Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/MURSƏLAT SURƏSİ
Quran. MURSƏLAT SURƏSİ Tərcüməçilər: Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu |
(əlli ayədən ibarət Məkkə surəsi)
Mərhəmətli, rəhmli Allahın adı ilə! |
1 And olsun qayda ilə (bir-birinin ardınca) göndərilənlərə,
2 uğultu ilə əsənlərə,
3 (Allahın hökmlərini) yaydıqca yayanlara,
4 (haqqı batildən) ayırdıqca ayıranlara,
5 zikri [vəhyi] gətirənlərə -
6 üzr istəmək və xəbərdarlıq üçün (gətirənlərə)!
7 Sizə vəd olunmuş mütləq baş verəcəkdir.
8 Ulduzlar sönəndə,
9 səma parçalananda,
10 dağlar dağılanda,
11 peyğəmbəriərə (şahidlik) vaxtı təyin olunanda (qiyamət qopar).
12 (Bunlar) hansı günə qədər təxirə salınmışdır?
13 (Haqqı batildən) ayırd etmə gününə qədər!
14 Ayırd edən günün nə olduğunu sən haradan biləsən?
15 Yalan hesab edənlərin o günü vay halına!
16 Məgər Biz əvvəlkiləri məhv etmədikmi?
17 Sonra onların ardınca sonrakıları da göndərəcəyik.
18 Biz günahkarlarla belə rəftar edirik.
19 Yalan hesab edənlərin o günü vay halına!
20 Məgər Biz sizi əhəmiyyətsiz bir sudan [nütfədən] xəlq etməmişikmi?
21 Və onu möhkəm bir yerdə yerləşdirmədikmi
22 məlum bir müddətə kimi?
23 Biz (insan yaratmağa) qadir olduq. Nə yaxşı qadir olanlarıq!
24 Yalan hesab edənlərin o günü vay halına!
25 Məgər Biz yer üzünü bir yataq etmədikmi
26 dirilər və ölülər üçün?
27 Orada möhkəm duran uca dağları yaratmadıqmı və sizə şirin su içirtmədikmi?
28 Yalan hesab edənlərin o günü vay halına!
29 (Onlara deyilər): “Yalan hesab etdiyiniz (cəhənnəmə) tərəf cumun!
30 (Cəhənnəm tüstüsünün) üç qola ayrılan kölgəsinə cumun!"
31 Onun nə kölgəsi vardır, nə də o, alovdan qoruyar!
32 O, saraylar boyda qığılcımlar saçar,
33 sanki sarı dəvələrdir.
34 Yalan hesab edənlərin o günü vay halına!
35 Bu, elə bir gündür ki, danışa bilməzlər,
36 üzrxahlıq etməyə də onlara izn verilməz.
37 Yalan hesab edənlərin o günü vay halına!
38 Bu, sizi və (sizdən) əvvəlkiləri bir yerə cəm etdiyimiz ayırd etmə günüdür.
39 Əgər bir tələniz varsa, Mənə qarşı qurun!
40 Yalan hesab edənlərin o günü vay halına!
41 Müttəqilər isə kölgələr altında, çeşmələr başında
42 və ürəkləri istəyən meyvələr içində olacaqlar.
43 (Onlara deyiləcəkdir): "Etdiyiniz işlərə görə sağlıqla yeyib-için!
44 Biz xeyir iş görənləri belə mükafatlandırırıq!"
45 Yalan hesab edənlərin o günü vay halına!
46 (Ey kafirlər, Siz də bu dünyada) yeyin və bir az əylənin. Şübhəsiz ki, siz günahkarsınız.
47 Yalan hesab edənlərin o günü vay halına!
48 Onlara: "Namaz qılın!" - deyən zaman namaz qılmazlar.
49 Yalan hesab edənlərin o günü vay halına!
50 Bundan [Qurandan] sonra onlar daha hansı sözə inanarlar ki?