Quran (Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu tərcüməsi)/TƏKVİR SURƏSİ
Quran. TƏKVİR SURƏSİ Tərcüməçilər: Məmmədhəsən Qəni oğlu və Tariyel Bilal oğlu |
(iyirmi doqquz ayədən ibarət Məkkə surəsi)
Mərhəmətli, rəhmli Allahın adı ilə! |
1 Günəş bükülüb yumrulananda [sönəndə],
2 ulduzlar qopub töküləndə,
3 dağlar hərəkətə gətiriləndə,
4 on aylıq boğaz dəvələr başlı-başına buraxılanda,
5 vəhşi heyvanlar bir yerə toplananda,
6 dənizlər daşıb qarışanda,
7 ruhlar (bədənlərə) qovuşdurulanda,
8 diri-diri basdırılan qızdan soruşulanda ki,
9 hansı günaha görə öldürülübdür,
10 səhifələr [əməl dəftərləri] acılanda,
11 səma qoparılıb çıxarılanda,
12 cəhənnəm odu qalananda
13 və cənnət yaxınlaşdırılanda
14 hər kəs nə tədarük etdiyini biləcəkdir.
15 Yox! And içirəm görünüb batanlara [ulduzlara],
16 cövlan edib gizlənənlərə [səyyarələrə],
17 qaranlıqlaşan gecəyə,
18 ağaran dan yerinə!
19 Həqiqətən də, bu [Quran], möhtərəm bir elçinin (Cəbrailin gətirdiyi) kəlamdır.
20 (O elçi ki,) güclüdür, ərş sahibi yanında hörmətlidir.
21 İtaət edilən, həm də etibarlıdır.
22 Həqiqətən də sizin yoldaşınız bir dəli-divanə deyildir.
23 And olsun ki, o, onu [Cəbraili] aydın üfüqdə görmüşdür
24 və o, qeyb barəsində xəsislik etmir [vəhyi insanlara bildirir].
25 Bu, daşqalaq olunmuş şeytanın sözü deyildir.
26 Elə isə bəs siz hara gedirsiniz?!
27 Bu [Quran], aləmlər üçün öyüd-nəsihətdən, xəbərdarlıqdan başqa bir şey deyildir.
28 Sizlərdən düz (yolda) olmaq istəyənlər üçün də.
29 Aləmlərin Rəbbi Allah istəmədikcə, siz də istəyə bilməzsiniz.