Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/MUTAFFİFİN SURƏSİ
Quran. MUTAFFİFİN SURƏSİ Tərcüməçilər: Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu |
(otuz altı ayədən ibarət Məkkə surəsi)
Mərhəmətli, rəhmli Allahın adı ilə! |
1 Çəkidə və ölçüdə aldadanların vay halına!
2 özləri üçün ölçüb (götürəndə) tam götürən
3 onlar üçün ölçəndə və ya çəkəndə isə onu əskik edənlərin
4 Məgər onlar (öləndən sonra) dirildiləcəklərini düşünmürlər?!
5 O böyük gün üçün,
6 insanların aləmlərin Rəbbi hüzurunda duracaqları gün üçün.
7 Xeyr! Pis əməl sahiblərinin (əməl) yazısı həqiqətən də Siccindədir.
8 Siccinin nə olduğunu sən haradan biləsən?!
9 O, yazılı bir kitabdır.
10 günü yalan hesab edənlərin vay halına,
11 o kəslərin ki, onlar haqq-hesab gününü yalan hesab edirlər!
12 Onu isə yalnız hər cür həddini aşan, günahkar yalan hesab edər.
13 Ayələrimiz onun üçün oxunanda deyən "(Bunlar) əvvəlkilərin əfsanələridir!"
14 Xeyr! Qazandıqları [günahlar] onlann ürəklərini bağlamışdır.
15 Xeyr! O günü onlar özlərinin Rəbbindən ayrı salınarlar.
16 Sonra onlar cəhənnəmə daxil olacaqlar.
17 Sonra (onlara) deyiləcək: "Bu, sizin yalan hesab etdiyinizdir!"
18 Xeyr! Sadiq möminlərin (əməl) yazısı isə, həqiqətən də İlliyundadır.
19 İlliyunun nə olduğunu sən haradan biləsən?!
20 O, yazılı bir kitabdır.
21 Ancaq (Allaha) yaxın tutulanlar onu görə bilərlər.
22 Sadiq möminlər Nəim [cənnət] içərisində olacaqlar.
23 Taxtlar üzərində (ətrafa) nəzər salarlar.
24 Sən onların üzlərində Nəim [cənnət] sevinci sezərsən.
25 Onlara ağzı möhürlənmiş şərabdan içirərlər.
26 Sonu isə - müşk (ətri verəcək). Qoy yarışa girmək istəyənlər bunda yarışsınlar.
27 Onun qatışığı Təsnimdəndir -
28 (Allaha) yaxın tutulanların içəcəkləri çeşmədən.
29 Günah işlədənlər iman gətirənləri ələ salıb gülür,
30 onların yanından keçəndə bir-birinə göz vurur,
31 öz ailələrinin yanına dönüb qayıdanda da (onları məsxərəyə qoyduqlarına görə) özlərindən razı qayıdırdılar.
32 Onları görəndə isə: "Həqiqətən bunlar yolu azanlardır!“ - deyirdilər.
33 Halbuki onlar bunların [möminlərin] üzərinə gözətçi göndərilməmişdilər.
34 Bu gün isə iman gətirənlər kafirlərə güləcəklər,
35 taxtlar üzərində (ətrafa) nəzər salacaqlar.
36 Hə, kafirlər tutduqları əməllərin əvəzini aldılarmı?!