Məzmuna keç

Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/NƏML SURƏSİ

Vikimənbə saytından
Quran. NƏML SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(doxsan üç ayədən ibarət Məkkə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!


1. Ta, Sin. Bunlar Quranın və aydın bir Kitabın ayələridir.

2. Möminlər üçün yol göstərici və müjdə verəndir,

3. kəslər üçün ki, onlar namaz qılır, zəkat verir və axirətə inanırlar.

4. Axirətə inanmayanların əməllərini Biz onlar üçün bəzədik və onlar heçnə anlamadan gəzib dolaşırlar.

5. Bunlar o kəslərdir ki, onlara ən pis əzab olacaq və onlar axirətdə ən çox ziyana düşəcəklər.

6. Həqiqətən, Quran sənə hikmət və bilik sahibi Allahdan təlqin olunur.

7. O zaman Musa öz ailəsinə dedi: "Mən bir od gördüm. Ondan sizə ya bir xəbər, ya da bir yanar köz gətirərəm ki, bəlkə siz qızınasınız.”

8. O, oraya yaxınlaşan kimi ona nida gəldi: "Odun yanında və ətrafında olanlar xeyir-bərəkətlidir. Aləmlərin Rəbbi olan Allaha təriflər olsun!

9. Ey Musa, Mən qüdrət və hikmət sahibi olan Allaham.

10. Öz əsanı yerə at!” O, əsasının bir ilan kimi qıvnldığını görən kimi arxaya baxmadan dönüb qaçdı. (Allah dedi): "Ey Musa, qorxma, axı peyğəmbərlər Mənim yanımda qorxmazlar.

11. Ancaq kim haqsızlıq edib, sonra bəd əməli yaxşı əməllə əvəz edərsə, (bilsin ki,) Mən bağışlayanam, rəhmliyəm.

12. Əlini qoltuğuna sal və o, Firona və onun camaatına (göndərilmiş) doqquz möcüzədən biri olaraq qüsursuz, ağappaq çıxacaqdır. Axı onlar azğın adamlardır."

13. Möcüzələrimiz onlara aydın şəkildə gələn zaman onlar dedilər “Bu ki açıq-aşkar bir sehrbazlıqdır?

14. Daxilən o möcüzələrin həqiqiliyinə inansalar da, onlar ədalətsizcəsinə və təkəbbürlə onları inkar etdilər. Gör fitnə-fəsad törədənlərin aqibəti necə oldu!

15. Biz Davuda və Süleymana bilik [vergi] verdik və onlar dedilər "Bizi Öz mömin bəndələrinin çoxundan üstün etmiş Allaha həmd olsun!"

16. Süleyman Davudun varisi oldu və dedi: "Ey insanlar! Bizə quş dili öyrədilib və bizə hər şeydən verilibdir. Həqiqətən də bu, açıq-aşkar üstünlükdür."

17. Süleymanın ayrı-ayrı dəstələrə bölünmüş halda olan, cin, insan və quşlardan ibarət qoşunu toplanıldı.

18. Onlar Nəmi [qarışqa] vadisinə çatanda ana qarışqa dedi: “Ey qarışqalar, Süleyman və onun qoşunu hiss etmədən sizi tapdalamasın deyə öz yuvalarınıza daxil olun."

19. Süleyman onun sözlərinə güldü və dedi: “Rəbbim! Mənə və mənim valideynlərimə etdiyin yaxşılıq üçün təşəkkür etməyi və Səni razı salacaq yaxşı işlər görməyi mənə təlqin et və məni Öz mərhəmətinlə əməlisaleh bəndələrinin sırasına daxil et!"

20. O, quşları nəzərdən keçirib dedi: "Bəs niyə şanapipiyi görmürəm, yoxsa o, yoxdur?

21. Mən ona şiddətli cəza verəcək, ya da onu kəsəcəyəm, yaxud da qoy o, mənə aşkar dəlil gətirsin (ki, niyə yoxdur)."

22. O [şanapipik] isə çox keçmədən gəlib dedi: “Mən sənə məlum olmayan bir şeyi öyrəndim. Sənə Səbadan doğru bir xəbər gətirmişəm.

23. Mən onlara [Səba əhlinə] hökmdarlıq edən, hər şey bəxş olunmuş və böyük taxt-tacı olan bir qadın gördüm.

24. Mən gördüm ki, o və onun camaatı Allahı qoyub günəşə səcdə edirlər, şeytan isə onların əməllərini onlar üçün bəzəyib və onları yoldan çıxarıbdır. Onlar düz yola getmirlər,

25. (şeytan belə etdi) ki, göylərdə və yerdə gizli olanları aşkar edən, sizin nəyi gizlətdiyinizi və nəyi açıq etdiyinizi bilən Allaha səcdə etməsinlər.

26. Allah! Ondan başqa heç bir tanrı yoxdur. O, böyük ərşin Rəbbidir!"

27. Süleyman dedi: "Biz baxarıq, sən düz deyirsən, yoxsa yalançılardansan.

28. Mənim bu məktubumu apar və onların üstünə at, sonra oradan geri dön və gör nə cavab verəcəklər."

29. (Səba hökmdarı Bilqeys) dedi: "Ey əyanlar! Mənə hörmətli bir məktub çatıb.

30. O, Süleymandandır və o, belədir: "Mərhəmətli, rəhmli Allahın adı ilə (müracət edirəm)

31. ki, mənə qarşı təkəbbür göstərməyib hüzuruma müsəlman [Allaha təslim] olaraq gələsiniz."

32. Bilqeys dedi: “Ey əyanlar! Bu iş barəsində fikrinizi bildirin, axı mən sizsiz heç bir məsələ haqqında qəti hökm verən deyiləm."

33. Onlar dedilər. "Biz qüvvə və böyük qüdrət sahibiyik, buyruq isə sənindir. Gör nə buyurursan."

34. Bilqeys dedi: "Hökmdarlar (adətən) hər hansı bir məmləkətə girəndə onu məhv edirlər, onun əhalisindən olan şərəf sahiblərini zəlil edirlər. Onlar bax beləcə hərəkət edirlər.

35. Mən də onlara bir hədiyyə göndərərəm və görüm qasidlər nə ilə qayıdarlar."

36. Elə ki, o [qasid], Süleymanın yanına gəldi Süleyman dedi: "Siz mənə mal-dövlət verirsiniz? Axı Allahın mənə əta etdiyi sizə verdiyindən daha yaxşıdır. Siz isə ancaq öz hədiyyənizlə fərəhlənirsiniz.

37. Onlann yanına qayıt. Biz isə onların üstünə qarşısında dura bilməyəcəkləri bir qoşunla gələcəyik və onları oradan zəlil olmuş, alçaldılmış bir vəziyyətdə çıxaracağıq."

38. Süleyman dedi: "Ey əyanlar, onlar təslim olaraq yanıma gəlməzdən əvvəl hansınız onun [Bilqeysin] taxt-tacını mənə gətirə bilər?"

39. Cinlərdən olan bir ifrit dedi: “Sən heç yerindən qalxmamış mən onu sənə gətirərəm. Axı bunun üçün mən güclü və etibarlıyam."

40. Kitabdan xəbəri olan birisi dedi: "Mən onu sən gözünü qırpmamış gətirərəm."Elə ki, Süleyman onu [taxt-tacı] öz yanında gördü, dedi: "Bu, Rəbbimin mənim şükr və ya nankorluq edəcəyimi sınamaq üçün etdiyi bir lütfdür. Kim şükr edərsə, özü üçün şükr edər, kim nankorluq edərsə (bilsin ki,) həqiqətən Rəbbim heç nəyə möhtac deyildir, səxavətlidir."

41. Süleyman dedi: “Onun üçün [Bilqeys üçün] taxt-tacını tanınmaz hala salın. Görək o, düz yol tapacaq, ya düz yolla getməyənlərdən olacaq [onu tanıyacaq, ya yox].“

42. Bilqeys gələndə ona dedilər: "Sənin taxt-tacın belədirmi? O dedi: "Deyəsən odur. Axı hələ bu möcüzədən əvvəl bizə bilik bəxş olundu və biz itaətə girənlərdən olduq."

43. Allahı qoyub ibadət etdiyi şeylər onu [Bilqeysi] yoldan çıxartmışdı. Axı o, kafir bir tayfadan idi.

44. Ona dedilər: “Bu qəsrə gir! Bilqeys qəsri gördükdə onu bir gölməçə hesab etdi və qıçlarını çırmaladı. Süleyman dedi: "Bu, büllurdan düzəldilmiş bir qəsrdir." Bilqeys dedi: "Rəbbim! Mən (başqalarına itaət etməklə) özümə zülm etmişdim. Artıq mən də Süleymana qoşulub aləmlərin Rəbbi Allahın itaətinə girdim,"

45. Səmud camaatına onların qardaşı Salehi (peyğəmbər) göndərdik. (O): "Allaha ibadət edin!" - dedi. Onlar isə bir-birilə ədavət edən iki dəstə oldular.

46. O dedi: "Ey camaatım! Nə üçün siz xeyirdən əvvəl pisə tələsirsiniz? Nədən Allahdan bağışlanmanızı istəmirsiniz ki, bəlkə sizə rəhm oluna?!"

47. Onlar dedilər: "Biz sənin və səninlə olanların ucbatından uğursuzluğa düçar olduq." O isə: "Sizin uğursuzluğunuz Allahdandır, siz imtahana çəkilən adamlarsınız." - dedi.

48. Şəhərdə, yer üzündə fitnə-fəsad törədən və (insanları) yaxşı işlərə sövq etməyən doqquz adam var idi.

49. Onlar dedilər: "Bir-biriniz üçün Allaha and için ki, Biz bir qəfil gecə hücumu ilə onu və ailəsini öldürək, sonra isə onun himayəçisinə deyək: "Biz həqiqətən, onun ailəsinin öldürülməsinin şahidi deyilik. Biz həqiqətən düzünü deyirik."

50. Onlar kələk qurdular, Biz də (o kələyə qarşı) elə tədbir gördük ki, heç özləri də duymadılar.

51. Bax gör onların kələyinin aqibəti necə oldu. Biz onlan və onların adamlarının hamısını məhv etdik.

52. Budur haqsızlıq etdiklərinə görə boş və viranə qalmış evləri. Həqiqətən, bilən adamlar üçün bunda bir ibrət vardır.

53. Biz iman gətirib Allahdan qorxanları xilas etdik.

54. Lutu da (peyğəmbər göndərdik). O zaman o, öz camaatına dedi: "Siz gözünüz görə-görə qəbahətli işlər tutursunuz?

55. Doğrudanmı siz şəhvətə qapılaraq qadınların əvəzinə kişilərlə təmasa girirsiniz? Bəli, siz cahillik edən adamlarsınız!"

56. Onun camaatının cavabı ancaq: "Lutun ailəsini məmləkətinizdən çıxarın. Axı guya onlar təmiz qalmaq istəyən adamlardır." - demələri oldu.

57. Biz onu və onun ailəsini xilas etdik, yalnız arvadından başqa. Biz onun [arvadının] qalanlardan olması qərarına gəldik.

58. Onlann üzərinə şiddətli yağış yağdırdıq. Xəbərdarlıq və öyüd- nəsihət verilmişlərin yağışı nə pis olur!

59. De: “Allaha həmd olsun, Onun seçmiş olduğu bəndələrinə salam olsun! Allah yaxşıdır, yoxsa Ona qoşduğnuz şərikləriniz?

60. (Şəriklər yaxşıdır), yoxsa göyləri və yeri xəlq edən, səmadan sizin üçün su endirən (Allah)? Biz o su ilə ürəkoxşayan bağ-bağçalar yetirdik, halbuki siz onların bir ağacını belə bitirə bilməzdiniz. Məgər Allahla yanaşı başqa bir tanrı da var?! Onlar isə (haqdan) yayınan adamlardır.

61. (Onlar yaxşıdır), yoxsa yeri üzərində qərar tutmaq üçün möhkəm edən, onun üstündə çaylar açan, (yer sabit dursun deyə) onun üçün lövbər olan dağlar yaradan və iki dəniz arasında sədd quran (Allah)? Məgər Allahla yanaşı başqa bir tanrı da var? Bəli, onların çoxu isə bilmir.

62. (Onlar yaxşıdır), yoxsa Onu çağırdığınız zaman dara düşmüşə haray verən, bəlanı uzaqlaşdıran və sizi yer üzünün varisləri edən (Allah)? Məgər Allahla yanaşı başqa bir tanrı da var? Siz necə də az düşünüb- daşınırsınız.

63. (Onlar yaxşıdır), yoxsa qurunun və dənizin zülmətlərində sizi düz yolla aparan və küləkləri Öz mərhəmətindən [yağışdan] əvvəl bir müjdəçi kimi göndərən (Allah)? Məgər Allahla yanaşı başqa bir tanrı da var? Allah onların Ona qoşduqları şəriklərdən çox yüksəkdir.

64. (Onlar yaxşıdır), yoxsa ilk dəfə xəlq edən, sonra (öldürüb) bir də dirildən, səmadan və yerdən sizə ruzilər verən (Allah)? Məgər Allahla yanaşı başqa bir tanrı da var? De: "Əgər düz deyirsinizsə, dəlilinizi gətirin."

65. De: "Allahdan başqa göylərdə və yerdə olan kəslər qeybi bilmirlər və onlar nə vaxt dirildiləcəklərini də bilmirlər."

66. Bəli, onların axirət haqqındakı bilikləri zəif qalmışdır. Bəli, onlar hələ də onun barəsində şəkk-şübhə içindədirlər. Bəli, onlar axirətə qarşı kordurlar.

67. Kafirlər deyirlər: "Məgər biz və ata-babalarımız torpaq olduqdan sonra bir də (qəbrlərdən) çıxanlarıq?

68. Bu, bizə və əvvəllər ata-babalarımıza da artıq vəd olunmuşdu. Bu, ancaq əvvəlkilərin əfsanələridir."

69. De: "Yer üzündə gəzib dolaşın və günahkarların aqibətinin necə olduğuna baxın."

70. Sən onlara görə qüssələnmə və onların uydurmalanndan sıxıntı keçirmə.

71. Onlar deyərlər: “Əgər düz deyirsinizsə, bəs onda bu vəd nə vaxt olacaqdır?"

72. De: " Ola bilsin ki, tezləşdirmək istədiklərinizin bəzisi elə ardınızca gəlir."

73. Həqiqətən, sənin Rəbbin insanlar üçün lütf sahibidir. Lakin onların çoxu şükr etmir.

74. Şübhəsiz ki, sənin Rəbbin onların ürəklərinin nəyi gizlətdiyini də, onların nəyi aşkar etdiklərini də bilir.

75. Səmada və yerdə elə bir gizli şey yoxdur ki, o, aydın Kitabda olmasın.

76. Doğrudan da bu Quran İsrail övladlarına ixtilafda olduqlarının çoxu haqqında söhbət açır.

77. Həqiqətən də o, möminlər üçün yol göstəricisi və bir mərhəmətdir.

78. Sənin Rəbbin onların arasında (olan ixtilaflar barəsində) Öz hökmünü verəcəkdir. Axı O, qüdrətlidir, biləndir.

79. Allaha təvəkkül et! Sən ki aydın haqq üzərindəsən.

80. Doğrudan da sən haqqa çağırışı ölülərə eşitdirə bilmədiyin kimi üz döndərib getməkdə olan karlara da eşitdirə bilməzsən.

81. Sən korlan da tutduqları səhv yoldan düz yola çıxara bilməzsən. Sən (haqqı) ancaq Bizim ayələrə inanıb müsəlman olanlara eşitdirə bilərsən.

82. Deyilənlər [vəd olunmuş əzab] başlarına gələn zaman onlar üçün yerdən elə bir heyvan çıxardardıq ki, o, dil açıb vaxtilə insanların Bizim ayələrimizə inanmadığını söyləyər.

83. O günü Biz hər millət içərisindən Bizim ayələrimizi yalan hesab edənləri ayrı-ayrı dəstələr halında məhşərə toplayacağıq.

84. Onlar (məhşərə) gedəndə Allah: “Mənim ayələrimi siz bilmədiyiniz haldamı yalan hesab etdiniz, yoxsa siz nə edirdiniz?" - deyər.

85. Haqsızlıq etdikləri üçün deyilənlər başlarına gələr və onlar heç danışmazlar da.

86. Məgər onlar görmürlərmi ki, Biz gecəni onların onda rahatlıq tapması üçün, gündüzü isə görüb (çalışmaları) üçün düzəltdik? İman gətirən adamlar üçün bunda dəlillər vardır.

87. O günü sur çalınacaq və Allahın istədiyi kəslərdən başqa göylərdə və yerdə olanlar qorxuya düşəcəklər. Hamısı Onun hüzuruna zəlil vəziyyətdə gələcəkdir.

88. Sən dağlara baxaraq onları hərəkətsiz hesab edirsən, halbuki onlar hər şeyi kamil edən Allahın əməli ilə buludların keçdiyi kimi ötüb keçirlər. Şübhəsiz ki, O, sizin nə etdiklərinizdən xəbərdardır.

89. Kim yaxşı əməllə gələrsə, ona ondan daha xeyirlisi olar və o günü onlar hər cür qorxudan asudə olarlar.

90. Kim bəd əməllə gələrsə, onlar cəhənnəm oduna üzüstə düşərlər. Onlara: "Məgər siz tutduğunuz əməllərdən başqa bir şeyə görəmi cəzalandırılırsınız?“- deyilər.

91. (De): "Mənə ancaq o Rəbbə ibadət etmək əmr olunmuşdur ki, O, bu şəhərin (Məkkənin] Rəbbidir, onu müqəddəsləşdirmişdir və hər şey Onundur. Mənə əmr olunmuşdur ki, müsəlmanlardan [Allaha təslim olanlardan] olum

92. və Quranı oxuyum."Kim düz yolla gedərsə, o, özü üçün gedər. Kim yoldan azarsa, de: "Mən ancaq xəbərdarlıq edən, öyüd-nəsihət verənlərdənəm."

93. De: "Allaha həmd olsun! O, Öz ayələrini sizə göstərəcəkdir və siz onları biləcəksiniz. Sənin Rəbbin nələr etdiyinizdən xəbərsiz deyildir."