Məzmuna keç

Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/SƏBA SURƏSİ

Vikimənbə saytından
Quran. SƏBA SURƏSİ

Tərcüməçilər: Məmmədhəsən Qəni oğluTariyel Bilal oğlu
(əlli dörd ayədən ibarət Məkkə surəsi)

Mərhəmətli, rəhmli Allahın adı ilə!


1 Göylərdə və yerdə olanların sahibi Allaha həmd olsun! Axirətdə də həmd Onadır. O, hökm və hikmət sahibidir, hər şeydən xəbərdardır.

2 O, nəyin yerə girdiyini və nəyin oradan çıxdığını, nəyin səmadan endiyini və nəyin oraya qalxdığını bilir. O, rəhmlidir, bağışlayandır.

3 Kafirlər dedilər: “Qiyamət bizə gəlməyəcək!" De: “Bəli! And olsun qeybin bilicisi Rəbbimə, o sizə gələcəkdir!" Göylərdə və yerdə bir misqal zərrə belə Onun nəzərindən qaçmaz. Bundan kiçik də, böyük də elə bir şey yoxdur ki, aydın Kitabda olmasın.

4 Bunlar ona görədir ki, O, iman gətirənləri və əməlisalehləri mükafatlandırsın. Onlara bir bağışlanma və gözəl ruzi olacaqdır.

5 Bizi aciz salacaqlarını güman edərək ayələrimizi batil etməyə cəhd göstərənlər üçün üzücü bir əzab cəzası olacaqdır.

6 Bilik bəxş olunanlar sənin Rəbbindən sənə nazil edilmişin haqq olduğunu və qüdrətli, tərifəlayiq Allahın yoluna yönəltdiyini görürlər.

7 Kafirlər (bir-birilərinə) dedilər: "Vücudunuz parça-parça olduqdan sonra yenidən xəlq olunacağınızı sizə xəbər verən bir adamı sizə göstərəkmi?

8 O, Allaha qarşı yalan uydurub, yoxsa ona dəlilik üz verib?" Xeyr, axirətə iman gətirməyənlər isə əzab içərisində və yolu çox azmış olacaqlar.

9 Məgər onlar başları üstündəki göyü və ayaqları altındakı yeri görmürlərmi? Əgər Biz istəsək, onları yerə gömərik və ya onların üzərinə göydən parçalar salarıq. Həqiqətən, tövbə edən hər bir bəndə üçün bunda ibrət vardır.

10 Davuda Özümüzdən bir lütf verdik (və dedik): "Ey dağlar və quşlar! Onunla birlikdə (Allaha) təriflər deyin!" Onun üçün Biz dəmiri yumşaltdıq.

11 "Kamil zirehlər düzəlt və toxunmasını ölçüsündə et. (Ey Davud əhli), yaxşı işlər tutun, axı Mən nə etdiklərinizi görürəm!"

12 Səhər gedişi bir aylıq, axşam gedişi də bir aylıq (məsafəni qət edən) küləyi Süleymanın ixtiyanna verdik. Biz onun üçün mis çeşməsi axıtdıq. Cinlərdən isə onun Rəbbinin izni ilə qabağında işləyənlər (göndərdik). Onlardan hansı biri əmrimizdən çıxarsa, ona odun əzabını daddırarıq.

13 Cinlər onun üçün istədiyi qəsrləri, heykəlləri, hovuzlara bənzər qabları və yerindən tərpədilməz nəhəng qazanları düzəldirdilər. Davud nəsli, şükr etmək üçün çalışın! Mənim bəndələrimin azı şükr edəndir.

14 Biz ona ölüm hökmünü verən zaman öldüyünü cinlərə ancaq onun əsasını yeyən bir həşərat bildirdi. (Həşərat əsanı yedikdən sonra) o yıxılıb yerə düşəndə cinlərə aydın oldu ki, əgər onlar qeybi bilsəydilər, belə rüsvayedici əziyyət içərisində qalmazdılar [belə ağır işlər görməzdilər].

15 Səba (əhalisinin) yaşadığı yerdə onlar üçün bir nişanə vardı - sağ və sol tərəfdə iki bağ. (Onlara deyilmişdi): "Öz Rəbbinizin ruzisindən yeyin və Ona şükr edin! Gözəl bir ölkə və bağışlayan Rəbb!”

16 Onlar isə üz döndərdilər və Biz onlann üzərinə Ərim [Mərib] bəndi selini göndərdik. Bağlarını acı meyvəli, yulğunlu və bir az sidr ağacı olan iki bağla əvəz etdik.

17 Biz naşükürlüklərinə görə onları belə cəzalandırdıq. Məgər Biz naşükürdən başqa bir kimsəni cəzalandırarıq?

18 Biz onlarla [Səba əhli ilə] xeyir-bərəkət verdiyimiz məmləkətlər arasında bir-birindən görünən kəndlər qurduq və orada gediş-gəliş yolu müəyyən edib: “Orada gecə və gündüz arxayın gəzib dolanın.“ - dedik.

19 Onlar: "Rəbbimiz, səfərlərimiz arasındakı (məsafəni) uzat!" - dedilər və öz-özlərinə zülm etdilər. Biz onları kiçik-kiçik tayfalara bölüb dillərə saldıq. Həqiqətən, hər bir səbrli və şükr edən üçün bunda ibrətlər vardır.

20 iblis öz zənnini onlara bir həqiqət kimi qəbul etdirdi və onlar, bir dəstə mömindən başqa, onun ardınca getdilər.

21 Halbuki iblisin onlar üzərində heç bir hökmü yox idi. (Bunu) ancaq ona görə etdik ki, Biz axirətə inananlar ilə onun barəsində şəkdə olanları ayıra bilək. Sənin Rəbbin hər şeyi hifz edəndir.

22 De: "Allahı qoyub (tanrı olduğunu) iddia etdiklərinizi çağırın!" Onlar göylərdə və yerdə zərrə qədər də bir şeyə sahib deyildirlər. Onlann orada heç bir şərikliyi yoxdur və onlardan Onun heç bir köməkçisi yoxdur.

23 Özünün izn verdiyi kəslərdən başqa (kiminsə) Onun qarşısında (kiməsə) havadarlıq etməsi bir fayda verməz. Qorxu ürəklərindən silinən kimi isə onlar deyərlər: "Rəbbiniz nə buyurdu?" O birilər: "Haqqı! Axı O, ucadır, böyükdür." -deyərlər.

24 (Müşriklərə) de: "Göylərdən və yerdən sizə ruzi verən kimdir?" De: "Allahdır. (Onda deyin görüm), düz yolda olan, yaxud aşkar yol azan bizik, yoxsa siz?"

25 De: "Nə sizdən bizim etdiyimiz günahlara görə, nə də bizdən sizin etdikləriniz işlərə görə sorğu-sual olunmaz.”

26 De: "Bizi Rəbbimiz toplayacaq, sonra isə aramızda ədalətlə hökm verəcəkdir. Axı O, hökm verəndir, biləndir."

27 De: “Allaha qoşduqlannız şərikləri bir mənə göstərin. Əsla yox! O, qüdrət, hökm və hikmət sahibi olan Allahdır."

28 Biz səni bütün insanlara ancaq bir müjdəçi və bir xəbərdarlıq edən kimi göndərdik. Amma insanların çoxu bilmir.

29 Onlar deyirlər "Əgər düz deyirsinizsə, onda bu vəd nə vaxt olacaqdır?'

30 De: "Sizə elə bir günün vədi olunmuşdur ki, siz ondan nə bir an geri qala bilər, nə də irəli düşə bilərsiniz."

31 Kafirlər dedilər. "Biz bu Qurana, və ona qədər nazil edilənlərə əsla inanmarıq." Sən o haqsızların öz Rəbbi hüzurunda dayandırılarkən bir-birilərinə necə söz qaytardıqlannı və zəif hesab edilənlərin təkəbbürlülərə: "Əgər siz olmasaydınız, biz mömin olardıq." - demələrini bir görəydin.

32 Təkəbbürlülər isə zəif hesab edilənlərə deyərlər: “Düz yol sizə gəldikdən sonra sizi bizmi ondan yayındırdıq? Xeyr, siz özünüz günahkar idiniz.”

33 Zəif hesab edilənlər təkəbbürlülərə deyərlər: "Əksinə, (sizin işiniz) gecə və gündüz hiylə işlətmək idi. Çünki bizə Allahı inkar etməyi və Ona şəriklər qoşmağı əmr edirdiniz.” Onlar cəzanı gördükdə peşimançılıqlarını öz içlərinə salıb gizlətdilər. Biz inkar edənlərin boyunlanna dəmir halqalar saldıq. Onlara etdikləri əməllərdən başqasının cəzası verilməz.

34 Biz elə bir məmləkətə nəsihətçi [peyğəmbər] göndərmədik ki, onun naz-nemət içərisində olan (əyanlan): “Həqiqətən, biz, sizin gətirdiklərinizi qəbul etmirik.” - deməsinlər.

35 Onlar dedilər: "Bizim mal-dövlətimiz də, övladımız da daha çoxdur və bizə əzab verilə bilməz."

36 De: “Həqiqətən, Rəbbim istədiyi kəsə bol, istədiyi kəsə az ruzi verir, amma insanların çoxu bilmir."

37 Sizi Bizə yaxınlaşdıracaq olan nə mal-dövlətinizdir, nə də övladlarınız. İman gətirib əməlisaleh olanlardan başqa. Onlara etdikləri işlərə görə ikiqat mükafat olacaqdır və onlar hücrələrdə əmin-amanlıq içərisində olacaqlar.

38 Bizi aciz edəcəklərini güman edərək ayələrimizi batil etməyə cəhd göstərənlər isə əzaba tutulacaqlar.

39 De: "Rəbbim Öz bəndələrindən istədiyi kəsə bol, istədiyi kəsə az ruzi verir." Siz (Allah yolunda) nə xərc etsəniz, O, onun əvəzini verər. Axı O, ruzi verənlərin ən yaxşısıdır.

40 O günü O, onların hamısını bir yerə toplayacaq, sonra isə mələklərə deyəcəkdir: "Sizə (qulaq asıb) ibadət edənlər bunlardırmı?"

41 Onlar deyəcəklər: "Sənə təriflər olsun! Bizim ixtiyar sahibimiz onlar yox, Sənsən. Xeyr, onlar cinlərə (qulaq asıb) ibadət edirdilər, çoxusu onlara iman gətirmişdi."

42 Bu gün siz bir-birinizə nə bir xeyir, nə də bir zərər yetirə bilərsiniz. Biz haqsızlıq edənlərə deyəcəyik: “Yalan hesab etdiyiniz cəhənnəm odu əzabını dadın!"

43 Ayələrimiz aydın bir şəkildə onlara oxunanda onlar deyərlər “Bu sizi ata-babalarınızın ibadət etdiklərindən döndərmək istəyən kəsdən başqa bir adam deyildir. Yenə onlar deyərlər "Bu, uydurulmuş yalandan başqa bir şey deyildir. Haqq kafirlərə gələn zaman onlar. “Bu, aşkar sehrbazlıqdan başqa bir şey deyildir.” - deyərlər.

44 Biz onlara oxuyub öyrənmələri üçün kitablar vermədik və sənə qədər onlara bir xəbərdarlıq edən, öyüd-nəsihət verən [peyğəmbər] göndərmədik.

45 Onlardan əvvəlkilər də yalan hesab etdilər və onlar Bizim bəxş etdiklərimizin heç ondan birini belə əldə etmədilər. Onlar Mənim peyğəmbərlərimi yalançı hesab etdilər. (Bir gör), Məni inkar etmək necədir!

46 De: “Mənim sizə tək bir nəsihətim var; iki-iki və bir-bir Allaha üz tutun, sonra da bir düşünün, (onda biləcəksiniz ki,) yoldaşınızda [Məhəmməddə] heç bir dəlilik yoxdur. Həqiqətən, o, şiddətli əzabdan öncə sizə ancaq xəbərdarlıq edəndir

47 De: "Mən sizdən heç bir haqq istəmirəm, o, qoy sizin özünüzün olsun. Mənə haqq verilməsi ancaq Allaha aiddir. O, hər şeyə şahiddir.

48 De: "Həqiqətən, mənim Rəbbim (peyğəmbərlərə) haqqı verər, O, qeybləri yaxşı biləndir."

49 De: "Haqq gəldi, batil, (bir şeyi) nə ortaya çıxara bilər, nə də onu qaytara bilər."

50 De: "Əgər mən (haqdan) dönsəm, öz ziyanıma dönərəm, yox əgər düz yolla getsəm, onda bu, Rəbbimin mənə vəhy etdiyi şeylər sayəsində olar. Həqiqətən, O, eşidəndir, (bəndələrinə) yaxındır."

51 Sən (onları) qorxuya düşdükləri vaxt görəydin; qaçmağa bir imkanları yoxdur və onlar yaxın bir yerdə [qəbrdə] yaxalanıblar.

52 Onlar deyərlər: "Biz ona [haqqa] iman gətirdik." Lakin onlar (axirət kimi) uzaq bir yendən özlərini (imana) necə çatdıra bilərlər?

53 Onlar bundan əvvəl haqqı inkar etmişdilər və (dünya kimi) uzaq bir yerdən qeyb haqqında fikir yürütmüşdülər.

54 Lakin onlarla arzuladıqları şeylər arasına bir maniə çəkildi. Əvvəllər də onlara bənzər kimsələr barəsində belə edilmişdi. Çünki onlar (hamısı) dərin şəkk-şübhə içərisində olmuşlar.