Məzmuna keç

Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/NAZİ'AT SURƏSİ

Vikimənbə saytından
Quran. NAZİ'AT SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(qırx altı ayədən İbarət Məkkə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!

1. And olsun çəkib qoparanlara,

2. asanlıqla çıxaranlara,

3. rəvan-rəvan üzənlərə,

4. bir-biri İlə ötüşənlərə,

5. işləri yoluna qoyanlara!

6. O günü sarsılanlar [bütün varlıqlar] sarsılacaq,

7. onun ardınca sonrakı [bir sarsıntı] da gələcəkdir.

8. O günü ürəklər tir-tir əsəcək,

9. gözlər isə yerə dikiləcəkdir.

10. Onlar deyərlər: "Doğrudanmı biz əvvəlki vəziyyətə qayıdacağıq?!

11. Çürümüş sümüklər olduğumuz halda?

12. Elə isə onda bu, uğursuz bir dönüşdür!"

13. Halbuki o [dönüş] bir hayqırtıya bənddir

14. və onlar dərhal oyanıb (qəbirlərindən) qalxarlar.

15. Musanın əhvalatı sənə gəlib çatıbmı?

16. O zaman Rəbbi onu müqəddəs Tuva vadisində səsləyib dedi:

17. "Fironun yanına get, axı o həddini aşmışdır

18. və ona de: “Pak olmağı istərsənmi?

19. və səni Rəbbinin (yoluna) tərəf yönəltməmi istərsənmi? Bu halda (Ondan) qorxasan."

20. Musa ona ən böyük möcüzəni göstərdi.

21. O isə yalan hesab edib sözə qulaq asmadı.

22. Sonra isə üz çevirib (fitnə-fəsad törətməkdə) səy göstərdi.

23. (Camaatını) çağıraraq toplayıb səsləndi

24. və dedi: “Mən sizin ən uca rəbbinizəm!"

25. Onda Allah onu axirət və dünya əzabına düçar etdi.

26. Həqiqətən də bunda (Allahdan) qorxan üçün bir ibrət vardır.

27. Yaradılışda sizmi çətinsiniz, yoxsa səma? O onu bina edib qurdu,

28. onun qübbəsini ucaltdı və onu yerbəyer edib nizama saldı.

29. Gecəsini qaranlıq, gündüzünü isə aydınlıq etdi.

30. Bundan sonra yeri rəvan edib döşədi,

31. ondan suyunu, otlaqlarını çıxartdı

32. və dağları da yerləşdirdi

33. sizin və mal-qaranızın faydalanması üçün.

34. Böyük müsibət [qiyamət] gələn zaman

35. o günü insan nəyə can atdığını yadına salar.

36. Сәһәппәт hər görənə göstərilər.

37. Kim həddini aşarsa

38. və dünya həyatını üstün tutarsa,

39. Cəhənnəm onun sığınacaq yeridir.

40. AIIahın məqamından qorxan və öz nəfsini həva-həvəsdən saxlayan kəsə gəlincə,

41. Cənnət onun sığınacaq yeridir.

42. Səndən qiyamətin nə vaxt qopacağı barədə soruşular.

43. Sən onu haradan biləsən?

44. Onun haqqında son bilgi sənin Rəbbinə aiddir.

45. Sən ancaq ondan [qiyamətdən] qorxanı xəbərdar edənsən.

46. Onlar onu görən günü (dünyada) yalnız bir axşam və ya bir səhər qaldıqlarını güman edəcəklər.