Məzmuna keç

Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/QƏSƏS SURƏSİ

Vikimənbə saytından
Quran. QƏSƏS SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(Səksən səkkiz ayədən ibarət Məkkə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!


1. Ta, Sin, Mim.

2. Bunlar aydın Kitabın ayələridir.

3. Biz sənə Musa və Firon hekayətini iman gətirən adamlar üçün bir həqiqət olaraq oxuyuruq.

4. Həqiqətən, Firon öz olduğu yerdə [Misirdə] təkəbbürləndi və onun sakinlərini dəstələrə böldü. Onlardan bir qismini zəiflədir, onların oğullarını öldürüb qız-qadınlarını diri saxlayır. Həqiqətən, o, fitnə- fəsad törədənlərdən idi.

5. Biz orada zəif salınmışlara bir iltifat göstərmək, onları öncül etmək, varislər etmək,

6. onlan o yeriərdə yerləşdirib möhkəmləndirmək, Firona, Hamana və onların əsgərlərinə isə qorxduqları şeyi göstərmək istəyirdik.

7. Biz Musanın anasına belə təlqin getdik: “Onu əmizdir. Əgər ondan ötrü qorxsan, onu dəryaya at! Sən nə qorx, nə də kədərlən. Biz onu sənə qaytararıq və onu peyğəmbərlərdən edərik."

8. Firionun ailəsi özlərinə düşmən kəsiləcək və hüzn-kədər gətirəcək o uşağı tapıb götürdü. Əslində isə Firon, Haman və onların əsgərləri yanılırdılar.

9. Firionun arvadı dedi: “İkimizin də gözləri aydın olsun! Onu öldürməyin, bəlkə də bizə bir xeyri dəyər və ya onu oğulluğa götürərik." Onlar (sonra nələr olacağını) bilmirdilər.

10. Musanın anasının ürəyində (övlad dərdindən başqa) bir şey yox idi. Mömin olsun deyə Biz onun ürəyinə toxtaqlıq verməsəydik, o, az qala bunu açıb bildirəcəkdi.

11. Ana Musanın bacısına dedi: "Onun ardınca get!“ O da onlar hiss etmədən kənardan Musanı gözdən qoymadı.

12. Biz Musanın (öz anasına qaytarılana) qədər başqalarından süd əmməsinə mane olduq. Bacısı dedi: "Sizin üçün onun qayğısına qalacaq və ona yaxşı baxacaq bir ailəni sizə göstərimmi?"

13. Beləliklə Biz onu öz anasına qaytardıq ki, sevinsin, qəm-qüssə yeməsin və Allahın vədinin haqq olduğunu bilsin. Lakin onların çoxu bilmir.

14. Musa yetkinləşib kamillik dövrünə çatanda Biz ona hikmət və bilik verdik. Biz xeyir iş tutanları belə mükafatlandırırıq.

15. Şəhər əhli xəbərsiz ikən Musa şəhərə daxil oldu və orada bir-birilə vuruşan iki adam gördü. Biri onun tərəfdarlarından [İsrail övladlarından], o biri isə düşmənlərindən [qibtilərdən] idi. Onun tərəfdarı onu düşməninə qarşı köməyə çağırdı. Musa onu vurub öldürdü və dedi: "Mənim bu işim şeytan əməlidir. Axı o, yoldan çıxaran aşkar bir düşməndir."

16. Musa dedi: "Rəbbim, mən öz-özümə zülm etdim, məni bağışla". O da onu bağışladı. Şübhəsiz ki, O, bağışlayandır, rəhmlidir.

17. O dedi: "Rəbbim, mənə lütf etdiyin üçün mən heç vaxt günahkarlara arxa olmaram."

18. Musa qorxu içərisində, ehtiyat edə-edə şəhərdə səhəri açdı. Birdən dünən onu köməyə çağıran adam yenə onu bərkdən köməyə səslədi. Musa ona dedi: "Sən həqiqətən, açıq-aşkar yolunu azmış bir adamsan."

19. Musa özlərinə düşmən olan adamı vurmaq istəyəndə o adam dedi: "Ey Musa, dünən birisini öldürdüyün kimi məni də öldürməkmi istəyirsən? Sən yer üzərində bir zülmkar olmaq istəyirsən, amma islah edənlərdən olmaq istəmirsən."

20. Şəhərin ucqar yerindən bir nəfər qaça-qaça gələrək dedi: ‘Ey Musa, əyanlar səni öldürmək tədbiri tökürlər. Sənə məsləhət görürəm ki, çıxıb gedəsən."

21. O, qorxu içərisində, ehtiyat edə-edə oradan çıxaraq: “Rəbbim, məni haqsız adamlardan xilas et!" - dedi.

22. O, Mədyən tərəfə yol alıb: "Ola bilsin ki, Rəbbim mənə doğru yolu göstərə.” - dedi.

23. O, Mədyən çeşməsinin yanına gələndə orada (heyvanlarını suvaran) bir yığın adam gördü. Onlardan aşağıda bir yana çəkilmiş iki qadın gördü. Musa dedi: “Sizə nə olub?” Onlar dedilər "Bu çobanlar çəkilməyincə biz (heyvanlanmızı) suvara bilmirik. Atamız da çox yaşlı bir qocadır."

24. O, onların (heyvanlarını) suvardı, sonra isə bir kölgəyə çəkilərək: Rəbbim, Sənin mənə nazil edəcəyin nemətə [yeməyə] ehtiyacım vardır." - dedi.

25. Qadınlardan biri utancaq addımlarla onun yanına gələrək dedi: "Atam sənə heyvanlarımızı suvarmağının haqqını vermək üçün dəvət edir." O, qocanın yanına gəlib, (başına gəlmiş) əhvalatı ona hekayət edəndə qoca dedi: "Qorxma, artıq sən haqsız adamların əlindən qurtarmısan."

26. Qadınlardan biri dedi: “Ata, onu işə götür, axı o, işə götürdüklərinin ən yaxşısı, qüvvətli və etibarlı olan kəsdir.

27. Qoca dedi: “Mən səni yanımda səkkiz il işləmək şərti ilə bu iki qızımdan birinə evləndirmək istəyirəm. Əgər on ili tamam etsən, bu, səndən bir (lütf) olar. Mən səni çətinə salmaq istəmirəm. İnşaallah [əgər Allah istəsə], mənim düz adamlardan olduğumu görəcəksən."

28. Musa dedi: “Bu, bizim aramızda olan (bir razılaşmadır). Bu iki müddətdən hansını başa vursam, mənə qarşı bir pislik olmayacaqdır. Dediklərimizə Allah vəkildir."

29. Musa müddəti başa vurub ailəsi ilə gedəndə dağın yanında od gördü və ailəsinə dedi: “Durun, mən bir od görmüşəm. Ola bilsin mən ondan sizə bir xəbər və ya oddan bir köz gətirəm ki, bəlkə qızınasınız."

30. O, odun yanına gəlib çatanda mübarək torpaqdakı vadinin sağ tərəfindəki ağaclıqdan onu səslədilər: “Ey Musa, Mən aləmlərin Rəbbi Allaham.

31. Əsanı yerə at!" Musa əsanın bir ilan kimi qıvrıldığını görəndə arxaya baxmadan geri dönüb qaçdı. (Ona deyildi): “Ey Musa, yaxın gəl, qorxma! Sən əmin-amanlıqda olanlardansan!

32. Əlini qoltuğunun altına sal, o, heç bir ləkəsi olmadan ağappaq çıxacaq. Qorxun getsin deyə qanadını [əlini] (əvvəlki halına qayıtması üçün) bir də qoltuğuna sal. Bunlar sənin Rəbbindən Firona və onun əyanlarına göstərməyin üçün iki möcüzədir. Onlar, həqiqətən, azğın bir tayfadır."

33. Musa dedi: "Rəbbim, mən onlardan birini öldürmüşəm. Qorxuram ki, onlar məni öldürələr.

34. Qardaşım Harun dildə məndən daha fəsahətlidir. Məni təsdiqləyən bir dayaq olaraq onu da mənimlə (peyğəmbər) göndər. Axı mən onların məni yalançı hesab edəcəklərindən qorxuram."

35. Allah dedi: "Biz səni qardaşınla yardım edərək, möhkəmləndirəcək və sizə elə bir güc verəcəyik ki, onlar sizə heç bir xətər yetirə bilməsinlər. Bu möcüzələrimiz sayəsində siz və sizin ardınızca gedənlər mütləq qalib gələcəksiniz."

36. Musa Bizim aydın möcüzələrimizi onlara gətirəndə onlar dedilər. “Bu, ancaq uydurulmuş bir sehrbazlıqdır. Bunun barəsində biz ata- babalarımızdan (bir şey) eşitməmişik."

37. Musa dedi: "Rəbbim Onun dərgahından kimin düz yol gətirdiyini və son mənzilin kim üçün necə olacağını yaxşı bilir. Həqiqətən, haqsızlar canlarını qurtara bilməzlər.”

38. Firon dedi: "Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir tanrı tanımıram. Mənim üçün, ey Haman, palçıq üzərində od qala [kərpic bişir] və mənim üçün qüllə düzəlt ki, bəlkə Musanın tanrısının yanına qalxam. Həqiqətən mən onun yalançılardan olduğunu zənn edirəm."

39. O və onun əsgərləri yer üzündə haqsız olaraq təkəbbür göstərdilər. Onlar Bizim hüzurumuza qayıtmayaçaqlarını güman etdilər.

40. Biz onu və onun əsgərlərini yaxalayıb dəryaya atdıq. Gör haqsızların aqibəti necə olur!

41. Biz onları cəhənnəm oduna çağıran öncüllər etdik. Qiyamət günü onlara kömək edilməyəcəkdir.

42. Biz bu dünyada onları lənətə düçar etdik. Qiyamət günü isə onlar rüsvayçılar içində olacaqlar.

43. Əvvəlki nəsilləri məhv etdikdən sonra Musaya insanlar üçün bəsirət dəlilləri, yol göstəricisi və bir mərhəmət olaraq Kitabı [Tövratı] göndərdik ki, bəlkə düşünüb daşınalar.

44. Biz Musaya bu işi (vəhy edəndə) sən (Tur dağının) qərb tərəfində deyildin və buna şahid də olmadın.

45. Lakin Biz (Musadan sonra da) neçə-neçə nəsil yetişdirdik və onlar uzun ömür sürdülər. Sən Mədyən sakinləri içərisində də olub onlar üçün ayələrimizi oxumurdun. Əksinə, (onları sənə) göndərən Bizik.

46. Biz çağıranda sən Tur dağı tərəfində deyildin. Lakin səndən əvvəl özlərinə bir öyüd-nəsihətçi gəlməmiş adamlara öyüd-nəsihət vermək üçün sən öz Rəbbindən bir mərhəmət olaraq (göndərildin) ki, bəlkə onlar düşünüb daşınalar.

47. Əməllərinə görə onlara bir müsibət üz verən zaman onlar “Rəbbimiz, barı Sən bizə bir peyğəmbər göndərəydin ki, biz də Sənin ayələrinin ardınca gedib iman gətirənlərdən olaydıq!” - deyəcək olmasaydılar (səni göndərməzdik).

48. Bizdən onlara haqq gələn kimi isə onlar dedilər: “Ona da Musaya əta olunmuşa bənzəri veriləydi də!” Məgər onlar öncə Musaya əta olunmuşu inkar etməmişdilər? Onlar dedilər “Bir-birinə yardım edən iki sehrbaz!” və: "Biz heç birinə [Tövrata və Qurana, yaxud Musaya və Məhəmmədə] inanmırıq." - dedilər.

49. De: "Əgər düz deyirsinizsə, onda Allahın dərgahından elə bir kitab gətirin ki, bunların ikisindən də daha doğru yol göstərici olsun. Mən də onun ardınca gedim."

50. Əgər sənə cavab verməsələr, onda bil ki, onlar ancaq öz həva- həvəslərinə uyublar. Allahın düz yolunu qoyub öz həva-həvəsinin ardınca gedəndən daha çox yoldan azmış kim olar? Həqiqətən, Allah haqsız adamlara düz yol göstərməz.

51. Biz sözü [Quranı] artıq onlara çatdırdıq ki, bəlkə onlar düşünüb daşınalar.

52. Bizim bundan əvvəl Kitab bəxş etdiklərimiz buna [Qurana] da inanırlar.

53. O, onlar üçün oxunduğu zaman deyirlər: “Biz ona inandıq, axı o, Rəbbimizdən olan haqdır. Biz hələ bundan əvvəl də müsəlman [Allaha təslim olan] idik.”

54. Onlara səbr etdiklərinə görə mükafatları ikiqat veriləcəkdir. Onlar yaxşılıq vasitəsilə pisliyi uzaqlaşdırır və Bizim onlara ruzi olaraq verdiklərimizdən sərf edirlər.

55. Onlar bir boşboğazlıq eşidərlərsə, ondan üz döndərib deyərlər “Bizə öz əməllərimiz, sizə də öz əməlləriniz. Salamat qalın! Biz cahillərlə (oturub-durmaq) istəmirik."

56. Sən istədiyin kəsə düz yol göstərə bilməzsən. Lakin Allah istədiyi kəsə düz yol göstərir və düz yolla gedəcək kəsləri O, yaxşı tanıyır.

57. Onlar dedilər “Əgər biz səninlə birlikdə düz yol göstəricisinin ardınca getsək, dərhal öz yerimizdən, yurdumuzdan edilərik." Məgər Biz hər cür mer-meyvənin Bizdən ruzi olaraq yığılıb toplandığı təhlükəsiz, müqəddəs bir yeri onlar üçün məskunlaşdırmadıqmı? Lakin onların çoxu bunu bilmir.

58. Öz güzəranı ilə qürrələnən neçə məmləkəti Biz məhv etdik. Budur, onların az qismindən başqa özlərindən sonra boş qalmış viranə yurd- yuvaları. Onlara Biz varis olduq.

59. Sənin Rəbbin ayələrimizi onlara oxuyan bir peyğəmbəri öz xalqına göndərməzdən əvvəl məmləkətləri məhv edən deyildir. Biz ancaq sakinləri haqsız olan məmləkətləri məhv etdik.

60. Sizə bəxş olunan hər şey bu dünya həyatının ötəri malı və bəzək- düzəyidir. Allahın dərgahındakı isə daha xeyirli və daha uzunmüddətlidir. Məgər siz anlamırsınız?

61. Məgər verdiyimiz gözəl vədə [cənnətə] qovuşacaq kəslə bu dünya həyatının ötəri malı ilə faydalandırdığımız, sonra isə qiyamət günü (haqq-hesab üçün) hüzura gətiriləcək kəs birdir?

62. O günü Allah onları səsləyib: "Sizin (Mənə qoşmaq) iddiasında olduğunuz şəriklər hanı?" - deyəcəkdir.

63. Barələrində söz haqq olan kəslər [şeytanlar, bütlər] deyəcəklər "Rəbbimiz, azdırdıqlarımız bunlardır. Özümüz azdığımız kimi biz onları da azdırdıq. Onlardan uzaqlaşıb Sənə üz tuturuq. Əslində onlar bizə ibadət etmirdilər."

64. Onlara deyiləcək: “Öz şəriklərinizi (köməyə) çağırın." Kafirlər onları çağırarlar, qoşduqları şəriklər isə onlara cavab verməzlər və onlar əzabı (öz gözlərilə) görərlər. Düz yolla getmiş olsaydılar, (əzabı görməzdilər).

65. O günü Allah onları çağırıb: "Göndərilən peyğəmbərlərə nə cavab verdiniz?" - deyəcəkdir.

66. O günü onlar üçün xəbərlər [cavab] gözü kor olacaqdır [canlarını qurtara biləcək cavab tapmayacaqlar], heç bir-birləri ilə də sorğu-sual edə bilməyəcəklər.

67. Tövbə edib iman gətirən və əməlisaleh olan ola bilsin ki, uğur qazananlardan ola.

68. Sənin Rəbbin istədiyini xəlq edir və seçir. Onların isə seçmək haqqı yoxdur. Allaha təriflər olsun! O, onların (Ona) qoşduqlan şəriklərdən yüksəkdədir!

69. Sənin Rəbbin onlann ürəklərinin nəyi gizlətdiyini və onlann nəyi açıqladığını yaxşı bilir.

70. O, Allahdır. Ondan başqa tanrı yoxdur. Birincidə [dünyada] də, sonuncuda [axirətdə] da həmd Ona aiddir. Hökm də ancaq Onundur və siz Ona da qaytarılacaqsınız.

71. De: "Bir deyin görək, əgər Allah gecəni üzərinizdə qiyamət gününə qədər uzadarsa, Allahdan başqa hansı tanrı sizə bir işıqlıq gətirə bilər? Məgər siz eşitmirsiniz?"

72. De: "Bir deyin görək, əgər Allah gündüzü üzərinizdə qiyamət gününə qədər uzadarsa, Allahdan başqa hansı tanrı sizə bir gecə gətirə bilər ki, siz orada rahatlıq tapa biləsiniz? Məgər siz görmürsünüz?

73. O, Öz mərhəmətindən sizin üçün gecə və gündüzü düzəltdi ki, siz rahatlıq tapasınız və Onun lütfünün sorağında olasınız [kəsbkarlıq edəsiniz] ki, bəlkə şükr edəsiniz."

74. O günü Allah onları səsləyib: "(Mənə qoşmaq) iddiasında olduğunuz şəriklər hanı?" - deyəcəkdir.

75. Biz hər millətdən bir şahid çağırıb: "Dəlilinizi gətirin!" - deyəcəyik. Onlar biləcəklər ki, haqq Allaha məxsusdur və uydurduqları (bütlər) onları tərk edib yox olacaqlar.

76. Qarun Musanın tayfasından idi və o, onlara qarşı pisliklər edirdi. Biz ona elə xəzinələr vermişdik ki, onların açarları güclü bir dəstəyə belə ağırlıq edirdi. O zaman tayfası ona dedi: "Qürrələnib fərəhlənmə, Allah qürrələnib fərəhlənənləri sevmir.

77. Allahın sənə verdikləri ilə axirət evinə can at! Bu dünyadakı qismətini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi sən də yaxşılıq et və yer üzündə fitnə-fəsad törətməyə çalışma! Axı Allah fitnə-fəsad törədənləri sevmir."

78. Qarun dedi: "Mənə verilən ancaq öz biliyimə görədir." Məgər o bilmirdi ki, Allah ondan əvvəlki nəsillər içərisindən ondan da qüvvətlisini və daha çox mal-dövlət yığanı məhv etmişdir? Günahkarlardan günahları barəsində heç soruşulmayacaqdır [sorğusuz cəhənnəmə atılacaqlar].

79. O, bəzək-düzəyi içərisində tayfasının qarşısına çıxdı. Bu dünya həyatını istəyənlər dedilər: "Kaş Qaruna əta olunanlara bənzəri bizim də olaydı! O, doğrudan da böyük bəxt sahibidir."

80. BİIik bəxş olunanlar isə dedilər: "Vay halınıza! İman gətirib əməlisaleh olan kəs üçün Allahın mükafatı daha xeyirlidir. Onlara isə yalnız səbr edənlər qovuşdurulur."

81. Biz onu və onun evini batırdıq. Onun özünü Allahdan qoruyacaq bir dəstəsi olmadı. O, köməksiz qaldı.

82. Dünən onun yerində olmağı arzulayanlar səhəri açıb dedilər "Vay! Demək, Allah Öz bəndələrindən istədiyi kəsə ruzini çox və istədiyi kəsə az verir. Əgər Allahın bizə yazığı gəlməsəydi, bizi də yerə batırardı. Vay! Kafirlər uğura qovuşmazlar."

83. Budur axirət evi. Biz onu yer üzündə təkəbbür etmək və fəsad törətmək istəməyənlərə nəsib edirik. Xeyirli aqibət müttəqilərindir.

84. Kim (oraya) yaxşı iş gətirərsə, ona ondan daha xeyirlisi olar. Kim pis iş gətirərsə, pis iş işləyənlər ancaq etdikləri əməllərin əvəzini alarlar.

85. Həqiqətən də Quranın (təbliğini) sənə vəzifə edən (Allah) səni son dönüş yerinə [axirətə] qaytaracaqdır. De: "Rəbbim kimin düz yolla gəldiyini və kimin açıq-aşkar yol azmış olduğunu yaxşı bilir."

86. Sənə Kitab [Quran] göndəriləcəyinə heç ümid etmirdin. Lakin o, Rəbbindən bir mərhəmət olaraq (nazil edildi). Kafirlərə heç vaxt arxa olma!

87. Qoy onlar Allahın ayələri sənə nazil edildikdən sonra səni əsla onlardan döndərməsinlər. Rəbbini çağır və müşriklərdən olma!

88. Allahla yanaşı başqa bir tanrıya ibadət etmə. Ondan başqa tanrı yoxdur. Ondan başqa hər şey məhv olacaqdır. Hökm ancaq Onundur və siz Ona da qaytarılacaqsınız.