Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/MUZZƏMMİL SURƏSİ
Quran. MUZZƏMMİL SURƏSİ Tərcüməçilər: Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu |
(iyirmi ayədən ibarət Məkkə surəsi)
Mərhəmətli, rəhmli Allahın adı ilə! |
1 Ey (yatağa) bürünmüş (peyğəmbərim) !
2 Qalx (namaz qıl) gecənin bir azından başqa -
3 (gecənin) yarısını (namaz qıl) və ya bunu bir az əksilt,
4 yaxud artır. Quranı da aramla oxu.
5 Biz sənə sanballı bir kəlam [Quran] göndərəcəyik.
6 Axı gecə ibadəti daha təsirli və (Quran) oxumağa daha münasibdir.
7 Çünki gündüz sənin uzun-uzadı (davam edəcək dünyəvi) işlərin vardır.
8 Rəbbinin adını zikr et və özünü ona həsr et.
9 şərqin və qərbin Rəbbidir. Ondan başqa bir tanrı yoxdur. Onu (özünə) vəkil götür!
10 Onların [kafirlərin] dediklərinə döz və onlardan yaxşılıqla uzaqlaş.
11 (Ayələrimi) yalan hesab edən mal-dövlət sahibləri ilə Məni tək burax və onlara bir az möhlət ver.
12 Həqiqətən də Bizdə (onlar üçün) qandallar və cəhənnəm vardır,
13 boğazda qalan yemək və üzücü bir əzab vardır.
14 O günü yer və dağlar titrəyəcək, dağlar yavaş-yavaş axıb tökülən qum təpələrinə çeviriləcəkdir.
15 Biz yanınıza (qiyamət günü) sizə şahidlik edəcək bir peyğəmbər göndərdik, Fironun yanına göndərdiyimiz kimi.
16 Firon peyğəmbərə asi oldu. Biz də onu möhkəmcə yaxaladıq.
17 Əgər siz də küfr edərsinizsə, uşaqların belə saçını ağardacaq o gündən necə yaxa qurtara bilərsiniz?
18 Onda səma parçalanacaq və Onun vədi mütləq yerinə yetəcəkdir.
19 Həqiqətən də bu, bir öyüd-nəsihətdir. Kim istərsə, öz Rəbbinə tərəf bir yol tutar.
20 Həqiqətən, Rəbbin sənin və səninlə olan bir dəstənin gecənin üçdə ikisi, yarısı, üçdə biri qədər durub namaz qıldığını bilir. Allah gecəni də, gündüzü də ölçüb haqq-hesab edir. O bildi ki, siz bunu hesaba ala bilməzsiniz və sizin tövbənizi qəbul etdi. Qurandan müyəssər olan bir şey oxuyun. Allah bilir ki, sizlərdən xəstələr olacaq. Bir qisminiz Allahın lütfündən ruzi aramaq üçün yer üzündə yol gedəcək, digər bir qisminiz də Allah yolunda vuruşacaq. Qurandan müyəssər olan bir şey oxuyun və namazı qılın, zəkatı verin və Allaha gözəl bir borc verin, özünüz üçün qabaqcadan hansı xeyir əməli tədarük etsəniz, onu Allahın dərgahında ondan da yaxşı mükafat kimi daha böyük görərsiniz. Allahdan bağışlanmağınızı istəyin. Həqiqətən də Allah bağışlayandır, Rəhmlidir.