşmarıq. Yoxsa zalımlardan olarıq".

108. Bu, onların şahidliyi olduğu kimi etmələri və ya and içdikdən sonra andlarının rədd olunmasından qorxmaları baxımından daha münasibdir. Allahdan qorxun və qulaq asın. Allah azmış adamlara yol göstərməz.

109. Allah peyğəmbərləri topladığı gün deyən "Sizə nə cavab verildi?" Onlar: "Biz heç nə bilmirik, axı qeyblərin bilicisi Sənsən" - deyə cavab verərlər.

110. O vaxt Allah deyər: "Ey Məryəm oğlu İsa! Sənə və sənin anana olan nemətimi yadına sal. Mən səni Müqəddəs ruhla elə möhkəmləndirdim ki, hələ beşikdə ikən insanlarla yetkin adam kimi danışdın. Sənə yazını, hikməti, Tövratı və İncili öyrətdim. O zaman sən Mənim iznimlə palçıqdan quşabənzər bir şey düzəltdin, ona üfürüb nəfəs verdin və o da Mənim iznimlə quş oldu. Sən Mənim iznimlə anadangəlmə kora və cüzama tutulmuşa şəfa verdin. Mənim iznimlə ölüləri çıxarıb (onlara can verdin). Sən onlara aydın dəlillər gətirdikdə İsrail övladlarını səndən dəf etdim və onlardan küfr edənləri: "Bu, aşkar sehrbazlıqdan başqa bir şey deyildir" - dedilər.

111. O zaman Mən həvarilərə [apostollara] təlqin etdim: "Mənə və peyğəmbərimə iman gətirin!" Onlar: "Biz iman gətirdik və şahid ol ki, biz təslim olanlardanıq." - dedilər.

112. O zaman həvarilər dedilər: "Ey Məryəm oğlu İsa! Sənin Rəbbin göydən bizə bir süfrə endirə bilərmi?" O dedi: "Əgər iman gətirənsinizsə, Allahdan qorxun!"

113. Onlar dedilər: "Biz istəyirik ki, ondan [süfrədən] bir şey yeyək, ürəklərimiz sakit olsun, bilək ki, sən bizə düzünü demisən və biz də buna şahid olaq."

114. Məryəm oğlu İsa dedi: "İlahi, ey Rəbbimiz! Göydən bizə bir süfrə endir ki, bizim həm birincimiz, həm də sonuncumuz üçün bir bayram və Səndən bir möcüzə olsun. Bizə ruzi ver! Sən ki, ruzi verənlərin ən yaxşısısan!"

115. Allah dedi: "Mən, həqiqətən, onu sizə endirərəm. Əgər sizdən hər kəs bir daha küfr edərsə, onda onu aləmlərdən [bəşər övladından] heç kəsə vermədiyim cəza ilə cəzalandıraram."

116. O zaman Allah deyəcək: "Ey Məryəm oğlu İsa! İnsanlara: "Allahı qoyub məni və anamı tanrılar edin!" - deyə sənmi söylədin?" O deyəcək: “Sənə həmd olsun! Haqqım olmadığı bir şeyi mən deyə bilmərəm. Əgər onu demiş olsaydım, şübhəsiz, Sən bunu bilərdin. Axı Sən ürəyimdəkiləri bilirsən, Mən isə Səndə olanları bilmirəm. Həqiqətən, Sən qeyblərin bilicisisən!

117. Mən onlara Sənin "Rəbbim və Rəbbiniz olan Allaha ibadət edin!" - deyə mənə etdiyin əmrdən başqa bir şey deməmişəm. Nə qədər ki, aralarında idim, onlara şahid mən oldum. Sən canımı alandan sonra isə onların üzərində Özün nəzarətçi oldun. Sən hər şeyə şahidsən.

118. Əgər onları (cəzalandırmaq istəsən) cəzalandırarsan, onlar ki Sənin qullarındır, əgər (bağışlamaq istəsən) bağışlarsan, axı Sən qüvvət və hikmət sahibisən!”

119. Allah dedi: "Bu, doğru danışanlara doğru danışmalarının fayda verəcəyi bir gündür. Onlar üçün dibindən çaylar axan və orada əbədi qalacaqları cənnət bağları vardır." Allah onlardan razı qaldı, onlar da Ondan razı oldular. Bu ki, böyük uğurdur.

120. Göylərin, yerin və onlarda olanların hökmü Allaha məxsusdur. O, hər şeyə qadirdir!