Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/MU'MİNUN SURƏSİ
Quran. MU'MİNUN SURƏSİ Tərcüməçilər: Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu |
(yüz on səkkiz ayədən ibarət Məkkə surəsi)
Mərhəmətli, Rəhmli Allahın adı ilə ! |
1. Möminlər uğur qazanmışlar!
2. o kəslər ki, onlar öz namazlarında mütidirlər,
3. boş söz-söhbətdən kənar dururlar,
4. zəkat verirlər,
5. öz tənasül üzvlərini qoruyub saxlayırlar,
6. öz zövcələrindən və cariyələrindən başqa, bunda onlara tənə olunmaz,
7. bundan artığına can atanlar həddi aşmış olarlar.
8. möminlər ki, onlar əmanətlərinə və əhdlərinə əməl edirlər,
9. öz namazlarına qaydasınca riayət edirlər.
10. Bunlardır varis olanlar,
11. cənnətə varis olanlar! Onlar orada əbədi qalacaqlar.
12. Biz insanı bir palçıq cövhərindən xəlq etdik,
13. Sonra da onu nütfə halında etibarlı yerdə [ana bətnində] yerləşdirdik,
14. sonra nütfədən bir döllənmiş toxum, döllənmiş toxumdan bir ət parçası, ət parçasından isə sümüklər yaratdıq və sümükləri ətlə örtdük. Sonra da onu ayrı bir canlı varlıq halına gətirdik. Ən yaxşı yaradan olan Allah gör nə qədər mübarəkdir [xeyir-bərəkət verəndir]!
15. Sonra. Siz bundan sonra hökmən öləcəksiniz,
16. sonra da qiyamət günü dirildiləcəksiniz.
17. Biz sizin üzərinizdə yeddi yol [yeddiqat göy] yaratdıq və (onun altındakı) məxluqata da biganə qalmadıq.
18. Göydən qədərincə su endirdik və onu yer üzündə yerbəyer etdik. Həqiqətən də Biz onu yox edib aparmağa da qadirik.
19. Onunla sizin üçün xurma və üzüm bağları bitirdik. Sizin üçün orada çoxlu meyvələr vardır və siz onlardan yeyirsiniz.
20. Sina dağında bitən ağacı [zeytun ağacını] da bitirdik ki, o, yeyənlər üçün yağ [zeytun] və mət yetirsin.
21. Doğrudan da heyvanlarda sizin üçün bir ibrət vardır. Onların bətnlərində olandan [süddən] sizə içirdirik. Onlarda sizin üçün çoxlu faydalar vardır, siz onlardan qidalanırsınız,
22. Onların üzərində və gəmilərdə aparılırsınız.
23. Biz Nuhu öz camaatının yanına (peyğəmbər) göndərdik. O dedi, "Ey camaatım! Allaha ibadət edin, Ondan başqa bir tanrınız yoxdur. Məgər siz qorxmursunuz?"
24. Onun camaatından olan kafir kübarlar dedilər “O, ancaq sizin üzərinizdə üstünlük qazanmaq istəyən, sizin kimi bir adamdır. Əgər Allah istəsəydi, sizə mələkləri (peyğəmbər olaraq) endirərdi. Bu barədə biz ata-babalanmızdan eşitməmişik.
25. Bu, ancaq başına hava gəlmiş bir adamdır. Ona münasibətdə bir müddət gözləyin."
26. O dedi: “Rəbbim, onlar məni yalançı hesab etdiklərinə görə mənə kömək et!“.
27. Biz ona vəhy etdik: "Nəzarətimiz altında və vəhyimizlə gəmi düzəlt. Əmrimiz gələndə və təndirdən [yerdən] su qaynayıb çıxanda hər canlıdan bir cüt [erkək və dişi] və haqqında qabaqcadan (ölüm) hökmü verilmiş kəslər istisna olmaqla öz ailəni oraya mindir və haqsızlıq edənlər barəsində mənə ağız açma. Onlar, şübhəsiz, suya qərq ediləcəklər.
28. Elə ki sən və səninlə olanlar gəmidə qərar tutdunuz, onda de: "Bizi haqsız adamlardan xilas etmiş Allaha həmd olsun!"
29. və de: "Rəbbim, məni xeyir-bərəkətli bir yerə yetir. Sən ki məskən verənlərin ən yaxşısısan!".
30. Biz onları bəlaya mübtəla etdik. Həqiqətən, bunda ibrətlər vardır.
31. Sonra Biz onlardan sonra başqa bir nəsil [Ad tayfasını] yetişdirdik.
32. Onların içərisinə özlərindən "Allaha ibadət edin. Ondan başqa bir tanrınız yoxdur. Məgər siz qorxmursunuz?" - deyən bir peyğəmbər [Hudu] göndərdik.
33. Onun tayfasının küfr edən, axirətə qovuşmağı yalan hesab edən və bu dünya həyatında faydalanmağa imkan verdiyimiz camaatının əyanları dedilər “Bu, ancaq sizin kimi bir insandır. Siz yediyinizdən o da yeyir, siz içdiyinizdən o da içir.
34. Özünüzə bənzər bir adama itaət etsəniz, onda siz ziyana düşərsiniz.
35. Əgər siz torpağa və sümüyə çevrilərsinizsə, bir daha (qəbrlərdən) çıxarılmağınızı məgər O sizə vəd edir?
36. Sizə vəd olunan nə qədər uzaqdır, uzaq!
37. Bizim ancaq bu dünya həyatımız vardır. Biz öləcəyik və (övladları nızda) yaşayacağıq, lakin dirildilməyəcəyik
38. Bu, Allaha qarşı böhtan uyduran adamdan başqa bir kəs deyildir. Biz ona inanan deyilik".
39. o dedi: “Rəbbim, onlar məni yalançı hesab etdiklərinə görə mənə kömək et!".
40. O dedi: “Onlar bir azdan peşman olacaqlar".
41. Onları haqq olaraq tükürpədici hayqırtı yaxaladı və Biz onları qupquru çör-çöpə çevirdik. Məhv olsun haqsız adamlar!
42. Sonra. Biz onlardan sonra başqa nəsillər yetişdirdik.
43. Heç bir millət nə öz əcəlini qabaqlaya bilər, nə də ləngidə bilər.
44. Sonra Biz Öz peyğəmbərlərimizi bir-birinin ardınca göndərdik. Hər dəfə bir millətə onun peyğəmbəri gələndə onu yalançı hesab etdilər. Biz onları bir-birinin ardınca yola saldıq [məhv etdik] və onları rəvayətlər (mövzusu) etdik. Məhv olsun iman gətirməyən adamlarl
45. Sonra Biz Musanı və qardaşı Harunu öz ayələrimizlə və aşkar bir dəlillə göndərdik
46. Fironun və onun əyanlarının yanına. Onlar isə təkəbbür göstərdilər. Onlar özlərini yüksək tutan adamlar idilər.
47. Onlar dedilər: “Camaatı bizə kölə olduğu halda biz özümüzə bənzəyən iki adama heç inanarıqmı?"
48. və ikisini də yalançı hesab etdilər, özləri isə məhvə məhkum edilənlərdən oldular.
49. Biz Musaya Kitab [Tövrat] verdik ki, bəlkə onlar düz yolla gedələr.
50. Məryəm oğlunu və onun anasını da bir möcüzə etdik. Onlann hər ikisiniə (yaşayış üçün) münasib yeri və çeşməsi olan bir təpədə sığınacaq verdik.
51. Ey peyğəmbərlər! Yaxşı nemətlərdən yeyin və əməlisaleh olun. Mən, həqiqətən, sizin nə etdiklərinizi bilirəm.
52. Bu, vahid bir din olaraq sizin dininizdir. Mən isə sizin Rəbbinizəm. Məndən qorxun!
53. Onlar isə dində fırqələrə parçalandılar. Hər firqə isə özündəki [məzhəbi] ilə fərəhlənir.
54. Sən onlan bir müddətə qədər öz sapma girdabları içərisində burax.
55. Onlar elə hesab edirlər ki. Biz onlara mal-dövlət və övladlar verməklə
56. onların yaxşılıqlarına tələsirik? Xeyr, onlar anlamırlar.
57. Həqiqətən, o kəslər ki öz Rəbbinin qorxusundan əsir,
58. öz Rəbbinin ayələrinə iman gətirir,
59. öz Rəbbinə şərik qoşmur,
60. verəcəklərini [zəkat, sədəqə] verir və öz Rəbbinə qayıdacaqlarından ürəkləri tir-tir əsir -
61. onlar yaxşı işlər görməkdə yanşırlar və bunlarda öncüldürlər.
62. Biz heç kəsi qüvvəsindən artıq yükləmərik. Bizdə haqq deyən Kitab vardır. Onlara haqsızlıq edilməz.
63. Amma onlann ürəkləri bundan [Qurandan] xəbərsizdir. Onlann bundan başqa da törətdikləri əməlləri vardır.
64. Biz onlardan naz-nemət içərisində olanları əzaba düçar edən kimi onlar fəryad qoparırlar.
65. (Onlara deyilər): “Bu gün fəryad edib yalvarmayın. Siz Bizdən əsla kömək ala bilməyəcəksiniz.
66. Mənim ayələrim sizə oxunurdu, siz isə arxa çevirirdiniz.
67. Bununla təkəbbür göstərir və gecə söhbətlərində boşboğazlıq edirdiniz.”
68. Onlar bu kəlam [Quran] haqqında dərindən düşünməzlərmi? Yoxsa ata- babalarına gəlməyən bir şey onlara gəlmişdir?
69. Yoxsa onlar özlərinin peyğəmbərini tanımayıb onu inkar edirlər,
70. yoxsa: “O, dəli-divanədir” - deyirlər? Halbuki o [peyğəmbər] onlara haqqı [Qubanı] gətirdi. Onların çoxu isə haqqı istəməz.
71. Əgər haqq onların istəklərinə tabe olsaydı, onda göylər, yer və bunlarda olanların hamısı fəsada uğrayardı. Bəli, Biz onlara Zikr [Quranı] göndərdik, onlar isə özlərinin bu Zikrindən üz döndərdilər.
72. Yoxsa sən onlardan bir muzdmu istəyirsən? Sənin Rəbbinin əcri [mükafatı] daha xeyirlidir. O, ən yaxşı ruzi verəndir.
73. Həqiqətən, sən onları düz bir yola çağırırsan.
74. Axirətə inanmayanlar isə həqiqətən, yoldan çıxanlardır.
75. Biz onlara rəhm edib, bəlanı üstlərindən götürsək də onlar özlərinin bu azğınlıqlarında inad edib kor-koranə dolaşarlar.
76. Biz onları əzabla yaxaladıq, onlar isə öz Rəbbinə tabe olmadılar və (Ona) yalvarmazlar.
77. Biz şiddətli əzab qapısını onların üzünə açan kimi onlar ümidsizliyə qapıldılar.
78. Sizin üçün qulaqlar, gözlər və ürəkləri yaradan Odur. Siz nə az şükr edirsiniz.
79. Sizi yer üzünə səpələyən Odur. Siz Onun hüzuruna da toplanacaqsınız.
80. Həyat verən də, öldürən də Odur. Gecə-gündüzün dəyişməsi də Ona aiddir. Siz bir dərk etməzsinizmi?
81. Onlar isə əvvəlkilərin [ata-babalarının] dedikləri kimi dedilər.
82. Onlar dedilər: "Yəni biz ölüb torpaq və sür-sümük olduqdan sonra doğrudanmı dirildiləcəyik?
83. Bu, bizə əvvəllər də, ata-babalarımıza da vəd olunmuşdu. Bu, əvvəlkilərin əfsanələrindən başqa bir şey deyildir".
84. De: “Əgər bilirsinizsə (deyin), yer və onun üzərində olanlar kimə məxsusdur?"
85. Deyəcəklər: "Allaha!" De: "Onda bir düşünüb daşınmazsınızmı?"
86. De: "Yeddi qat göyün Rəbbi və böyük ərşin Rəbbi kimdir?"
87. Onlar deyəcəklər "(Onlar da) Allahındır." De: "Onda bəs siz qorxmursunuz?"
88. De: "Əgər bilirsinizsə (deyin), hər şey üzərində hökmü olan, himayə edən, Özü, himayə edilməyən [buna ehtiyacı olmayan] kimdir?"
89. Onlar deyəcəklər: "(Onlar da) Allahındır" De: "Necə olur ki, ovsunlanırsınız?"
90. Bəli, Biz onlara haqqı gətirdik, onlar isə yalan danışırlar.
91. Allah Özünə heç bir övlad götürməmişdir və onunla yanaşı heç bir tanrı olmamışdır. Yoxsa hər tanrı öz yaratdığını (öz yolu ilə) aparar və onların biri digəri üzərində yüksəlməyə can atardı. Təriflər olsun Allaha ki, O, onlann verdikləri sifətlərdən yüksəkdədir,
92. qeybi və aşkarı biləndir. O, onların Ona qoşduqları şəriklərdən ucadır!
93. De: "Rəbbim, əgər Sən onlara vəd olunanı mənə göstərəcəksənsə,
94. Rəbbim, onda məni haqsız camaatın içərisində saxlama!"
95. Biz onlara vəd etdiyimiz (pis aqibəti) sənə göstərə bilərik.
96. Sən ən yaxşı olan bir vasitə ilə yamanı dəf et. Onlann (Bizə) verdikləri sifətləri Biz yaxşı bilirik.
97. De: “Rəbbim, mən şeytanların azdırmalarından qorunmaq üçün Sənə pənah gətirirəm.
98. Sənə pənah gətirirəm ki, Rəbbim, onlar mənə yaxın dura bilməsinlər!"
99. Elə ki onların birinə ölüm gəldi, deyər: "Rəbbim, məni (dünyaya) qaytarın ki,
100. bəlkə hədər etdiyim (ömür müqabilində) xeyir əməllər tutam". Əsla! Onun bu sözləri boş sözdür, çünki dirildiləcəkləri günə qədər onlarin arxasında bir sədd vardır.
101. Sur çalınanda isə, o günü onların arasında bir qohumluq əlaqəsi olmayacaqdır və onlar bir-birlərindən sorğu-sual [hal-əhval] tuta bilməyəcəklər.
102. Kimin ki tərəzisinin gözü ağır gələr, belələri uğura qovuşmuş olanlardır.
103. Kimin ki tərəzisinin gözü yüngül gələr, belələri ziyana düşər və cəhənnəmdə əbədi qalarlar.
104. Od onların üzlərini qarsıdacaq və onlar orada dişləri ağara- ağara qalacaqlar.
105. (Onlara deyiləcəkdir); "Ayələrim sizə oxunmurdumu, siz də onları yalan saymırdınızmı?"
106. Onlar deyərlər: "Rəbbimiz, bədbəxtliyimiz bizə qalib gəldi və biz yolu azmış adamlar olduq.
107. Rəbbimiz, bizi buradan çıxart, əgər biz bir də (bunu) etsək, onda haqsızıq".
108. Allah deyər: "Rədd olun ora və Mənimlə danışmayın!
109. Bəndələrimdən bir qismi deyirdi: "Rəbbimiz, biz iman gətirdik. Bizi bağışla və bizə rəhm et, axı Sən rəhm edənlərin ən yaxşısısan".
110. Siz isə onları məsxərəyə qoyurdunuz. Bu da Məni zikr [yad] etməyi sizə unutdurdu. Siz onlara gülürdünüz.
111. Səbr etdikləri üçün bu gün Mən onları mükafatlandırdım və onlar uğur qazanmış oldular”.
112. Allah (kafirlərə) deyəcək: “İl hesabı ilə yer üzündə nə qədər qaldınız?"
113. Onlar deyəcəklər: “Bir gün və ya bir gündən də az qaldıq. Sən hesablayanlardan [mələklərdən] soruş".
114. Allah deyəcək: "Lap azacıq qaldınız. Kaş (bunu) biləydiniz.
115. Yoxsa elə hesab edirdiniz ki, Biz sizi elə-belə xəlq etmişik və siz Bizə bir də qaytarılmayacaqsınız?"
116. Əsl hökmdar olan, Özündən başqa bir tanrı olmayan və şanlı ərşin Rəbbi Allah hər şeydən ucadır.
117. Hər kim Allahla bərabər haqqında özünün heç bir dəlili olmadığı bir başqa tanrıya da ibadət edərsə, onun haqq-hesabı ancaq öz Rəbbinin qarşısında olacaqdır. Kafirlər uğur qazanmazlar.
118. De: "Rəbbim, bağışla və rəhm et! Sən rəhm edənlərin ən xeyirlisisən".