Məzmuna keç

Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/QƏLƏM SURƏSİ

Vikimənbə saytından
Quran. QƏLƏM SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(əlli iki ayədən ibarət Məkkə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə

1 Nun. Qələmə və (katiblərin onunla) yazdıqlarına and olsun ki,

2 sən öz Rəbbinin neməti sayəsində dəli-divanə deyilsən.

3 Həqiqətən sənin üçün tükənməz bir mükafat vardır.

4 Həqiqətən də sən böyük bir əxlaq sahibisən.

5 Sən də görəcəksən, onlar da görəcəklər ki,

6 hansınız əqlini itirmişdir.

7 Həqiqətən də sənin Rəbbin kimin Onun yolundan çıxdığını yaxşı bilir. O, kimin düz yolla getdiyini də yaxşı bilir!

8 Haqqı yalan hesab edənlərə itaət etmə!

9 Onlar istərlər ki, sən (onlarla) yumşaq rəftar edəsən ki, onlar da (səninlə) yumşaq rəftar edələr.

10 İtaət göstərmə hər tez-tez and içənə, alçağa,

11 qeybət edənə, yalan şaiyələr gəzdirənə,

12 xeyrə maneçilik törədənə, həddi aşana, günah işlədənə,

13 sərt ürəkliyə, bundan sonra isə əsli-nəsəbi bilinməyənə -

14 mal-dövlət və oğullar sahibidir deyə !

15 Ayələrimiz onun üçün oxunan zaman o deyər: "Bu, əvvəlkilərin əfsanələridir!"

16 Biz onun burnu üstünə damğa vuracağıq.

17 Biz onları vaxtilə bağ sahiblərini sınadığımız kimi sınadıq. O zaman bağ sahibləri and içmişdilər ki, səhəri açan kimi gedib onun (meyvələrini) dərəcəklər.

18 Onlar heç bir istisna yeri də qoymamışdılar.

19 Onlar yuxuda ikən sənin Rəbbindən o bağa bir bəla üz verdi

20 və bağ yanıb qapqara oldu.

21 Səhər tezdən onlar bir-birlərini səslədilər:

22 "Əgər meyvə dərəcəksinizsə, bağınıza erkən çıxın.”

23 Onlar aralarında xısın-xısın danışa-danışa yola düzəldilər:

24 "Oraya - sizin yanınıza bu gün heç bir kasıb soxulmasın."

25 Və onlar (buna) qadir olduqlarını güman edərək səhər yola çıxdılar.

26 Bağı görəndə isə dedilər: "Biz həqiqətən də azmışıq!

27 Yox, biz hətta (bağımızdan) məhrum olmuşuq!"

28 Onlardan insaflısı dedi: "Məgər mən sizə demədimmi ki, (Allaha) təriflər deyəsiniz?"

29 Onlar dedilər: "Rəbbimizə təriflər olsun, biz həqiqətən də haqsızlar olmuşuq!"

30 Onlar bir-birilərinə tənə vurmağa başladılar.

31 Dedilər: "Vay halımıza! Biz həddi aşanlardan olmuşuq.

32 Bəlkə Rəbbimiz ondan [bağdan] daha yaxşısını bizə əvəz verər. Axı biz hər şeyi Rəbbimizdən istəyirik."

33 Вах cəza belədir! Əgər bilərlərsə, axirət cəzası daha böyükdür.

34 Müttəqilər üçün isə özlərinin Rəbbi dərgahında Nəim [cənnət] bağları vardır.

35 Biz müsəlmanları heç günahkarlarla bir tutanqmı?

36 Sizə nə olub? Siz necə mühakimə edirsiniz?

37 Yoxsa sizin elə bir kitabınız vardır ki, ondan oxuyub öyrənirsiniz.

38 (Yoxsa) həqiqətən, onda [kitabda] bəyənib seçdiyiniz hər şey sizin üçün (yazılıbdır)?!

39 Yoxsa "Qərar verdiyiniz hər şey sizin olacaqdır." - deyə Bizimlə qiyamət gününə qədər əhdiniz vardır?

40 Bir ondan soruş ki, onların hansı bunu təsdiq edər.

41 Yoxsa onların şərikləri vardır? Əgər düz deyirlərsə, onda qoy şəriklərini gətirsinlər.

42 O günü qıçlar açılar və onlar səcdəyə dəvət olunarlar, lakin onlar (bunu) edə bilməzlər.

43 Gözləri zəlilcəsinə yerə dikilər. Halbuki onlar (dünyada) sağ- salamat ikən səcdəyə dəvət edilirdilər.

44 Məni bu kəlamı [Quranı] yalan hesab edənlərlə tək burax. Biz onları bilmədikləri bir yöndən yavaş-yavaş (əzab içərisinə) salacağıq.

45 Mən onlara möhlət verirəm. Mənim tədbirim isə çox möhkəmdir.

46 Yoxsa sən onlardan bir haqq istəyirsən və onlar da ağır bir borca düşürlər?

47 Yoxsa onlar qeyb aləmindən agahdırlar və (oradan nə isə götürüb) yazırlar?

48 Sən öz Rəbbinin hökmünə səbr et və balıq sahibi [Yunis peyğəmbər] kimi olma. O zaman o, kədərdən tutulub boğulmuş vəziyyətdə ikən (Allahı köməyə) çağırdı.

49 Əgər Rəbbindən ona bir yaxşılıq çatmasaydı, o, məzəmmət olunaraq quru bir yerə [səhraya] atılacaqdı.

50 Rəbbi onu (peyğəmbər) seçib götürərək, əməlisaleh (bəndələrdən) etdi.

51 Həqiqətən də kafirlər Zikri [Quranı] eşidəndə baxışları ilə az qala səni yeyib deyirlər “Həqiqətən də o dəli-divanədir!"

52 O [Quran] isə aləmlər üçün öyüd-nəsihətdən başqa bir şey deyildir!