Məzmuna keç

Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/NİSA SURƏSİ

Vikimənbə saytından
Quran. NİSA SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(yüz yetmiş altı ayədən ibarət Mədinə surəsi)

Mərhəmətli, Rəhmli Allahın adı ilə !

1. Ey insanlar! Sizi tək bir candan xəlq etmiş, ondan da zövcəsini yaratmış, onların ikisindən isə çoxlu kişi və qadın törədib yaymış olan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən (lazımi şeylər) istədiyiniz Allahdan və qohumluq əlaqələrini (kəsməkdən) qorxun! Həqiqətən, Allah üzərinizdə nəzarət edəndir.

2. Yetimlərə öz mallarını verin, yaxşını pis ilə dəyişməyin, onların malını malınıza (qatıb) yeməyin! Axı bu, böyük günahdır!

3. Əgər siz yetim (qızlara) qarşı ədalətli olmayacağınızdan qorxsanız, onda xoşunuza gələn qadınlardan ikisi, üçü və dördü ilə evlənin, (bunda da) əgər ədalətli olmayacağınızdan qorxsanız, onda biri ilə və ya sahib olduğunuz kənizlə (evlənin). Bu, haqsızlıq etməməyinizə daha yaxındır.

4. Qadınlara onların öz mehrlərini xoşluqla verin. Əgər onlar öz xoşları ilə bundan sizə bir şey versələr, onu halal xoşluqla yeyin!

5. Allahın güzəran üçün sizə verdiyi malınızı ağılsızlara verməyin. Onları ondan yedirib-geyindirin və onlara xoş sözlər deyin.

6. Yetimləri evlənmə yaşına çatana qədər sınayın. Əgər onlarda kamilliyi hiss etsəniz, mallarını özlərinə verin, “Onlar böyüyəcəklər," - deyə onu israfçılıqla və tələm-tələsik yeməyin. Kim varlıdırsa, öz nəfsini saxlasın, kim kasıbdırsa, qaydasınca yesin. Onların malını özlərinə verən zaman onlara şahidlər tutun. Allah haqq-hesab çəkmək üçün kifayətdir.

7. Ata-ananın və yaxın qohumların qoyub getdiyi mirasdan kişilər üçün də, ata-ananın və yaxın qohumların qoyub getdiyi mirasdan qadınlar üçün də pay vardır. Mirasda, istər az olsun, istər çox, müəyyən olunmuş pay vardır.

8. Bölgü vaxtı qohumlardan, yetimlərdən və kasıblardan da orada olarsa, onda onlara da bir şey verin və onları xoş sözlərlə dindirin.

9. Qoy özlərindən sonra barələrində narahat qaldıqları zəif [kiçik] övladlar qoyub gedənlər (yetimlərdən ötrü də eləcə) qorxsunlar. Qoy onlar Allahdan qorxaraq düz söz desinlər.

10. Haqsız olaraq yetimlərin malını yeyənlər qarınlarına ancaq od yemiş olarlar. Onlar cəhənnəmə düşəcəklər.

11. Allah övladlarınız haqqında sizə belə tövsiyə edir; oğula iki qız payı qədər, əgər onlar [övladlar] qadın cinsindən olub ikidən çoxdurlarsa - onlara mirasın üçdə iki hissəsi, tək qızdırsa - ona yarısı düşür. Əgər (ölənin) övladı [oğlan və ya qız] varsa, valideynlərinin hər birinə mirasdan altıda biri düşür. Əgər onun övladı yoxsa və varisi valideynləridirsə, onda üçdə biri anasınındır, əgər onun qardaş-bacıları varsa- altıda biri anasınındır. (Bu bölgü) onun vəsiyyətləri (yerinə yetdikdən) və ya borcu (ödənildikdən) sonra olur. Valideynlərinizdən və ya övladlarınızdan hansının faydaca sizə daha yaxın olduğunu siz bilmirsiniz deyə bunlar Allah tərəfindən müəyyən edilmişdir. Həqiqətən, Allah hər şeyi biləndir və hikmət sahibidir.

12. Əgər onların [ölən qadınların] övladı yoxsa, etdikləri vəsiyyət və ya borc (ödənildikdən) sonra qoyduqları mirasın yarısı sizindir, əgər övladı varsa, onda dörddə biri sizindir. Əgər sizin övladınız yoxdursa, etdiyiniz vəsiyyət və ya borc (ödənildikdən) sonra qoyduğunuz mirasın dörddə biri onlarındır [arvadlarınızındır], övladınız varsa, onda səkkizdə biri onlarındır. Əgər miras qoyan nə övladı, nə də valideyni olan bir kişi və ya qadındırsa və onun anabir tək qardaşı və ya bacısı varsa, etdiyi vəsiyyət və ya borc (ödənildikdən) sonra, (heç kimə) zərər yetirməmək şərtilə onların hər birinə mirasın altıda biri düşür. Bundan [birdən] çox olsalar isə, onlar üçdə bir hissəyə şərikdirlər. Bu, Allahdan olan bir tövsiyədir. Allah hər şeyi biləndir, həlimdir.

13. Bunlar Allahın (qoyduğu) hüdudlardır. Kim Allaha və Onun peyğəmbərlərinə itaət edərsə. O, onu dibindən çaylar axan cənnət bağlarına daxil edər və onlar orada əbədi qalarlar. Bu, böyük uğurdur.

14. Allaha və Onun peyğəmbərlərinə asi olaraq Onun qoyduğu hüdudları aşanı isə O, cəhənnəm oduna salacaq və o, orada əbədi qalacaqdır. Onun üçün rüsvayedici bir əzab vardır.

15. Qadınlarınızdan zina edənlərə qarşı öz aranızdan dörd nəfər şahid tutun. Əgər bunlar şahidlik etsələr, onda onları [qadınları] ölənə qədər və ya Allah onlara bir yol açana qədər tutub evlərdə saxlayın.

16. İçərinizdən belə iş tutanların hər ikisinə [kişi və ya qadına] əziyyət verin. Əgər tövbə edib düzəlsələr, onlardan əl çəkin. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir.

17. Allahın qəbul edəcəyi tövbə, bilmədən pis iş tutub, sonra da çox keçmədən tövbə edənlərin tövbəsıdır. Allah hər şeyi biləndir və hikmət sahibidir.

18. Yoxsa, pis əməllər tutub da özlərində bir kəsə ölüm gəlib çatanda “mən indi tövbə etdim” deyənlər ilə, kafir qalaraq ölənlər üçün (qəbul ediləcək) tövbə yoxdur. Onlar üçün üzücü bir əzab hazırlamışıq.

19. Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir. Aşkar əxlaq sızlıq etməyiblərsə, onlara vermiş olduğunu şeylərin bir hissəsini geri almaq üçün heç vaxt onları sıxışdırmayın. Onlarla xoş rəftar edin. Əgər onları xoşlamasanız, bəlkə də Allah sizin xoşlamadığınız şeylərdə çoxlu xeyirlər edər.

20. Əgər siz bir arvadın yerinə başqa birini almaq istəsəniz, birincisinə saysız-hesabsız dövlət vermişsinizsə də, ondan heç bir şey geri almayın. Heç siz açıq-aşkar haqsızlıq və günah işlədərək onu geri alarsınız?

21. Onu necə geri ala bilərsiniz ki, siz birgə yaşamışdınız və onlar [qadınlar] sizdən möhkəm əhd-peyman almışdılar?

22. Bundan əvvəl olub-keçənlər istisna olmaqla atalarınızın evlənmiş olduqları qadınlarla evlənməyin. Bu, qəbahətdir, ikraha layiqdir və çirkin bir yoldur.

23. Analarınızı, qızlarınızı, bacılarınızı, bibilərinizi, xalalarınızı, qardaş qızlarını, bacı qızlarını, sizi əmizdirmiş süd analannızı, süd bacılarınızı, qadınlarınızın analarını, əlaqədə olduğunuz qadınların himayənizdəki qızlarını, - əgər onlarla əlaqədə olmamışsınızsa, onda bu, sizə günah deyildir, - öz belinizdən gəlmiş oğullarınızın arvadlarını və iki bacını birlikdə almaq sizə haram edilmişdir. Bundan əvvəl olmuşlar isə müstəsnadır. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir.

24. (Döyüşlərdə) sahib olduqlarınız kənizlərdən başqa ərli qadınlar da (haram edildi). Allahın sizə yazısı (belədir). Bunlardan başqalarını isə öz malınızla əxlaqa uyğun tərzdə, zina etmədən almaq sizə halal edilmişdir. Onlardan faydalandığınıza görə mehrlərini qayda üzrə özlərinə verin. Bu qayda müəyyən edildikdən sonra öz aranızda razılaşdığınız işdə sizə bir günah yoxdur. Həqiqətən, Allah hər şeyi biləndir və hikmət sahibidir.

25. Sizlərdən biri maddi imkanı olmadığına görə azad mömin qadınlara evlənə bilmirsə, onda sahib olduğunuz mömin kənizlərlə evlənsin. Allah sizin imanınızı daha yaxşı bilir. Siz bir-birinizdənsiniz. Onlarla [kənizlərlə] sahiblərinin icazəsi ilə evlənin, qayda üzrə mehrlərini verin, (bu şərtləki) namuslu olsunlar, əxlaqsız olmasınlar və oynaş saxlamasınlar. Ərə getdikdən sonra əxlaqsızlıq edərlərsə, onda azad qadınlara düşən cəzanın yarısı onlara düşür. Bu, sizlərdən çətin vəziyyətə düşməkdən qorxanlar üçündür. Səbr etsəniz, sizin üçün daha xeyirli olar. Allah bağışlayandır, rəhmlidir.

26. Allah sizə (dininizin hökmlərini) aydın etmək, sizdən əvvəlkilərin yollarını sizə göstərmək və tövbələrinizi qəbul etmək istəyir. Allah hər şeyi biləndir və hikmət sahibidir.

27. Allah sizin tövbələrinizi qəbul etmək istəyir, şəhvətlərə uyanlar isə sizi yoldan tamamilə çıxarmaq istəyirlər.

28. Allah sizin (yükünüzü) yüngülləşdirmək istəyir, axı insan zəif yaradılmışdır.

29. Ey iman gətirənlər! Malınızı qarşılıqlı razılığınızla alış-veriş olmasa, öz aranızda haqsız olaraq yeməyin və canınıza qəsd etməyin! Həqiqətən, Allah sizə rəhm edəndir.

30. Kim bunu həddini aşmaqla və haqsızlıqla edərsə, Biz onu cəhənnəm odunda yandıracağıq. Bu, Allah üçün asandır.

31. Sizə qadağan olunmuş böyük günahlardan uzaqlaşsanız, Biz sizə pis əməllərinizi bağışlar və sizi şərəfli bir məqama çatdırarıq.

32. Allahın bəzilərinə nisbətən digərinizə verdiyi üstünlük təmənnasında olmayın. Kişilərə öz qazandıqları, qadınlara da öz qazandıqları nəsib olacaqdır. Allahdan Onun mərhəmətini diləyin. Həqiqətən, Allah hər şeyi biləndir.

33. Valideynlərin və yaxın qohumların qoyub getdikləri maldan hər biri üçün varislər təyin etdik. Əhd-peyman bağladığınız kəslərin də paylarını verin. Həqiqətən Allah hər şeyə şahiddir.

34. Allah birini [kişini] digərindən [qadından] üstün etdiyinə görə və kişilər öz mallarından sərf etdiklərinə görə (bütün işlərdə) qadınlara himayədardırlar. Əməlisaleh o qadınlardır ki, onlar itaətkardırlar, qorunub saxlanılması Allah tərəfindən buyurulanı (ərinin) olmadığı vaxtda da qoruyub saxlayırlar. İtaətsizliyindən qorxduğunuz qadınlara nəsihət verin, yataqlarını tərk edin və onları döyün. Əgər sizə itaət edərlərsə, onda onlara qarşı başqa bir yol aramayın. Həqiqətən, Allah uludur, böyükdür.

35. Aralarında ayrılıq düşməsindən qorxsanız, kişinin ailəsindən bir nəfər və qadının ailəsindən bir nəfər münsif göndərin. Əgər onlar [münsiflər] aranı düzəltmək istəsələr, Allah da onları barışdırar. Həqiqətən, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır.

36. Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın. Ata-anaya, qohım əqrəbaya, yetimlərə, yoxsullara, yaxın uzaq qohum-qonşulara, yaxın dost-yolda yolçuya və sahib olduğunuz (kölə və cariyələrə) yaxşılıq edin. Həqiqətən, Allah təkəbbürlü, xudbin kəsləri sevmir,

37. о kəsləri ki, onlar xəsislik edir, insanlara da xəsisliyi əmr edir, Allahın Öz lütfündən onlara verdiyi şeyləri gizlədirlər, - Biz kafirlər üçün rüsvayedici bir əzab hazırlamışıq, -

38. о kəsləri ki, onlar öz mallarını adamların gözünə xərclər, özləri isə nə Allaha, nə də axirət gününə inanarlar. Şeytana yoldaşlıq edənin nə pis yoldaşı vardır!

39. Əgər onlar Allaha və axirət gününə inanıb Allahın özlərinə verdiyi ruzidən xərcləsəydilər, onlara nə ziyan dəyərdi? Axı Allah onlara bələddir.

40. Həqiqətən, Allah zərrə qədər də zülm etməz. Əgər yaxşı bir iş görülərsə, O, bunu ikiqat artırar və Öz tərəfindən böyük bir mükafat verər.

41. Biz hər ümmətdən bir şahid gətirib səni də bunlara şahid gətirəndə bəs necə olacaq?

42. O zaman, küfr edib peyğəmbərə asi olanlar yerlə-yeksan olmağı arzu edəcəklər. Onlar Allahdan bir söz də gizlədə bilməzlər.

43. Ey iman gətirənlər! Əgər sərxoşsunuzsa, nə dediyinizi bilməyincə və natəmizsinizsə, - yolda olmaq istisna edilməklə, - qüsl edib təmizlənməyincə namaza yaxın düşməyin. Əgər xəstəsinizsə və ya səfərdəsinizsə, yaxud sizlərdən kimsə ayaqyolundan gəlibsə və ya qadına toxunubsa, su tapmasanız, təmiz torpaqla təyəmmüm edin [pak olun], üzünüzə və əllərinizə çəkin! Həqiqətən, Allah əfv edəndir, bağışlayandır.

44. Məgər sən Kitabdan bir hissə bəxş olunmuşların azğınlığı satın alıb sizi də yoldan azdırmaq istədiklərini görmürsən?

45. Allah sizin düşmənlərinizi daha yaxşı tanıyır. Allah bir himayəçi olaraq kifayətdir, Allah bir köməkçi olaraq kifayətdir!

46. Yəhudilərdən bəziləri kəlmələrin yerlərini dəyişib, dillərini əyərək və dinə tənə vuraraq: "Eşitdik və qəbul etmədik, eşidiləsi olmayanı eşit və ra'ina" (ərəbcə "gözün üstümüzdə olsun!", yəhudilərdə isə nalayiq ifadə mənasındadır)" -deyirlər. Əgər onlar: "Eşitdik və itaət etdik! Eşit və bizə nəzər sal!" - desəydilər, onda bu, onlar üçün daha xeyirli və doğru olardı. Lakin kafirlikləri üzündən Allah onları lənətlədi. Onların ancaq az bir hissəsi iman gətirər.

47. Ey Kitab bəxş olunanlar! Əlinizdə olanı təsdiqləmək üçün sizə nazil etdiyimizə [Qurana] üzləri tanınmaz hala salıb arxaya çevirməzdən və şənbə əhli kimi onları lənətləməzdən əvvəl iman gətirin! Allahın əmri yerinə yetəcəkdir.

48. Həqiqətən Allah Özünə şərik qoşulmasını bağışlamaz. Lakin O, istədiyi kəsə bundan başqa (günahları) bağışlayar. Allaha şərik qoşan çox böyük günah işlətmiş olur.

49. Özlərini təmizə çıxaranları gömürsənmi? Halbuki Allah istədiyi kəsi tər çıxarar və onlar tük qədər də incidilməzlər.

50. Sən onların Allaha necə yalan durmalarına bax! Bu, açıq-aşkar günah üçün kifayətdir.

51. Məgər Kitabdan bir hissə bəxş olunmuşların bütə və şeytana inandığını və kafirlər barəsində: "Bunlar iman gətirənlərdən daha doğru yoldadırlar.“ - demələrini görmirsənmi?

52. Onlar Allahın lənətinə gələnlərdir. Allah kimə lənət edərsə, sən ona bir kömək edən tapa bilməzsən.

53. Yoxsa bu səltənətdən onların da bir payı vardır? Belə olsaydı, onlar insanlara xurma çərdəyinin bir zərrəsini də verməzdilər.

54. Yoxsa onlar Allahın Öz mərhəmətindən insanlara bəxş etdiyi şeylərə görə həsəd aparırlar. Biz İbrahim nəslinə Kitab və hikmət bəxş etdik və onlara böyük hökmranlıq verdik.

55. Onlardan buna inanan da, bunu rədd edənlər də oldu. Cəhənnəm bir od olaraq kifayətdir.

56. Şübhəsiz ki, ayələrimizi inkar edənləri Biz cəhənnəm odunda yandıracağıq. Hər dəfə onların dəriləri bişdikcə, əzabı təkrar dadsınlar deyə, başqa dəri ilə əvəz edəcəyik. Həqiqətən, Allah qüdrət və hikmət sahibidir.

57. İman gətirib əməlisaleh olanları isə dibindən çaylar axan cənnət bağlarına salacağıq, onlar orada əbədi qalasıdırlar. Onlar üçün orada pak zövcələr vardır. Onları sərinlik verən bir kölgəyə daxil edəcəyik.

58. Allah sizə əmanətləri sahiblərinə qaytarmağı, insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi buyurur. Həqiqətən, Allah sizə verdiyi ilə necə də gözəldir! Allah hər şeyi eşidəndir, görəndir.

59. Ey iman gətirənlər! Allaha itaət edin, peyğəmbərə və sizdən olan hökm sahiblərinə itaət edin! Əgər siz Allaha və axirət gününə inanırsınızsa, bir şey haqqında mübahisə etsəniz, onu Allaha və peyğəmbərə həvalə edin. Bu, xeyirlidir və nəticə etibarilə daha yaxşıdır.

60. Məgər sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirdiklərini iddia edənləri görməmisənmi? Onlar Tağutun [şeytanın] qarşısında mühakimə olunmalarını istərlər. Halbuki onlara əmr olunmuşdu ki, ona inanmasınlar. Şeytan isə onları yoldan çıxardıb daha uzağa azdırmaq istəyir.

61. Onlara: "Allahın nazil etdiyinə və peyğəmbərə tərəf gəlin!“ - dedikdə, münafiqlərin səndən necə üz döndərdiklərini görərsən.

62. Öz əlləri ilə tutduqları əməllərə görə başlarına bir müsibət gəldikdə, sonra isə sənin yanına gəlib: "Biz yalnız xeyirxahlıq etmək və barışdırıcı olmaq istəyirdik." - deyə Allaha and-aman etsələr, bəs onda necə?

63. Bunlar o kəslərdir ki, Allah onların ürəklərindəki şeylərdən xəbərdardır. Sən onlara bənd olma, öyüd ver və onların özləri haqqında ürəklərinə nüfuz edəcək sözlər de!

64. Biz hər bir peyğəmbəri ancaq ona görə göndərdik ki, Allahın izni ilə ona itaət edilsin. Əgər onlar öz-özlərinə zülm edərkən yanına gəlib Allahdan bağışlanmalarını istəsəydilər və peyğəmbər də onlar üçün bağışlanma diləsəydi, onlar Allahın tövbə qəbul edən rəhmli olduğunu görərdilər.

65. Xeyr! Rəbbinə and olsun ki, onlar öz aralarındakı çəkişmədə səni hakim etməyincə, sonra sənin çıxardığın hökmü özləri üçün ədalətli hesab etməyincə və tam təslim olmayınca iman gətirməzlər.

66. Əgər Biz onlara: "Öz-özünüzü öldürün və ya yurdlarınızdan çıxın!" - deyə əmr etsəydik, bunu onların ancaq az bir qismi edərdi. Əgər onlar verilən öyüdlərə əməl etsəydilər, bu, onlar üçün xeyirli və daha möhkəm bir vasitə olardı.

67. O zaman Biz də onlara mütləq Öz tərəfimizdən böyük bir mükafat verərdik,

68. və onları doğru bir yola yönəldərdik.

69. Allaha və peyğəmbərə itaət edənlər - bunlar (axirətdə) Allahın nemət bəxş etdiyi peyğəmbərlərlə, sidqi ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə bir yerdə olacaqlar. Bir yoldaş olaraq onlar necə də yaxşıdırlar!

70. Bu lütf Allahdandır. Hər şeyin bilicisi olaraq Allah (sizə) kifayətdir.

71. Ey iman gətirənlər! (Düşmənə qarşı) ehtiyatlı olun! Ya bölük-bölük döyüşə girin, yaxud hamılıqla hərəkət edin!

72. Sizlərdən eləsi də var ki, mütləq ləngiyib geri qalar və sizin başınıza bir iş gələrsə, deyər "Allah mənə yaxşılıq etdi, belə ki, mən onlarla birlikdə (o müsibətlərin) şahidi olmadım.”

73. Onlar, əgər Allahdan sizə bir nemət [qələbə, qənimət] gələrsə, sanki o zaman aranızda guya heç bir münasibət olmamış kimi deyərlər “Ah, kaş mən də onlarla olub, böyük bir uğur qazanaydım!”

74. Qoy bu dünya həyatını verib, əvəzinə axirəti alanlar Allah yolunda vuruşsunlar. Allah yolunda vuruşana, öldürülsə də, qalib gəlsə də. böyük bir mükafat verəcəyik.

75. Sizə nə olub ki, Allah yolunda, habelə: "Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxar, bizə Öz dərgahından bir himayəçi təyin et, bizə Öz tərəfindən bir köməkçi təyin et!" - deyən zəif kişi, qadın və uşaqlar üçün vuruşmayasınız?

76. İman gətirənlər Allah yolunda vuruşurlar, kafirlər isə Tağut [şeytan] yolunda vuruşurlar. Şeytanın tərəfdarları ilə vuruşun! Şeytanın hiyləsi zəifdir.

77. Sən özlərinə: "(Döyüşdən) əl çəkin, namaz qılın və zəkat verin!" - deyilmiş kəsləri görmədinmi? Onlara döyüşə girmək əmri verildikdə bir hissəsi adamlardan [kafirlərdən] Allahdan qorxduqları kimi, yaxud bundan da çox qorxaraq dedilər: "Rəbbimiz! Nə üçün bizə döyüşə girməyi əmr etdin? Nə olardı ki, bizə yaxın bir vaxta qədər möhlət verəydin!" De: "Bu dünyanın ləzzəti azdır. Axirət isə müttəqilər üçün daha xeyirlidir. Siz heç tük qədər də incidilməyəcəksiniz."

78. Harada olursunuz olun, hətta yüksəldilmiş qalalarda olsanız belə, ölüm sizi haqlayacaqdır. Onlar özlərinə bir xeyir gəldikdə “Bu, Allahdandır." - deyirlər, pis bir şey üz verəndə isə: “Bu səndəndir." - deyirlər. De: "Hər şey Allahdandır." Axı bu camaata nə olub ki, heç söz də anlamırlar?!

79. Sənə gələn hər bir xeyir iş Allahdandır. Sənə üz verən hər bir pislik isə sənin özündəndir. Biz səni insanlara bir peyğəmbər göndərdik. Allah bir şahid olaraq kifayətdir.

80. Peyğəmbərə itaət edən şübhəsiz, Allaha itaət etmiş olur. Kim isə üz çevirsə, axı Biz səni onlara nəzarətçi göndərməmişik.

81. Onlar: "İtaət edirik!" - deyirlər. Sənin yanından çıxandan sonra isə onların bir dəstəsi xəlvətdə sənin dediklərinin əksini edirlər. Allah onların xəlvətdə etdikləri şeyləri yazır. Onlardan üz çevir və Allaha təvəkkül et! Allah bir vəkil olaraq kifayətdir.

82. Onlar Quran barəsində heç dərindən düşünməzlərmi? Əgər (Quran) Allahdan başqası tərəfindən olsaydı, orada çoxlu ziddiyyət tapardılar.

83. Onlar özlərinə bir əmin-amanlıq və ya qorxu xəbəri gələn kimi onu yayarlar. Əgər onu peyğəmbərə və özlərindən olan ixtiyar sahiblərinə yetirmiş olsaydılar, onda həmin xəbəri onun mahiyyətinə varmağa qadir olanlar bilərdilər. Hərgah Allahın sizə lütf və mərhəməti olmasaydı, az bir hissənizdən başqa (hamınız) şeytana uyardınız.

84. Allah yolunda vuruş! Sən ancaq özünə cavabdehsən. Möminiəri də (döyüşə) təşviq et! Bəlkə Allar kafirlərin (sizə olan) qəzəbinin qarşısını ala. Allahın qəzəbi də, əzab verməsi də daha şiddətlidir.

85. Kim yaxşı bir işə vasitə olursa, bundan onun özünə də bir pay düşür, kim pis bir işə vasitə olarsa, bundan da ona bir pay düşür. Allah hər şeyin əvəzini verəndir.

86. Əgər sizə salam verilsə, ondan da yaxşısı ilə salamlayın və ya onu eyni ilə qaytarın. Həqiqətən, Allah hər şeyi hesaba alandır.

87. Allah ki Ondan başqa tanrı yoxdur. Həqiqətən, O, heç bir şübhə doğurmayan qiyamət günündə sizi mütləq bir yerə toplayacaqdır. Allahdan daha doğru sözlü olan kimdir?!

88. Siz nə üçün münafiqlər barəsində iki dəstəsiniz? Allah onları tutduqları əməllərinə görə (kafirliyə) qaytardı. Siz Allahın azdırdığı kəsi düz yola çıxarmaqmı istəyirsiniz? Allahın azdırdığı kəs üçün sən heç bir yol tapa bilməzsən.

89. Onlar sizin də özləri kimi küfr etmənizi və onlara tay olmanızı istəyirlər. Onlar Allah yolunda hicrət etməyincə onları özünüzə yaxın tutmayın! Əgər (hicrətdən) imtina etsələr, onları harada tapsanız, tutub öldürün. Onlardan özünüzə nə bir dost, nə bir köməkçi tutun!

90. Yalnız o kəslərdən başqa ki, onlar sizinlə özləri arasında müqaviləsi olan bir xalqa sığınırlar və ya sizinlə, yaxud öz camaatı ilə vuruşacaqlarından ürəkləri sıxıldığı üçün sizin yanınıza gəlirlər. Allah istəsəydi, onları da sizə qarşı qaldırar və onlar sizinlə vuruşardılar. Əgər onlar sizdən əl çəksələr sizinlə vuruşmasalar və sizə barışıq təklif etsələr, onda Allah sizin də onlara qarşı durmanıza yol verməz.

91. Bir başqalarını da görəcəksən ki, onlar sizdən də arxayın olmaq, öz camaatlarında, da arxayın olmaq istərlər. Onlar hər dəfə fitnəyə təhrik edildikdə ona gedərlər. Onlar sizdən uzaqlaşmasalar, sizə sülh təklif etməsələr və əl çəkməsələr, belələrini harada görsəniz tutub öldürün. Biz onlara qarşı sizə beləcə açıq bir dəlil [fərman] verdik.

92. Heç bir mömin, xəta istisna olmaqla, başqa bir mömini öldürməməlidir. Hər kim səhvən bir mömini öldürərsə, bir mömin qulu azad etməli və onun ailəsinə veriləsi qan bahasını, əgər ailə sədəqə edib (bağışlanmasa), verməlidir. Əgər o [öldürülən], sizə düşmən bir camaatdandırsa, və o, mömindirsə, onda bir mömin qul azad edilməlidir. Əgər o sizinlə özü arasında sazişi olan camaatdandırsa, onda ailəsinə qanbahası verilməsi və bir mömin kölənin azad olunması lazımdır. Kim (buna imkan) tapmasa, Allaha tövbə edə-edə iki ay ardıcıl oruc tutmalıdır. Həqiqətən, Allah hər şeyi biləndir, hökm və hikmət sahibidir.

93. Kim də qəsdən bir mömin öldürərsə, onun cəzası içərisində əbədi qalacağı cəhənnəmdir. Allahın ona qəzəbi tutar, O, onu lənətləyər və onun üçün böyük bir əzab hazırlayar.

94. Ey iman gətirənlər! Siz Allah yolunda (döyüşə) çıxarsınızsa, ayırd edin və sizə sülh təklif edənə bu dünya malına tamah salaraq: "Sən mömin deyilsən!" - deməyin. Allahın dərgahında çoxlu qənimətlər [sərvət] vardır. Əvvəllər siz də belə idiniz, sonra Allah sizə lütf etdi. Özünüz üçün ayırd edin. Həqiqətən, Allah nələr etdiyinizdən xəbərdardır.

95. Üzürlü səbəb olmadan öz evlərində oturan möminlərlə öz malı və canı ilə Allah yolunda vuruşanlar eyni deyildirlər. Allah öz malı və canı ilə vuruşanları öz evlərində oturanlardan dərəcə etibarı ilə üstün tutur. Allah hamısına yaxşılıq [cənnət] vəd etmişdir. Lakin Allah cihada gedənləri evlərində oturanlardan böyük mükafatla üstün etmişdir.

96. Öz dərgahındakı dərəcələrlə, bağışlanma və mərhəmətlə. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir.

97. Mələklər özlərinə zülm edənlərin canlarını alarkən deyərlər: "Siz nə halda idiniz?" Onlar söyləyəcəklər “Biz yer üzündə zəif düşmüşlər idik." Mələklər deyərlər: “Məgər Allahın torpağı o qədər geniş deyildimi ki, siz hara isə hicrət edə bilməyəsiniz?" Onların yeri cəhənnəmdir. O, necə də pis yerdir!

98. Bir çarə qıla bilməyən və bir yol tapa bilməyən zəif kişi, qadın və uşaqlar istisnadır.

99. Allah onları əfv edə bilər. Axı Allah əfv edəndir, bağışlayandır.

100. Allah yolunda hicrət edən yer üzündə çoxlu sığınacaq və bolluq tapar. Kim öz evindən çıxaraq Allaha və Onu peyğəmbərlərinə tərəf üz tutub hicrət edərsə sonra isə onu ölüm haqlayarsa, onun mükafatı Allahın üzərinə düşər. Allah bağışlayandır, rəhmlidir.

101. Səfərdə olarkən kafirlərin sizə zərər yetirəcəyi qorxusundan namazı qısaltsanız sizin üçün günah deyildir. Doğrudan da kafirlər sizin açıq düşmənlərinizdir.

102. Əgər sən onların [əsgərlərin] arasında olub onlara pişnamaz olsan, qoy onların bir dəstəsi silahlarını götürərək səninlə birlikdə namaza dursun. Bunlar səcdə edəndə (o biriləri) arxanızda olsunlar. (Sonra) namaz qılmamış o biri dəstə gəlib ehtiyatlarını tutaraq və silahlarını götürərək səninlə birlikdə namaza dursun. Kafirlər istərlər ki, siz silah və sürsatınızdan qafil olasınız ki, onlar da üzərinizə basqın etsinlər. Əgər yağış sizə əziyyət versə və ya siz xəstə olsanız, silahlarınızı yerə qoymaqda sizə bir günah olmaz, ehtiyatınızı isə əldən verməyin. Həqiqətən, Allah kafirlər üçün rüsvayedici bir əzab hazırlamışdır.

103. Namazdan sonra ayaqüstə də, oturanda da, böyrünüz üstündə olanda [uzananda] da Allahı yad edin. Arxayınçılığa çıxsanız, namazı (tam) qılın. Həqiqətən də namaz möminlər üçün (günün) müəyyən vaxtlannda bir borcdur.

104. O adamları [düşmənləri] təqib etməkdə zəiflik göstərməyin. Əgər siz əziyyət çəkirsinizsə, onlar da siz çəkən əziyyəti çəkirlər. Halbuki siz onların uma bilmədiklərini Allahdan umursunuz. Allah hər şeyi biləndir və hikmət sahibidir.

105. Həqiqətən, Biz Kitabı sənə haqq olaraq nazil etdik ki, insanlar arasında Allahın sənə göstərdiyi kimi hökm verəsən. Xainlərin tərəfdar olma!

106. Allahdan bağışlanma dilə! Həqiqətən, Allah bağışlayandır, rəhmlidir.

107. Öz-özlərinə xəyanət edənlərə görə mübahisəyə girmə! Həqiqətən Allah xəyanətkarı və günahkarı sevməz.

108. Onlar (xəyanətlərini) insanlardan gizlədər də, Allahdan gizləməzlər (Ondan haya etməzlər). Halbuki (Allahın) razı qalmadığı sözləri gecə xəlvətdə uydurduqları vaxt belə Allah onların yanında olur. Allah onların nə etdiklərindən xəbərdardır.

109. Budur, siz bu dünyada onlardan ötrü mübahisəyə girdiniz. Bəs qiyamət günü onlardan ötrü Allahla kim mübahisə edəcək və ya onlara kim vəkillik edəcəkdir?

110. Kim pis iş tutarsa və ya özünə zülm edərsə, sonra isə Allahdan bağışlanma dilərsə, Allahı bağışlayan və mərhəmətli görər.

111. Kim günah qazanarsa, onu özünə qarşı qazanmış olar. Allah hər şeyi biləndir və hikmət sahibidir.

112. Kim bir xəta və ya bir günah edən sonra onu günahsızın üzərinə atarsa, şübhəsiz o, öz üzərinə böhtan və açıq günah götürmüş olar.

113. Əgər sənə Allahın lütfü və mərhəməti olmasaydı, onların bir dəstəsi səni yolundan azdırmağa çalışardı. Lakin onlar ancaq özlərini azdırırlar, sənə isə heç nədə zərər vura bilməzlər, çünki Allah sənə Kitabı və hikməti göndərmiş, bilmədiyin şeyləri sənə öyrətmişdir. Allahın sənə olan lütfü böyükdür.

114. Onların xəlvət söhbətlərinin çoxunda bır xeyir yoxdur. (Xeyir) sədəqə vermək, xeyir iş tutmaq və ya insanlar arasında barışıq yaratmaq istəyənlərin söhbətlərindədir. Kim bunu Allahın razılığını qazanmaq üçün edərsə, Biz ona böyük bir mükafat verəcəyik.

115. Kim də düz yol özünə aydın olduqdan sonra peyğəmbərə qarşı çıxarsa və möminlərin yolundan qeyrisini tutarsa, Biz onu döndüyü səmtə yönəldərik və cəhənnəmə salarıq. O necə də pis yerdir!

116. Həqiqətən, Allah Ona şərik qoşulmasını bağışlamaz. Lakin bundan başqa istədiyi kəsi bağışlar. Allaha şərik qoşan yolunu çox azmış olur.

117. Onlar Allaha deyil, ancaq qadın bütlərə ibadət edirlər, onlar ancaq inadkar şeytana ibadət edirlər.

118. Allah onu [şeytanı] lənətlədi. O isə dedi: "And olsun ki, mən sənin bəndələrindən lazımi bir hissəni mütləq ələ alacağam,

119. yoldan çıxaracağam, xülyalara salacağam və onlara əmr edəcəyəm ki, heyvanlarının qulaqlarını kəssinlər. Onlara əmr edəcəyəm ki, Allahın yaratdıqlarını dəyişsinlər.” Allahı qoyub şeytanı özünə yaxın edənlər açıq-aşkar uduzmuş olarlar.

120. Şeytan onlara vədlər verir və xülyalara salır. Lakin şeytan onlara ancaq yalan vədlər verir.

121. Onların yeri cəhənnəmdir və onlar oradan xilas yolu tapa bilməzlər.

122. Biz iman gətirib əməlisaleh olanları dibindən çaylar axan cənnət bağlarına daxil edəcəyik. Onlar Allahın haqq vədi ilə orada əbədi qalasıdırlar. Sözündə Allahdan sadiqi kimdir?!

123. Bu, nə sizin, nə də Kitab əhlinin arzusu ilədir. Pis iş tutan onun cəzasını alacaq və o, özünə Allahdan başqa nə bir himayəçi, nə də bir köməkçi tapar.

124. Mömin olan əməlisaleh kişi və ya qadınlar cənnətə daxil olacaq və bir tük qədər belə incidilməyəcəklər.

125. Xeyir əməllər tutaraq özünü Allaha təslim edən və hənif olaraq İbrahimin dini ardınca gedəndən din etibarı ilə daha yaxşısı kim ola bilər?! Allah İbrahimi Özünə dost tutmuşdur.

126. Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah hər şeyi (Öz qüdrətilə) əhatə edir.

127. Səndən qadınlar barəsində fitva [qərar verilməsini] istəyəcəklər. De: "Qadınlar haqqında, habelə özləri üçün müəyyən edilmiş şeyləri [mirası] vermədən evlənmək istədiyiniz yetim qızlar haqqında, əlsiz-ayaqsız uşaqlar haqqında və yetimlərə insaf etməniz haqqında fitvanı sizə Allah və Kitabda sizin üçün oxunan (ayələr) verir.” Allah tutduğunuz hər bir xeyir əməldən, əlbəttə ki, xəbərdardır.

128. Əgər bir qadın öz ərinin kobud rəftarından və ya ondan uzaqlaşmasından qorxarsa, onda öz aralarında barışığa gəlmələri onlar üçün günah deyildir. Axı barışıq daha xeyirlidir. Əsasən nəfslərdə həmişə bir qısqanclıq mövcuddur. Xoş davranıb (nöqsan və qüsurlardan) çəkinsəniz, (bilin ki,) Allah nə etdiklərinizdən xəbərdardır.

129. Nə qədər istəsəniz də, heç vaxt qadınlar(ınız) arasında ədalət yarada bilməyəcəksiniz. (Birinə) tam meyl edib, digərini havadan asılı [qeyri-müəyyən] vəziyyətdə qoymayın. Özünüzü islah edib çəkinsəniz (bilin ki,) həqiqətən, Allah bağışlayandır, rəhmlidir.

130. Əgər onlar ayrılsalar, Allah Öz geniş lütfündən hər birinin (ruzisini) verər. Həqiqətən, Allah genişürəklidir və hikmət sahibidir.

131. Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Biz sizdən əvvəl Kitab bəxş olunanlara və sizə Allahdan qorxmağı tövsiyə etdik. Əgər siz küfr etsəniz də, (yenə də) göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah heç nəyə möhtac deyildir, tərifəlayiqdir.

132. Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah bir vəkil olaraq kifayətdir.

133. Əgər Allah istəsə, ey insanlar, sizi aparıb [məhv edib] başqalarını gətirər. Həqiqətən, Allah buna qadirdir.

134. Hər kəs bu dünya savabını [mükafatını] istərsə (bilsin ki), bu dünyanın da, axirətin də mükafatı Allahın dərgahındadır. Allah hər şeyi eşidəndir, görəndir.

135. Ey iman gətirənlər! (Şahidləriniz) özünüzün, yaxud valideynlərin və qohum-əqrəbanın əleyhinə olsa belə ədaləti əldə tutaraq Allah şahidləri olun. (Haqqında şahidlik etdiyiniz kəs), istər varlı olsun, istər kasıb - Allah onların ikisinə də daha yaxındır, - həva-həvəsə uymayın ki, ədalətli olasınız. Əgər əyri danışıb (həqiqətdən) üz çevirsəniz, həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır.

136. Еу iman gətirənlər! Allaha, Onun peyğəmbərinə, peyğəmbərə nazil etdiyi Kitaba və bundan əvvəl nazil etdiyi kitablara iman gətirin. Allaha, Onun mələklərinə, kitablarına, peyğəmbərlərinə və axirət gününə inanmayan şübhəsiz, daha çox azmışdır.

137. lman gətirib sonra küfr edənlər, sonra iman gətirib (yenə) küfr edənlər, sonra isə öz kafirliklərini artıranlar üçün Allah nə onları bağışlayandır, nə də onlara bir yol göstərəndir.

138. Münafiqlərə müjdə ver ki, onlar üçün üzücü bir əzab vardır.

139. O kəslərə ki, onlar möminləri qoyub kafirləri özlərinə dost tuturlar. Gücü onlar yanındamı axtarırlar? Halbuki bütün güc Allahdadır.

140. O, Kitabda sizə belə nazil etmişdir ki, əgər Allahın ayələrinin inkar olunduğunu və ələ salındığını eşitsəniz, onlar başqa bir söhbətə keçməyincə onlarla bir yerdə oturmayın. Yoxsa siz də onlara tay olarsınız! Həqiqətən, Allah bütün münafiqləri və kafirləri cəhənnəmə toplayacaqdır.

141. O kəsləri ki, onlar sizə göz qoyurlar; əgər Allah tərəfindən sizə bir zəfər gələrsə, onlar: "Məgər biz də sizinlə deyildik?" - söyləyərlər. Əgər kafirlərə bir qələbə nəsib olarsa "Məgər biz (möminlərlə birlikdə) sizə qələbə çala bilməzdik? Möminlərin (qələbəsinə) mane olmadıqmı?"- deyərlər. Allah qiyamət günü (onlarla) sizin aranızda hökm verəcəkdir. Allah heç vaxt möminlərə qarşı kafirlər üçün bir yol qoymayacaqdır.

142. Münafiqlər, həqiqətən, Allahı aldatmağa cəhd edirlər. Əslində isə O, onların aldatmalarını heçə çıxarır. Onlar namaza duranda istəməyə-istəməyə qalxaraq özlərini camaata göstərirlər. Onlar Allahı ancaq az-az zikr edirlər.

143. Onlar bunların [küfr və imanın] arasında tərəddüd edib nə onlara [kafirlərə], nə də bunlara [möminlərə] (qovuşurlar). Allah kimi yoldan çıxararsa, sən onun üçün heç vaxt bir yol tapa bilməzsən.

144. Ey iman gətirənlər! Möminləri qoyub kafirləri özünüzə dost tutmayın. Məgər siz öz əleyhinizə Allaha açıq-aydın bir dəlilmi vermək istəyirsiniz?

145. Həqiqətən də münafiqlər cəhənnəm odunun ən aşağı qatındadırlar. Sən onlara bir kömək göstərən tapa bilməzsən.

146. Tövbə edərək düzələnlər, Allaha sığınanlar və dini ancaq Allaha məxsus edənlər (burada) istisnadır. Onlar möminlərlə birgə olacaqlar. Möminlərə isə Allah böyük mükafat bəxş edəcəkdir.

147. Şükr edib iman gətirsəniz, sizə əzab vermək Allahın nəyinə gərəkdir? Həqiqətən Allah şükr sahibidir, hər şeyi biləndir.

148. Allah, zülm olunan kəslər istisna olmaqla, (heç kimin) pis sözü açıq deməsini sevmir. Allah hər şeyi eşidəndir, biləndir.

149. Əgər xeyir bir işi aşkar və gizli etsəniz, yaxud bir pisliyi bağışlasanız (bilin ki,) həqiqətən, Allah əfv edəndir, hər şeyə qadirdir.

150. Allahı və Onun peyğəmbərlərini inkar edənlər, Allahı peyğəmbərlərindən ayrı salmaq istəyənlər, “Peyğəmbərlərdən bəzisinə inanırıq, bəzisinə inanmırıq.“ - deyənlər və ortada bir yol tutmaq istəyənlər -

151. Onlar, həqiqətən, kafirlərdir. Biz də kafirlər üçün rüsvayedici bir əzab hazırlamışıq.

152. Allaha və Onun peyğəmbərlərinə inananlara və onların [peyğəmbərlərin] arasında fərq qoymayanlara öz haqları veriləcəkdir. Allah bağışlayandır, rəhmlidir.

153. Kitab əhli göydən özlərinə bir kitab nazil etməni səndən istərlər. Musadan isə bundan da böyük bir şey istəyərək demişdilər: “Allahı bizə açıq-aşkar göstər!" Bu haqsızlıqlarına görə onları ildırım vurmuşdu. Aydın dəlillər gəldikdən sonra isə onlar buzova səcdə etmişdilər. Biz bunu da bağışladıq və Musaya açıq-aydın bir hökmranlıq verdik.

154. Əhd-peymana əməl etsinlər deyə, Biz Tur dağını onların başı üzərinə qaldırdıq və dedik: “Səcdə edərək qapıdan daxil olun!" Onlara: "Şənbə gününü pozmayın!" - dedik və onlardan möhkəm bir əhd aldıq.

155. Öz əhd-peymanlarını pozduqlarına, Allahın ayələrinə inanmadıqlarına, haqsız olaraq peyğəmbərləri öldürdüklərinə və "Ürəklərimiz qapalıdır" - dediklərinə görə, - küfrləri üzündən Allah onların ürəklərinə möhür vurmuşdur. Onların ancaq az bir hissəsi iman gətirər.

156. Küfr etdiklərinə və Məryəmə böyük böhtanlar dediklərinə,

157. Allahın peyğəmbəri, Məryəm oğlu İsa Məsihi öldürdük" - demələrinə görə (möhür vurmuşdur). Halbuki onu nə öldürüb, nə də çarmıxa çəkiblər, lakin onlara elə göstərilmiştir. Onun haqqında ixtilafda olanlar bu barədə şübhə içərisindədirlər. Onların zənnə uymalarından başqa bu barədə heç bir məlumatları yoxdur. Onlar onu heç də öldürməmişlər.

158. Xeyr, Allah onu Öz dərgahına qaldırmışdır. Allah qüdrət və hikmət sahibidir.

159. Kitab əhlindən eləsi yoxdur ki, öz ölümündən əvvəl ona [İsaya] iman gətirməsin. Qiyamət günü isə o, onlara şahidlik edəcəkdir.

160. Törətdikləri zülmə və haqsızlığa görə Biz yəhudilərə əvvəllər özlərinə halal edilmiş gözəl nemətləri haram buyurduq. Bu, həmçinin bir çox insanları Allah yolundan çıxartdıqlarına,

161. qadağan olunmasına baxmayaraq sələm aldıqlarına və haqsız yerə insanların malını yediklərinə görə oldu. Biz onların arasındakı kafirlər üçün isə üzücü bir əzab hazırlamışıq.

162. Lakin onların içərisində bilgidə möhkəm olanlara, sənə və səndən əvvəl nazil edilənlərə inanan möminlərə, namaz qılan, zəkat verən, Allaha və axirət gününə iman gətirənlərə Biz böyük bir mükafat bəxş edəcəyik.

163. Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi sənə də vəhy göndərdik. İbrahimə, İsmailə, İshaqa, Yaquba və əsbata, İsaya, Əyyuba, Yunisə, Haruna və Süleymana da vəhy göndərmişdik. Davuda da Zəburu verdik.

164. Biz əvvəllər haqqında sənə danışdığımız peyğəmbərləri və haqqında sənə danışmadığımız peyğəmbərləri göndərdik. Allah Musa ilə kəlmə kəsərək [birbaşa] danışdı.

165. Müjdə verən və xəbərdarlıq edən peyğəmbərlər (göndərdik) ki, daha bu peyğəmbərlərdən sonra insanların Allaha qarşı bir bəhanəsi olmasın. Həqiqətən, Allah qüdrət və hikmət sahibidir.

166. Lakin Allah sənə nazil etdiyi ilə şahidlik edir ki, onu Öz elmi ilə nazil etmişdir və mələklər də buna şahiddirlər. Allahın şahid olması kifayətdir.

167. Küfr edib (insanları) Allah yolundan çıxaranlar yollarını çox azanlardır.

168. Küfr və zülm edənləri Allah nə bağışlayar, nə də onlara bir yol göstərər,

169. əbədi qalacaqları cəhənnəmin yolundan başqa. Bu da ki, Allah üçün çox asandır.

170. Ey insanlar! Peyğəmbər sizə Rəbbinizdən olan haqqı gətirmişdir. Öz xeyrinizə iman gətirin! Əgər küfr etsəniz, (bilin ki,) göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah hər şeyi biləndir və hikmət sahibidir.

171. Ey Kitab əhli! Öz dininizdə ifrata varmayın və Allah barəsində həqiqətdən başqa bir şey deməyin. Əlbəttə, Məryəm oğlu İsa Məsih Allahın peyğəmbəri, Onun Məryəmə çatdırdığı kəlamı və Ondan olan bir ruhdur. Allaha və Onun peyğəmbərlərinə iman gətirin və deməyin ki, (tanrı) üçdür. Əl çəkin, bu sizin üçün daha yaxşı olar. Allah tək bir tanrıdır. O, övlada malik olmaqdan uzaqdır. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Bir vəkil olaraq Allah kifayətdir.

172. Nə Məsih, nə də (Allaha) yaxın edilmiş mələklər Allaha qul olmağı ar bilməzlər. Kim Ona ibadət etməyi ar bilib təkəbbür göstərərsə, (bilsin ki,) O, hamını Öz hüzuruna toplayacaqdır.

173. O, iman gətirib əməlisaleh olanların haqqını tam verəcək və Öz lütfündən onların (haqqını) daha da artıracaqdır. Saymamazlıq və təkəbbür göstərənlərə isə O, üzücü bir əzab verəcəkdir. Onlar özləri üçün Allahdan başqa nə bir dost, nə də bir himayəçi taparlar.

174. Ey insanlar! Sizə Rəbbinizdən bir dəlil gəldi. Biz sizə aydın bir nur nazil etdik.

175. Allaha iman gətirib Ona sığınanları isə O, Öz mərhəməti və fəzilətinə daxil edəcək və Özünə doğru düz yola yönəldəcəkdir.

176. Sizdən fitva istədər. De: "Allah sizə atası və uşağı olmayan kəs barəsində fitva verir; uşağı olmayan bir adam öldükdə, əgər onun bacısı varsa, qoyub-getdiyi mirasın yarısı ona düşür. Əgər (ölən adam) uşağı olmayan bacıdırsa, qardaşı ona varis olur. Əgər iki bacıdırlarsa, onda onun [ölən qardaşın] qoyub getdiyi mirasın üçdən ikisi onlarındır. Əgər bir neçə bacı və qardaşdırsa. onda kişiyə iki qadın payı düşür. Allah yanılmamanız üçün (bunu) sizə aydınlaşdırır. Allah hər şeyi yaxşı biləndir.