Məzmuna keç

Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/NƏHL SURƏSİ

Vikimənbə saytından
Quran. NƏHL SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(yüz iyirmi səkkiz ayədən ibarət Məkkə surəsi)

Mərhəmətli, Rəhmli Allahın adı ilə !


1. Allahın əmri [hökmü] gələcəkdir, onun tezləşməsini tələb etməyin. Ona təriflər olsun! O, (Ona) qoşulan şəriklərdən yüksəkdə durur.

2. O, mələkləri Öz buyurduğu vəhy ilə bəndələrindən istədiyi kəsə göndərin “Məndən başqa heç bir tanrının olmadığını xəbər verin. Məndən qorxun!”

3. O, göyləri və yeri haqq olaraq yaratmışdır. O, (Ona) qoşulan şəriklərdən yüksəkdə durur.

4. O, insanı bir damla nütfədən xəlq etdi. O [insan] isə, budur, açıq- aşkar düşmən kəsilmişdir.

5. Mal-heyvanı da O yaratdı. Onlarda sizin üçün istilik və mənfəət vardır və siz onlardan qidalanırsınız.

6. Onları (yerlərində) rahatlayanda və çölə buraxanda onlarda sizin üçün bir gözəllik və fərəh vardır.

7. Onlar sizin yüklərinizi ancaq əldən düşmüş halda çata biləcəyiniz bir diyara daşıyırlar. Həqiqətən, sizin Rəbbiniz şəfqətlidir, rəhmlidir.

8. At, qatır və uzunqulaqları da O, sizin minməyiniz üçün və yaraşıq üçün (yaratdı). O, sizin bilmədiyiniz şeylər də yaradır.

9. Düz yola yönəltmək Allahın öhdəsindədir. Yolların isə əyrisi də vardır. Əgər Allah istəsəydi, hamınıza düz yol göstərərdi.

10. Səmadan su endirən də Odur. O, həm sizin içməniz üçün, həm də (heyvanları) otaracağınız yerin bitkiləri üçündür.

11. Bununla O, sizin üçün əkin, zeytun, xurma, üzüm və bütün məhsullardan yetişdirir. Həqiqətən, düşünən adamlar üçün bunda bir dəlil vardır.

12. O, gecə və gündüzü, günəşi və ayı sizə (xidmət üçün) ram etdi, ulduzlar da Onun əmri ilə ram ediliblər. Doğrudan da anlayan adamlar üçün bunda dəlillər vardır.

13. O, yer üzündə sizin üçün cürbəcür şeylər yaratdı. Həqiqətən, düşünüb daşınan adamlar üçün bunda bir dəlil vardır.

14. Dənizi də O (xidmətinizə) ram etdi ki, oradan siz təzə ət yeyəsiniz və oradan üst-başınıza taxdığınız bəzək şeylərini çıxarasınız. Sən orada gəmilərin suları yara-yara üzdüyünü görürsən. (Bunlar ona görədir) ki, siz Onun lütfündən (bir şey) arayıb tapasınız və bəlkə şükr edəsiniz.

15. O, sizi titrətməsin deyə dağları yerə lövbər atdı. O, çaylar da və istədiyiniz yerə gedib çıxmanız üçün yollar da yaratdı.

16. Əlamətlər də (müəyyən etdi). Adamlar ulduzlarla da yolu taparlar.

17. Məgər yaradanla yaratmayan eynidir? Doğrudanmı siz düşünüb daşınmayacaqsınız?

18. Əgər siz Allahın nemətlərini saymaq istəsəniz, onu sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir.

19. Allah sizin nəyi gizlədib, nəyi aşkar etdiyinizi bilir.

20. AIIahdan başqa ibadət etdikləri [bütlər] heç bir şey yaratmırlar. Axı onlar özləri yaradılmışlar.

21. Onlar cansızdırlar, diri deyildirlər və (insanların) nə zaman dirildiləcəklərini [qiyamət gününü] də bilmirlər.

22. Sizin tanrınız isə vahid tanrıdır. Axirətə inanmayanlar təkəbbürlü olduqlarından ürəkləri (haqqı) inkar edir.

23. Şübhə yoxdur ki, Allah onların nəyi gizlətdiklərini və nəyi aşkar etdiklərini bilir. Həqiqətən də O, təkəbbürlüləri sevmir.

24. Onlara: "Rəbbiniz nəyi nazil etmişdir?" - deyildikdə onlar "Əvvəlkilərin əfsanələrini." - deyərlər.

25. Qoy onlar qiyamət günü bütün öz günahlarını və azdırdıqları xəbərsiz kəslərin günahlarının bir qismini daşısınlar. Daşıyacaqları yük necə də pisdir!

26. Onlardan əvvəlkilər də məkr işlətdilər. Allah onların yurd- yuvalarını təməlindən dağıtdı və yuxarıdan tavan üstlərinə töküldü. Onlara əzab heç duymadıqları yerdən gəldi.

27. Sonra O, qiyamət günü onları rüsvay edərək deyəcək: "Haqqında mübahisə etdiyiniz şəriklərim hanı?" Özlərinə bilik bəxş olunanlar isə: "Bu gün rüsvayçılıq və pislik kafirlərədir" - deyəcəklər.

28. Kafirlər öz-özlərinə zülm etməkdə ikən mələklər onların canını alacaq və onlar da təslim olaraq: "Biz heç bir pis iş tutmamışdıq" - (deyəcəklər). (Onlara deyiləcək): "Xeyr, şübhəsiz ki, Allah sizin nələr etdiyinizi bilir.

29. Cəhənnəmdə əbədi qalmaq üçün onun qapılarından daxil olun!" Təkəbbürlülərin qalacağı yer necə də pisdir!

30. Müttəqilərə isə: “Rəbbiniz nə nazil etmişdir?" - deyiləndə onlar deyəcəklər “Xeyir (nazil etmişdir)". Yaxşı iş tutanlara bu dünyada yaxşı olacaqdır, axirət evi isə daha xeyirlidir. Müttəqilərin mənzili necə də gözəldir!

31. Onlar dibindən çaylar axan Ədn [cənnət] bağlarına daxil olacaqlar. Orada onlar üçün istədikləri şeylər vardır. Allah müttəqiləri bax belə mükafatlandırır!

32. O kəsləri ki, onların canını onlar pak halda ikən alaraq deyəcəklər: "Sizə salam olsun! Əməllərinizin əvəzi olaraq cənnətə daxil olun!"

33. Doğrudanmı onlar gözləyirlər ki, mələklər onların yanına gəlib (canını alsın), yaxud sənin Rəbbinin (əzab haqqındakı) əmri gəlsin? Onlardan əvvəlkilər də belə edirdilər. Allah onlara zülm etməmişdi, ancaq onlar öz-özlərinə zülm edirdilər.

34. Tutduqları əməllərin pislikləri onların öz başlarına gəldi və istehza etdikləri (əzab) onları bürüdü.

35. Allaha şərik qoşanlar deyərlər: "Əgər Allah istəsəydi, biz Ondan başqa heç kimə ibadət etməzdik, nə biz, nə də ata-babalarımız. Onun (izni) olmadan biz heç nəyi haram buyurmazdıq". Onlardan əvvəlkilər də belə edirdilər. Məgər peyğəmbərlərin üzərinə aydın bəyandan başqa bir şeymi düşür?

36. Biz hər millətə bir peyğəmbər göndərərək: "Allaha ibadət edin! Tağutdan [bütlərdən] uzaq olun!" - dedik. Onlardan eləsi oldu ki, Allah onu düz yola çəkdi, eləsi də oldu ki, ona yolu azmaq nəsib oldu. Yer üzündə gəzib dolaşaraq, (peyğəmbərləri) yalançı hesab edənlərin aqibətinin necə olduğuna nəzər salın.

37. Əgər sən onları düz yolla aparmağa cəhd edərsənsə, (bil ki,) Allah azdırdığı kəsə yol göstərməz və onlara bir kömək edə bilən də olmaz.

38. Onlar ən möhkəm andları ilə: "Allah öləni bir də diriltməz" - deyə Allaha and içdilər. Xeyr, O, Öz haqq vədi ilə (dirildər), lakin insanların çoxu bilmir.

39. (Dirildər ki,) ixtilafda olduqları şeyləri onlara aydınlaşdırsın, kafirlər isə yalan dediklərini bilsinlər.

40. Biz bir şey istədikdə, onun üçün sözümüz: "Ol!" - deməkdir və o da dərhal olar.

41. Haqsızlıq gördükdən sonra Allah yolunda hicrət edənləri Biz bu dünyada çox yaxşı yerləşdirəcəyik. Axirətin mükafatı isə daha böyükdür. Kaş onlar bunu biləydilər!

42. O kəslər ki, onlar səbirli olub öz Rəbbinə təvəkkül edirlər.

43. Səndən əvvəl də onlara ancaq vəhy etdiyimiz kişiləri (peyğəmbər) göndərdik. Əgər siz özünüz bilmirsinizsə, onda Zikr [Kitab] əhlindən soruşun.

44. Onları aydın dəlillərlə və kitablarla (göndərdik). Sənə də Zikri [Quranı] göndərdik ki, insanlara nə nazil edildiyini onlara izah edəsən və bəlkə onlar bir fikirləşələr.

45. Doğrudanmı hiylə ilə pis əməllər törədənlər onları udmaq üçün Allahın yeri ayırmayacağına və onları heç özləri də bilmədikləri yerdən əzab gəlməyəcəyinə arxayındırlar?

46. Yaxud (Allah) onları orada-burada vurnuxarkən yaxalamayacaq? Axı onlar buna mane ola bilməyəcəklər.

47. Yaxud da onları qorxu-səksəkə içərisində ikən yaxalamayacaq? Həqiqətən, sizin Rəbbiniz şəfqətlidir, rəhmlidir.

48. Məgər onlar Allahın yaratdığı belə şeyləri görmürlərmi ki, onların kölgələri də itaətlə Allaha səcdə edərək sağa-sola əyilirlər?

49. Göylərdə və yerdəki canlıların hamısı, hətta mələklər də təkəbbür göstərmədən Allaha səcdə edirlər.

50. Onlar başları üzərindəki öz Rəbbindən qorxur və özlərinə nə əmr olunursa, onu da edirlər.

51. Allah dedi: "İki tanrı götürməyin, axı O, vahid bir tanrıdır. Ancaq Məndən qorxun!"

52. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Din də həmişəlik olaraq Onundur. Doğrudanmı siz Allahdan başqa bir kimsədən qorxursunuz?

53. Sizdə hansı nemət varsa, o, Allah tərəfindəndir. Sonra, əgər sizə bir ziyan toxunarsa, siz Ona yalvararsınız.

54. Sonra O, ziyanı sizdən dəf edərsə, sizlərdən bir qismi öz Rəbbinə şərik qoşarlar.

55. Bizim onlara verdiyimiz (nemətləri) inkar etmək üçün (belə edərlər). Güzəranınızı sürüb kefinizi çəkin, siz sonra biləcəksiniz!

56. Onlar özlərinə verdiyimiz ruzidən nə olduğunu bilmədikləri (bütlər) üçün pay ayırırlar. Allaha and olsun ki, siz iftiralarınıza görə mütləq sorğu-suala tutulacaqsınız.

57. Onlar Allaha qızlar qoşurlar [Mələklərin Allahın qızları olduğunu iddia edirlər]. Ona təriflər olsun! İstədiklərini [oğlanları] isə özlərinə aid edirlər.

58. Onlardan birini qızı olması ilə müjdələdikdə hirsindən tutulub üzü qapqara qaralar

59. və verilən müjdənin dərdindən adamların gözünə görünməz; o, bunu [körpəni] "rüsvayçılıqla" saxlasınmı, yoxsa torpağa gömsün? Onlar necə iyrənc hökmlər verirlər!

60. Axirətə inanmayanların bəd sifəti vardır. Ən ülvi sifət isə Allaha məxsusdur. O, qüdrət və hikmət sahibidir.

61. Əgər Allah etdikləri haqsızlığa görə insanlara cəza versəydi, onda O, yer üzündə kimsəni (salamat) buraxmazdı. Lakin O, onlara müəyyən edilmiş vaxta kimi möhlət verir. Onların əcəli gələndə isə onlar bir an belə nə yubana, nə də tələsə bilərlər.

62. Onlar özlərinin istəmədiklərini [qızları] Allaha (övlad) edirlər. Dilləri də yalandan guya onlara cənnət nəsib olacağını söyləyir. Şübhəsiz ki, onlar üçün cəhənnəm odu olacaqdır və onlar (odda) tərk ediləcəklərdir.

63. Allaha and olsun ki, Biz səndən əvvəl də millətlərə (peyğəmbərlər) göndərmişdik. Şeytan isə onların [kafirlərin] əməllərini onlar üçün bəzədi (yaxşı əməl kimi göstərdi]. Şeytan bu gün də onların dostudur. Onlar üçün üzücü əzab vardır.

64. Biz Kitabı sənə ancaq ona görə nazil etdik ki, sən onunla onların ixtilafda olduqları şeyləri özlərinə aydınlaşdırasan və o, iman gətirənlər üçün düz yol göstəricisi və bir mərhəmət olsun.

65. Allah səmadan su endirdi və bununla da yeri ölümündən sonra diriltdi. Həqiqətən, bunda söz eşidən adamlar üçün bir ibrət vardır.

66. Mal-heyvanda da sizin üçün bir ibrət vardır; Biz sizə onun qarnında həzm olunmuş qida ilə qan arasından gələn və içənlər üçün rahat, təmiz süd içiririk.

67. Xurma ağacı və üzüm tənəyi meyvələrindən səkər (məstedici içki) və gözəl ruzilər alırsınız. Həqiqətən, anlayan adamlar üçün bunda bir ibrət vardır.

68. Sənin Rəbbin arılara belə təlqin etdi: “Dağlarda özünüzə yuva qurun, ağaclarda da, (insanların) düzəltdikləri talvarlarda da.

69. Sonra isə bütün məhsullardan qidalanın və Rəbbinizin göstərdiyi istiqamətdə iz buraxmaqla yol açıb gedin.” Onların qarınlarından müxtəlif rəngli içki (bal) çıxır ki, bunda da insanlar üçün şəfa vardır. Həqiqətən, düşünən adamlar üçün bunda bir ibrət vardır.

70. Allah sizi yaratmışdır, sonra isə O, sizi öldürəcəkdir. Sizlərdən eləsi var ki, ömrün xoşagəlməz elə çağına çatdırılacaq ki, bildiyi şeylərdən daha heç nəyi bilməsin [huşsuzluğa düçar olsun]. Həqiqətən, Allah hər şeyi biləndir, hər şeyə qadirdir.

71. Allah ruzi baxımından birinizi digərindən üstün etmişdir. Üstünlük verilənlər isə saxladıqları kölələrinə öz ruzilərindən vermirlər ki, onlar da özləri ilə bunda bərabər olarlar. Doğrudanmı onlar Allahın nemətini inkar edirlər?

72. Allah sizin üçün özünüzdən zövcələr yaratdı, zövcələrinizdən isə sizin üçün övladlar və nəvələr yaratdı, sizə xoş, təmiz ruzilər də verdi. Doğrudanmı onlar batilə inanıb Allahın nemətlərini inkar edirlər?

73. Onlar Allahı qoyub nə göylərdən, nə də yerdən özlərinə heç bir ruzi verməyən və buna gücü çatmayan (bütlərə) ibadət edirlər.

74. Başqalarını Allaha bənzətməyin. Həqiqətən, Allah hər şeyi bilir, siz isə bilmirsiniz.

75. Allah belə bir misal çəkdi; heç bir şeyə qadir olmayan qul ilə Bizim yaxşı ruzi verdiyimiz və bunu gizli və açıq xərcləyən kəs eyni olarmı? Bütün həmd Allaha məxsusdur. İnsanların çoxu isə bilmir.

76. Allah iki adamı da misal çəkdi; onlardan biri laldır, heç nəyə qadir deyil və onu saxlayan kəsə bir yükdür. O [himayəçisi], onu haraya göndərsə, bir xeyirlə qayıtmaz. Məgər o, düz yolda olub ədalətə dəvət edən kəslə eynidir?

77. Göylərdə və yerdə olan qeyblər Allaha məxsusdur. Qiyamət gününün gəlməsi bir göz qırpımı kimidir, yaxud daha tezdir. Həqiqətən, Allah hər şeyə qadirdir.

78. Allah sizi analarınızın bətnlərindən hər şeydən xəbərsiz vəziyyətdə çıxartdı və O, sizə eşitmə, görmə və ürək [dərk etmək qabiliyyəti] verdi ki, bəlkə şükr edəsiniz.

79. Məgər onlar quşların göy boşluğunda havadan asılmış kimi (uçduqlarını) görmürlər? Onları (havada) saxlayan ancaq Allahdır. Həqiqətən, iman gətirən adamlar üçün bunda dəlillər vardır.

80. Allah evlərinizi sizin üçün yaşayış yeri etdi. O, mal-qaranın dərilərindən bir yerə səfər etdiyiniz vaxt və bir yerdə qaldığınız vaxt asanlıqla apara bildiyiniz evlər (xeymələr), onların yunundan, tif- tiyindən və tükündən ev ləvazimatı və bir vaxta qədər (işlədəcəyiniz) şeylər düzəltmək üçün (imkan yaratdı).

81. Allah Özünün yaratdığı şeylərdən sizin üçün kölgəliklər yaratdı, dağlarda sizin üçün sığınacaqlar yaratdı, sizin üçün özünüzü istidən qoruyan libaslar və sizi zərbədən qoruyan zirehlər yaratdı. O, Öz yaxşılığını sizin üçün belə tamamlayır ki, bəlkə müsəlman (Allaha təslim) olasınız.

82. Əgər onlar üz çevirsələr, (bil ki,) sənin üzərinə ancaq aydın bəyan etmək düşür.

83. Onlar Allahın nemətlərini bilir, sonra isə onu inkar edirlər. Onların çoxu kafirdir.

84. O günü Biz hər millətdən bir şahid göndərəcəyik. Sonra kafirlərə (üzr istəməyə belə) icazə verilməyəcək və onlardan üzrxahlıq qəbul edilməyəcəkdir.

85. Haqsızlıq edənlər əzabı gördükdə o [əzab], onlar üçün yüngülləşdirilməyəcək və yubadılmayacaqdır.

86. Müşriklər qoşduqları şərikləri görəndə deyərlər: "Rəbbimiz, bunlar Səndən savayı ibadət etdiyimiz şəriklərdir". Onlar isə bunların yalanını çıxarıb: “Siz yalan deyirsiniz!" - söyləyəcəklər.

87. O günü onlar Allaha təslim olduqlarını bildirəcək və uydurduqları (bütlər) onlardan yox olub gedəcəkdir.

88. Kafirlərə və (insanları) Allahın yolundan çıxaranlara fitnə-fəsad törətdiklərinə görə əzab üzərindən əzab artıracağıq.

89. O günü Biz hər millətin içərisinə özlərindən özlərinə qarşı bir şahid göndərərik, səni də onlara qarşı şahid göndərərik. Biz Kitabı sənə hər şeyi açıqlayacaq düz yol göstəricisi, mərhəmət və müjdə olaraq nazil etdik.

90. Həqiqətən, Allah insaf və yaxşılıq edilməsini, yaxınlara xeyirxahlıq göstərilməsini buyurur. O, qəbahəti, xoşagəlməz işləri və azğınlığı yasaq edər. O, sizə öyüd-nəsihət verir ki, bəlkə bir düşünüb daşınasınız.

91. Əgər siz əhd-peyman bağlamısınızsa, onda Allaha verdiyiniz əhdə sadiq olun və möhkəm and içdikdən sonra onu pozmayın. Siz ki, Allahı özünüzə zamin etmisiniz. Şübhəsiz ki, Allah sizin nələr etdiyinizi bilir.

92. İpliyini zəhmətlə əyirdikdən sonra onu açıb dağıdan qadın kimi olmayın. "Bu millət o birisindən çoxdur." - deyə andlarınızı məkr vasitəsi etməyin. Allah sizi bununla ancaq sınayır. O, qiyamət günü ixtilafda olduğunuz şeyləri sizə aydınlaşdıracaqdır.

93. Əgər Allah istəsəydi, sizi (eyni dində olan) bir millət edərdi. Lakin O, istədiyi kəsi yoldan çıxarır və istədiyi kəsə düz yol göstərir. Sizdən nələr etdiyiniz barəsində sorğu-sual olunacaqdır.

94. Andlannızı aranızda məkr vasitəsi etməyin ki, ayaqlarınız möhkəm dayandığı halda, sonra sürüşməsin və (insanları) Allah yolundan yayındırmaqla pislik dadmayasınız. Axı sizə böyük əzab olar.

95. Allaha etdiyiniz əhdi ucuz qiymətə satmayın. Həqiqətən, Allahın dərgahında olanlar [mükafatlar], əgər bilirsinizsə, sizin üçün daha xeyirlidir.

96. Sizdə olanların hamısı tükənib gedər, Allahda olanlar isə daimi qalandır. Biz səbr edənlərə əməllərindən də yaxşı əvəz verəcəyik.

97. İman gətirib əməlisaleh olan kişi və qadını Biz gözəl bir həyatla yaşadacaq və onlara etdikləri işlərdən də yaxşı əvəz verəcəyik.

98. Sən Quran oxuduqda daşqalaq olunmuş şeytandan qorunmaq üçün Allaha sığın.

99. Həqiqətən, onun [şeytanın] iman gətirib öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmü yoxdur.

100. Onun gücü ancaq onu özlərinə himayəçi edənlərə və onu (Allaha) şərik qoşanlara çatır.

101. Biz bir ayəni digəri ilə əvəz etdikdə, - axı Allah nə nazil etdiyini daha yaxşı bilir! onlar deyərlər: "Sən ancaq yalan uydurursan". Xeyr! Onların çoxu (həqiqəti) bilmir.

102. De: "Müqəddəs ruh [Cəbrail] onu haqq olaraq sənin Rəbbindən iman gətirənlərə səbat vermək üçün, müsəlmanlara düz yol göstəricisi və müjdə olaraq nazil etmişdir".

103. Biz onların: "(Quranı) ona ancaq bir adam öyrədir" - dediklərini də bilirik. Onların işarə etdikləri kəsin dili əcəmi (yad) dildir. Bu isə, aydın ərəb dilidir.

104. Allahın ayələrinə inanmayanlara Allah düz yol göstərməz və onlar üçün üzücü bir əzab vardır.

105. Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar yalançıdırlar.

106. (Küfr deməyə) məcbur edilən, lakin qəlbən öz imanına arxayın olan kəsdən başqa hər kim iman gətirdikdən sonra Allaha küfr edərsə və kim ürəyini küfrə geniş açarsa, onlara Allahın qəzəbi və böyük bir əzab olar.

107. Bu ona görədir ki, onlar dünya həyatını axirətdən daha çox sevmişlər. Allah isə kafir adamlara düz yol göstərməz.

108. Onlar o kəslərdir ki, Allah onların ürəklərinə, qulaqlarına və gözlərinə möhür vurub qapamışdır. Onlar qəflətdə qalanlardır.

109. Şübhəsiz ki, onlar axirətdə ziyana düşənlərdir.

110. Sonra. Sənin Rəbbin əziyyətə qatlaşdıqdan sonra hicrət edənlər, sonra isə vuruşanlar və səbr edənlər üçün bundan sonra bağışlayandır, rəhmlidir.

111. O günü hər kəs ancaq öz hayına qalacaqdır. Heç bir haqsızlıq edilmədən hər kəsə öz əməllərinin əvəzi tam ödəniləcəkdir.

112. Allah əmin-amanlıq və sakitlik içində olan, hər yerdən ruzisi bol-bol gələn, lakin Allahın bu nemətlərini inkar edən, ona görə də Allahın ona, törətdiyi əməllərə görə aclıq və qorxu acısını daddırdığı bir diyar (xalqını) misal çəkdi.

113. Onlara özlərindən bir peyğəmbər gəldi. Onlar isə onu yalançı hesab etdilər, buna görə də haqsızlıq edərkən onları əzab yaxaladı.

114. Allahın sizə pay verdiyi halal və pak ruzilərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükr edin.

115. O, sizə ölmüş heyvanı, qanı, donuz ətini və Allahdan başqasının adı zikr olunaraq kəsilmiş (heyvanı) haram buyurmuşdur. Kim ürəyi istəmədən və həddi aşmadan (bunlardan yeməyə) məcbur olarsa (bilin ki,) həqiqətən Allah, bağışlayandır, rəhmlidir.

116. Dilinizin yalan olaraq işlətdiyi: "Bu haramdır, bu isə halal!" - sözləri ilə Allaha qarşı iftira deməyin. Allaha qarşı iftira deyənlər xeyir tapmazlar.

117. Onlar az güzəran sürəcəklər və onlara üzücü bir əzab olacaqdır.

118. Öncə sənə dediyimiz (şeyləri) Biz yəhudilərə də haram buyurmuşduq. Biz onlara haqsızlıq etmədik, onlar özləri özlərinə zülm edirlər.

119. Sonra Sənin Rəbbin bilmədən pis iş tutan, bundan sonra isə tövbə edərək islah olanlar üçün bağışlayandır, rəhmlidir.

120. Həqiqətən, İbrahim Allaha müti, hənif bir başçı idi. O, müşriklərdən deyildi.

121. O, Allahın nemətlərinə şükr edən idi. Allah onu (peyğəmbər) seçdi və ona düz yolu göstərdi.

122. Biz ona bu dünyada yaxşı nemətlər bəxş etdik. Axirətdə də o, əməlisalehlər arasında olacaqdır.

123. Sonra Biz sənə vəhy etdik: "İbrahimin hənif dininin ardınca get! O, müşriklərdən olmayıb.

124. Şənbə günü ancaq onun [həmin günün] barəsində ixtilafda olanlar üçün müəyyən edildi. Sənin Rəbbin onların ixtilafda olduqları şeylər barəsində qiyamət günü aralarında hökm verəcəkdir.

125. Hikmətlə və gözəl nəsihətlərlə (insanları) öz Rəbbinin yoluna dəvət et! Onlarla gözəl bir şəkildə mübahisə et! həqiqətən, sənin Rəbbin Onun yolundan azanları yaxşı tanıyır. O, düz yolla gedənləri də yaxşı tanıyır.

126. Əgər siz cəzalandırmaq istəsəniz, sizə verilmiş cəza ilə cəzalandırın. Yox, əgər səbr etsəniz, bu, hövsələsi olanlar üçün daha xeyirlidir.

127. Səbr et, axı sənin səbr edə bilməyin ancaq Allahdandır. Onlar üçün qüssələnmə və onların işlətdikləri məkrə görə də sıxılma.

128. Həqiqətən, Allah Ondan qorxanlarla və xeyir işlər görənlərlədir.